07.03.2012

QUM KƏNDİR -1


Gi Debor mükafatı almış əsərlər

Pərviz YUSİF

Yer kürəsinin xəritəsində şəhərlər çoxalır. Əvvəllər adam çox olanda şəhər yaranardı. 

* * *

Avtobusda cibgir hərifə yan aldı. Pencəyin üst cibinə iki barmağını salmaq imkanı tapdı. Kəsik çubuğa bənzər yumşaq nəsə barmaqlarına ilişdi. Baxmayıb, öz cibinə ötürüb avtobusdan düşdü. Mürgülü şəhərin küçələrindən birində kənara çəkilib cibindəkini çıxardı. Bu barmaq idi. Cibgir cəld öz barmaqlarına baxdı. 

* * *

Xırda hekayətlərimi oxuyandan sonra dostum Elşən mənə dedi: «Sən daha maraqlısan.» O dəqiqə razılaşdım. Çünki bizi Yaradan sonsuz dərəcədə maraqlı yazır. 

* * *

Dostum Səlimin şeirində yarpaq, ağacdan qopub poçt qutusuna düşmüşdü. 

* * *

Rəqəmlər və hərflər; kvintilyon sayındakı hər hansı ədəd rəqəmlə yazılarsa heç bir sətri tutmaz. Əgər hərflə yazılarsa səhifədən çox tutar. 

* * *
Şəhvət itəndən sonra kişi və qadınların cinsləri eyniləşir. Adam olurlar. 

* * * 

Hər bir adam ən azı özü olmaqla birincidi. 

* * *

Dostum Vəli Əkbər, – ərəbcədən tərcümədə Böyük Dost – bir dəfə öz maşınında dəhşətli qəzayla üzləşmişdi. Allah-Təalanın böyüklüyünə həmd olsun ki, nə sürücü xəsarət almışdı, nə də avtomobil zədələnmişdi. Təxminən on metrlik körpüdən uçan maşın aşağıdakı şam ağacının üstünə düşmüşdü. Şam isə ehmalca qamətini əyib avtomobili yerə qoymuşdu. 

* * * 

Bir dəfə çay otağında iş yoldaşım Sevda, əvvəllər tez-tez başına gələn bir əhvalatı danışdı. Dinlədik. Maraqlı və son dərəcə orijinal hekayətdi. Sən demə, heç vaxt gözləmədiyin, ən əsası heç təsəvvürə belə gətirməyəcəyin əngəllər mövcudmuş. Mən problemin özünə yox, daha çox onun varlığına təəccübləndim və qələmə aldım: 
«O, bəstəboy, arıq və çox mehriban qız idi. Çalışırdı ki, işə gecikməsin. Ancaq həmişə bir əngəl çıxırdı. Qızın işlədiyi şirkət çoxmərtəbəli binada yerləşirdi. Qız qorxa-qorxa liftə yanaşırdı. Liftin yanında adam olanda ürəyi sakitləşirdi. Əsas məsələ o idi ki, qız liftə tək minməsin. Yox, bu liftin vahiməsi deyildi. Sadəcə liftin qapıları qırx beş kiloqramdan az yükə reaksiya vermirdi. Qızınsa çəkisi heç qırx dörd kiloqram yox idi. Ona görə də, lazımi mərtəbədə düyməni basanda qapılar açılmırdı. Dəfələrlə liftə tək minən qız isə, nə qədər bina boyu aşağı-yuxarı hərəkət eləsə də, bütün düymələri təkrar-təkrar bassa da, qapını aça bilməmişdi. Gərək lifti kimsə çöldən çağıraydı. Yalnız onda qız çıxa bilirdi». 

* * * 

Dul, övladları yalnız qız olan ana yazıçı, gələcəkdə oğlunun əsərlərini oxumayacağını yaxşı bildiyindən …hər şeyi yazırdı. Ana Yaxın Şərqdən idi. Qərbli ana yazıçıların isə yeddi oğlu olsa da belə heç nə vecinə olmazdı. 

* * * 

Şərqdə qızlar böyüyür, tədricən bütün tabular haqda analarından öyrənir və yaxın rəfiqəyə çevrilirlər. Atalar isə oğullara tabular haqda danışmır. Atalar tabu – du. 

* * * 

Tarixboyu peyğəmbərlərdən möcüzə göstərmələrini istəyən adamların böyük qismi yenə də daşa, şüşəyə, ağaca, heyvana tapınır. Lakin sadəcə öz içlərinə nəzər salmaqla, Yer üzündəki ən böyük möcüzəni görərlər. 

* * * 

Metro vaqonunda zərif toxunma əlcək geyinən olduqca gözəl və yaraşıqlı qız oturmuşdu. Əllərini dizinin üstünə qoyduğu çantasında çarpazlamışdı. Vaqondakı cavan oğlanların baxışları tez – tez qızın cazibəli sifətində ilişib qalırdı. Qızın üzündə bəzən ani, hiss olunmaz dərəcədə zəif qızartılar əmələ gəlir və itirdi. Əbədi qadın təzadı sadəlövh sədaqətlə öz diktəsini eləyirdi. Qız həm xoşhallanır, həm də narazı görünürdü. Daxili köks ötürmədən təsirlənən baxışların təzyiqi isə çoxalırdı. Ən şirin xəyal kimi allanan yanaqların sahibi nəhayət hər şeyə qəddar sonluq verdi. Dərisi qədər zərif əlcəkləri çıxardı. İri qaşlı nişan üzüyünün parıltısı deyəsən, baxanların gözünü qamaşdırdı. 

* * * 

Dostum Rövşənlə işdən evə qayıdırdıq. Yorğun, ac və bəlkədə bir az qəzəbli. Metroya düşdük. Eskalatorda Rövşən dedi:
– Vaxt elə bil uçur, – fikirli – fikirli susdu, sonra əlavə elədi – sən heç ölüm barədə fikirləşirsənmi? 
– Əlbəttə, – dedim. 
– Qorxursan? 
– Əlbəttə, – yenə dedim. Ən düzgün baxımdan, yəni dini əsaslara görə bəzi məqamları izah eləmək istədim. Ancaq susdum. Ovqatımız başqa kökdəydi. Aşağı endik. Uğuldayan sərnişin izdihamı qatar gözləyirdi. Bizim kimi yorğun, ac və bəlkə də bir az qəzəbli üzlərə qarışdıq. Qatar gəldi. İzdiham doluşdu. Həmişəki fani görünüşdü. Çoxlu adam var, lap çox. Hamı qan doğmaları kimi bir – birinə qısılıb, sıxılıb, basılıb. Hətta bir qıçı dibindən üzülən, qoltuqağaclarına söykənə-söykənə dillənən Qarabağ əlili də hərəkət eləyə bilmir. Zülmətə gömülürük. Növbəti stansiya. Müşayiətçi diktorun elanı. Yenə zülmət. Stansiya. Elan. Nə qədər getmişdik, bilmirəm, Rövşənin pıçıltısını eşitdim:
– Yavaş-yavaş ölümə yaxınlışırıq. 

* * * 

Üstündə bir əsrlik asfalt qatları olan torpaq nə düşünür görəsən?! Bəs onu zorla qısır eləyənlər həmin asfaltı sulayanda?!… 

* * * 

Asfaltı deşib çıxan şəffaf ləçəkli kövrək çiçək, sonsuz qadınların ana olmaq arzusuna bənzəyir. Yaxınlarda asfaltsalanlar burdan keçəcək. 

* * * 

Metroda vaqondan əvvəl çovuyan meh, adam selinə qarışıb dayanan qadın ətirlərini kişilərin üzünə çırpır. 

* * *

Metrodan çıxan şişdabanlı qadınlar tora düşür. Yəni, dabanları kanalizasiya lyukuna ilişir. 

* * * 

Filmin növbəti səhnəsi qar üzərində çəkilməliydi. Yay olduğu üçün çox fikirləşmədən Duz gölü natura kimi seçildi. Adi göl olsa da, özü çoxdan qurumuşdu. Yerində isə yalnız göz işlədikcə ağaran qalın duz qatı qalmışdı. Əsas odur ki, kameranın gözü üçün hər tərəf ağappaqdı. Deməli yerdə qar var. Çəkiliş günü təyin olundu. Və təxminən otuz nəfərdən ibarət qrup qar üzərində, daha doğrusu duz üzərində işə başladı. Torpaqlı, tozlu yolun o başında avtomobil göründü. Maşından yaxşı başı çıxan adamın bir baxışı kifayət eləyər ki, bunun əlil avtomobili olduğunu təyin eləsin. Çəkiliş qrupu üçün isə o, sadəcə kinorejissordu. Balaca maşın yaxınlaşdı. Rejissor köməkçiləri köməyə tələsdi. Qapıdan əvvəlcə qoltuqağaclarının ucu göründü, ardınca da rejissorun yeganə qıçı uzandı. Köməkçilər onun qalxmağına kömək elədi. Və həmişəki kimi köməkləşib çəkiliş meydançasına gəldilər. Rejissorun enli qatlama kreslosu artıq hazır idi. O, oturdu və çəkiliş nöqtəsini göstərdi. Operator assistentləri kinokameranı gətirməyə getdilər. Onlar gec qayıtdılar. Sifətlərində çaşqınlıq vardı. Təqsirli adamlar kimi rejissora dedilər ki, ştativin bir ayağı sınıb. «Torpaq yol çox kələ-kötür idi, dəzgahlar maşında çox atılıb düşüb, bəlkə ondandı». Kinorejissor özündən çıxdı, qəzəbləndi, deyindi, mırıldandı, söyləndi, bir neçə nəfərə acıqlandı, sonrada susub oturdu. Bütün çəkiliş meydançası da susurdu. Əsəbi oturan rejissor nəhayət öz qoltuqağaclarından birini uzadıb dedi ki, kameranı gətirin, ştativin sınan ayağının əvəzinə qoyun. 

* * * 

Metronun beş vaqonlu qatarı növbəti stansiyada dayandı. Maşinist səhvən qapıları platforma tərəfdən yox, divar tərəfdən açdı. Açıq qapıların biri, divardakı qapı reklamı vurulmuş böyük lövhəyə tuş gəldi. O, şəkildəki qapıdan keçib getdi. 

* * * 

Milyonlarla adam var, milyonlarla maşın. Hər gün milyonlarla adam bir-birinə toxunur – küçədə, parkda, avtobusda, metroda, növbədə, etiraz aksiyasında və s. Təsadüfi yüngül zərbələrdən sonra bəziləri nəzakətlə üzr istəyir, bəziləri çımxırır, bəziləri də etinasız keçib gedir. Maşınlar toxunanda isə kiçik və ümidsiz faciələr sıralanır. 

* * * 

Bir dəfə yuxuda vaxtilə çox-çox sevdiyim bir qızın, heç vaxt üzünü görməyidiyim və tanımadığım ərini gördüm. Hardansa eşitmişdim ki, bu yaxınlarda evləniblər. Yuxuda gördüm ki, çimərlikdə, ayaqları quma cummuş ağ plastik masa ətrafında əyləşmişik. Hər ikimiz masaya dirsəklənib bir-birimizə baxırıq. Onun ağappaq dişləri, qıpqırmızı dodaqları bir də saçındakı yağ parıldayır. Qüvvətlə saqqız çeynəyir. Qələbə sevinci hiss olunan gözləri razılıqla gülümsünür. Alt çənəsinin qüvvəti zəiflədi: 
– Mən göyərçin əti yeyirəm, – dedi. Hiss elədim ki, o, məni qəzəbləndirmək, özümdən çıxartmaq istəyir. Susdum, ona baxmaqda davam elədim. Mənə baxa – baxa öz üstünlüyünü hiss elədi və ikinci dəfə sancdı: 
– Mən hər gün göyərçin əti yeyirəm… 
Bu yuxunun üstündən illər ötdü. İndi mən dəqiq bilirəm ki, göyərçin ətindən dadlı ət yoxdu. 

* * * 

İşıq pulunu keçirmək üçün hansısa bankın filialına girdim. Dedilər ki, kompüterlər işləmir, işıq sönüb.

* * * 

Cazibəli gözlər 
Qəddar sözlər 

* * * 

Nə qədər tələssəm də həmişə cümə namazını çöldə qılıram. çünki məscidin içi hələ ertədən gəlib zikr eləyən, quran oxuyanlarla dolu olur. Bu dəfə də belə oldu. Ayaqqabılarımı soyunub yalnız cümə günləri çölə sərilən böyük xalının üzərinə çıxdım. Məscid namazını qılıb oturdum. Dodaqaltı zikr eləməyə başladım. Xütbəyə az qalmışdı. Məscidin həyəti yox idi və əslində çöl dediyim küçədəki adi asvalt yoldu. Xalı və həsirlər də bura döşənmişdi. Və əlhəmdulilləh, tədricən cümə namazına gələnlərin sayı artıqca xalılar döşənən yer də böyüyürdü. Xütbə başladı. Allah – Təalanın sonsuz hikmətini həmişəki kimi qorxu və heyranlıqla dinləmək üçün diqqət kəsildim. Bu günki mövzu qadın kişi münasibətləri haqqında idi. Dinlədikcə düşünürdüm ki, səslənən hər bir fikir son dərəcə məntiqlidi. Qadın və kişilərdə yersiz iddiaların coşduğu indiki dövr üçün hədsiz dərəcədə ibrətamizdi. Bəzi urban cəmiyyətlərdə yolunu azan və mürəkkəblik dövrünü keçib xaosa uğrayan qadın-kişi ünsiyyətlərinə qarşı sadə, dəqiq, həm də gözəl nümunələrdi. Hamı səssizcə xütbəyə qulaq asırdı. Birdən böyrümüzdə qadın tuflisinin kəskin taqqıltısı eşidildi. Bir çoxları kimi məndə çevrilib baxdım. Məscidlə bizim aramızdakı səkidən çox gözəl bir qadın keçirdi. Üzündə saymazyana ifadə vardı. Geyimi bədəninə kip idi. Saç düzümündən, baxışlarından, yüngül yerişindən güclü şəhvanilik axırdı. Qadının arxasınca başını aşağı dikən bir kişi gəlirdi. Deyəsən onun əriydi. Mənə elə gəldi o, bizdən utanır. Kişi əlində qadının çantasını tutmuşdu. 

* * * 

Ehtiyatlı ol.
Əhəmiyyət vermədiyimiz kiçik səhvlərin sonunda böyük günah dayanır. 

* * * 

Mağazadan çıxanda arvad ərinin qoluna girdi. Bir-iki addım getdilər. Arvad dayandı: 
– Qadın kişinin sağında getməməlidi, – deyərək kişinin soluna keçdi. 


* * * 

Biz qədim türklərdənik. Vətənimiz Azərbaycandı. Bizim torpaqdakı kəllə və bədənləri ayrı basdırılan sayagəlməz cəsədlərdə yadellilərin barmaq izi çoxdu. 

* * * 
İnsan cinsini üç tipə bölmək olar: kişi, qadın, birdə hamilə qadın. 

* * * 

Dostum Rafiq bir dəfə hamilə qadın görəndə demişdi: 
– O – o – o, artıq burda dörd mələk işləyir.

* * * 

Yerdən bərk yapışan Göyə heç nə aparmaz. 

* * * 

Köhnə evlər söküləndən sonra təzə evlərin yuxusuna girir. 

* * * 

Çarəsiz qocalıq xəstəliyinin ilk əlaməti cavanlıqdı. 

* * * 

Metroda bir uşaq gülərüzlə dillənirdi... 

* * * 

– Məni əsəbləşdirmə, yoxsa şeir deyərəm… 

* * * 
Ya Rəbbim, 
Sənə qəlbim daim həmd – şükürlə yaşayır 
Yaşadıqca yaşamaqdan qorxa-qorxa yaşayır 

* * * 

İşıq Şərqdən gələr, kölgəsə Qərbdən
Ağır qütblər soyuq qanla tarazlığı qoruyar 
…orda ağaclar yoxdu. 

* * * 

Qütblərdə kölgələr uzanmır. Buz daşlara heç vaxt arı qonmayıb. 

* * * 

Bir nəfər tanıyıram. O, rəngsazların ən uzunudu, ən çox danışanıdı, işləyəndəsə ən kirli geyinənidi. O, işə gələndə əvvəl-əvvəl nəlbəkiyə sərib çayı hortuldatar, uzun boğazında iri hulqumu qabardıb danışar, bir paprus yandırıb Yer üzündəki ən kirli və ən iyli rəngsaz paltarını geyinər. Və işə başlar. İşini də pis görməz. Hə birdə… cibindən bahalı ətir çıxarıb dünyanın ən kirli rəngsaz paltarına çiləyər. Bir sözlə, o, pis oğlan deyil. 

(Ardı var)

Комментариев нет:

Отправить комментарий