Mayis Güləliyev: “Türkiyə dağıdılmış ərəb ölkələrinin fonunda zahirən qüdrətli görünsə də, getdikcə regional qarşıdurmalara sürüklənəcək”
Son günlərin ən çox danışılan mövzusu yenə də Türkiyədir. Bir-birinin ardınca baş verən terror faktları ilə yanaşı ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri də dünya mətbuatında geniş əks-səda doğurdu. Ərdoğanın geriyə döndükdən sonra verdiyi kəskin açıqlamalar da xeyli maraq doğurub.
Müsahibim politoloq Mayis Güləliyevdir.
- Nyu-Yorkda ABŞ prezidenti Barak Obama ilə görüşən Türkiyənin baş naziri Ərdoğan açıqlamasında “Türkiyə də ABŞ kimi Suriyaya qarşı bəzi sanksiyalar tətbiq edəcəkdir” deyib. Hansı sanksiyalar gözləniləndir?
- Əlbəttə söhbət iqtisadi sanksiyalardan gedir. Türkiyə Suriya üçün önəmli ölkədir. Türkiyənin Suriyaya qarşı hər hansı sanksiya tətbiq etməsi regionda vəziyyəti xeyli gərginləşdirə bilər. Türkiyə-Suriya münasibətləri kəskinləşərsə bundan yalnız Türkiyənin və Suriyanın düşmənləri udacaqdır. Təəssüf ki, çox hallarda qlobal siyasətdə ölkələr haqq-ədalətdən daha çox, öz milli maraqlarını qorumağa cəhd göstərirlər. Belə ki, hətta müttəfiqlər hadisələrin gedişində bir-birilərinə qarşı siyasət yürüdə və müəyyən andan sonra hətta düşmənə çevrilə bilərlər. Yadınızdadırsa Türkiyə Liviyaya hərbi təcavüz olanda bunu kəskin tənqid etmişdi. Lakin Qəzzafinin getməli olduğunu dəqiqləşdirəndən sonra hadisələrin belə inkişafından yararlanmağa çalışdı. Suriyada vəziyyət getdikcə kəskinləşir. ABŞ regionda güclənməyə cəhd edir. Suriya ABŞ siyasətinə tabe olmayan az saylı ölkələrdəndir. Onun da “ələ keçirilməsi” və “sözəbaxan” hökumətin formalaşması ABŞ-ın Suriya üzrə siyasətinin mahiyyətidir. Görünür Türkiyə Suriyanı müdafiə etmək əvəzinə vəziyyətdən faydalanmağa daha çox üstünlük verdi. Şübhəsiz ki, Türkiyənin Suriyaya qarşı hər hansı sanksiya tətbiq etməyə hazır olması Suriyanın əvəzində ABŞ-dan hər hansı “güzəşt” əldə etməsinə yönəlib. İlk baxışda adama elə gəlir ki, ərəb ölkələrində, o cümlədən Suriyada baş verən hadisələr Türkiyənin xeyrinədir və bu, Türkiyənin regionda nüfuzunun artmasına gətirib çıxaracaq. Qətiyyən elə deyil! Əksinə Ərəb ölkələrinin bir-birinin ardınca zəifləməsi və daxili qarşıdurmaların kəskinləşməsi Türkiyənin təklənməsinə və onun gələcəkdə ABŞ tərəfindən daha ciddi təzyiqlərə məruz qalmasına səbəb olacaqdır. Xüsusilə, Türkiyə ilə ümumi sərhədi olan ölkələrdəki qeyri-stabil vəziyyət Türkiyənin daxilində təhlükəsizliyə ciddi təhdiddir. Heç şübhə yoxdur ki, ABŞ gələcəkdə ərəb ölkələri ilə Türkiyə arasında müəyyən qarşıdurmalar yaratmağa cəhd göstərəcək.
“ABŞ ərəb ölkələri ilə Türkiyə arasında qarşıdurma yaratmağa cəhd göstərəcək”
- Eyni zamanda ortaya maraqlı sual çıxır -Türkiyə Suriyaya olan münasibətini niyə görə, ABŞ görüşməsindən sonra formalaşdırır? Axı Türkiyə özü müstəqil ölkədir.
- Hansı ölkədə xarici hərbi qüvvə, xarici əsgər varsa, o müstəqil deyil! Türkiyədə NATO-nun geniş hərbi arsenalı və kontingenti var. Türkiyənin enerji təminatında ABŞ və Avropa ölkələri mühüm rol oynayırlar. Digər tərəfdən, Avropaya gedən enerji xətləri Türkiyədən keçir. Türkiyə həm daxili problemlərlə, həm də regional problemlərlə üz-üzədir. PKK terror təşkilatının Türkiyədə separatist fəaliyyəti , Türkiyə-Ermənistan qarşıdurması Türkiyənin başı üzərində duran “Domokl qılıncıdır”. Ola bilsin ki, Türkiyə Suriyaya qarşı sanksiyaları ABŞ görüşməsi olmasaydı da bəyan edə bilərdi. Bu elə önəm daşımır. Türkiyə üçün əsas məsələ ondan ibarət idi ki, ABŞ-la olan əlaqələrinin etibarlılığını sübut etsin. Bunun müqabilində isə siyasi və ya iqtisadi divident qazansın. Suriyanı müdafiə etməklə Türkiyə belə dividenti nəinki qazanmır, əksinə ABŞ-ın ona olan inamını itirir. Lakin belə siyasət günlərin birində Türkiyənin əleyhinə işləyəcək. Belə ki, ABŞ-ın həyata keçirdiyi “parçala hökm sür” siyasətində növbə Türkiyəyə çata bilər.
- Ümumiyyətlə, Obama-Ərdoğan görüşməsi regionun siyasətində hansı rolu oynayacaq?
- Çox qısa desək, Suriya təklənəcək! Türkiyə dağıdılmış ərəb ölkələrinin fonunda zahirən qüdrətli görsənsə də, getdikcə regional qarşıdurmalara sürüklənəcək. ABŞ-ın region üzrə siyasəti ondan ibarətdir ki, region qeyri-sabit olsun. Millətlər arasında qarşıdurmalar kəskinləşsin. Region ölkələri iqtisadi cəhətdən, həmçinin hərbi cəhətdən möhkəmlənməsin. Region ölkələrinin inteqrasiyası həm ABŞ-ın, həm də İsrailin marağında deyil.
“Türkiyə hakimiyyəti siyasi cəhətdən İsraildən asılıdır”
- Ərdoğan Obama ilə görüşləri barədə danışarkən İsraillə Türkiyə arasında yaranmış gərginliyə də toxunub. O, “Obama xüsusilə İsrail ilə əlaqədar mövzuda bizə bu anda “etməyin” deyəcək durumda deyil, çünki haqlı olduğumuzu bilir” deyib.
- İsrail-Türkiyə münasibətlərində görünən “soyuqluq” “şou” xarakterlidir. Baxmayaraq ki, Türkiyə ilə İsrail arasındakı münasibətlər həmişə dayanıqsız olub və olacaq. Çünki Türkiyə hakimiyyətinin İsrailə münasibəti ilə Türkiyə cəmiyyətinin İsrailə münasibəti ciddi fərqlənir. Türkiyə hakimiyyəti siyasi cəhətdən İsraildən asılıdır. Belə ki, ABŞ siyasətinə ciddi təsiri olan AİİƏK, yəni Amerika İsrail İctimai Əlaqələr Komitəsi həm də Türkiyədə ciddi təsirə malikdir. Odur ki, Türkiyə hakimiyyəti İsrail ilə həmişə yaxşı münasibətdə olmağa can atır. Türkiyədə kim hakimiyyətə gəlmək istəyirsə İsrail ilə yaxşı münasibətləri müəyyən dairələrdə “vəd edir”. Türkiyədə kim hakimiyyətdə “qalmaq” istəyirsə və ictimai şüuru öz xeyrinə dəyişmək istəyirsə İsrail ilə qarşıdurmada olduğunu “uydurur”. Odur ki, Türkiyə ilə İsrail arasındakı son durum da mahiyyətcə münasibətlərin kəskinləşməsi deyil. Türkiyə hakimiyyətinin ərəb ölkələrinə səyahəti öncəsi ictimai şüurla manipulyasiya etməsidir. Əgər Türkiyə doğrudan da İsrailə hər hansı təzyiq göstərmək istəyirsə bunun üçün çoxlu sayda variantlar var. Ən azı hərbi əməkdaşlığı dayandırmaq olar. Nəzərə almaq lazımdır ki, İsraillə Türkiyə arasındakı münasibətlərin ən əsas mahiyyəti hərbi əməkdaşlıqla bağlıdır. Digər tərəfdən, Türkiyədə ixrac boru kəmərlərinin son nöqtəsi olan Ceyhan əsasən İsrailin iqtisadiyyatı üçün işləyir. Türkiyədən İsrailə qaz və su boru kəmərləri gedir. Təl-Əviv – Ankara münasibətlərinin korlanması yalnız o zaman real ola bilər ki, neft və qaz boru kəmərlərinin bu iki ölkə arasındakı fəaliyyəti dayandırılsın, hərbi sahədə əməkdaşlıq dondurulsun. Bu zaman iqtisadi əməkdaşlıq ciddi zərər görə bilər və belə olan təqdirdə demək olar ki, İsrail Türkiyə arasında əməkdaşlığa son qoyuldu.
İsrail ABŞ-ın Yaxın Şərqdə “vuran dəyənəyi”, Türkiyə isə hiyləgərcəsinə “öpən dodaqlarıdır”. ABŞ-ın razılığı olmadan nə bu “dəyənək” işləmir, nə də bu “dodaq” öpmür
- İsrail-Türkiyə münasibətlərində ABŞ hökumətinin hansısa rolu varmı?
- Hər iki ölkə ABŞ-ın Yaxın Şərq siyasətinin daşıyıcılarıdır. Lakin bu ölkələrin konkret vəzifələri fərqlidir. İsrail ABŞ-ın Yaxın Şərqdə “vuran dəyənəyi”, Türkiyə isə hiyləgərcəsinə “öpən dodaqlarıdır” . ABŞ-ın razılığı olmadan nə bu “dəyənək” işləmir, nə də bu “dodaq” öpmür. Bu gün ərəb ölkələrində iqtisadiyyatın və idarəetmənin ABŞ siyasətinə uyğun qurulmasını İsrail həyata keçirə bilməz. Bu siyasəti ABŞ-ın diqtəsilə Türkiyə həyata keçirəcək. İsrail Yaxın Şərqdə insanların özünəməxsus yaratdıqlarını dağıdacaq, Türkiyə isə ABŞ-a uyğun formada tikəcək. ABŞ-ın regional siyasəti Türkiyəni İsraillə əməkdaşlığa məcbur edəcək. İndiki vəziyyət bir neçə il bundan əvvəlki “söz davasından” heç də fərqlənmir. Yadınızdadırsa, Ərdoğanın Davosda Şimon Pereslə olan söz davası sonda qarşılıqlı əməkdaşlığın pozulmasına gətirib çıxartmadı. Əksinə, Türkiyə ərəb ölkələrinə daha yaxın olaraq ABŞ siyasətini “yeridə bildi”. İsrail-Türkiyə münasibətlərinin “qəsdən soyudulması” yalnız və yalnız Türkiyənin ərəb dünyasında nüfuzunun artırılması və ABŞ siyasətinin Türkiyə vasitəsilə ərəb ölkələrində həyata keçirilməsi məqsədi daşıyır.
Arzu Abdulla
Комментариев нет:
Отправить комментарий