01.03.2012

ENDİRİN BADƏLƏRİ, SAĞLIĞINIZIN SAĞLIĞINA...


Cəfər Talıb

İçmə huşyar eyləməz o içdiyin mey səni,
Yaddan çıxar varlığın, şərab eylər key səni.
                                                                   Nizami


Bu il yaz çox tez gəlmişdi. Kol dibindəki bənövşələr boynunu bükməyə macal tapmamış Günəşin istisi kolların arasındakı boşluqlardan keçib bənövşələri yandırmışdı. 1,5 metr hündürlüyü olan moruq kolları 8-9 sm hündürlüyü olan bənövşələri Günəşdən qoruya bilməmişdi. 

Şəms 6 aylıq körpəsi Nihadı qucağına alıb, 2 yaşlı Vəfanın isə əlindən tutub kolların dibi ilə yola çıxmışdı. Narahat görünürdü. Fikri evdə elektrik sobasının üstünə qoyduğu çaydanda qalmışdı, əri gələndə çay hazır olmasa dava-dalaş düşəcəyindən qorxurdu. Əri Mahmud dostu Rafiqin ad gününə getmişdi. Onun getməsindən 6 saat keçməsinə baxmayaraq, evə qayıtmamışdı. Şəms gah çayı qızdırır, gah da uşaqları da götürüb yola çıxır, Mahmudun gələcəyini gözləyirdi. Bilirdi ki, Mahmud içkili gəlsə, yenə həmişəki kimi Mahmudu danlayacaq, deyinəcək, Mahmud da onu döyəcəkdi. Amma onu narahat edən evinin daxma olması, Mahmudun içməyi, evə gec gəlməsi, onu döyməsi deyildi. Şəms təkcə 2 körpəsinə görə narahat idi. Başa düşürdü ki, bütün bu çatışmazlıqlar onun körpələrinin gələcəyinə də təsirsiz ötüşməyəcək. Qorxurdu ki, bu yaşayışla övladlarını təmin edə bilməyəcək.

Bu gün Rafiqin ad günü idi. Məktəb yoldaşı Mahmudu da çağırmışdı. 10 il keçməsinə baxmayaraq 11 il bir sinifdə oxumuşdular. Mahmud ad gününə hədiyyəsiz gəlmişdi. Hədiyyə almağa pulu yox idi. Şəmsdən qızıllarından birini satmasını istəmişdi, Şəms razılaşmadığı üçün ona bir şillə də vurmuşdu. Rafiq bütün məktəb yoldaşlarını bir stolda əyləşdirmişdi. Məclisə gələnlər hamısı hədiyyələrini Rafiqə verib sonra stola əyləşirdilər. Mahmud yemək yeməmiş içməyə başlamışdı. Utanırdı məclisdəkilərdən. Gələn qonaqlar hər dəfə Rafiqə hədiyyə verəndə Mahmud az qalırdı utandığından stolun altına girsin. İstəyirdi tez-bazar içsin, piyan olsun, utanmasın. Dəvətlilər hamısı stola əyləşəndə Mahmud artıq 3 "rumka" ac qarına "vurmuşdu". Yenə içmək istəyirdi. Yanında əyləşmiş Rayon Mərkəzi Poçtamtında müdir müavini işləyən, Mahmudun məktəb yoldaşı Əziz növbəti "rumka"nı süzdü. Mahmud heç kəsi gözləmədən qədəhi başına çəkdi.

Əziz:

- Dostlar, bu gün Rafiqin şad günüdür, hamımıza burada olmaq şərəfdir. Rafiqin dükanından araq alıb içənlər onun sağlığına çox içiblər. Bu badələri biz də Rafiqin sağlığına içək. (Əziz düz deyirdi, Rafiqin dükanından nisyə araq alıb kol dibində "vuran"lar həmişə onun sağlığına da içməyi unutmurdular.)

Badələri içdilər... Mahmud artıq heç kəsdən utanmırdı.

- Buraaaaax qolumuuuu, piyan deyiləmmmm.

Mahmud bu sözü deyən kimi Əzizin əlindən çıxıb qaçdı. Ayağı daşa ilişib yıxıldı. Üst-başı toz-torpaq oldu. Əziz tez çatıb onu qaldırdı və sürüyə-sürüyə evinə kimi gətirdi. Bu vaxt Şəms həyətdə idi, Vəfa atasının piyan olduğunu görüb ağlamağa başladı. Balaca Nihad isə çarpayının üstündə yatırdı. Şəms tez Mahmud üçün divanda yer hazırladı. Sonra Əzizlə köməkli Mahmudu evə saldılar. Mahmud əlini fırladanda Şəmsin dodağına dəydi, dodağı partladı. Mahmudu divana uzatdılar, o, kənardan nəfəs alan meyit kimi görünürdü, rəngi saralmışdı.

Əziz:

- Hamıdan çox içib Mahmud, yolda başıma oyun açdı. Güclə gətirmişəm evə. Ayağı ilişib yıxılıb, ona görə dirsəkləri qandır.

Şəms:

- ...

Əziz:

- Gedirəm, ayılanda deyərsiz ki, ayın 17-si oğlumun kiçik toyudur, onu da dəvət edirəm.

Səhər pəncərədən gözünə düşən gün Mahmudu oyatdı. Şəms və uşaqlar artıq oyanmışdılar. Mahmud yataqdan qalxdı, elə toz-torpaqlı paltarla yatmışdı.

Mahmud:

- Saat neçədi? Mənim üst-başıma nə olub? Üstüm niyə qandı? Kim gətirib bura məni?

Şəms:

- Ölərdin, içməsəydin? "Butulka" sənə ailəndən əzizdi? Sənin nəyinə yaraşır bu qədər içmək? Ayın 17-si Əzizin oğlunun kiçik toyudur, orada da belə edəcəksən?

Mahmud:

- Kəs səsini, durub salacam səni təpiyimin altına. Kəs səsini, ...! Durrrr, (dayanmadan öskürür) durr, paltar ver mənə.

Mahmud Əzizin onu evə gətirdiyini başa düşdü, heç nə yadına gəlmirdi. Əziz yekəxana olduğu üçün ondan zəhləsi gedirdi. Əzizin gəlib onun daxmasını görməsi, onu evə məhz Əzizin gətirməsi qanını qaraltdı.

Mahmud məktəbdə hamıdan yaxşı oxuyurdu. Xüsusilə dəqiq elmləri gözəl bilirdi, uşaq vaxtı kənddə bəlkə onun qədər kitab oxuyan yox idi. 16 yaşı olanda anası xərçəng xəstəliyindən vəfat etdi. Anasının heç qırxı çıxmamış qəssab atası təzə arvad gətirdi. Beləliklə, Mahmudun gözəl günləri sona çatdı. Ögey anasının Mahmudu görən gözü yox idi. Atasına nifrət edirdi. Çünki, qazandığı bütün pullara içirdi və ögey anası üçün xərcləyirdi. Baxmayaraq ki, Mahmud ailənin tək oğlu idi, anası öləndən sonra onu evdə oğul kimi sayan yox idi. Qul kimi bir qarın çörəyə işlədirdilər. Atasının başı təzə arvadına elə qarışmışdı ki, oğlu barəsində heç düşünmürdü. Mahmud artıq məktəbdən soyumuşdu, demək olar ki, heç oxumurdu. Bütün günü kəndin avara gənclərinə qoşulub içirdi, çəkirdi. Bəzən heç evə də gəlmirdi. Ot tayalarının üstündə, kəndlərindəki pozğun "gəlin"in evində, "bisetka"da yatırdı. Günlərin birində atası möhkəm xəstələndi, ciyərinə su yığılmışdı. Xəstəxanaya aparsalar da, kişi sağalmadı, 1 həftədən sonra öldü.
   

Mahmudun artıq heç kimi yox idi. Bütün həyatı alt-üst olmuşdu. Son günlərdə eşitdiyi bir xəbər onu bir az sevindirmişdi. Atasının vəfatından 2 ay keçməmiş ögey anası özünə ər tapıb, ərə gedir. Buna çox sevinirdi, axır ki, o məkrli qadından canı qurtarar. Ögey anası evdə əlinə keçəni götürüb başqa ərə getdi.

Mahmudun atasından qalma 2 otaqlı daxması, 15 sot bağı və 1 inəyi vardı. Ögey anası gedəndən sonra tək yaşayırdı. Bağ-bağatla məşğul olub, inəyə baxıb bir təhər dolanırdı. Ciyərləri xəstə olduğu üçün onu əsgərliyə də aparmamışdılar, 3 ildən bir gedib komissiyadan keçirdi. Qonşu kənddə özü kimi yetim bir qızı sevirdi. Şəmsin atası ölmüşdü, anası da başqa kişiyə ərə getdiyindən, o, babası gildə yaşayırdı. Mahmud qohumlarını Şəmsə elçi göndərsə də, var-dövləti olmadığı üçün qızı verməmişdilər. Mahmud çarəsizlikdən Şəmsi qaçırmışdı. Bir az söz-söhbət düşsə də, bu sonradan unuduldu. Kasıb yaşamalarına, hətta bir neçə dəfə tövbə etməsinə baxmayaraq Mahmud içkini tərgidə bilmirdi. Əslində kefindən içmirdi, keçmişi onu cəmiyyət içində utandırırdı. Məclislərdə başını dik tutub camaatın üzünə baxa bilmirdi. Küçəyə, çayxanaya çıxa bilmirdi, utanırdı. Artıq tam iradəsini itirmişdi. Hər dəfə bir bəhanə tapıb içirdi. İçki onun xəstə ciyərlərini sıradan çıxarmışdı. Yaşından 2 dəfə yaşlı görünürdü.

- Mahmud! Mahmud! Ay Mahmud!

Kimsə çağırırdı. Mahmud pəncərədən çağıranın işıq pulu yığan Muxtar olduğunu görüb tez gizləndi. Pıçıltı ilə Şəmsə:

- Çıx, denən ki, ərim evdə yoxdur. Pulumuz yoxdur, olanda verərik.

Şəms çölə çıxdı.

Muxtar:

- Mahmud haradadır?

Şəms:

- Evdə yoxdur, tarlada işləyir. Pulumuz yoxdur, qardaş!

Muxtar:

- Ona denən ki, 90 manat borcunuz var, ödəməsəniz işığınızı kəsəcəm. Sizə nə qədər hörmət etmək olar? Dövlətin işığını yandırmısız, pulunu verin.

Muxtar sayğaca baxıb getdi. Muxtarın dediklərini Mahmud da eşitdi.

Şəms evə qayıdanda Mahmudu ilk dəfə idi ki, bu vəziyyətdə görürdü. Mahmudun gözləri dolmuşdu. Həmişə ətrafından, insanlardan utanırdı, indi isə özündən utanırdı. Nə qədər işləsə də, bütün canını torpağa qoysa da, bərəkət ondan qaçırdı. Bəlkə də ona görə içirdi ki, bütün dünyanı, həyatı bir anlıq unutsun. Həmişə çətinə düşəndə "Kimin əvvəli, kimin axırı" misalı ilə özünə təsəlli verirdi. Deyirdi ki, mənim həyatımın əvvəli pis oldu, sonrası yaxşı olar.

Yolun kənarındakı kolluqların dibində boynunu bükmüş bənövşələr artıq çoxdan çürüyüb torpağa qarışmışdılar. Şəms asta-asta kolların dibi ilə yola çıxmışdı. Bu gün Vəfa əri ilə ata evinə baş çəkməyə gələcəkdi. Nihad da hərbi xidmətdə hər şeyin yaxşı olduğunu demişdi, Şəmsin ona görə bir az ürəyi rahat idi.

Axşam olan kimi kəndin üstünə qaranlıq sel kimi yayıldı. İtlərin, çaqqalların ulaşması bir-birinə qarışdı. Kənddən uzaqda palıd ağacının dibindəki taxta başdaşısı çürüyüb əyilmiş bir məzar da qaranlığa büründü...

P.S. "Araq" və "sağlıq" sözləri bir-biri ilə heç uyuşmasa da, bütün sağlıqları araq içəndə deyirlər. Endirin badələri, sağlığınızın sağlığına...

Комментариев нет:

Отправить комментарий