23.03.2012

Xalq və İstedad


Safruh
Mütləqə İnam Ocağının Ruhani Başçısı

Azərbaycan jurnalistləri Zadə kişini (Lütfi Zadəni) hərim-hərim hərləyirlər, soydaşımız deyə. O isə 40 il Amerikada yaşayıb, rus dilini unutmayıb. Bizim jurnalistlərsə nə illah eləyiblər ondan bir türk sözü qoparda bilməyiblər. Kişi nəzakət xatirinə deyir ki, “Mən Bakıda anadan olduğumdan özümü bakılı hesab edirəm və Azərbaycan xalqına olan münasibətim yaxşıdır.” (“Təzadlar” qəzeti, 14.01.2012, N 07 – 08, səh.4) Çox aydın, net şəkildə! “Münasibət” – tərəflər arasında olur... Məncə, biz bununla yetərlənməliyik. Bəlkə də o, bu sözü heç bizə (Azərbaycan xalqına) görə demir, öz məsləkdaşı, Bakıda doğulmuş Lev Landauya görə və ya da ikinci dünya savaşı gedişində Yaponiyada Rusiyanın xeyrinə casusluq etmiş, Bakı doğumlu böyük Sovet kəşfiyyatçısı Rixard Zorqeyə görə deyir.

Hər halda, biz Landaunun, Zorqenin, Zadənin doğulduqları şəhərdə yaşamağımızla öyünməliyik!
Bunun kimi də Seyid Məhəmmədhüseyin Şəhriyar. Kişi İran – Fars poeziyasının XX yüzildəki fəxri və ya da fəxrlərindən biridir. O, deyilənə görə, dörd-beş divan (şeirlər toplusu) yaradıb – üçü farsca, biri güman ki, ərəbcə, biri də elat türkcəsində. Bu da onun, bir qələm əhli kimi, demokratizmindən irəli gəlir (ulusal kimliyindən yox): bir halda ki, İranda bu qədər elat türkcəsi qonuşan var, bir divanı da onlar üçün qullanalım, “anlasınlar özləri”. Ondan 32 il öncə doğulmuş M.Ə.Möcüzsə, həmin ölkədə ondan qat-qat ağır durumda yaşamasına baxmayaraq, öz ulusal kimliyinə sədaqətlə yazıb-yaratmışdır:

Dünən şeirlə bir namə apardım şahi-İranə.
Dedi: “Torki nəmidanəm, məra to beccə pəndari”?!
(“Türkcə bilmirəm, sən məni uşaq sanırsan?!”)
Özü türk oğlu türk, amma deyir türki cəhalətdir,
Xudaya, müzməhil qıl təxtidən bu ali-Qacari!
Ümidin kəsmə, Möcüz, yaz anan təlim edən dildə,
Gəzər bir gün ərmağan tək dəftərim, bil, Çinü Tatari!

Bizimkilərsə Şəhriyarı başdan-ayağa türkləşdirmək istəyirlər. Bu necə ola bilər ki, o – seyiddir, seyid isə ərəb peyğəmbəri Məhəmmədin qız nəvəsi Hüseyinin törəməsi deməkdir. (Sözarası deyək ki, Hüseyin, Həsən və onların bacı-qardaşları öncə Abutalıbın nəvələridir, çünki onlar Abutalıbın oğlu Əlinin balalarıdır). Onda bizim Şəhriyarın kökü haraya gedib çıxır?! Özü yazır ki, “Mən Əli oğluyam”, onun araşdırıcısı da bunu vurğulayır: “Şəhriyar seyid idi, özünü Əli oğlu sayırdı” (Esmira Fuad. “Söz sərrafı Şəhriyar”, Bakı, “Avrasiya Press” nəşr., 2010, səh.73). Kökü – ərəb, sənəti fars... Türkə nəyi qalır – “Divani-türki” (?!) adlı sədəqəsi?! “Türki dedim, anlasınlar özləri”?! Bundan aydınmı deməliydi türk olmadığını?! Bu “öz” əvəzliyinin içində onun özü yoxdur axı! Bəlkə bu, bir diqqətsizlikdir, gözdən yayınmadır? Ola bilər. Diqqətli olub bu yanlışa yol verməzdi, ancaq onun nə seyidliyini, nə əsərlərinin başlıca dilini, nə də yaradıcılığının tematikasını diqqətsizliklə izah etmək olmaz.
Deyə bilərlər ki, bənzər hallar başqa xalqlarda da baş verir. Məsələn, A.S.Puşkin – ərəb kökənlidir, M.Y.Lermontov – şotland kökənli, alman filosofu F.Nitsşe – slavyan kökənli, yaxud Hindistanda yaşayıb-yaradan rəssam Rerixlər – rus kökənli... Ancaq rusun Puşkindən, Lermontovdan daha milli şairləri varmı?! Və onların rusluqdan başqa qiblələri varmı?! Nitsşe xalis almanlıq nəğməkarıydı. Rerixlər Hind okeanında özlərini xalis rus kimi hiss edir, yerlilərə sayğısızlıq göstərmədən Rusiyanı qiblə sayır və rus mədəniyyətinə xidmət edirlər...
Bizimkilər, üstəlik, götürüb Şəhriyarın (Ç.Abdullayevin, N.Rəsulzadənin, İbraqimbeqovların...) əsərlərini Azərbaycan türkcəsinə tərcümə edirlər. (Özü də dilmanclar yox, heç olmasa tərcüməçilər yox, – “mütərcimlər”!) Bizə görə isə çağdaş Azərbaycan ədibini Azərbaycan dilinə tərcümə etmək Azərbaycan xalqına xəyanətdir, ən azı sayğısızlıqdır.
Şəhriyar C.Ruminin 750 illiyinə, fars dilində, deyəsən, “Mövlanə Şəms Təbrizinin xanəqahında” adlı şipşirin  bir sicilləmə (123 beytlik şeir) yazır. Şeirdə bütün Təbriz əhli çıxır əsərini, dilini anlamadığı və onu (Təbriz əhlini) anlamayan Ruminin, necə deyərlər, “pişvazına”. Yer-Göy cənnətləşir, şərbətləşir, qanadlaşır, çiçəkləşir, oynaqlaşır yadlıqların bu görüşündən!.. Haradaymış şair gəlişindən sərməstləşən o toplum, o hava, o həvadis?! Və o şeirin yazılmasından 50 il sonra onun tərcüməsini dərc eləyən qəzet (“Bütöv Azərbaycan”; 15-21.02.2012, N5, səh.9) nəyə xidmət etdiyini düşünübmü görəsən? Vətən bütövlüyünə (xalqa), yoxsa istedada?! Özü də nə vaxtın necə istedadına?!
Şəhriyarlar, Nizamilər, Çingiz Abdullayevlər, Natiq Rəsulzadələr, İbraqimbeqovlar, Mirzə Kazımbəylər, Zadələr və b.k. Azərbaycana, onun xalqına, millətinə xidmət etmirlər. Bu, axı çox açıq bir həqiqətdir!
Bunun kimi də keçən ilin adamı elan edilmiş “Nataşa” (və ya “Nərgiz”?) portret əsərinin müəllifi, kompozitor Q.Qarayevın, Xəzər neftçilərinin portretlərini ustalıqla yaratmış rəssam Tair Salaxov; bunun kimi də Moskvada yaşayıb-yaratmış, sevib-sevilmiş, bizim Fəxri Xiyabanda özünə layiqli yer tutmuş müğənni M.Maqomayev (yaxşı deyiblər ki, “yaşamağa başqa ölkə, yatmağa – Azərbaycan”); bunun kimi də bütünlüklə yabançılardan oluşan idman komandaları, onların məşqçiləri, dilləri; onların oyunlarını ağzıaçıq, ağlıyumulu dinləyən, izləyən kütlə, gənclik...
Haraya aparır bu gediş xalqı?!
Mən C.Rumi haqqında bir batılı bilginin (macar alimi Radi Fişin) kitabını oxumuşam. Böyük sayğıyla, dərin elmi, fəlsəfi ciddiliklə yazılmış o kitabda Ruminin zəkası, Rumi ilə Şəms Təbrizinin görüşməsi, dostluğu çox yüksək dəyərləndirilir – dünya mədəniyətini etkiləyəcək bir olay kimi vəsf olunur. Mənsə deyirəm (görürəm) ki, o böyük şəxsiyyətlərin Azərbaycan, eləcə də türk xalqına birbaşa aidlikləri yoxdur; üstəlik, həm onların, həm də və hətta... Empedoklun, Platonun da zamanı artıq keçib, bir daha qayıtmayacaq!
İndi bütün dünyada istedad bəşərin başına ip salıb oynadır. O, vətən axtarmır bütöv, ya param-parça; o, özüyçün kef axtarır, ən yaxşı halda əlverişli zəmin axtarır. Doğmalıqlar, əslliklər gedir, istedadlar gəlir və qalır. Bu gedişlə Milli Məclisimiz də Senatlaşar, xalq, millət işi dövlət işinə (istedada) tabe tutular (Milli Məclisdə dövlət işi xalqa, millətə tabedir – ən azı, nəzəriyyəcə). İdmandakı kimi, MM-də də “legionerlər” əyləşər. (İdmanda “legioner” – “istedadlı oyunçu” anlamındadır.)
İstedada əsaslanan Batı gəlişməsinin yönü sosial-biologiyaya doğrudur. Sosial biologiya – mənim “şüurlu heyvanlıq” adlandırdığım halın inkişaf gələcəyidir. Və nəzəriyyəçilərin dediyinə görə, hər bir inkişaf özünün çöküş səbəbiylə gəlir. Sosial-biologiya gəlişməsinin zəif yeri – onun sosiallığıdır. Bu gün o, hələ onun üz ağlığı, bəraəti, izahı kimi görünür; sabah isə bəlli olacaq ki, sosiallıq biologiyanın vecinə deyil. Onun “sosiallığı” zorda özünü göstərir. Bunun bəzi qabarmaları artıq indidən görünməkdədir. Çağdaşımız olan ABŞ dövlət katiblərindən biri (H.Kissincer) profliqa.bloqspot.com saytında 21.01.2012 – ilsıralı müsahibəsində deyir ki, “...bizim gəncliyimiz... kompyuter oyunlarının köməyi ilə intellektual baxımından proqnozlaşdırılıb.”
“Proqnozlaşdırılan qlobal müharibədə əsas məqsəd nədir?” sualına isə o belə cavab verir: “Bizim ABŞ və Qərbin digər ölkələrindəki gənclərimi
z artıq hazırdırlar. Çünki onlar yaxşı əsgər və yem olmaq üçün əvvəlcədən proqramlaşdırılıblar. Onlara küçəyə çıxaraq, dəli çinlilərə və ruslara qarşı mübarizə aparmaları əmri verildikdə onların əksəriyyəti bu əmrə itaət edəcək. Biz küldən yeni cəmiyyət quracağıq və orada yalnız bir supergüc hegemon olacaq.”
mass effect,песочница,гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки)...Belə görünür ki, ağına-bozuna baxmadan istedadı alqışlayanlar Şəhriyarların xidmətçiləridir, Şəhriyar (deyək ki, şair-publisist zümrəsinin nümayəndəsi kimi) – Zadələrin xidmətçisidir, Zadə – Kissincer gücünün xidmətçisidir, Kisincer – sosial-biologiyanın xidmətçisidir.
Biz adlarını çəkdiyimiz kişilərin böyüklüklərini, istedadlarının gərəkliyini tam dolğunluğu ilə təsdiqləyirik. Ancaq biz xalqla istedadı qarışıq salmırıq; xalqı istedadın yox, istedadı xalqın xidmətçisi sifətində görmək istəyirik. Xalqsız istedad – daimi buzlaqları əridən amil kimidir.
Loqos və ya Dünya Ruhu, və ya Dünya Zəkası,  və ya Dünya İradəsi, və ya Daxili Ruh, və ya Ruhani İradə adda-budda işartıların, addımların, atılımların yığını deyil – sistemdir.
İnsanı – fərdi, şəxsiyyəti, sifəti qorumalıyıq. Onu istedadın ayağına vermək olmaz.
Ailəni qorumalıyıq. Ailə “insan” adlı bioloji-sosial-ruhani varlığın yaşam qurumu və biçimidir. Onu istedadın ayağına vermək olmaz.
Xalqı, etnosu, milləti qorumalıyıq. Onu istedadın ayağına vermək olmaz.
Xalq yadlıqlara müqavimət, dirsək, dirəniş göstərməyi bacarmalıdır. Bunu ona aydınlar öyrətməlidirlər.
İnsanlar təbiət ünsürlərini qorumağa çalışırlar: cansızları – dağı, daşı, çayları, gölləri; bitki və heyvan (canlı) növlərini. İnsanlar cəmiyyət ünsürlərini (fərdi, ailəni, milləti – xalqı) qorumalıdırlar – daha inadla, daha vicdanla, daha məsuliyyətlə.
Ölkədə (Azərbaycanda) Şəhriyardan daha böyük şair tanınırmı? Zadədən böyük bilgin bilinirmi? Kimin, hansı publisistin, publisist səviyyəli yazıçının yazısına baxırsan – Markes görünür, Lorka, Kafka görünür, Platonov görünür, Coys, Derrida, Dali, Eko görünür... saysız-hesabsız başqaları – yabançılar görünür. Məkkə, Mədinə, Məşhəd, Qum... görünür. Ölkə içindəki “müqəddəs” yerlərimizin hamısının (hamısının!) “müqəddəsliyi” yabançılardan gəlirmiş! Müqəddəsliyi özündən, özümüzdən olan bir köklü, görklü kimsə, guşə tanımırıq.
Bu total hərracda nə qalar, necə qalar?! Gənclik, kütlə ölkəyə bağlanmaq üçün nəyi sevsin, kimi sevsin, niyə sevsin?! Sevgi, ruh, ardınca da güc, qüvvət, qüdrət dışarılara daşınır. Ə.Vahidin sözü burada qızıl qiymətinə minir: Sən şəmini göstər – pərvanəsi məndən! Xalq (onun siması, kimliyi) Şəm olmalı, Şəm mərtəbəsinə qoyulmalı, bütün və hər cür istedaddan ona pərvanəlik umulmalı, ummaqla iş aşmasa, tələb edilməlidir.
Kimsə, Kimsənin ardınca kimlərsə qabağa durmalı, “Xalq mənəm, Xalq məndədir!” deməlidir Nəsimi sayaq. Nəsimi “Həqq” deyirdi, Həqqin isə kimliyi, müəyyənliyi yoxdur. Üfüqə doğru yürüyən cübbəlilər də, fraklılar da bu müəyyənsizlikdən beşəlli yapışdılar və yapışmaqdadırlar. İndiki Kimsə Xalqın adını deməli, sifətini, simasını göstərməli və qorumalıdır. Beləliklə də bizim Mütləqə İnam sivilizasiyası adlandırdığımız simalılar sivilizasiyasının carçısı, örnəyi olmalıdır.
Onun beşiyi niyə Azərbaycan olmasın?!
Atamız var olsun!
 

Комментариев нет:

Отправить комментарий