20.02.2012

Yazını yazan var


Tehran Əlişanoğlu

Ədəbiyyat – yazıdır; Tarixdə(n) və tarixən yaranırsa da, Ədəbiyyatda tarix (fakt, rəqəm) olmur, yazı (tale) olur…
İki-üç ay öncə bir dərgi də yarandı : “Yazı”. Və mənimcə: dərhal da ədəbi prosesə girdi. O mənada yox ki, guya böyük ajiotaj-filan doğurdu: yığcam bir tanışlıq-təqdimat mərasimi, bir-iki informasion, vəssalam. Bu, işin zahiri tərəfidir, bununla ədəbi gedişata girmirlər. Dərginin elə ilk sayından burda tarixən yaranmış böyük bir Ədəbiyyat enerjisini (jurnalın vurğuladığı “böyük Ədəbiyyat” yox ha!) duymamaq-görməmək olmur – bu mənada; ədəbi prosesi gəlişdirən bu növ hadisələrdir…

Elə titul səhifəsindəcə: ədəbiyyatımızda imzası-işi-fəaliyyəti, əsərləri-mətnləri olan  xeyli adlar-simalar gördük: Rəhim Əliyev, Rafiq Tağı, Əlabbas, Vaqif Sultanlı, Aslan Quliyev, Aydın Tağıyev, Şöhrət Qaraoğlu, gənclərdən – Cavidan, Türkiyə təmsilçisi – İmdad Afşar, Təbriz təmsilçisi – Həsən Səfəri; baş redaktor – Azad Qaradərəli, baş redaktor müavini Eyvaz Zeynalovdan ibarət yaradıcı qrup. Ayrı-ayrılıqda kimsə birini, ya o birini tanıyır, çün hər birinin imzaları bəlli dedik; şəxsən mən 1980-cilərdən tanıdığım əksərini müstəqillik illəri boyunca çalışdığım bu və ya digər mətbuatda, ədəbi proses gəlişmələrində hər dəfə yenidən görüb-oxuyanda sevinmişəm: axı Ədəbiyyatda imza – çox nazik məsələdir, bir dəfə qazandınsa, itirməmək gərək. İndi bu qədər imza sahibinin yaradıcı qrup olaraq: Yazıda bir araya və eyni zamanda da gündəmə gəlmələri Oxucuya təbii ki ədəbiyyat vəd edir, başlıca olaraq 1980-ci illər ədəbi nəslinin Ədəbiyyatını…
Bu növ xəyalatımı bir-iki dostlarla bölüşəndə, çox maraqlıdır ki, təxminən eyni sözləri eşitdim: bəs demə, (həmin bu) dostlar məsləhət görübmüş yaradıcı qrupa toplaşmağı və birgə fəaliyyət göstərməyi; yoxsa, – deyiblər, – ümumi xaotik mənzərə içrə itib-batar, Görünə biməzsiniz! Yadımdadır ki, iki ay öncə (gərək ki, 3 dekabr tarixi idi) yığcam təqdimat mərasimində də əksər çıxışçılar məhz adı bəlli köhnə yazarların (1980-lərin) bir yerə gəlməsini alqışlamışdı. Mən də söz söyləmiş: özlüyündə bu gözəl missiyanı həm də Günün ədəbi prosesinin vacib və fərqli məna vurğularına kökləməyə çağırmışdım; məsələn, – demişdim, – “Azərbaycan” jurnalı həmişə onunla udur ki, yeganə “qalın dərgimiz”dir (ruslar “tolstıy jurnal” deyir); hətta Anar müəllimdən sitat gətirməyim (bəs yazıçılarımız romanlarını yalnız bu jurnala verə bilir) bəzilərini qıcıqlandırmışdı da. Halbuki mən: 1980-ciləri məhz rəqabətə, öz “qalın jurnal”ını yaratmağa çağırmışdım; məsələn, ardıcıl iri həcmli əsərlər verə bilsəz, öz Oxucunuzu qazanacaqsız demək istəmişdim…

Nə isə; həmin bu qeydləri iki ay öncə də yazıya almaq olardı. Amma əvvəlcə Yazı ilə tanış olum, oxuyum da, əminliklə yazım – fikirləşmişdim. Budur-budur, hələ ki, rüblük nəzərdə tutulmuş jurnalın artıq 2-ci sayı işıq üzü görəsidir; bu ərəfədə təqdir və tənqidi qeydlərim ziyanına olmaz da, yerinə düşər zənn edirəm.“Yazı” dərgisinin 1-ci sayında nə var – iki ay ərzində oxucunun da xəbəri var; mənə xoş gələn, ləzzət eləyən nə var… – yəqin ki, öncə bundan danışmalı, bunu bölüşməliyəm.
Zənnim məni aldatmadı; jurnalın ilk sayında roman yoxsa da (bundan sonrasına ümid edək), iri həcmli hekayətlər var xeyli; baxaq görək dünyada nələr olur… – deyə məni oxuya sövq edən də ilk elə bu oldu. Jurnalda Rafiq Tağının son, 2010-da yazdığı “uzun” hekayələrindən ikisi durur; “povest” mənasında yox, yazıçının 1980-1990-cı illər yığcam hekayələrindən fərqli həcmcə iri olmaları anlamında: “Meqapolis qonağı” və “Magistral xətlər keçə o torpağın üstündən”. İnternetdən mənə tanış hekayələrin təəssüratı yenə də eyni oldu; bir iri miqyaslara diqqət edin: meqapolis, magistral xətlər… – qloballıq və bunun yanında balaca insanın (insan balacalığının) əlacsız qapalılığı! Rafiq son hekayələrində israrla bu məqam üzərində oynayırsa da, nə təəssüf ki, hələ estetikasını axıracan tapa bilməmişdi; odur ki, əvvəlki klassik hekayələrinin yeni mənalara dar gələn poetikasını dağıda-dağıda qalmışdı. Üstəlik, publisistik müdaxilələri ilə vaxtilə sevə-sevə yaratdığı obrazları zərbə altında da qoyurdu; əfsus və əfsus!, necə olur-olsun, kaş bu “zərbələr” elə bugün də aram bilməyəydi! Qalır ki: yenə də, yenə də “Yazı”nın hər sayında Rafiq Tağının hekayələrini oxuyaq; bilirsizmi, bu hekayələrdə hələ nə qədər oxumadığımız nələr-nəsnələr var…
Mən Eyvaz Zeynalovun hekayələrini rast düşdükcə oxumağa çalışıram; bilirəm, həyatdan bir parça, təsviri realizm səviyyəsində olsa belə, mənzərə tapacam burda; həyat hadisələrini dürüst sosial, ya mənəvi mənaları ilə vərəqlərə köçürmək yazıçının yaradıcılıq stixiyasıdır, mənimcə. “Qisas” povesti isə, yəni əqidəsi də, peşəsi də Müəllim olan, amma zaman belə gətirmiş ki, balaca marketində dükandarlıq edən Sabir müəllimin polis rəisi ilə höcəti və münaqişəsi haqqında hekayət tamam başqa aləmdir. Hekayənin hadisə tərəfi bundan ibarətdir ki, polis rəisi tərəfindən qəfil təhqir və söyüş görən dükandar-müəllim onu öldürmək qərarına gəlir; nə qədər edirsə də yuxularından o yana gedə bilməyib, rəisi də, özünü də telefonda söyməklə kifayətlənməli olur. Məna planı isə odur ki: nə eləyirsən elə, Mühiti daha Müəllim səviyyəsində düşünmək-uyarlamaq müşkül; endin – yenildin!, Mühiti diktə eləyən burdakı polis əxlaqıdır… Nədənmi?, elə Sabir müəllimin başdan-başa psixoloji sarsıntılarla dolu, az qala usandırıcılığacan məişətə bürünmüş bugünlü həyat hekayəsini də bunu bilməkdən ötrü oxumaq gərək…
Aslan Quliyevin povest və romanları əksərən hansısa bir “səfər” motivi üzərində nəfəs alır: şəhərdən uzaq dağ kəndinə, yaxud əksinə, qəhrəmanın və ya başqa bir personajın gəlişi mənzərəni tamam dəyişir, o bura həyat gətirir (ya aparır), donuq içlər oynayır, hərəkətə gəlir, mənalar ortaya çıxır və s. Amma mən ən çox bunun “Rusiyadan gələn qardaş” variantının azarkeşiyəm; jurnaldakı “Ola adamın meymun kimi qardaşı” hekayəti də həmin qəbildəndir: Rusiyada uğurlu pul fəaliyyəti olan qardaş nostaljisinin yuvası – doğma kəndinə gəlir (yanılmıramsa, çox vaxt onun adı nədənsə Kamil olur), dərhal da diksinir, yadırğadığı ekzotik kənd qaydaları onun azad ruhunu sıxır… Məsələ burasındadır ki: digər hekayətlərində əgər yazıçı mühiti sarmış sükunət buzunu qırmaq üçün azad ruhlu qəhrəmanına min bir fantaziləri ilə əl yetirməli olursa, “Rusiya hekayələri”ndə buna hacət olmur. İki qardaşın: Kamilin və Mətləbin həyata yanaşma tərzlərində hərəkət və ətalət öz-özünə toqquşur; və bundan hasil olan mənəvi qənaətlər nədir-hansıdır… – hekayəti oxumasan, ləzzətini də çıxara bilməzsən…
Həcmcə jurnalda yer tutan növbəti yazı – Azad Qaradərəlinin hekayələridir; beş hekayədir, biri-birindən fərqli, hamısı da təzə – 2011. Azad Qaradərəlinin bir hekayəçi kimi böyük potensialını xatırlatmışam artıq (http://www.azadliq.org/content/article/24393960.html); təzə hekayələrdə nəzərə çarpan – yazıçının durmadan Günün materialına girməsi və rəngarəng təhkiyə ustalığı nümayiş etdirməsidir. Bu zaman hekayə nə qədər həyatın içindən gəlir, analitizm- mənaların çözülməsi birbaşa təhkiyəyə yüklənirsə, bir o qədər uğurludur… Amma elə ki, ideya vurğusunu (mənanı) yazıçı məxsusi vurğulayır, bax, bunu demək istəyirəm-ha! – deyə həyat materialını ideyaya biçimləyir – bu halda effekt azalır, quramalığa həssas oxucunu “aldatmaq” heç də asan olmur; bədiiyyatın incəliyi də elə bundadır: gərək elə quraşdırasan ki, quramalıq bilinməyə.
“Süd gölü” məni inandırmadı; harama şirnikib qaz-vurub qazan doldurmağın çəmini tapmış birisiləri tanıtmaqdan ötəri bu boyda süd həngaməsinə nə hacət; aydındır ki, müəllif cəmiyyətdə eyni süd gölündə çimməyin həvəsləri və bəhrələrini mənalandırmaq niyyətindədir, amma dar əhvalat məkanı heç də analitizm istəyən mövzunun açılmasına vəsilə olmur. “Küçük Allahverdi” hekayəsində böyük Allahverdinin sərgüzəştləri özlüyündə ləzzətlidir, çün yazıçının cikini də, bikini də bildiyi sovet dönəmi milli tühəflərindən birinin həyat tarixçəsini sərgiləyir; aqibəti də bəlli – bugünlü maddi-mənəvi deqradasiya! Amma ki, küçük Allahverdi məqamı burda da ideya vurğusu olaraq qalır; açılmır ki. “Fəhm” hekayəsini də yazıçı ötən əhvalatlar sırasından alır; amma bir qədər məzəli tonallıqda qurulan hekayə milli xarakterin şakərlərinə ayna tuta bilir.
Ən nəhayət, Azad Qaradərəli günün mənzərələrinə “Burda kişi var?” hekayəsi ilə girə bilir; qoluzorluların peyda olduğu ikrahedici cəmiyyət lövhəsini amansız bir təmkinlə rəsm edir, dartışdırır, mənasına varmağa çağırır. Həm də o da effektlidir ki: təhkiyə-nəql poetikasından fərqli, yazıçı bu hekayəsini indiki zamanın içindən, reportaj texnikası ilə qurmuşdur. Amma mənimcə, bu təzə yazılarından Azad Qaradərəlinin hekayəçiliyinə ən çox yaraşan “Dörd kişi haqqında üç hekayə”sidir: məna da, bədiiyyat da, yazıçı sözü-mövqeyi də bir-birinin içində sonacan bişib hekayənin poetikasına sərmələnmiş. Ötən yarım-əsrin üç dövründən (təqribən 1950-60, 1970-80 və 1990-cı illər) üç əhvalat təhkiyəçinin yaddaşından qopub, müxtəlif onillərin Kişilərini yada gətirir; təəssür, dil koloriti, gah bir yerdə dayanıb-duran, gah da irəli-geri epizoddan-epizoda adlayan təhkiyə nöqtələri (mənaya münasibətdə) o qədər dürüstdür ki, təhkiyəçi ilə birgə sanki xatirələrin (xatırlanan zamanların) içində olursan. Və məna vurğusunu (ideyanı) daha bir qat: sözlərin semantikası üzərində oynayan “Bir əlhavası başlıq” və “Bir korafəhm sonluq” tamamlayır. Demə, bütün bu nostaljinin məğzi: Kişi, Vətən, torpaq sözlərinin artıq arxaikləşdiyinin, həqiqətən də, əyaniliyini duymağımız-bilməyimizdən ötəriymiş. Mənə görə: Günün mənzərələrini bu və ya digər qədər özgə yazarlar da qələmə ala bilər, həmin bu hekayələri isə yalnız Azad Qaradərəli kimi, həmin epoxadan çıxmış yazıçılar…
Çox maraqlıdır ki: 80-cilər nəslinin ən potensiallılarından biri yazıçı Əlabbas da Yazıya qurtardığı yerdən gəlir; yəni “Çörəksiz peşə” adlı memuarı ilə yazıçılığa necə başlamasının xatirəsinə dalır… Və təzəcə yazdığı yumoreska xarakterli “Əclaf” hekayəsində (2011) belə, tələbəlik illərinin həmin (xatirə) notlarından birisini tutmağa çalışır (yumorlu hekayələrin yazıçının yaradıcılığında silsiləvi şəkil aldığını artıq vurğulamışam: http://www.azadliq.org/content/article/24393960.html). Söhbət bilirsizmi hansı zamanlardan gedir? – 1970-ci illərdən! Amma “çörəksiz peşə” deyib, bu mənaya hələ gəlib çatmaması sanki yazının davamlı olacağını vəd edir. Memuarlarda bir Yazı ehtirası var, bu yöndən “Yazı”ya yaraşdığı və gərək olduğu təqdir olunmalıdır…
1970-80-ci illərin azman tənqidçisi Rəhim Əliyevin “Yazıçılar İttifaqı və sovet ədəbiyyatı” yazısı da bir növ memuar üzərindədir; içindən çıxıb gəldiyi ədəbi mühitin canlı şahidliyini edir. Bununla belə, məqalə həm də böyük araşdırma-ümumiləşdirmə və tənqidi təhlilin nəticəsidir. Dünənin və bugünün ədəbi prosesini anlamaqdan ötrü çox gərəklidir; xüsusən o cəhətdən ki, ötənlərdə durmayıb Yazıçılar İttifaqı modelinin günümüzdə də vurduğu ziyanlardan söz açır. Bir yazımda da vurğulamışam (http://ann.az/az/tehran-%c6%8flisanoglu-yalanci-professorun-qeydl%c9%99rind%c9%99n/): məqalənin 1999-cu ildə “İmpuls” qəzetində dərcindən sonra son beş ildə daha beş dəfə müxtəlif nəşrlərdə çıxması da önəminə sübutdur.
“Yazı”nın 1-ci sayında özgə nə varsa, mənimcə, kontekst səciyyəsindədir; yəni leytmotivi daha da zənginləşdirmək üçündür. Vaqif Sultanlının “İlğım” hekayəsi (zənnimcə, uzun-uzadı informasiondansa, jurnal 1980-cilərdən olan bu özümlü alim və nasirin daha çox hekayə və məqalələrini tanıtmalıydı); Təbriz sovqatı: Ülkər Ucqar, Məhəmməd Səfərinin şeirləri və Ruqiyyə Səfərinin “Sarı düş” hekayəsi (Çağdaş Cənub ədəbiyyatının geniş tanıdılması “Alatoran” jurnalından başlanır, amma hər dərginin bu konteksti böyütməyə çalışması təqdiredicidir); Türkiyə sovqatı: İmdad Afşarın “Anamın saatları” hekayəsi; bugünün gəncliyindən: Cavidanın şeirləri və düşüncələri (“Qadın və onun yazısı”), Svetlana Quliyevanın “Fəsillər silsiləsi”, Fərid Hüseynin şeirləri, Samirə Əşrəfin “Açılmayan çətir” hekayəsi bu növ maraq notlarıdır.
Redaktor ilk saydanca konteksti böyütməyin daha bir maraqlı üsulunu tapır; özünün ədəbi qeydlər və şeirlərdən ibarət cüng-dəftərçəsi ilə müasir bloq anlayışı arasında körpü qurur; və “ixtiyarındakı” yazılardan “klassik, modern və postmodern nümunələr əsasında gəzişmələr” edir: Füzuli, Şekspir, Salam Sarvan, Aqşin Yenisey, Nərmin Kamal, Zahir Əzəmət, Qulu Ağsəs, Günel Mövlud, Anna Axmatova, Nazim Hikmət, Mirzə Ələkbər Sabir, Redyar Kiplinq…  – bu yolla, istəsələr də, istəməsələr də klassiklər və müasirlər bir kontekstdə Yazıya alınırlar. Ümumən, dərgidə redaktor işi qabarıqdır; “Baş redaktordan” adlı önsöz və çoxlu publisistik haşiyələrlə jurnalın məramnaməsi, niyyətləri, məna və perpektivlərinə yollar açılır, işıq salınır. Amma: iş və gərdiş, düşünürəm ki, gərəkdir bir-birini tamamlaya; bu yöndə tənqidi qeydlərimi də əsirgəməyəcəyimi demişdim. Belə ki, vədimizə əməl edək:
-Yaxşıdır ki: ədəbi prosesin bütünlüyünü göstərmək üçün “Yazı” həm də dərinlərə varır; məsələn, unudulmuş imzalar: Eldar Baxış, Tofiq Qəhrəmanov, Məmməd Elli… gündəmə gətirilir. Amma pisi odur ki: jurnal bu zəmində bir münaqişə-mübarizə əhval-ruhiyyəsi yaratmağa çalışır. AYB ilə T.Qəhrəmanovun, yaxud Eldar Baxışla Anarın qarşılaşdırılması yolverilməzdir, ən azı aramızda olmayanların ruhunu incitməmək baxımından (hələ simvolların qarışdırılmasını demirəm: axı poetik bir nəfəslə epoxal hadisəni necə qarşılaşdırmaq olar?!).
-Ümumən mübarizə estetikası nə “Yazı”nın ruhuna, nə də materiallarına uyğundur. Redaktor sözündə: AYB-AYO qarşılaşmasının dünəndə qaldığını bəyan edən və guya qarşılaşmasız Ədəbiyyatla onu əvəz edəcəyini vəd verən dərgiyə bu heç yaraşmır da. Buradaca “Yazı”nın bugünəcən mövcud ədəbi proses subyektlərindən daha üstün görünmək istəyi – başadüşüləndir; amma nahaqdır. Diqqət edin: “Azərbaycan jurnalını indi az-az adam oxuyur. “Ulduz” da onun kimi. Qalır “Alatoran”, onun da tərəf problemi var – üstəlik də son zamanlar fasilə verib. Bəs belə isə biz yönü olmayan, bütün tərəflərə açıq və istedadlı yazarların hamısını – AYB-çisini də, AYO-çusunu da, bitərəfini də, yaşlısını da, gəncini də dərc etməyə hazır olan bir dərgi yaratmaq qərarına gəldik…” – duydunuzmu?; hamını əvəz edəcək biz! Günün ədəbi gedişatına nə qədər uyğundur?; bəlkə: hamı ilə yanaşı dura biləcək, hamını ötəsi biz! – olmalıydı…
-Eyni qədər də jurnalın olduğundan artıq, modern görünmək istəyi başadüşüləndir; amma gerçək deyil. Modern gəlişmələri bizdə vaxtilə: “Xəzər”, “Yol”, indinin özündə belə var olan “Alatoran” dərgiləri gətirmiş; bir yandan: “Onlar bizi də tərpətdilər. Şəxsən mən 50 ilə 60-ın arasında bu qüvvələrin tərpənişindən üşənib öz yazılarıma ayrı gözlə baxmağa başladım…” – deyə etiraf edən baş redaktor nədənsə həm də tarixə gömüb, bu sahədə də estafeti “Alatoran”dan almağa tələsir. Halbuki jurnalda qabarıq modern notlar da eləcə yuxarıda xatırlatdığımız künc-bloq imzalarından boylanmaqdadır…
-Aydındır ki, “Yazı” Alatoranlıqdan çıxırkən, AYO-çuların ideoloji (demokratiklik) kultuna qarşı öz Yazı kultu-estetikası ilə durduğunda ərk edir. Əvvəla, bu da təzə deyil; vaxtilə YeniSini AYO ilə üz-üzə qoyan fərq birincinin (yəni YeniSi ədəbi cərəyanının) məhz “bədii dəyər” məqamını kultlaşdırmasıydı… Sonra isə: bugün o da bəlli olur ki, modern estetikanın dağıldığı ərazilər elə vaxtilə Yazı kultu-toxunulmazlığı-sehri-sirrinin olduğu-oluşduğu yerlərdən keçir. İndi post-modern denilən gəlişmələr Sənət-Ədəbiyyat – ilahi vergi, Müqəddəslik kimi yox, hamının yetə biləcəyi, hamının yaza bildiyi nöqtələrdə reallaşır; hamının ilahi mənalara haqqı var, biz yox, qoy Yazı (mətn və tale!) özü təyin eləsin kimin payı nə qədərdir. Belə ki: meta-təhkiyələrin tarixə gömüldüyü bir vaxtda “Yazı”nın tez-tez “böyük Ədəbiyyat” deyib, bu növ axtarışlara iddiası, hardasa “dirçəliş-intibah” sevdasına düşməsi əbəsdir; və inanmıram jurnalın stratejisində özünü doğrulda…
-Daha bir məqam; baş redaktor onu da xatırladır (sanki minnət qoyur) ki: “Yazı” oxucuya güvənib də fəaliyyətə başlayır… Xatırlatmaqdırsa, mən də deyim: oxucuya ümid etmirlər, Oxucunu tanıyır-görür-fəhm edir, Oxucuya işləyirlər, oxucu ilə işləyirlər! Necə ki, “Yazı”nın ilk sayı da, əslində elə bu məramın ifadəsi kimi doğulmuş; necə ki, jurnalda məxsusi dil siyasəti yeridilir, necə ki, Oxucuya bütöv bir sıra Ədəbiyyat təklif olunur; necə ki, jurnal Oxucusunu görür-nəzərdə tutur və fəhm edir…
Budur-budur, 2-ci sayı çıxası “Yazı”nı oxucusu kimi gözləyən bir tək mən deyiləm zənnindəyəm.

Комментариев нет:

Отправить комментарий