11.03.2012

Dingildədir


Baba Pünhan


Həm vəkil, həm nazirəm, dollar məni dingildədir,
Milli Məclisdən keçən yollar məni dingildədir.


Qatmışam, qatdırmışam, reklam edib satdırmışam,
Litrəsi üç-dörd minə “şollar” məni dingildədir.


çoxların billah, gedər-gəlməz yola göndərmişəm,
Qandala çəkdirdiyim qollar məni dingildədir.


Xaş-xaşın əla növün parniklərə səpdirmişəm,
“Tuz”ları məst eyləyən kollar məni dingildədir.

Mersedes-bens ilə Mazda, Linkoln, Passat, Fiat
Əyri yolnan düz gedən rullar məni dingildədir.


Dağ satıb yağlanmışam, bağlar alıb bağlanmışam,
Bağılarımda tər tökən qullar məni dingildədir.


Marketin “Super” ləri, “İnter Şop”un ceyranları,
Bir də ərsiz pullular, dullar məni dingildədir.


Mülkümün gözlər çıxardan bər-bəzəkli damları,
Parketi par-par yanan pollar məni dingildədir.


Kim desə, Pünhan, inanma guya ki, bir üzlüyəm,
Gündə yüz yol girdiyim rollar məni dingildədir.

Комментариев нет:

Отправить комментарий