09.03.2012

LAÇINLI SEÇİCİ DEPUTATI YIXIB SÜRÜDÜ


Əhməd Cəlaloğlu: “Nazim Fərəcov özünü hansı haqla, hansı üzlə xalqın vəkili adlandırır?”
121 saylı Laçın seçki dairəsindən deputat olmuş Nazim Fərəcovla bağlı redaksiyamıza şikayət daxil olub. Hazırda Sumqayıtda Sarıqaray massivində məskunlaşmış Laçın sakini, məcburi köçkün Əhməd Cəlaloğlu ərizəsində yazır ki, o, laçınlı qaçqınların “böyük səs çoxluğu ilə seçdiyi”, amma üzünü heç vaxt görmədikləri deputat N.Fərəcovu axtarır.
“Biz ”böyük səs çoxluğu ilə” seçilən və qeybə çəkilmiş deputatımızı axtarırıq. Seçki zamanı icra başçısı da qabağa düşüb sakinləri bizim bu “hörmətli” deputatımıza səs verməyə çağırırdı. 
Ancaq elə bil hər şey bu seçkiyə qədər imiş. Verilən bütün yağlı vədlər hələ də həyata keçməsini gözləyir. Yoxsul, çarəsiz insanların düşdüyü bu vəziyyətdən istifadə edərək hər cür saxtakarlıqla onların səslərini və ümidlərini oğurlayan deputatımız heç olmasa arada öz vicdanı qarşısında xəcalət çəkirmi?” – deyə Ə.Cəlaloğlu yazır.
Ərizədə bildirilir ki, başda, Laçın rayon rəhbərliyi olmaqla heç kəs Sarıqarayda yaşayan laçınlı köçkünlərin taleyi ilə maraqlanmır: “Deputat da daxil olmaqla, Laçın rəhbərlərinin nəzərinə çatdırıram ki, mənim də yaşadığım Sarıqaraydakı 6 düşərgədə 500- dən çox laçınlı ailə məskunlaşıb. Bu isə 2 minə yaxın köçkün deməkdir. Cənab deputatımız və rayon rəhbərliyi, görəsən, bilirmi ki, burada məskunlaşan insanlar necə yaşayır? Yayı-qışı min bir əzab içində yaşayan insanların su, qaz, kanalizasiya xətti, işıqla bağlı ciddi çətinlikləri var. Bu massivdə hasarın yanındanca keçən qaz xəttinə həsrətlə baxaraq şaxtalı-çovğunlu qışda hansı əzablar çəkdiyimizdən Nazim Fərəcovun xəbəri varmı? Axı seçki öncəsi deputat seçiləndən sonra su və qaz problemini həll edəcəyi barədə şəxsən özü söz vermişdi. Hara getdi bu vəd? İnsan da bu qədər laqeyd, bu qədər yalançı olarmı? Bir nəfər deyil, beş nəfər deyil, bu qədər zavallı insanı necə aldatmaq olar? Özünüzü hansı haqla, hansı üzlə xalqın vəkili adlandırırsınız? Belə vəzifələrdə oturmağa sizin nə hüquqi, nə də mənəvi haqqınız var. Siz o mandatı da, o vəzifəni də oğurlamısınız. Axı sizin vəzifəniz xalqa xidmət etmək, onun problemlərini aradan qaldırmaqdır. Ən ağır şəraitdə yaşayanlar köçkünlər olduğu halda siz niyə bir dəfə də olsun onların problemlərinin həlli üçün Milli Məclisdə məsələ qaldırmamısınız? Bərbad təhsilimiz, yarıtmaz səhiyyəmiz bu zavallı insanların gələcəyini puç etməkdə davam edir. 3-4 uşağı olan ailələrin bu uçuq yataqxanaların bir otağında hansı əzabla yaşamasından xəbəriniz varmı? Xəbəriniz varmı ki, onlarla laçınlı gənc evsizlik üzündən hələ də ailə qura bilmir, yataqxana künclərində nisgilli taleləri ilə barışır? Köçkünlərin guya vəkili olaraq siz həmyerlilərinizin problemlərini nəinki həll etmək, bu barədə heç düşünmək də istəmirsiniz”.
Laçınlı köçkünün bu ittihamları ilə bağlı deputat N.Fərəcovla əlaqə saxlamaq istədik. Amma onun bizə məlum olan mobil telefonuna zəng çatmadı. Deputatın da mövqeyini dərc edə bilərik.
”Yeni Müsavat”

Комментариев нет:

Отправить комментарий