Bayram Muradlı
Azərbaycan müharibəyə hazırdırmı?
İyirmi ildən artıqdır ki, Azərbaycan torpaqlarının bir qismi erməni əsarətindədir. Bu müddətdə Azərbaycan mövcud beynəlxalq hüquq normalarına hörmətlə yanaşaraq işğal altında olan torpaqlarını sülh yolu ilə azad etmək istəsə də, dünyanın söz sahibləri sadəcə olaraq əhəmiyyət vermədi.
Elə bu məqsədlə yaradılmış ATƏT-in Minsk qrupu da dişsizliyi ilə ona görə yadda qaldı ki, bu qrupun həmsədrləri məsələni həll etmək üçün yox, bu məsələyə mənsub olduqları dövlətin maraqları çərçivəsindən yanaşdı. Bu dövlətlərin Azərbaycana qarşı tutduqları ikili münasibətləri isə şərh etməyə ehtiyac yoxdur. Təkcə ona əlavə etmək lazımdır ki, beynəlxalq hüquq normaları praktiki olaraq güc mərkəzlərinin xidmətində dayanıb. Beynəlxalq hüquq normalarını digər dövlətlər o zaman hiss edirlər ki, güc mərkəzləri onlara yanaşımda bu normativlərə söykənir.
Qarabağ probleminin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupunun onu həll etməkdənsə, bir qədər də dolaşığa salması artıq məsələnin bu yöndə çözümünə olan ümidləri sarsıdıb. Həm də o dərəcədə sarsıdıb ki, bu yolun nəticəsi olacağına heç bir inam qalmayıb.
Müharibə variantını zəruri edən şərtlər
Dağlıq Qarabağ probleminin həlli yolunda müharibə variantının qaçılmaz olduğunu diktə edən ən ümdə səbəb bu problemin həllinə əslində dünya dövlətlərinin laqeyd qalmasıdır. Bu laqeydliyin kökündə isə Azərbaycana qarşı münasibətdə xristian təəssübkeşliyindən doğan ikili münasibət dayanır. ATƏT-in Minsk qrupu da daxil Qərb dövlətlərinin sözdə nə deməklərindən asılı olmayaraq, əslində birtərəfli mövqe tutmaları məsələnin sülh yolu ilə həllinə olan ümidlərin üzərindən xətt çəkmiş olur.
Problemin sülh yolu ilə həlli üçün baş sındırmadan təcavüzkara işğal etdiyi torpaqları tərk etmək tapşırılamalı olduğu halda, bu qədər bəsit məsələni Qərb o qədər dolaşığa salıb ki, nəticədə problem konkret həllindən bir qədər də uzaqlaşıb. Kiminsə Ermənistanı BMT-yə məxsus qətnamələri yerinə yetirməyə çağırmaması da yuxarıda deyilənləri kifayət qədər qabarıq əks elətdirir.
ATƏT-in Minsk qrupunun təmsilçilərindən biri olan Fransanın qondarma erməni soyqırımı ilə bağlı anormal mövqeyi və hələ də təcavüzkar ordusunu Ermənistanda saxlamaqla ona hər cür dəstək verəcəyini bəyan edən Rusiyanın daha bir tərəf kimi davranışı onu deməyə əsas verir ki, ümumiyyətlə bu təşkilatla əməkdaşlıq etməyə heç bir lüzum qalmayıb. Fransa və Rusiyanın birbaşa Ermənistanla bir yerdə olduğuna dəlalət edən əməli fəaliyyətinə ABŞ-ın açıq-aşkar olmasa da, hər halda praktiki olaraq Ermənistanı dəstəkləməsini əlavə edəndə belə məlum olur ki, ATƏT-in Minsk qrupu problemi konservasiya etməkdən uzağa getməyəcək. Bu konservasiyanın sonda isə ermənilərə xidmət edəcəyi də əslində şübhə doğurmadığından bu gün Azərbaycanın ən gerçək mövqeyi Minsk qrupunun xidmətindən imtina etməklə ortaya qoyulmalıdır.
Qarabağ problemi region problemindən çıxıb
ABŞ-ın Yaxın və Orta Şərqdə məruz qaldığı durum, İranla münasibətlərinin drammatik həddə çatması, Rusiyanın imperiya maraqlarından doğan savaş rüzgarları, nəhayət Qarabağ probleminin həllini Qərb üçün əhəmiyyətli bir işə çevirib. Lakin məsələ burasındadır ki, Qərbin bu mərhələdə istəyi daha çox diplomatik müstəvidə Ermənistanı Rusiyanın caynağından qurtarmaq olduğundan, Ermənistanın havadarı kimi görünməyə çalışır. Bu isə Qərbin fəal görünə bilən mövqeyinin Azərbaycanın maraqları ilə heç bir əlaqəsi olmadığına dəlalət edir. Tarixdə həmişə olduğu kimi bu gün də yaranmış vəziyyətdən güc sahiblərinin faydalanmağa çalışması ədalətin bir tərəfə atılması fonunda acı təəssüf doğurur.
ABŞ-ın öz istəklərinə nail olmaq yolunda özünün hegemon mövqeyindən yararlanaraq Türkiyəyə təzyiqlər etməklə onun Ermənistanla sərhədlərinin açılmasına nail olmağa çalışması, Ermənistanı Rusiyanın caynağından qurtarmaq yolunda ən uğurlu gedişi ola bilərdi. Ancaq bu halda ki, öz istəyini sonadək yerinə yetirə bilsəydi.
Bu mərhələdə isə Rusiya özünün regiondakı üstünlüyündən yararlanaraq Dağlıq Qarabağ probleminin nümayişkaranə öz monopoliyasında olduğunu göstərməsi də problemin öz məcrasından çıxmasına dəlalət edir. Yəni bütün hadisələr onu göstərirdi ki, Qarabağ problemi ziyan çəkən tərəfin marağının qorunmasından xeyli kənara çıxıb. Belə ki, bir qayda olaraq son illərdə Rusiya tərəfinin nəticə olmasa da, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü öz nəzarəti altında keçirməsi onu deməyə əsas verirdi ki, əslində bu problemin həlli daha çox bir məqsədə xidmət edir: Cənubi Qafqaz regionunda Rusiya ilə ABŞ arasındakı "kim-kimi" məsələsinin həllinə yönəlib.
Bu mərhələdə isə uduş şansı Rusiyanın tərəfində görünür. Onsuz da Rusiya qarşısında heç bir iradə ortaya qoymayan Ermənistan üçün Rusiyanın diktəsi birmənalı şəkildə qəbul olunduğundan ABŞ bu məsələnin həllində bir sıra hallarda öz gücsüzlüyünü etiraf etməli olur. Ancaq bu hələ ABŞ-ın Rusiya qarşısında təslimi demək deyil. Sözsüz ki, ABŞ diplomatik müstəvidə özünün nəhəng potensialından yararlanmağa çalışacaq. Baş verənlərin fonunda Azərbaycan üçün ədalətli heç nə görünmür. Nə qədər acı olsa da, görünəni budur ki, hərraca qoyulmuş Azərbaycan torpaqları üstündə gedən mübarizədə yalnız güc sahiblərinin marağı nəzərdə tutulur. Bu nəticənin özü də müharibə variantını gündəmə daşıyır. Dünya dövlətlərinin müharibə variantını yaxına buraxmamaları isə ədalətə xidmət etməkdənsə, təcavüzkarın müdafiəsi kimi görünür.
Azərbaycan müharibəyə hazırdırmı?
Birmənalı olaraq anlaşılır ki, müharibə Dağlıq Qarabağ probleminin tək həllidir. Həm də bu müharibə Azərbaycanın doğal haqqıdır. Bununla belə qeyd şərtsiz qəbul olunmalıdır ki, müharibəni ordu həyata keçirməli olduğundan bu addımı atmaq istəyən dövlət ilk növbədə ordunu müharibə üçün hazır vəziyyətə gətirməlidir.
Ədalət naminə demək lazımdır ki, ordu quruculuğu yolunda xeyli iş görülmüşdür. Bununla belə qalibiyyətli müharibə aparmaq üçün orduda hələ görüləsi işlər çoxdur. Bu işlərin siyahısına əsgərin xidmət yerinin müəyyənləşməsindən tutmuş, orduda kök salmış korrupsiyanın doğurduğu neqativ halların bütünlüklə aradan qaldırılmasına qədər bütöv bir tədbirlər sistemi həyata keçirilməlidir. Yeri gəlmişkən demək lazımdır ki, əsgərin xidmət yerinin müəyyənləşməsini korrupsiyanın caynağından qurtarmaq üçün hansı metodlara əl atılsa da bu işi, fərdi maraqların cəngindən qurtarmaq hələlik mümkün olmayıb.
Həmçinin orduda kadr hazırlığı da diqqət mərkəzində olmalıdır. Xüsusən yuxarı eşalondakı konservativ kadrlardan imtina etmək lazımdır. Orduda təkcə döyüş hazırlığına deyil, həm də psixoloji hazırlığa diqqət yetirmək lazımdır.
Ordunun qayğı ilə əhatə olunması cəmiyyətin də orduya münasibətini dəyişdirəcəkdir. Çünki ordu cəmiyyətin ən həssas yeri hesab olunduğundan ordunu qayğı və ədalət əhatəsində görən hər kəs ona qürur mənbəyi kimi yanaşacaq. Bu isə öz növbəsində övladı əsgər gedən valideynlərin öz oğlunun xidmət yeri ilə bağlı narahatçılıqlarını ortadan qaldıracaq.
Qalibiyyətli müharibə üçün həyata keçiriləsi daha bir mühüm amil hakimiyyətin özünün müharibəyə hazır olmasının təmin edilməsidir. Bu ona görə mühüm hesab olnur ki, ordu quruculuğu və cəmiyyəti müharibəyə hazırlamalı olan hakimiyyətin özü bunu əməli fəaliyyəti ilə nümunə olaraq sərgiləməlidir. Əvəzində isə heç də ürəkaçan mənzərə müşahidə olunmur. Dünən Azərbaycanın müstəqilliyinə qarşı çıxanların və Rusiya imperiyası təəssübkeşlərinin bir qisminin hələ də hakimiyyətdə olması Azərbaycanın milli maraqlarının sonadək müdafiəsinə mane olur. Son günlərdə Rusiya rəsmilərinin daxili münaqişələrin yatırılmasında iştirak edən hərbiçilərə veteran statusunun verilməsi ilə bağlı qərarı bir daha Rusiyanın Azərbaycana düşmən mövqedən uzaqlaşmasını inkar etdiyi halda, Rusiyaya qucaq açan siyasilərin təmsil olunduğu hökümətin müharibəyə hazır olması şübhə doğurur. Axı Rusiya hökuməti bu qərarı ilə sübut etdi ki, Azərbaycana 20 yanvar faciəsini yaşadan hərbçilər mükafata layiqdir.
Ölkədə öz sərvətlərini artırmaqdan başqa qayğısı hiss olunmayan, komfort həyat yaşayan harın məmurların görüntüsü, efir məkanında tüğyan edən şou proqramları və izdivac proqramlarının nümayişi bu ölkənin müharibə ab-havasından uzaqda olduğunu xəbər verir. Ölkə daxilində müharibəyə hazırlıq yolunda ilkin mərhələ kimi ciddi islahatlara ehtiyac var. Harın həyat yaşayan və millətin taleyinə laqeyd olan yüksək rütbəli məmur-oliqarxlardan birmənalı şəkildə imtina etmək lazımdır. Bu bir tərəfdən ölkənin iqtisadi inkişafı və cəmiyyətin psixoloji hazırlığı üçün müharibə ərəfəsində böyük önəm kəsb etdiyi kimi, digər tərəfdən də hərbi büdcə üçün ayrılmış vəsaitin bütünlüklə təyinatı üzrə xərclənməsinə zəmanət verməklə ölkənin hərbi qüdrətini təmin edəcəkdir.
Bir qayda olaraq ölkədə böyük problemlərin həlli bütün sosial və siyasi qurumların yekdil mövqeyi ilə öz həllini tapa bilər. Bu prizmadan yanaşdıqda sərvət oğrusu olan oliqarxlardan cəmiyyətin xilas olması o dərəcədə mühüm amildir ki, bunun müqabilində başqa hallar- güclü ordu, güclü iqtisadiyyat və yekdil xalq iradəsi öz həllinə asanlıqla qovuşacaqdır.
Комментариев нет:
Отправить комментарий