18.03.2012

Hansı daha vacibdir?


ŞəkilZaur Bayramlı

Bu gün ölkənin paytaxtı sanki hər şeyi yaddan çıxarıb, may ayında keçiriləsi “Avroviziya” mahnı müsabiqəsi ilə yaşayır. İlk baxışdan bu xoş təsir bağışlasa da, məsələnin mahiyyətinə vardıqda istəmədən utanc gətirəsi hisslər yaşamalı olursan. Hər şeydən əvvəl ona görə ki, torpaqlarının bir qismi hələ də işğal altında olan ölkə vətəndaşlarının başını dik tutmağa mənəvi haqqı olmadığını qəbul edə bilsək, belə bir çal-çağırın bizə baş ucalığı sayıla biləcəyini qəbul etməkdən uzağam.

Beynəlxalq mahnı müsabiqəsinə bu qədər diqqət yetirmək və xərc çəkmək müharibə vəziyyətində olan və əhalisi sosial problemlər məngənəsində çarpışan bir ölkə üçün ciddi uğur hesab oluna bilməz. Əlavə olaraq nəzərə alanda ki, ölkədə daha möhtəşəm layihələrin həyata keçirilməsinə, Dünya olimpiadasının Bakıya dəvət olunmasına böyük önəm verilir, o zaman məyusluq gətirən yeni hisslər yaşamalı olursan. Axı hər şeydən əvvəl ölkənin daxili problemlərinin həlli daha öndə durmalı olduğundan, hər kəsə fərəh gətirəsi möhtəşəm layihələrin ölkədə həyata keçirilməsi müəyyən mənada arzuolunan mənzərəni doğurmaqdan uzaqdır.

“Əvvəl məscidin içi, sonra çölü”
Şəkil 
Bu yarımbaşlıq zamanın sınağından keçmiş bir zərb-məsəl olaraq, ilk növbədə daxili ehtiyacın diqqətdə saxlanılmasına işarə edən bir çağırışdır. Yuxarıdakı fikirlərdən heç də belə səslənməməlidir ki, Azərbaycanda beynəlxalq mahnı müsabiqəsinin keçirilməsinə, yaxud ölkənin dünya olimpiadasının ünvanı olmasına etiraz edirik. Məncə belə tədbirərin keçirildiyi hər bir ölkə vətəndaşı qürur hiss yaşamalıdır. Ancaq bu şərtlə ki, ilk növbədə özündə bu qürur hissini yaşamaq üçün mənəvi haqqı görə bilə. Sadəcə olaraq bir faktı xatırlamaq dediklərimə əsas üçün kifayətdir: Səmimi etiraf edək ki, ölkə vətəndaşlarının böyük qisminin maddi imkansızlıq ucundan bu mahnı müsabiqəsində tamaşaçı kimi (həmçinin keçirilməsi mümkün olan olimpiya oyunlarında) iştirak etmək imkanı yoxdur. Həmçinin əhalinin böyük qisminin bu tədbirlər üçün gələcək turistləri qarşılamağa hazır edilən otelləri yaxından görmək imkanı yoxdursa, belə çıxmır ki, bu ölkənin sərvəti xaricilər üçün təyinat alıb, yaxud bizim sıxıntı ilə yaşadığımız ölkədə əcnəbilərin komfort şəraitlə üzləşməsindən biz qürur duymalıyıq?! Belə olan halda bizim vətəndaşlar varlının toyunda sevincini ifadə etmək üçün ayaqyalın oynayan kasıblarla bir sırada dayanmırmı?
Bir qayda olaraq bütün düyada ölkənin iqtisadi gücü onun əhalisinin dolanışıq imkanlarında ifadə olunur. Çörək pulu ardınca ölkəni tərk edən işsizləri, ölkə əhalisinin kasıblıq həddində yaşayan böyük qismini xilas etməyə yönəldiləsi sərvətin, bu problemlər qarşısında çox uzaqda dayanan beynəlxalq proqramlara sərf edilməsi bir toplum olaraq bizdə hansı duyğuları yaşadır. Axı bir millət olaraq biz bütün ümidlərimizi ölkənin dünya bazarına çıxarılası karbohidrogen ehtiyatlarına bağlamışdıq. Həm də bu gəlirdən çox şey gözləyirdik: İşsizlik probleminin həlli, Qarabağımızın xilası, ölkə vətəndaşlarının normal yaşam həddinə sahib olmaları.
Nə qədər acı olsa da, etiraf edək ki, iqtisadi gücü çox qabarıq göstərilən bir ölkənin vətəndaşları olaraq öz həyatımızda bu iqtisadi inkişafı görmürük. Cənubi Qafqazın ümumdaxili məhsul istehsalının 80 faizi Azərbaycanın hesabına yazılsa da bu ölkənin vətəndaşları həm Cənubi Qafqazda, həm də postsovet məkanında yeganə toplumdur ki, Sovet dovründən banklara qoyduğu əmanətləri ala bilməyib. Bir vaxtlar öz halal qazancından ehtiyac günləri üçün banklara külli miqdarda pul qoyan vətəndaşlar,  ağır kasıblıq həddində müalicə və dərman pulu tapa bilmədiyindən dünyasını dəyişirsə, bu çox hüznlü bir mənzərə yaradır.
Bu gün Azərbaycan dünyanın bir çox ölkələrinə enerji ehtiyatları göndərirsə,  çox da ağır keçməyən qışın nisbətən soyuq günlərində ölkə əhalisinin düşdüyü durum onları yetimxana uşaqlarına bənzədir. Belə olan hallarda ehtiyac və sıxıntı içində yaşayan bir toplumun doğal haqqı olan neft gəlirlərinin bu gün üçün mənasız görünən təbdirlərə xərclənməsi hansı xoş duyğuları yarada bilər.

Ölkənin gəlirlərinin daxili təyinatı da xalqa ögey görünür

Ölkədə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi mötəbər tribunalardan belə izah olunur ki, əcnəbilər ölkəmizi yaxından tanıyacaqlar. Elə buradaca fikrimi ifadə etmək istəyirəm: Onların Azərbaycanı yaxından tanımaları Azərbaycana nə verəcək? Bu ölkənin işğal altındakı torpaqlarını xilas edəcək, yaxud ölkədaxili problemləri yoluna qoyacaq?
Dünyanın əksər ölkələri Azərbaycanın torpaqlarının bir qisminin işğal altında olduğunu bilir. Bəlkə hər kəsə məlum olan bu problemin həllini qabağa salmaq, dünya ölkələrinin bizimlə bağlı rəyinə daha çox təsir edə bilərdi. Əvəzində özlərinin birbaşa Bakıya gəldiyi əcnəbiləri bizim qayğımızla bağlı nə düşündürür? Bir şey ki, bu əcnəbilərin ənənəvi səfərlərində “mavi”lərin paradı keçirilir.
Müstəqilliyə sahib olduğumuz iyirmi il bizə kifayət etdi ki, əcnəbilərin, özü də Qərb mənşəli əcnəbilərin bizə münasibəti necədir. Şəxsən mən mənfur düşmənimiz olan ermənilərə bu qədər yaxından sahib çıxan fransız köpəklərinin ayağının Bakıya dəyməsini istəmirəm. Ancaq xatırlayanda ki, elə o ölkənin vətəndaşı olan və Avropa “mavilərinin” ulduzu sayılan Elton Conun bir neçə il əvvəl Bakıda necə təmtəraqlı konserti keçirildi, məyusluqla fikirləşməli olursan ki, nəinki fransızlar gen-bol Bakıya gələ biləcəklər, hətta “mavilərin” də paradı təmtəraqla keçirilə bilər.
Əslində inşasına bir neçə il əvvəl başlanmış, sadəcə olaraq məlumatı bir qədər yubanan möhtəşəm bir tikintinin, adada şəhər salmanın da ilk baxışdan qürur duyulası tərəfləri çoxdur. Ancaq 100 milyarda yaxın vəsaitin tutacağı bir layihəni reallaşdırmaq bu günkü təzadlı görüntüləri olan Azərbaycana xoş nəyi vəd edir? Mənə elə gəlir ki, bu vəsait Qarabağ probleminin həllinə yönəlsəydi, qeyd-şərtsiz problem öz həllini tapmış olacaqdı. Yenə də nəzərə alanda ki, bu günün özündə böyük problemlər önündə aciz qalan əhalinin böyük qisminə bu adanı belə görmək nəsib olmayacaq, adada şəhərin tikilməsi sadə əhaliyə həm də bir ümidsizlik gətirir. Təkcə ona görə ki,  böyük ümidlə gözlədiyi neft gəlirlərindən onlara düşən paydan əllərini üzməli olacaqlar. Çünki bu gəlirlər nə qədər çox olsa da belə nəzərdə tutulan layihələrə ancaq yetəcəkdir.

Hər halda nikbinliyi itirmək olmaz

Ədalət naminə demək lazımdır ki, görülən işlərlə müqayisədə görülməsinə ehtiyac olan işlər daha vacibdir. Yəni ölkənin daxilində problemlər qala-qala daha çox zahiri görüntü xatirinə işlər görmək namünasib hesab olunur. Elə buradaca onu demək lazımdır ki, ölkənin problemləri üçün də müəyyən planlar həyata keçirilir. Ancaq bu digərləri ilə müqayisədə çox ləng və zəif görünür.
Bütün bu olanların fonunda heç də bədbinliyə qapılıb çarəsiz düşüncələrə sahib olmağa gərək yoxdur. Bütün problemlərin öz həllinə ulaşacağına inamları da qorumaq lazımdır. Bütün bunlar üçün isə əsas stimul ölkə prezidentinin bu sahəni diqqətdən qaçırmaması hesab olunmalıdır. Elə buradaca problemlərin başında korrupsiyaya qurşanaq sərvət toplama yarışını özünün başlıca amalı hesab edən məmur ordusunun dayandığını söyləməyə ehtiyac qalır. Təəssüflə demək lazımdır ki, heç bir qanunla ram edilə bilməyən məmur özbaşınalığı o həddə çatıb ki, onların islah oluna biləcəyinə də inam itib. Deməli ölkəni məmur özbaşınalığının cəngindən qurtarmaq üçün tək yol radikal islahatlar hesab oluna bilər ki, onun həyata keçirilməsi xaricində heç nəyə sahib olmaq mümkün sayılmır. Axı mövcud məmur ordusu ölkədaxili problemlərin həlli yolunda elə bir səddə çevrilib ki, onları yolun üzərindən götürmədən bu yolun uğurlu davamına ümid bəsləmək olmaz.
2011-ci ildə korrupsiyaya qarşı mübarizənin yekunları ilə bağlı respublika prokurorluğunun hesabı o qədər də qaneedici deyil. Çünki qeyd şərtsiz bütün məmurların korrupsiya ilə məşğul olduğu bir ölkədə il ərzində cəmi 260 nəfərin məsuliyyətə cəlb olunması bu sahədə hansısa bir uğurdan danışmağa bəs eləmir.
Dövlət qulluğunda olan hər kəsin öz tutduğu posta yalnız gəlir mənbəyi kimi baxmaq təsəvvürlərini alt-üst etmək üçün ölkədə radikal islahatlardan başqa heç nə yetərli görünmür. Bütün məmurları həbsxanaya toplamaqdansa, onları belə bir islahatla kənarda qoymaq daha sərfəli sayılmalıdır. Şəxsən mənim düşüncələrimə görə ölkə daxili problemlərin uğurlu həllinin əsas mərhələsi məmur ordusunun keyfiyyət dəyişikliyi ilə mümkün ola bilər. Bunun xaricində isə bu məqsədlə atılan hər hansı bir addım kosmetik dəyişiklikdən başqa bir şey verməyəcək. Bu isə o deməkdir ki, mövcud məmur ordusundan labüdən xilas olunacaq. Çünki ölkənin inkişafına buxov olan bu məmur ordusu özü-özünün məhvini qaçılmaz edir. Bu isə problemsiz yaşamın astanasına yetişmək qədər mühüm bir önəm daşıyacaqdır.
Şəkil 

Комментариев нет:

Отправить комментарий