25.03.2012

Bir dollar iyirmi sent

Namiq Hüseynlinin tərcümələri

Çarlz Bukovski

   O ən çox yayın sonunu sevirdi, yox payızı, daha çox payızı. Elə ya belə fərq etməz, artıq çimərliklərdə sərinlik düşür və belə günlərdə gün batımından sonra suyun kənarı ilə gəzmək onun xoşuna gəlirdi. Ətrafda bircə canlı da tapa bilməzsən, su isə insanların atıb getdiyi hər cür zir-zibillə çirklənmiş, üfunət iyi verirdi. Tərs kimi qağayılar da belə vaxtda yatmaq istəmirdilər, yatmaqdan zəhlələri gedirdi, onlar havaya qalxır, yerə düşür, onun üzərindən uçub keçir, bədəninə hücüm çəkir, canından qalan son həyat işartısını da əlindən almaq istəyirdilər. Əgər canında lap az da olsa həyat sevgisi qalıbsa və sən bundan xəbərdarsansa deməli hələ sənin məsələn həll olunmayıb, hələ vaxtına var.

   O qumun üstdə oturub suya baxardı. Suya baxarkən nəyinsə həqiqətən var olduğuna inanmaq çətin gəlir adama, sanki hər şey qəribə bir fanilik pərdəsi altında yoxa çıxmışdı. Sanki yer üzündə nə Çin, nə Birləşmiş Ştatlar, nə Vyetnam adlı bir yer vardı, ya da sanki o heç vaxt uşaq olmayıb. Yox uşaqlığının var olduğuna şübhə yoxdur, bunu unutmazdı, həm də gənclik dövrünü, nə vaxtsa işlədiyi yerlərin, qadınlarının, sonra qadınsız keçən illərinin və indiki işsiz günlərinin var olduğunu bilirdi.
   Altmış yaşlarında heç kimə lazım olmayan, dibinə qədər tükənmiş bir səfil idi o. Cibində bir dollar iyirimi sent nəğd pulu və əvvəlcədən verdiyi bir həftəlik kirayə haqqından başqa heç nəyi yox idi. Okean adamın içinə işləyir... O indiyə kimi qarşılaşdığı qadınların hamısını bir-bir yada saldı. Bəziləri ilə özünü yaxşı hiss etmişdi, amma çoxu əsl ifritələr, ağıldan yüngül, yolunu azmış, şivənlik salıb cırmaq atan başdan xarablar idi. Gördüyü bütün otaqlar, çarpayılar, yeni il bayramları, iş yerləri, mahnılar, xəstəxanalar və bir-birindən məzmunsuz günlər, gecələr, nəticəsiz, hamısı nəticəsiz. Məna əksikliyi, fürsət əksikliyi və bu da altmış ilin qarşılığı, bir dollar iyirmi sent
   Az keçməmiş o arxasında gülüşmə səsi eşitdi. Onların isti ədyalları vardı, yanında da butulkaları, banka pivələri, kofeləri, buterbrodları. Gülüşürdülər, mazaqlaşırdılar. İki oğlan iki qız idilər. Boylu-buxunlu, şux, qayğısız, kefləri də yerində. Sonra onlardan biri dənizin sahilində səssiz oturduğu yerdə onu hədəfə aldı.
- Ey bir baxın nə tapmışam ?
- Ay allah belə də adam olar, o heç qımıldamır da.
- Əminsən ki, bu adamdır ?
- Bax gör o nəfəs alır ? “Durur” ?
- Bu yaşda adamda necə “dursun” ?
  Onlar gülməkdən uğundular.
  O butulkasını götürüb başına çəkdi, dibində nəsə qalmışdı, vurmağın tam vaxtıydı.
- O tərpənir! Baxın tərpənir.
O ayağa qalxdı, şalvarına yapışmış qumları silkələdi.
- Onun əlləri və ayaqları var ! Sifəti də var !
- Sifəti ?
  Sonra yenidən gülüşdülər. O baş çıxara bilmirdi. Gənclər belə deyildi axı, onları heç vaxt belə pis görməmişdi. Onda bunlar nəydi ?
  Yaxınlarına gəlib dedi :
- Qocalıqda utanılası bir şey yoxdur bala.
  Oğlanlardan biri pivəni axıra kimi içib, bankasını kənara atdı.
- Boşuna tükənmiş ömür utanılasıdır, day-day. Mənimçün boş yerə tükənmiş bir adamsan sən.
- Elə deyil. Hələ də düz adamam mən, yolumdan azmamışam bala.
- Bəs bu qızlardan biri altına girsə zorun çatar? 
- Rod ağlına gələni danışma!
  Deyə uzun, kürən saçlı gənc qız dilləndi. O saçlarını küləyə verirdi, külək uçuşan saçlarını darayrıdı sanki, ayaqlarını quma elə dirəmişdi ki, sanki indicə bütün bədənini də külək alıb aparacaqdı.
- Nə deyirsən a kişi ? Qızlardan biri altına girsə, işini görə bilərsən? Hə? Necə baxırsan?
  O, başını alıb ordan getməyə üz qoydu, ədyalların yanından ötüb, yoxuşa doğru qalxan cığırla irəlilədi.
- Gör yazıq adamla necə danışdın Rod, bəzən səndən zəhləm gedir !
- Çox danışma, gəl yanıma quzum !
- Yox istəmirəm !
  O gedərkən arxaya çevrilib Rodun qızın arxasınca necə yüyürdüyünü gördü. Qızın şən çığırtıları, gülüş səsləri ətrafı bürümüşdü. Rod qızı tutub yerə yıxdı, onlar qumun üstündə gülərək boğuşdular, sonra sevişməyə başladılar. O azca aralıda o biri cütlüyün ayaq üstdə dayanıb öpüşdüklərinə də tamaşa etdi. O qumsallığı keçib səkiyə çatdı, skamyaların birində oturub ayağındakı qumu təmizlədi. On dəqiqədən sonra artıq otağındaydı, işığı yandırmadan ayaqqabıları çıxarıb, yatağına uzandı.
Az keçməmiş qapı döyüldü .
- Cənab Snid.
- Bəli.
  Qapı açıldı, gələn evin sahibəsi xanım Konners idi. Xanım Konners altmış beş yaşında kifir bir qadın idi. O qaranlıqda xanımın üzünü heç cür seçə bilmirdi və bundan xeyli şad idi.
- Sup bişirmişəm, istəyirsiniz isti-isti bir qab gətirim ?
- Yox istəmirəm.
- Bəsdirin siz allah cənab Snid. Yaxşı, ləzzətli supdur! Qoy bir qab gətirim için!
- Yaxşı gətirin.
   O yatağıdan qalxdı, stulda oturub gözləməyə başladı. Xanım Konners az sonra bir qab supla qayıtdı, o içəri girəndə qapının arasını açıq qoydu və dəhlizdən düşən işıq şüaları düz onun ayağına və dizinə qədər çatırdı, xanım Konners də supla dolu boşqabı və qaşığı məhz həmin yerə, döşəmənin üstünə qoydu.
- Sizin xoşunuza gələcək cənab Snid, mən nəyi bilməsəm də supu qəşəng bişirirəm.
- Çox sağ olun.
   O oturub supa baxdı. Sapsarı sidiyi xatırladırdı. Toyuq supu idi, amma içində heç ət gözə dəymirdi, supun içindəki yağ köpükləri diqqətini çəkdi. Xeyli müddət eyni vəziyyətdə donub qaldı. Sonra qaşığı götürüb siyirməyə atdı, boşqabı götürüb pəncərənin qarşısına keçdi, pəncərənin bir tayını açıb, supu sakitcə ordan yerə boşaltdı. Yerdən zəif buxar havaya qalxıb gözdən itdi. Boşqabı şkafın içinə qoydu, qapının arasını örtdü və yenidən yerinə uzandı. Otaq dünənkindən daha qaranlıq idi, qaranlığı sevirdi, qaranlıqdan nə isə məna tap bilirdi. Diqqətlə okeanın səsini dinləməyə başladı. Bir müddət səsi dinləyib, sonra o biri üzünə çevrildi, Nəfəs aldı. Dərindən nəfəs aldı və öldü.
 
Tərcümə etdi: Namiq Hüseynli

Комментариев нет:

Отправить комментарий