14.07.2012

Şamaxı Mart qırğınlarında Soyqırımı aparan erməni daşnaklarına qarşı yaradılan ilk partizan dəstəsi

Rövşən NOVRUZOĞLU


Çoxsaylı araşdırma materiallarına görə, Azərbaycana qarşı bütün dövrlərdə qanlı cinayətlər törədən, günahsız insanları qətlə yetirən, uşaqları və hamilə qadınları diri-diri yandıran… “Erməni Milli Bürosu” aktiv rol oynayıb. “Dənizdən-dənizə böyük Ermənistan” ideyası ilə ortaya atılan bu təşkilat Qafqazda və Türkiyədə erməniləri müdafiə məqsədilə “könüllü dəstələr” yaratdılar. Məlumata görə, “Büronun binası” Bakıda, 1912-ci ildə, indiki Amerika səfirliyinin ərazisində, təsadüfən tapılan bir uşaq qəbrinin üstündə yaradılıb. Ermənilər iddia edirdilər ki, bu uşaq guya erməni olub və azərbaycanlılar tərəfindən qətlə yetirilib. Ərazi isə o vaxt Bakı neftində 5 faiz payı olan erməni milyonçusu Gülbekyanın olub.
Bu qanlı təşkilat yaradılanda heç bir məramnaməsi olmayıb. Proqramsız və nizamnaməsiz qondarma bir uşaq qəbrinin üstündə qurulan bu erməni təşkilatının qanlı izləri 1918-ci il Şamaxı qırğınlarında daha qabarıq görünür. (Nə qədər qəribə də olsa, bu qanlı təşkilat Bakıda qurulmuşdu. Hələlik bu istiqamətdə ciddi bir tədqiqat işi görülməyib. – R.N.)
“Milli Büro”nun üzvlərinə nəzər salaq: Yepiskop Mesrop-Qafqazdakı erməni burjuaziyasının başçısı, çar Nikolayın Qafqazdakı canişini Vorontsov – Daşkovun arvadının məşuqu, təşkilatın rəhbəri, “Daşnaksütyun” partiyasının liderlərindən olan, 1918-1920-ci illərin ən qanlı cinayətkarlarından biri, Şamaxı qəzasına S.Lalayanın hücum taktikasını işləyib hazırlayan, bir müddət çarın xəfiyyə idarəsində çalışmış polkovnik A.Xatisov, E.Zavriyev-ixtisasca uşaq həkimi olan bu qatili “Doktor Zavriyev” çağırırdılar. O, həmçinin “Daşnaksütyun” partiyasında xaricdə yaşayan ermənilərlə əlaqə yaradan şöbənin başçısı idi. S.Arutyunov – “Silahlı azadlıq sevərlər” (əslində qatillər-R.N.) qrupunun, “DRO” – erməni silahlı birləşməsinin rəhbəri, ona “Hibanet”, dəstə üzvlərinə isə “hibanetçilər” deyirdilər. Andranik Qafqazda erməni silahlı birləşmələrinin komandanı. Böyük Britaniyanın “Mİ-6” kəşfiyyat mərkəzinə xidmət edib.
Məlumata görə, 1915-ci ilin əvvəllərində bütün Ermənilərin katalikosu V Gevorq “Milli Büro” adından çar Nikolaya ünvanladığı məktubda qeyd edirdi: “…ermənilər sizin ən inanılmış övladlarnızdır”. V Gevorq daha sonra qeyd edirdi: “…bizə şərait yaradın ki, biz Türkiyə və Azərbaycanda öz qardaş-bacılarımızı onların əsarətindən xilas edək. Bizə yardım və köməklik edin ki, “könüllü dəstələr” yaradaq.
Ermənistanda 1965-ci ildə rus və erməni dillərində çap olunan (Qosizdat Armenii, 1965q.) “Daşnaksütyun əvvəl və indi” kitabında tarixçi-diplomat Q.Abov(yan) isə yazır: “…məktubdan sonra, Doktor Zavriyev təcili Tiflisə gedir. Çarın canişini Vorontsov-Daşkovla görüşür. Ona çoxsaylı vədlər verərək, regionda “könüllü erməni dəstələri”nin yaradılmasını əks etdirən sənədlərə imza atdırır. Bundan sonra yepiskop Mesropla, S.Arutyunovla, A.Xatisovla görüşlər təşkil edən canişin Vorontsov-Daşkov xatırladır ki, onun imza atdığı sənədlər 150 il qüvvədə qalacaq, “ermənilərə həmçinin məsləhət görülürdü ki, həm Türkiyənin, həm də Azərbaycanın yuxarı dairələrində çalışıb mövqe tutsunlar və ən çox “kəşfiyyat işlərilə” məşğul olsunlar…”
Məlumata görə, 1915-ci ilin ortalarında “Büro”nun liderlərindən olan Doktor Zavriyev Rusiyanın xarici işlər naziri Neratovun xüsusi məktubu ilə İngiltərədə və Fransada olur. Doktor Zavriyev Rusiyanın İngiltərədəki səfiri Bengendorfla və Rusiyanın Fransadakı səfiri İzvolski ilə görüşür. Nazir Neratov xüsusi məktubunda həm Londondakı, həm də Parisdəki nümayəndəsinə yazırdı: “…Zavriyev çox nüfuzlu adamdır. Rusiyanın siyasi dairələrində məşhurdur. Ona imkan yaradın ki, ermənilərlə görüşlər keçirib, məlum siyasi məsələləri həll etsin. Ona qəyyumluq edin”.
Araşdırma materiallarına görə, “Büro”nun London və Paris görüşlərindən sonra Avropaya yeni qapıları açıldı. Məlumata görə, Şamaxı, Bakı, London və Paris üçün çox önəmli strateji ərazi hesab olunurdu. Həmin vaxt İngiltərə hərbi sənaye komplekslərində Qafqaz xalqlarının genetik xüsusiyyətləriaraşdırılırdı. İngilis alimləri genetik kodlar arasında uzun ömürlülüyün və dözümlülüyün sirlərilə yanaşı, xüsusən Naxçıvan və Şamaxı ərazisində uran, qızıl və neft yataqlarının axtarışında idilər. Digər tərəfdən, ingilislərin “Mİ-6”sının məlumatına görə, Şamaxıda bir neçə yerdə “…qızıl və digər qiymətli sərvət anbarları” mövcud idi.
…“Milli Erməni Bürosu” xüsusən Azərbaycanda ciddi qırğınlara hazırlaşırdı. Əlavə olaraq təlim üçün Parisdən, Londondan və ABŞ-dan xüsusi hərbi emissarlar yola salınmışdı. Çar ordusundan tərxis olunanların 450 nəfəri artıq “Milli Erməni Bürosu”na daxil olmuşdu. Ən maraqlısı bu idi ki, ermənilər əllərində silah və hərbi geyimdə “Büro”ya üzv yazılırdılar. Tərxis olunan ermənilərdən silah geri alınmırdı. Məsələn, kəşfiyyat polkovniki S.O.Qolikov iddia edirdi ki, belə bir ənənə ermənilər üçün Sovet Ordusunda da davam edirdi. Sovet Ordusundan tərxis olunmuş erməni əsgər və zabiti xəlvəti yolla istədiyi silahı özü ilə aparmaq iqtidarında idi. (?)
…”Milli Erməni Bürosu” 1916-cı ildə Şamaxıda, Qubada əsasən şərq və qərb istiqamətində özəklərini yaratmağa müvəffəq oldu. Fransızların və ingilislərin istəyini nəzərə alaraq, ermənilər ilk olaraq hər iki qəzada milliyyətcə yəhudi olan ailələrin siyahısını tərtib etdilər. Həmin ildə Şamaxıda 16, Qubada isə 9 tüfəng qeydə alınmışdı. Yelizavetpol qəzasının çar xəfiyyəsinin məlumatlarının birində yazılırdı: “…Məlumata görə, Şamaxı və Quba qəzalarına gələn tacirlər özlərilə birgə silah gətirirlər. Əsasən, Şamaxı qəzasında bu məsələ aktiv baş verir…” Əslində isə belə deyildi. Bu saxta məlumatları uyduranların özləri də elə Şamaxı qəzasında ardı-arası kəsilmədən evlərə soxulur, qeydsiz-şərtsiz axtarışlar aparırdılar. Şamaxı ilə Bakı arasında tədricən əlaqələr qırılırdı, gediş-gəliş azalırdı. Qəzada əsas vəzifələrə, icraedici orqanlara ermənilər irəli çəkilirdi. Şamaxı qəzası faktiki olaraq 1916-cı il dekabrın sonlarında ermənilər tərəfindən işğal olunmuşdu. Şamaxı ziyalılarının bir qismi artıq dərk etməyə başladılar ki, qəzada baş verənlərin sonunda yaxşı bir şey dayanmır. “Milli Erməni Burosu”nda cəmlənmiş erməni könüllü dəstələrinə qarşı, hansısa əks tədbir görülməli idi. Şamaxı qəzasında baş verən hadisələrlə, ərazidəki siyasi-içtimai mühitlə bağlı Bakıya ötürülən məktub və teleqramlar cavabsız qalırdı. 1916-cı ilin dekabrında “Milli Erməni Bürosu”nun şəxsi məktubuna əsasən, rus dilini yaxşı bilən, milliyyətcə erməni olan L.Ambartsumov Şamaxı qəzasının poçt-teleqraf işləri üzrə “cavabdeh şəxs” təyin edilir. Onsuz heç bir teleqraf açılmırdı. Məktub isə Tiflisdəki canişin tərəfindən imzalanmışdı.
Araşdırma materiallarına görə, 1917-ci ilin yanvarın 6-da L.Ambartsumov “Milli Erməni Bürosu”nun xarici əlaqələr şöbəsinin başçısı, bilavasitə Çar Nikolayın dəftərxanası ilə sıx əlaqəsi olan Doktor Zavriyevə xüsusi bir teleqram göndərir. L.Ambartsumov yazırdı ki, Şamaxıda bir qrup ziyalı ermənilərə qarşı təşkilat yaradıblar. Amma nə qədər maraqlı da olsa, bu təşkilatın adı yox idi. L.Ambartsumovun saxta teleqramından sonra, əsasən ermənilərdən ibarət olan kiçik bir dəstə Şamaxıya göndərildi. Doktor Zavriyev cavab teleqramında bildirirdi ki, L.Ambartsumov ona təşkilat haqqında geniş məlumat versin. Nəticədə Şamaxıda məxfi qaydada fəaliyyət göstərən “Büro”nun S.Lalayanın başçılıq etdiyi silahlı birləşməsi Cümə məscidinə hücuma keçdi. Cümə məscidi yandırıldı. Məsciddə olan on bir adamdan beş nəfəri öldürüldü, altı nəfəri isə ağır bədən yarası aldı. Şamaxı qəzasında baş verən bu hadisə yerli əhalinin qəzəblənməsinə səbəb oldu. Lakin adamlar silahsız və köməksiz idilər.
Araşdırma materiallarından aydın olur ki, İran ərazisindən Azərbaycan istiqamətində (eləcə də regionda İslam dinini parçalamaq üçün-R.N.) ingilislərin xeyir-duası ilə hazırlanmış vəhhabi dəstələri, daha doğrusu şiə müsəlmanlarına qənim kəsilmiş ərəb karmatları (vəhşi ərəblər) və yaxud “Karmat birlikləri” yola salınmışdı. Onların bir qrupu məhz Şamaxı ərazisində “Büro”ya, S.Lalayanın rəhbərlik etdiyi silahlı dəstələrə yardım göstərir, şiə müsəlmanların evlərini qarət edir, din xadimlərini öldürür, quran kitablarından tonqallar qururdular. İngilislərin Bəhreyndən qovub gətirdikləri bu ərəb karmatları-vahhabi dəstələri həmçinin Təbrizdə, Tehranda, Ərdəbildə də şiə-müsəlmanlarına qarşı ermənilərlə birgə qanlı cinayətlər törətmişdilər. Bilavasitə regionda İslamın parçalanmasına xidmət edən ərəb karmatları Azərbaycanda ermənilərin apardıqları etnik təmizləmə siyasətində ən başlıca faktorlardan biri olub.
Qeyd: Araşdırma materiallarına görə, bu gün işğal olunmuş Qarabağ ərazilərində Bəhreyndən gələn ərəb karmatları üçün kiçik qəsəbələr salınır, onlara torpaq sahəsi verilir. Onların bir qismi işğalçı rejimin ordusunda silahlı terror birləşmələrində xidmət edir.
Araşdırmalarımıza görə, bütün bunlar ermənilər üçün Londonda hazırlanmış “İngilis direktivləri”nin tərkib hissəsi olaraq qalır.
Doktor Zavriyev məktubların birində soruşurdu: “…Cənab Leon! (Ambartsumov) Mənə Şamaxıda müsəlmanların yaratdıqları “Şeyx Şamaxı məclisi” haqqında məlumat ver. Bu nə təşkilatdır? “Büro”dan yanına xüsusi nümayəndə gələcək…” Doktor Zavriyev narahat idi. Bu narahatlıq 1917-ci il fevral inqilabından sonra daha da artdı…
Erməni könüllü dəstələrini təlatüm və nigaranlıqda saxlayan Şeyx Şamaxı haqqında yetərincə materialımız yoxdur. Toplanmış materiallar Yelizavetpol (Gəncə) Xəfiyyə İdarəsinin arxiv müdiri O.Ağacanyan tərəfindən məhv edilib. Təkcə Yelizavetpol Xəfiyyə İdarəsinin istintaq qrupunun başçısı Q.D.Demçenkonun Moskvaya göndərdiyi sorğu məktubunda qeyd olunur ki, Şamaxı qəzasında millətlərarası münaqişə və yaxud qarşıdurma genişlənir. Münaqişədə maraqlı olan “Milli Erməni Bürosu”nun üzvlərinə yardım edib, köməklik edirik. Müsəlmanların yaratdıqları “Şeyx Şamaxı məclisi”ni isə yaxşı tanımırıq. Şeyx Şamaxıya gəlincə o, sadə, ortayaşlı bir din xadimidir. Hazırda onun məclisində 20 nəfər gənc var… Onlar da, bizim adamların nəzarətindədir.
Həmin vaxt isə məlumata görə, Şeyx Şamaxı haqqında kiçik rəvayətlər dolanmaqda idi. Bütün bunlar erməniləri qorxudur və səksəkə içində saxlayırdı.
Araşdırma materiallarına görə, Şamaxıdakı qırğınlar 1918-ci ilin aprel ayında başlamalı idi. Ermənilərin planına görə, Şamaxı və Quba qəzalarına gözlənilən hücum eyni gündə olmalı idi. Lakin Şamaxıda artıq getdikcə formalaşan “Şeyx Şamaxı məclisi” – partizan hərəkatı genişlənməkdə idi. Qazax yaşayış məntəqəsində “Salehin dəstəsi” deyilən doqquz nəfərlik bir qrup, Yelizavetpoldan “Alməmmədin dəstəsi” – on üç nəfərlik kiçik bir dəstə “Şeyx Şamaxı”ya tərəf gəlirdi.
S.Ambartsumyan Doktor Zavriyevi, o da öz növbəsində S.Şaumyanı tələsdirirdi. Şamaxı qəzasında ermənilərin qırılması, məhv olması təhlükəsi haqqında şayiələr genişlənirdi.
Şamaxı qəzasında baş verən hadisələr “Qanlı mart təqvimi”ndə xüsusi səhifə təşkil edir. 1918-ci ilin yazında qəzada hakimiyyət artıq müsavatçıların başçılıq etdikləri yerli milli şurarın əlində cəmləşmişdi. Bunu öz hakimiyyəti üçün ciddi təhlükə hesab edən Bakıdakı bolşevik-daşnak Soveti Şamaxını ələ keçirmək üçün ciddi cəhd göstərirdi. Artıq bu zamana qədər mövcud olmuş, ermənilər və malakanlardan ibarət hərbi qarnizon yerli milli şura tərəfindən tərk-silah edilmiş və onun əvəzində azərbaycanlılardan ibarət yeni qarnizonun təşkilinə başlanılmışdı. Nəzərə almaq lazımdır ki, bolşevik və daşnakların Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq planlarında Şamaxı xüsusi strateji yer tuturdu.
Martın birinci yarısında Şamaxıya məlumat gəldi ki, Bakıdan Şamaxıya toplar, pulemyotlar və böyük miqdarda hərbi sursatla iki mindən üç minədək erməni qoşun dəstəsi gəlir. Dəstəyə S.Şaumyandan bilavasitə təlimat almış S.Lalayan başçılıq edirdi.
Lakin həmin dəstə gətirdiyi sursatı və silahı Şamaxı qarnizonuna verməkdən imtina etmiş və bildirmişdi ki, “onların məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyat bərpa etməkdir”.
Martın 15-də sübh çağı S.Lalayanın dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutdu. Bu atışma nəticəsində dinc əhali arasında çoxlu sayda tələfat oldu. Yalnız axşama yaxın şəhərdə bir qədər sakitlik yarandı. Şamaxı gecə ikən cənubdan ermənilər, şimal-şərqdən isə malakanlar tərəfindən mühasirəyə alındı. Onlar şəhərin müsəlman hissəsini bombalamağa başladılar. Müsəlmanlar topların qarşısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkilməli oldular. Dəhşətli qarışıqlıq baş verdi.
Ermənilər və malakanlar axşama yaxın şəhərin ən varlı hissəsi “Piran-Şirvan”a daxil oldular. Evlər yandırılır, yanan evlərdən qaçan kişilər, qadınlar, uşaqlar və ümumiyyətlə, küçədə görünən hər kəs güllələnirdi. Dəstənin quldur üzvləri evlərə soxularaq, sakinləri öldürüb qarət edirdilər. Şəhərin küçələrində müsəlman meyitləri üst-üstə qalaqlanmışdı.
Bu vəhşiliklər Gəncədən silahlı müsəlman dəstəsi Şamaxı şəhəri və Şamaxı qəzası əhalisinin köməyinə gələnə qədər bir neçə gün davam etmişdi. Gəncəlilərin gəlişindən sonra ermənilər və malakanlar Şamaxıdan malakanlar yaşayan Qozlu kəndinə çəkildilər. Müsəlman qoşunları onları təqib edərkən məlum oldu ki, ermənilər və malakanlar sayca onlardan qat-qat üstündür və buna görə də onlar geri çəkilməli, şəhərin, demək olar ki, bütün müsəlman əhalisini də özlərilə aparıb Şamaxını tərk etməli olublar. Müsəlman qoşunları gedəndən bir neçə gün sonra ermənilər və malakanlar şəhəri ikinci dəfə zəbt etdilər.
1918-ci ilin martın 16-da dağlara və meşələrə çəkilən Şeyx Şamaxının partizan dəstəsi qəzanın mərkəzində qətllərdə adları çıkilən üç ermənini edam etdilər. Bu artıq ilk xəbərdarlıq idi.
Doktor Zavriyev S.Ambartsumova yazırdı: “…Mənə əlavə məlumat verin. Ərəb karmatlarına, Əbu Sana salamlarımızı çatdır. Müsəlmanların silahlı dəstəsi haqda məlumat ver. Onların nə qədər silahı var? Hardan alırlar? Stepana xüsusi qəhrəmanlıq salamlarımızı yetir…” Məlumata görə, bütün yazışma və teleqraf mətnlərinin surəti Yelizavetpol Məxfi İdarəsinə göndərilirdi. Çünki araşdırma materiallarından aydın olur ki, uzun müddət Yelizavetpol teleqraf mərkəzində çalışan Samuel Aleksandroviç Ambartsumov 1915-ci ilin avqustun 3-dən etibarən Çar Rusiyasının Məxfi İdarəsinə işləyirdi…
Şamaxıda əsl partizan hərəkatı başlamışdı. Araşdırma materiallarına görə, bu hərəkat Azərbaycanda erməni quldur dəstələrinə qarşı ilk və son partizan hərəkatı idi. Qəfil hücumlardan qorxuya düşən S.Lalayan bir-birinin ardınca Bakıya S.Şaumyana xəbərlər göndərirdi, əlavə kömək istəyirdi. Cavab isə verilmirdi. Ermənilər girdikləri hər evdə Şeyx Şamaxını axtarırdılar. S.Lalayan onun yerini nişan verənə ənam da ayırmışdı.
Şamaxıda döyüşlər səngimirdi. Törədilən qanlı və dəhşətli qırğınların səsi-sədası artıq Azərbaycanın hüdudlarından kənara çıxırdı. Şeyx Şamaxının partizan dəstəsi iki qrupa bölünmüşdü. Birinci dəstə yerlərdən xəbərlər gətirir, ikinci dəstə isə həmin xəbərlərə uyğun hərəkətə keçirdi. Partizan dəstəsinin qanlı döyüşləri nəticəsində əsir və girov götürülmüş, xarici bazarlarda satılmaq üçün seçilib, ayrılmış uşaqların azad edilməsi və onların Göyçay qəzasında yerləşdirilməsi… xəbəri də həmin vaxt geniş yayılmışdı.
Əsasən yerli əhalidən ibarət Şamaxının kiçik partizan dəstəsi əlləri qan içində olan, qorxudan gecələri oyaq qalan, silahı əldən qoymayan Stepan Lalayanın quldur dəstələri ilə üz-üzə dayanmışdı. Şəhərin Çaylı, Sündü, Çuxanlı istiqamətində formalaşan “Milli Erməni Birliyi”nin silahlı özəyi martın 17-də Şamaxı partizanları tərəfindən dağıdıldı. Elə həmin gün də Mədrəsədən əlavə silahlı dəstələr S.Lalayanın köməyinə gəldi. Ələ keçən dəstə üzvləri camaatın gözü qarşısında diri-diri yandırıldı. Arxiv materiallarından məlum olur ki, martın 18-də ermənilər ələ keçirdikləri dörd nəfəri: Məlikcobanlı Həsən Qulam Əli oğlunu, Qonaqkəndli Fəraməz Mir Haşım oğlunu, Sarıtorpaqlı Balamirzə Yusifcan oğlunu, Zərxili Nəhmətulla Məşədi Musa oğlunu – “partizan” adı ilə Meysəri yaşayış məntəqəsində yandırdılar. Məlumata görə, hər gün Doktor Zavriyevə Şamaxıdan məlumatlar gedirdi.
Araşdırma materiallarına görə, 1918-ci il, martın 30-dan 31-nə keçən gecə silahlı erməni-rus birləşmələri Şamaxının mərkəzinə yaxın yerdə, daha dəqiq desək, Kürdtənəsində Kərbəlayi Dadaşın evində yığışan partizan dəstəsinə qəflətən hücum etdi. Hadisələrin sonrakı gedişindən heç bir xəbər verilmir. Amma bəzi mənbələrdə edilən qeydlərə görə, dəstənin 12 üzvü dar ağacından asılır. Şeyx Şamaxı – qırx bir yaşlı Hacı Mehdi Qəhrəman oğlu “Yeni hökümətin düşməni” kimi həbs olunaraq, Yelizavetpol həbsxanasına göndərildi. Onun sonrakı taleyindən heç bir xəbər verilmir. Lakin ingilis generalı Tomson Doktor Zarviyevə açıqlamasında: “…”Şeyx Şamaxı” adlı silahlı qrupun başçısı Hacı Mehdi Qəhrəman oğlunun nəsli də kəsildi. İnanmıram bundan sonra Şamaxıda belə bir adam dünyaya gəlsin. Ermənilər rahat davam edə bilərlər…” yazmışdı.
Araşdırma materiallarına görə, Şamaxının 15 min nəfər əhalisindən cəmi 1700 nəfər adam salamat çıxdı. Az müddət ərzində ermənilərin bu qədər adam qırmaları hələ də tarix üçün müəmmalı bir məsələ olaraq qalır. Bu günə qədər Şamaxıda 10 min nəfərdən çox adamın qırılması məsələsi hələlik tam mənada araşdırılmayıb, tədqiq olunmayıb. Bizim çoxillik araşdırmalarımız isə bu günə qədər tarixə qaranlıq qalan məqamlardan xəbər verir.
Fikrimcə, bu məsələ, yəni Şamaxıdakı qırğınların strateji məxfi planları açılsa, tədqiq olunub, ciddi şəkildə araşdırılsa, biz görərik ki, Azərbaycan xalqının ən böyük fəlakəti – insanların kütləvi şəkildə qırılması, məhv olması Şamaxıda baş verib. Şamaxı olayları dünyanın ən dəhşətli faciələrindəndir. Şamaxıda ən mübariz, ən ləyaqətli, vətənpərvər… 27 nəsil başdan-başa qırılıb, məhv edilib. Üstündən yüz il keçsə də, həmin nəsillər haqqında tarix susur, heç kəs heç nə bilmir.
Araşdırma materiallarına görə, mart qırğınlarında Şamaxı qəzasında tamam məhv edilmiş 27 nəsil bizi düşündürməyə bilməz. Məsələn, rusiyalı demoqraf professor A.M.Petrovski “Müharibələr… millətlər və böyük yerdəyişmələr” əsərində qeyd edir ki, məqsədli aparılan silahlı münaqişələrin ağır nəticələrindən biri də böyük insan nəsillərinin bilərəkdən birdəfəlik məhv edilməsidir. Professor keçmiş İttifaq ərazisində baş verən kütləvi insan qırğınlarından danışarkən tarixə müraciət edir və Mart qırğınlarını qeyd edərək, Şamaxı qəzasında ermənilərin törətdikləri cinayətləri xatırladır. Göstərir ki, itirilmiş nəsillər gələcək Şamaxının həm mənəvi, həm fiziki, həm psixoloji və həm də genetik cəhətdən dəyişməsinə güclü təsir edəcək.
Tehran Milli Arxivində saxlanılan “Ənzəli qovluğunda” isə Məhəmməd Kərbəlayi Sultan adlı birisi isə qeyd edir ki, ermənilər Şamaxıda cavan, sağlam və ağıllı nəsilləri sıraya düzüb, güllələdilər… sonra meyitləri bir-birinin üstünə qoyub, yandırdılar.
Məlumatda bu da bildirilir ki, bu ağır və insanı dəhşətə gətirən səhnələri həm ingilislər, həm də fransızlar lentə alıblar.
Demək, əgər Fransanın və İngiltərənin arxivlərində bu istiqamətdə araşdırmalar aparılsa, kifayət qədər material əldə etmək mümkündür. Rusiyanın Baş Kəşfiyyat Arxivinə gəlincə, orada isə qırğınlar vaxtı Şamaxının poçt-teleqrafına başçılıq edən S.Ambartsumovun 1918-ci il martın 23-də saat 16-da “Milli Erməni Bürosu”nun rəhbəri Doktor Zavriyevə ünvanlanmış teleqramı var. Artıq erməni S.Ambartsumov Şamaxıda qırılan nəsillərin siyahısını və sayını göstərir. O, həm etiraf edir, həm də sevinclə bildirir ki, qırılan müsəlman nəsillərin sayı 27-dir. Arxivdə toplanmış sənədlərdə Yelizavetpol Məxfi İdarəsinin də bu faktları təsdiq edən əlavə sənədi var. İki səhifəlik məlumat – arayışını isə kəşfiyyat mayoru, bilavasitə “Milli Erməni Bürosu”nun Şamaxı özəyi ilə əlaqələr quran O.S.Aleksandrov-Nikolayev imzalayıb.
Məsələn, Şamaxının mərkəzində yaşayan Məşədi Kamran Məşədi Əliağa oğlu Hüseynovlar nəsli. Bu nəsildə böyüyən altı nəfər İraq, İran və Rusiyada təhsil almışdı. Ziyalı bir nəsil idi. Üst-üstə bu nəsil 32 nəfərdən ibarət idi. Onlar bir-birinə yaxın ərazilərdə yaşayırdılar.
1. Məşədi Kamran özü Türkiyədə təhsil almış, Ankarada həkimliyi bitirmişdi… Nəslin sonuncusu Cəmil Məşədi Əliağa oğlunun qız nəvəsi Gövhərin doqquz yaşı olacaqdı…
2. Kərbəlayi Qulu Bəşirovlar nəsli (51 nəfər) əslən Kürdtənəsi.
3. Möhsünovlar nəsli (76 nəfər) əslən Qonaqkənd.
4. Qədimovlar nəsli (35 nəfər) əslən Dədəgünəş.
5. Qəniyevlər nəsli (29 nəfər) əslən Məlikçoban.
6. Ağamalı Məşədi Hənfə oğlunun nəsli (42 nəfər) əslən Çuxuryurd.
7. Camal (Hüseynxan) Hacı Qasım oğlunun nəsli (?) əslən Qacarlı.
8. Uzun müddət çar Rusiyasının ordusunda xidmət etmiş Məhəmməd Məşədi Dadaş oğlunun nəsli (?) əslən Kələkanı.
Qeyd: Məhəmməd Məşədi Dadaş oğlunun nəvələrindən olan 25 yaşlı Rəfi Məşədi Murad oğlu “Şeyx Şamaxı”nın silahlı qrupunda döyüşüb. S.Lalayanın göstərişilə Şamaxının mərkəzində edam olunub.
Şübhə etmirəm ki, biz bu məsələlərə yenidən qayıdacağıq. Amma hələ də anlamaq olmur. O vaxt Şamaxı qəzasında olan 15 min əhalidən cəmisi 1700-ü salamat çıxdı. Məxfi qovluqlar Şamaxıda həmçinin kütləvi şəkildə zəhərlənmiş adamlardan, insanı bir göz qırpımında məhv edən un və sudan bəhs edir… Hiss olunur ki, Şamaxıda ermənilər həmçinin maraqlı ölkələrin hərbi-sənaye komplekslərində hazırlanmış bir sıra dərman preparatlarını da sınaqdan keçiriblər.
Araşdırma materiallarına görə, o vaxt elə bir vaxt idi ki, insanları kütləvi şəkildə hansısa silah növü ilə qırıb, məhv etmək, külünü göyə sovurmaq qeyri-mümkün idi. Azərbaycan XX əsri Şamaxı faciəsilə başladı, Xocalı faciəsilə başa vurdu. Bir faciənin başında Doktor Zavriyev (icraçı S.Lalayan) dayanırdı, o biri faciənin başında polkovnik Zarviqarov (icraçı S.Ohanyan) dayanırdı. Bu tarixi oxşarlığın özü də ermənilərin qanlı planlarının tərkib hissəsi olaraq qalır. (Bizim Zavriyev -Zarviqarov, Lalayan – Ohanyan arasındakı qohumluq əlaqələri istiqamətində də maraqlı araşdırma nəticələrimiz var-R.N.)
Məlumata görə, Azərbaycana və Türkiyəyə qarşı ermənilərin ilk “Direktivlər planı” Londonda, 1893-cü ilin əvvəllərində Böyük Britaniyanın baş Naziri olan Qladstounun mənzil qərargahında hazırlandı. Həmin vaxtdan etibarən iki istiqamətdə ermənilər hücum taktikasını işlədilər. Qafqazda və Türkiyədə olan fransız diplomatı F.D.Kambon yazırdı: “…Erməniləri kütləvi şəkildə iki mühüm, lakin sadə olan ideyalarla tərbiyə etmək lazım idi. Birincisi milli özünü dərk etmə. İkincisi erməni azadlığı… hiss edirdim ki, Avropa bu ideyalar altında xəritədə “Ermənistan” deyilən bir yer axtarır. Amma bilinmirdi ki, bu “Ermənistan hardan başlayıb, harda qurtaracaq…” İngilislərin “Direktivləri”nə görə, qurulacaq Ermənistan ikiyə bölünmüş, nəticədə gücsüz olan, qüvvədən düşən Azərbaycan torpaqlarından başlamalı idi. Uilyam Qladstounun məxvi “Direktivləri”nin icrasına Fransa, Avstriya, Amerika da qoşuldu. Onları isə, Londondan fərqli olaraq maraqlandıran Türkiyə-Rusiya münasibətlərinin pozulması, baş verə biləcək qarşıdurmada hər iki dövlətin gücdən düşməsi, parçalanması idi. Hər iki cəbhədə ermənilər lazımlı faktor kimi, hadisələrin nüvəsi kimi diqqət mərkəzinə çəkilirdi. Həmin vaxt Parisdə və Londonda “Erməni Manifesti” deyilən bir manifest yayıldı. Ondan cəmi iki gün sonra, 1917-ci ilin sentyabrın 25-də Azərbaycanın Dərələyəz və Zəngəzur ərazilərinə böyük bir qrupda ingilis emissarları gəldilər. İngilis kəşfiyyat polkovniki Yum Robertin başçılıq etdiyi bu qrup ərazidəki “Erməni Milli Birliyi”nin hmbapetlərilə (silahlı dəstələrilə) görüşür, onlarla birlikdə Dərələyəz və Zəngəzur ərazilərinin strateji və həssas nöqtələrini araşdırırdılar. Göyçə gölünün yaxınlığında ilk ingilis-erməni hərbi düşərgəsi salındı. Rusiya və Türkiyə hadisələrə etinasız yanaşırdı. Çünki hər ikisinin potensial imkanları azalmışdı. Azərbaycan müdafiəsiz və tənha qalmışdı.
Araşdırma materiallarına görə, 1918-ci ilin martın 1-də polkovnik Yum Robert kiçik bir dəstə ilə Dərələyəzdən Bakıya gəlir. Həm Londonu, həm də Vaşinqtonu Bakı nefti çox düşündürürdü. Londonda nəşr olunan “Daily Mail” (Deyli mayl) qəzeti 1918-ci ilin martın 10, 11, 12-də bir-birinin ardınca Bakı nefti haqqında materiallar çap edirdi. Nəticədə ilk dəfə olaraq İngilis mətbuatı, “Mİ-6”ya yaxın olan, “Lonro” neft şirkətinə məxsus “The Observer” qəzeti 1918-ci il, mart sayında Böyük Britaniyanın “Azərbaycan-Gürcüstan-Türkiyə” neft layihəsini ortaya qoydu.
Məlumata görə, Bakıya mart ayında ermənilər üçün ilk silah sursatı Göyçə gölünün yanında salınmış ingilis-erməni hərbi düşərgəsindən göndərilmişdi. Bakıda isə bu silahların bölünməsi və yerlərdə paylanması işinə Yum Robert özü baxırdı. Qafqazda müsəlmanları müdafiə məqsədilə yaradılmış Müvəqqəti Fövqəladə Komissarlığına isə Bakı Sovetinin sədri S.Şaumyan rəhbər təyin olundu. Eser Saakyan, daşnak Arakelyan, Nuricanyan, Melik-Bolçyan, eləcə də polkovnik Avetisov, briqada komandiri Amazasp, polkovnik Kazarov, Əmiryan, Yum Robert və s. Şaumyanın göstərişilə silah və digər hərbi sursatın bölüşdürülməsi işilə məşğul oldular.
Məlumata görə, 1918-ci ilin mart ayının 12-də ingilis Yum Robertin dəstəsində Bakıya gələn ixtisasca həkim olan Edmond Henri və Test Kansell S.Şaumyanın otağında Stepan Lalayanla görüşdülər. Mart ayının 13-də isə Doktor Zavriyev və əlavə digər xarici qonaq Bredinq və Sind davam edən görüşdə iştirak etdilər. Digər araşdırma materiallarından aydın olur ki, T.Kapsell və Bredinq Şamaxı qırğınlarında S.Lalayanın yanında olublar. Bu haqda Çar Rusiyasının süqutundan sonra bir müddət işini davam etdirən Yelizavetpol Məxfi İdarəsinin xüsusi məlumatları var və həmin məlumatlar da indiki Rusiyanın Baş Kəşfiyyat İdarəsinin arxivində qorunmaqdadır. Uzun müddət arxivdə çalışan, istefada olan polkovnik, kəşfiyyatçı A.A.Belov 1918-1920-ci illərlə bağlı Azərbaycanda erməni silahlı birləşmələri tərəfindən törədilmiş qırğınlarla bağlı xüsusi qovluqların olduğunu bildirir…
Araşdırma materiallarında göstərilir ki, 1918-ci ilin mart qırğınlarında Amerika tərəfi də öz maraqlarını gizlətmədi. Nəticədə “The Vashinqton Post” (Vaşinqton Post) qəzeti 1918-ci ilin martın 14-də Bakı nefltilə bağlı iqtisadçı Pollun açıqlamasını verir və gələcəkdə çəkilməsi ehtimal edilən “Azərbaycan-İran-Fars körfəzi” neft layihəsini təklif edir.
Araşdırma materiallarına görə, 1918-ci ilin Mart qırğınlarında Şamaxıda on bir yaşayış məntəqəsində əsir götürülən, öldürülən əhalinin yandırılması haqqında məlumatlara gəlincə, həmin məlumatlar da Rusiya arxivlərində qorunmaqdadır. Erməni tərəfi həmişə ehtiyat edir ki, Rusiya həmin materiallara günün birində aydınlıq gətirə bilər. Məlumata dörə ermənilər Şamaxının Kələxana, Baharlı, Dədəgünəş, Qaraməmmədli, Bəklə, Məlikçobanlı, Quşçu, Poladlı, Göylər, Xocaman, Ləngəbiz yaşayış məntəqələrində insanları diri-diri yandırıb, məhv etmişlər. Hərbi həkim, professor L.S.Popov 1976-cı il, “Pravda” qəzetinin 14 iyul tarixli nömrəsində törədilmiş genosid hadisələrilə bağlı verdiyi açıqlamada iddia edir ki, insan külü torpaq qatında 150 ildən artıq qala bilir…
Başqa bir araşdırma materialında isə Qarabağda, Zəngəzurda və Dərələyəzdə olmuş ingilis jurnalisti Skotland-Liddel Londona məlumat verirdi: “Londonda “Erməni Bürosu” var. Buna bənzər təşkilatlar Fransada da, ABŞ-da da var. Onların ən çox sevdiyi metod ən alçaq reklam üçün xristian sözündən istifadə etməkdir. Azərbaycanda həqiqəti bilirlər. Əgər ingilis içtimaiyyəti bilmirsə də, ingilis nazirlikləri bilməlidirlər.”


"Respublika" qəzeti

Комментариев нет:

Отправить комментарий