19.03.2012

PƏLƏŞ ÜÇÜN

Bəxtiyar Hidayət


Evdə un yox
çörək də bahalaşdı
sənə nə verim , Pələş?
mən  həm müəllim
həm yazar
həm müxalifətçi
həm qəpiyə güllə atan
həm pirinə təpik də yox, kəllə atan,
həm mühacirət fikrinə düşən
(sən də həyətimdən mühacirət et
arzularım kimi, istəklərim kimi  həyatımdan mühacirət et)
həm, həm, həm...
və yaxud ham, ham,ham

Bura həm müstəqil ölkədi
həm  asılı ölkədi həm basılı ölkədi
həm iqtisadi inkişafda öncül ölkədi
həm də yaman kasıb ölkədi
həm milyonçular ölkəsidi
həm dilənçilər ölkəsidi
həm də yaman cəncəl ölkədi
həm, həm, həm
və yaxud ham, ham ham

şahımız həm ölkə şahıdı
həm bölgə şahıdı
həm olimpiya allahıdı
həm növbəti şahlığa namizəddi
həm elmlər namizədidi
həm ingiliscəni su kimi içir
həm qanımızı su kimi içir
həm, həm, həm
və yaxud ham, ham , ham

yadına sür-sümük düşübsə bunu da deyim
bizim müxalifətdə
iki qoçun başı bir qazanda qaynamaz
amma bir qazanda qaynar əlli xoruzun başı
neçə başları qoyduq xonçaya
bəllidir ki sürüşüb düşdü donuzun başı
çünki-
həm müxalifətdilər
həm iqridara işləyillər
həm də kim bilir hara işləyillər
həm Qarabağ istəyillər
həm müharibə istəmillər
həm birləşillər
həm ayrılıllar
həm, həm, həm
və yaxud ham, ham, ham

hər gün azadlığını
bir tikə çörəyə dəyişirsən zəncirlənərkən
get dəə, azadlıq verirəm sənə
onsuz da bizim azadlığımız
sahibsiz itin azadlığına bənzəyir
get,
həm zibillikləri eşələ-iqtidar köhnə palan içi tökürmüş kimi
həm azad şəkildə ula, hür- məddahlar hürürmüş kimi
həm də ki arada kürsəyə də qoşul- yeni məddahlar  it xılına qoşulurmuş kimi
həm, həm, həm
və yaxud ham, ham, ham

qırılsın həm baş barmağım
həm şəhadət barmağım
həm orta barmağım
qələm tutan yerdə ki
neçələrini matah elədim
amma yox, yox
indi həm baş barmağımın,
həm şəhadət barmağımın həm
orta barmağımın
birliyi sayəsində
çoxlarına  yaxşı bir işarə göstərirəm
həm içim rahat olur
həm çölüm rahat olur
həm barmaqlarım rahat olur
həm, həm, həm
və yaxud ham, ham, ham

Комментариев нет:

Отправить комментарий