06.03.2012

Əli Şirin Şükürlü. Polşa səfərindən fraqmentlər (şeir-esse)


1. şopenürəkli  şəhər
22.01.2012.
buludları seyr edirəm təyyarənin pəncərəsindən. sonra yer üzünü.
kiçilir yer üzü gölərimdə, kiçilir evlər, adamlar, maşınlar… kiçilir
itir gözlərimdə yerin indicə seyr etdiyim bir parçası.
uçuram. elə bil təzəcə ayrılmışam uçuşdan, sanki 22 il keçməyib
son dəfə uçduğum vaxtdan. hislər eyni, neçə il əvvəl olduğu kimi.
heç vaxt qorxmamışam uçuşdan, qəza baş verəcəyinə inanmamışam.

Şopen hava limanında enirik təyyarədən. yenidən böyüyür yer üzü
gözlərimdə. Şopen – qəlbi Varşavada dəfn olunan dahi, “fortepiano şairi”.
xoş gördük Varşava – şopenürəkli şəhər.
bələdçi qarşılayır bizi. ilk dəfə görüşür bir-biriylə ayri-ayrı dünyaların
ayrı-ayrı adamları. amma adamlar çox bənzəyər bir-birinə – bu heç də
ilk dəfə ağlıma gələn fikir deyil. burda rastlaşdığım adamları hardasa
görmüşəm elə bil; doğulduğum ölkədə, yaşadığım şəhərdə. adamlar da
fərqinə varmadan ötüb keçirlər bu qərib adamın yanından. tərslikdən
çox zaman belə olur; diqqət gözləyərkən biganəliklə qarşılaşırsan.
bu, indiki vəziyyətdə yaxşıdı axı, deyəsən. burda qəriblik hissi yaddı mənə.


23.01.2012.
“köhnə şəhəri” seyr edirik. şəhər içində şəhər. indi ilə keçmişin görüşdüyü
yer. bütün qədim məkanlar belədi; keçmişlə indi kəsişər, kəsişmə nöqtəsində və kəsişmə anından gözləyər gələcəyi. qar yağır şəhərə. bir tərəfdə evlər müasir tipli,
bir tərəfdə əzəmətli kral sarayı – neçənci dəfədi qarşılayır bu yağan qarı.
neçə-neçə adam sevinib bu bəyazlığa seyr edərək onu sarayın pəncərəsindən.
neçə-neçə adama kədər, həsrət, nisgil gətirib bu qar. neçə-neçə adam dayanıb
mən durduğum yerdə, neçə-neçə adam dayanacaq hələ. ötən hər an qarışır keçmişə. gələcək barədə ehtimal etmək qalır sadəcə.
ümidlər
gümanlar
fərziyyələr
və sairə hamısı
ehtimal – hadisələrin baş vermə ölçüsü,
bilməzliyin çıxış nöqtəsi.
axşam. telefon susur. yəqin ki nömrəmi heç kim bilmir bu şəhərdə
otel inzibatçısından savayı. televizoru da qoşmuram. şəhərin bir hissəsi
görünür otelin pəncərəsindən. pəncərədən görünən mənzərələr xoşuma
gəlir həmişə, sanki canlı rəsm əsəridi – dahiyanə – asılar otağımdan.
görüntünün nə olduğu fərq etməz bir o qədər də.
otel otaqları həmişə qəribə görünüb mənə. insana lazım olan nə varsa
cəmlənər bir yerə: telefon, televizor, yazı masası, taxt, hamam, şkaf, soyuducu…
cəmlənər və sanki təcridolunmadan xəbər verər adama.
yaxşı ki pəncərələri iri olur otel otaqlarının; gerçək hadisələr danışır geniş
mənzərələrlə.


2. tramvaylar şəhəri
24.01.2012.
Krakovda gəzirik, qədim şəhərdə. Krakov – kralların dəfn olunduğu şəhər.
nədənsə ilk “tramvaylar şəhəri” – fikri gəlir ağlıma. 13-cü əsrdən üzü bəri
tarixə şahid Yagellon universtetini seyr edirik. universtetin qarşısında
Kopernikin heykəli. heykəlin qarşısında mən – ətraf dəyişmədə içi mən
qarışıq. zaman nədi ki, – dəyişmələr ölçüsü əslində; sırf subyektiv, insan
zəkasının məhsulu, rəqəmlərlə ifadə olunan  bütün digər ölçülər kimi.
dünyanın yeni modelini yaradan ustad, neçə dəfə fırlanar yer günəş
ətrafında kəşfindən sonra. neçə dəfə fırlanar və nə dəyişər.
yenə də rəqəmlər köməyə gələr.
doğularsan – rəqəmlər
yaşayarsan – rəqəmlər
ölərsən – rəqəmlər
rəqəmlər – arxasında neçə-neçə tale,
neçə-neçə tarix gizlənər.


25.01.2012.
Çeslav Miloşun tez-tez olduğu Novolorsk kafesinin geniş pəncərəsindən seyr
edirəm küçəni, baxıram adamlara.
adamlar;
gələr, gələr
gedər, gedər
gələr-gedər
gedər-gələr
gələr-getməz
gedər-gəlməz.
indi bu torpağın altında uyuyanların ruhu dolaşır başımız üstə yəqin. pəncərələr göstərməz dünyanın o biri üzünü amma. hərdən ofisiant qızın üzündəki təbəssüm ayırır məni xəyaldan, qaytarır  gerçəkliyə. yanımda bələdçi xanım və dostum Səlim. şəkil çəkdiririk kafedə, sonra da Miloşun mənzil-muzeyində, məzarının yanında. vidio-çəkilişlər aparır Səlim. görüntülər hərəkətsiz şəkillərdə. hərəkət edən şəkillərsə dəyişməz – yaşayar kameranın yaddaşında. donmuş məkan-zamanı daşıyırıq şəkillərdə gələcəyə. daşıyırıq ki, nə vaxtsa şəkillərlə səyahət edək keçmişə.


3. …
26.01.2012.
səhər yeməyindən sonra yığıb əşyalarımızı çıxırıq oteldən. taksi gözləyir
bizi. hava limanına yönəlirik yanımızda bələdçi. o bələdçi ki, yad adamlar
kimi görüşsək də bir neçə gün əvvəl doğma adamlar kimi ayrılırıq.
qəribsəyirəm bir az doğrusu. qəribliyi həmişə ayrılıqlar zamanı yaşayıram
təkcə, daha dəqiq desəm, – ayrıldığım an. unuda bilmirəm olduğum yerləri.
elə bilirəm ömrümün bir parçası yaşayır orda hələ də.
ayrılırıq. gedirik artıq, irəlidə və arxada adamlar. ayrılan adamlar, gedən
adamlar. gedən, gedən, gedən – ayrılan, ayrılan, ayrılan – an, an, an…
döyünür ürəyi Varşavanın – səsi gerçəkdən qulağımda, – dahi ürəyidi
həsrətlə döyünən.
22.01.2012 – 20.02.2012

Комментариев нет:

Отправить комментарий