19.03.2012

Porfirinin “Pifaqorun ömür yolu” kitabından parça


Araz Gündüzün tərcümələri

PORFİRİ. Doğruçu adı Malx, yoxsa da Melex olub, Porfiri kimi tanınan bu əskişağ Yunan filisofunun bizim çağın 232-304-cü illərində yaşadığını deyirlər. Porfiri filosof olmaqdan başqa, musiqi nəzəriyyəçisi, astroloq, riyaziyyatçı kimi də tanınır. Porfirinin “Beştürlü səslənmə” adlanan, orta yüzilliklər Avropasında fəlsəfəni öyrənməyə başlamaq üçün əlifba sayılan kitabı, onun fəlsəfə çalışmalarında başlıca yer tutur. Bundan başqa Porfirinin fəlsəfə praktikası, mistik praktika, astrologiya, kosmologiya, riyaziyyat üzrə kitabları da olmuşdur.
Porfirinini tanıdan, bir də onun “Xristianlara qarşı” adlanan 15 kitablıq yazıları olmuşdur. Bu kitabın günümüzə gəlib çatan azacıq kəsimlərindən göründüyü kimi, onun xristianlığa qarşı çox barışmaz, kəskin baxışları olmuşdur. 

Xristianların, dünyanın gələcəyi, insanların bədəncə diriləcəkləri ilə bağlı dediklərini yalana çıxarmağa çalışmış, ən çox da Tanrının insan biçiminə girməsi(İsa Məsih), onun da insansayağı ağrı-acılar çəkməsi ilə bağlı başlıca xristianlıq doqmalarına qarşı çıxmışdır. Xristianlıqda yer alan bu sayaq görüşlər, Porfirinin bağlı olduğu platonçu baxışlara görə kökündən yanlış sayılırdı, Platona görə, Tanrı bədən biçiminə sığmayan, insansayağı istəkləri olmayan varlıqdır. Xristianlıq güclənəndən sonra 448-ci ildə, Roma imperatorunun buyuruğu ilə, Porfirinin “Xristianlara qarşı” kitabı toplanaraq, bütünlüklə yox edilmişdir, kitabdan azacıq kəsimlər başqa yazarların kitablarında bugünümüzə gəlib çıxmışdır.
Burada, Porfirinin “Pifaqorun ömür yolu” kitabından parçalar verilmişdir.
 
                                 PİFAQORUN ÖMÜR YOLU
       
Qaynaqların demək olar hamısı Pifaqorun Mnesarxın oğlu olduğunu deyirlər, ancaq Mnesarxın özünün kökəncə haradan olmasına gəlincə burada deyilənlər biri-biriylə düz gəlmir. Biriləri onun Samosdan olduğunu deyir, bir başqaları onun kökəncə suriyalı olub, Tir şəhərində doğulduğunu, aclıq illərində Samosa pulsuz çörək gətirib payladığı üçün ona Samosun yurddaşlığının verildiyini deyirlər. Elələri də var, Pifaqorun ancaq sözdə Mnesarxın oğlu adlandığını, düzünə qalsa, Tanrı Apollonun oğlu olduğunu deyirlər.
Pifaqorun harada, necə oxuyub-öyrənməsindən yazanlar, onun riyaziyyatla bağlı elmləri misirlilərdən, xaldeylərdən, finikiyalılardan öyrəndiyini söyləyirlər(doğrudan da həndəsəni misirlilərin, ədədləri, onların sayılması ilə bağlı elmləri finikiyalıların yartadığı, göyün öyrənilməsinə isə ilk öncə xaldeylərin başladığı hamıya bəllidir), bundan başqa Pifaqorun maqlardan, tanrılarla bağlı gizlinləri, o sıradan yaşamla bağlı yasaları öyrəndiyini də deyirlər.
Uzun illər yad ellərdə oxuyub-öyrəndikdən sonra Samosa dönən Pifaqor, burada fəlsəfə okulu açmış, yan-yörəsinə öyrənçilər toplayıb, bütün gününü onları öyrətməklə keçirmişdir. Pifaqorun qırx yaşı olanda, Samosda dövlətin başında duran Polikratın tiranlığı olduqca dözülməz bir durum almış, özgürlüyü sevən kimsə olan Pifaqor, doğruçu filosofun belə bir dövlətdə yaşamağını düzgün saymadığı üçün, doğma Yurdundan İtaliyaya köçüb getməli olmuşdur. İtaliyanın Kroton şəhərində yurd salan Pifaqor, çox keçmədən burada öz bilgəliyi tanınaraq, ən sayılıb-seçilən bir kimsə olmuşdur. Onun başına yüzlərlə öyrənçiləri, o sıradan qadınlar da, toplanmışdır, deyilənə görə qonşu ölkələrdən də onun danışığına qulaq asmağa glərmişlər. Onun öz dinləyiciləri ilə nə danışdığını çox az adam bilir, Pifaqorun öyrənçiləri öyrəndiklərini kimə gəldi danışmağı sevməzdilər. Ancaq onun dediklərindən aşağıdakılar çox adama bəllidir: ruh ölməzdir, insanın ruhu ölümündən sonra heyvanlara da keçir, Yer üzündə, yeni sayıla biləcək nəsə baş vermir, haçansa baş verənlər, bəlli sürədən sonra yenidən baş verir, haçansa doğulanların hamısı da beləcə yenidən doğulurlar, bütün canlı varlıqlar biri-biriylə qandaşdırlar(qohumdurlar). Deyilənə görə, bu sayaq baxışları Yunanıstana ilk olaraq Pifaqor gətirmişdir.
Pifaqorun dilindən düşməyən, dönə-dönə deməyi sevdiyi belə öyüdləri olmuşdur: nə olur-olsun bicliyə, çoxbilmişliyə uymayın; alovla, dəmirlə, istənilən yaraqla, bədəndən–ağrınmağı(xəstəliyi), ruhdan–anlamazlığı, dövlətdən–başıpozuqluğu, ailədən–didişməni, yaşamda nə varsa hamısından–ölçü gözləməməyi kəsib atmağa çalışın. Sözünə güvənilən əski yazarların söylədiyinə görə, onun öyüdlərinə heyvanlar belə qulaq asıb, dediyini eləyərmişlər. Pifaqor arxadaşlarını ölçüyəgəlməz bir vurğunluqla sevərmiş, “arxadaşların nəyi varsa ortaq olmalıdır”, “arxadaş ikinci mən deməkdir”, söyləyərmiş.
Pifaqor öz dinləyicilərini iki türlü öyrədərmiş, biriləri ilə anlaşılan dildə, o biriləri ilə him-cimlə(simvollarla) danışarmış, öyrənçiləri də buna uyğun olaraq: “akusmatiklər”(dinləyiicilər), “matematiklər”(riyaziyyatçılar) adlanıb, iki yerə bölünərmişlər. Akusmatiklər sıravi dinləyicilərə, matematiklər isə danışılan konuları dərindən qavrayanlara deyilərmiş. Onun öyrətdiklərinin özəti belə idi: “Tanrılardan, tanrısal varlıqlardan ancaq sayqı ilə danışmalı; ata-ananı, sənə yaxşılığı keçən adamları, sayqı ilə anmalı; yasaları pozmamalı; Tanrı Ocaqlarına(məbədlərinə), onları sayqılamaq üçün  yolüstü dönməməli, evdən ancaq bunun üçün çıxıb, onlara getməli; göy tanrılarına tək, yeraltı tanrılara qoşa(cüt) sayda qurban verməli.” Biri-biri ilə tərs olan güclərdən o, birəmliyi(bir olanı), işığı, sağ yanı, dəngəliyi(tarazlığı), bərkliyi, dayanıqlığı üstün tutar, ekizliyi(ikiliyi), qaranlığı, sol yanı, dəngəsizliyi, boşluğu, dəyişkənliyi sevməzdi.
Pifaqorun deməsinə görə, insanların ələ gətirmək üçün çalışdıqları nəsnələr üç türlüdür: birincilər, gözəlliklə, ad-sanla bağlı olanlardır, ikincilər, yaşam üçün gərəkli olanlardır, üçüncülər, bədənin sevdiyi istəklərdir. Bədənin sevdiyi istəklər deyəndə o, bir çoxlarının qapıldığı düşkünlükləri yox, insanı tanrıqanlığa(möminliyə) çatdıran, insanın duyğularını arıtlayan, yararlı, düzgün istəkləri göz önündə tuturdu. Pifaqor, düşüncəyə dalmaq üçün iki çox önəmli anın olduğunu deyirdi: biri, yuxuya getməzdən öncə, o biri, yuxudan durandan sonra. Yuxuya getməzdən qabaq, insan bu konularda düşünməlidir: “Mən bu gün nə elədim? Nəyi eləyə bilmədim? Nəyi eləməyi çatdırmadım?” Yataqdan qalxmazdan öncə isə bu konuda düşünməli: “Mən bu gün hansı işləri görməliyəm?”
Onun öyrətməsinin özəti bax belə idi; burada ən başlıcası, insanı–onu Tanrıya yaxınlaşdıran doğruluqlara yönəltməkdir, deyilənə görə o bunu maqlardan öyrənmişdi, bu maqların deməsinə görə, Hürmüzd adlanan Tanrının bədəni işığa, ruhu doğruluğa uyğundur.
Pifaqorun him-cimləşdirdiyi(simvollaşdırdığı) deyimlərinin açılışının belə olduğunu söyləyirlər: “Tərəzinin üstündən adlama”, yəni, acgöz olma; “Odu bıçaqla qurdalama”, yəni, acıqlı adamı kəskin sözlə qıcıqlandırma; “Baş bəzəyini(çələngi) dağıtma”, yəni, yasaları pozma, yasalar dövlətin baş bəzəyidir; “Ürəyi yemə”, yəni, özünü qüssə ilə üzmə; “Buğda(çörək) çəkən ölçünün üstündə oturma”, yəni, gününü işsiz-gücsüz, ərincəkliklə keçirmə; “Yurdun sınırını adlayanda, dönüb geriyə baxma”, yəni, ölümqabağı, yaşamdan dördəlli yapışma; “Tapdanmış yolla getmə”, yəni, çoxluğun yox, iş bacaran azlığın dediyini eşit; “Damında qaranquşu yuva qurmağa qoyma”, yəni, dilini saxlaya bilməyən, yanşaq adamı qonaqlama, ona ürək qızdırma, gizlinlərini demə; “Yükü qaldırmağa kömək elə, düşürməyə yox”, yəni, iş görənə, yaxşılıq eləyənə kömək elə, işsiz-gücsüz adama yox; “Üzüyündə tanrının şəklini gəzdirmə”, yəni, Tanrıya sayqını, inancını adamların gözünə soxma.
O, lobya yeməyi, insan əti yeməklə bir tutaraq, yasaqlayırdı. Bunun nədənini o belə açıqlayırmış: İkin başlanğıc olan Birəmin(Bir olanın) aşınmasından gerçəkliyin doğulması başlayanda, bütün törənənlər hamısı biri-birinə qarışıb qatılaşmış, sonra da çürüməyə başlamışdı, bu çürüntü kütləsinin ayrı-ayrı yerlərindən isə yaşamın(həyatın) doğulması başlanmışdı–bitkilər, heyvanlar yaranmışdı, bax onda, çürüyən kütlənin eyni bir yerindən, insan da, lobya da yaranmışdı. Bunun doğruluğunu bilindirmək üçün isə deyərmiş: lobyanı çeynəyib, alınan saqqızı qızmar günün altına qoysanız, az keçmədən ondan insan qanının qoxusunu duyacaqsınız; yoxsa da, lobyanın tutqunlaşmağa başlamış çiçəyini götürüb, ağzı bağlı saxsı qabda yerə qazıb basdırsanız, doxsan gündən sonra bu qabı açıb, lobyanın çiçəyinin uşaq başına, ola bilsin qadının uşaqlığına çox bənzəyən bir biçim aldığını görəcəksiniz.   
Onun fəlsəfə öyrətməsinin amacı, anlağımızı–doğulduğu gündən daşımaqda olduğu qandallardan, zəncirlərdən qurtarmaq, onu özgürləşdirmək idi; özgür anlağı olmayan insan, sağlam düşüncəyə uyğun olan gerçəkləri qavraya bilmir, bütün duyğularını gücə salsa belə, bunu bacarmır; yalnız bədəndən asılı olmayan, bütünlüklə özgürləşən–yəni, özü-özlüyündə var olan anlaq, görünməz, səssiz, biçimsiz olan  gerçəkləri də, olduqları kimi görməyi, eşitməyi bacarır.
Pifaqor, anlağını özgürləşdirməklə arınmış insanların keçməli olduğu yolları da göstərirdi. Onun bu yöndə dediklərinin özəti belədir: “Yavaş-yavaş, addım-addım, tutduğun yönü dəyişmədən, ən kiçik nəsnələrdən başlayaraq, özünü: ölümsüz, ona görə də maddi olmayan gerçəkləri düşünməyə alışdırmaq gərəkdir, bu yavaşgəllik ona görədir, bu andakı qavrayışımızla anlağımızda baş verən: alışmadığımız, gözlənilməz, kəskin dəyişikliklər, bizi qorxudub çaşdırmasın. Ona görə də öncə, riyaziyyatla bağlı aparılan sürəkli çalışmaların köməyi ilə, ancaq maddi olanı görməyi bacaran ruhun gözünü açmaq gərəkdir, bu çalışmalar ruhumuzu–maddi olanları görmək bacarığından artıq olan, maddi olmayanları görmək gözüaçıqlığına çatdırır, riyaziyyatın araşdırdığı konular, haradasa maddi ilə maddi olmayanın biri-birinə çox yaxınlaşdığı, onların sınırlarının yovuşduğu yerlərdə baş verdiyindən, bu sayaq çalışmalar, insanın ruhuna onun üçün bütünlüklə yeni olan gerçəkləri, addım-addım qavraya bilmək bacarığı verir. Gerçəkliyin özlüyünü(mahiyyətini) qavraya bilmək bacarığı qazanan insanlar ağ günə çıxırlar, bunun üçün isə onlar riyaziyyatdan yararlanmalıdırlar”.
Onun ədədlərdən yararlanmasına gəlincə isə, o  bunun nədənini belə açıqlayırdı: “Yaradılışın nədəni olmuş İlkinliyi, anlağımızla sonacan qavraya bilmədiyimizdən, Onu anladan sözlər də sonacan açıq-aydın deyilə, anlaşıla bilmir, bu anlaşılmazlığı aradan qaldırmaq üçün də ədədlərdən yararlanmağa gərək duyulur. Bu işdə biz, qrammatika, həndəsə öyrətmənlərindən örnək götürürük. Tutalım, qrammatika müəllimi səsin nə demək olduğunu anlatmaq üçün, ilk öncə bir hərf yazıb, öyrənçilərinə bunun hansısa səsi bildirdiyini deyir, öyrənçilərini gərəyincə çalışdırandan sonra isə, onlara bu hərfin səs olmadığını, yalnızca səsin nə olduğunu anlada bilmək üçün işlənilən bir arac(vasitə) olduğunu anladır. Bunun kimi, həndəsə öyrətməni də hansısa cismi sözlə anlada bimədiyindən, onun çertyojunu çəkir, bu: “üçbucaqdır” deyir, sonra isə öyrənçilərinə bunu anladır: üçbucaq bu çertyojda gördüyünüz deyil, o, mənim sizlərə çertyojla anlatmaq istədiyim, bu çertyojdakına bənzər bir cisimdir”. Pifaqorçular da, ilkin anlayışlara, görünüşlərə  bax beləcə yanaşırlar: maddi olmayan varlıqların görkəmlərini sözlə anlatmaq olmadığından, onlar bunu ədədlərin yardımı ilə eləməyə çalışırlar. Birgəlik, birlik, tənlik  anlayışlarını, bir sözlə, düşüncə birliyini, duyğu birliyini, nəsnələrin bütünlüyünü doğuran, beləliklə də nəsnələri özü-özlüyündə(başqa nəsnələrdən asılı olmayaraq) var olmağa gətirən nədəni, pifaqorçular Birəmlik(bir olan) adlandırırlar; Ayrı-ayrı kəsimlərin birləşməsindən yaranan nə varsa, hamısında Birəmliynin etkisi vardır, Birəmlik ilkin başlanğıcların törədicisi olduğundan, onların kəsimlərini birləşdirib bütünləşdirən də odur. Ayrıcalığın, təngəlməzliyin daşıyıcıları olan nəsnələrə, bir sözlə, bölünən, dəyişən, bir ölçüdə qalmayan nə varsa, hamısına onlar, Ekizlik(İkilik) deyirlər; Kəsimlərə ayrılan nəsnələrin hamısında İkiliyin etkisi vardır. Demək olmaz, bu sayaq anlayışlar pifaqorçulardan başqa filosoflarda da olmamışdır, iş burasındadır, başqa filosoflar da bütünü-bütövü parçalayan, birləşdirən güclərin olduğundan danışırlar, onların öyrətmələrində də, birgəlik, tənlik, ayrıcalıq, təngəlməzlik kimi anlayışlar vardır, ancaq pifaqorçular bu anlayışları ədədlərin köməyi ilə göstərirlər, onların yerinə “Birəmlik”, “Ekizlik” işlədirlər. Onlar başqa ədələrə də anlamlar verir, onların köməyi ilə bir çox ayrı anlayışları da ülgüləşdirirlər(obrazlaşdırırlar). Təbiətdə olan bütün nəsnələrin başlanğıcı, ortası, sonu olur, buna görə də pifaqorçular təbiətdəki varlıqların bu durumunu Üçəmlik adlandırır, ortası oalan nəsnələri, bir də bitkin(mükəmməl) saydıqları nəsnələri Üçəmli adlandırırlar; onların deməsinə görə, bütün bitkin nəsnələr, başlanğıcdan bu ülgüyə uyğun olduqlarından, onları Üçəmli adlandırmaq düzgündür; ona görə də onlar bizə bitkinlik anlayışını anlatmaq üçün bu Üçəmlik  obrazından yararlanırlar. Bunun kimi, onlar sonra gələn ədədləri də beləcə obrazlaşdırır, simvollaşdırırlar. Bütün bu ədədlər onluq say sistemindən doğduğuna görə, pifaqorçular 10-u bitkin ədəd sayırlar. Doğrudan da, bütün gerçəkliklər ədədlərlə obrazlaşa bilirsə, bütün törənənlər, yaşayanlar, tükənənlər ədələrin köməyi ilə qavranıla bilirsə, bu ədələr isə onluq say sistemindən törəyirsə, onda 10-u necə bitkin ədəd saymayasan?
Ədədlərdən yararlandıqlarına görə də, pifaqorçuların ilkin fəlsəfə öyrətmələri get-gedə sönükləşməyə, unudulmağa başladı. Birincisi, bu öyrətmələr başsındırıcı tapmacalarla yazılmışdı, ikincisi, bu öyrətmələr Yunanıstanda çox az adamın anladığı dori ağzında(dialektində) yazılmışdı,  üçüncüsü, çoxlu qondarma pifaqorçular ortaya çıxmış, onların yalançı öyrətmələri böyük çaşqınlıqlar yaratmışdı. Sonuncusu, pifaqorçuların bir çoxunun deməsinə görə, Platon, Aristotel, Aristoksen, Ksenokrat, habelə başqa bir çox filosoflar, Pifaqorun fəlsəfəsənin başlıca yerlərini mənimsəmiş, onu azca dəyişərək, öz adlarına çıxmışlar.

Tərcümə etdi: Araz Gündüz
Qaynaq: Порфирий. Жизнь Пифагора. Жизнь Плотина.  Москва Мысль. 1979 г.

Комментариев нет:

Отправить комментарий