11.07.2012

Spidli

Kəbutər Haqverdi


-Yenə bura heç nə qoymayıbsan? Eşşək ki, eşşək, düzəlmədin də sən. Hayıf deyil rus qızları.
Əlini çarpayının başına atdığı maykasına uzatdı.
- Onunla yoooxxx, qaynatmağa persol tapmıram.
«İt oğlu it» O da ürəyini belə soyutdu.
İndicə bütün vicudunu tərk edən ehtirasın, şirinliyin yerinə ağrı və  nifrət yayılırdı. Üzü əyilir, iri, qara gözləri yaşla dolurdu. Həmişə belə olurdu. Hər dəfə bu hissin bir də təkrar olmayacağına ümid etsə də, heç nə dəyişmirdi. Gözucu masanın üstündəki bıçağa baxdı.
Yox,  qızını əllərdə qoya bilməz.  Həm də türmədə yatınca kişisi var. Nolsun ki, kənddə hamının ona yazığı gəlir. Ərinin günü-gündən əriyib muma döndüyünü görüncə, dədəsi də pərvanə kimi başına fırlanır. O,  gün təhlillərə baxan həkim də bir xeyli başını buladı. Bayaq özü də hiss elədi, daha əri əvvəlki deyil. Görəsən nə qədər çəkər? Heç olmasa camaat bilməsin. Yoxsa, vallah, qəbristanlığa da qoymazlar, onu da yüz faiz kənddən çıxararlar. Keçən il qonşunun oğlu siflisdən öləndə kəndin mollası dedi belə adamı  qəbristanlıqda basdırmaq olmaz. Meyid iki gün yerdə qaldı. Nə söz-söhbətlər gəzdi, ilahi! Tükləri ürpəşdi, qollarını örtüyün altında gizlətdi. Əri əlini başının altına qoyub gözlərini gecə lampasının rəngbərəng işıqları oynaşan tavana zilləmişdi. Toy günü rəfiqələri bağışlamışdı bu gecə lampasını. Qara gələydi o günü. Hardan ağlına gələrdi, yolda-yolaxda qarşılaşanda  oğrun-oğrun ona baxan bu oğlanın axırı belə olacaq. Qırmızı yanaqları, nazik, qara qaşları, hündür boyu, enli kürəkləri… Ay allah, ona elçi göndərəndə anasının sevindiyindən ayaqları yerə dəymirdi.  Kəndin ən pullu oğlanı, ev-eşiyinə top vursan dağılmaz, hər il Rusiyadan bir ətək pulla qayıdır.
Əri əlini uzadıb onu özünə tərəf çəkdi:
- Ölləm sənnən ötrü.
İtələmək istəsə də kişisinin qoxusu burnuna dəyincə əzaları boşaldı. İçindən qalxan isti dalğa bədənini bürüdü:
- Səni sevirəm…
Bu sözü ilk dəfə ərindən  toy gecəsində eşitmişdi. Sonra  zor-xoş özü  də etiraf etməli olmuşdu.
Şirin yuxu kimi keçən illərin ömrü qızı doğulan günü bitdi.  Həkimlərin gözlərindəki çaşqınlıqdan anladığı bu oldu ki, nəsə qripə oxşayan xəstəliyə tutulub. Hamıdan qorunmalıdı, adamlarla az təmasda olmalıdı, özünü soyuqdan gözləməlidi. Əri Rusiyada işini-gücünü buraxıb gəldiyinə yaman qızmışdı. Arvadının qanında xəstəlik tapıldığını biləndə şirə döndü. Az qala palatada ayaqlarının altına salıb tapdayacaqdı onu.  Gəlinin döşünə saldığı  uşaq da gözünə görünmürdü. Polis çağırıb sakitləşdirdilər.  Həkimlər qorxusundan onu evə buraxmırdılar. Təhlillər gələndə isə həkim başa saldı ki, əri artıq xəstəliyin ikinci mərhələsindədi. Bu dəfə o qızdı,  yığışıb dədəsinin xarabasına qayıdacaqdı.
On səkkiz il yaşa, kənddə adına bir çöp sınmasın, dədənin,  qardaşlarının namusunu qoru, bu da axırı? Hər dəfə pal-paltarına əl atanda əri az qalırdı ayaqlarına düşsün. Kimə lazım idi  bundan sonra. Cavandı, hələ kişiyə  ehtiyacı var. Ayağını əyri atdı həbs edəcəklər. Xəstəxanadan çıxanda imzaladığı kağızlar boşuna deyil ha. Hələ kənddə bilsələr nə olacaq, heç fikirləşir? Getsəydi guya əri onu rahat buraxacıqdı? Bu papaq ona haram olsun, deyəcəkdi ki, əxlaqsızın biri imiş, onu da yoluxdurub ömürlük bədbəxt etdi. Ona yox, ərinə  inanacaqdılar.  Oyan-buyan eləsə basdıracaq Ramanaya.  Hər şey pulun başında deyil?
Başını çəkdi ki, nəfəsi üzünə toxunmasın. İt oğlu, gəbər, indi də danış də puldan. Beş ilin içində  nə var satdı, sovdu, hər şeyi.   Bircə bu çarpayını satmağa ürək eləmədi. Kimsə yoluxardı,  kənddə- kəsəkdə biabr olardılar. Fısdan düşəndən sonra ora-bura qaçmağı da  tərgidib. Öl, canın çıxsın, oğraş. İndi qal arvadların arxasına baxıb ağzının suyunu uda uda.
Hər dəfə yoxlamadan keçməyə gedəndə təhlillərin nəticələrini uzun-uzadı izah edən   həkim kimisə yoluxdurmağın məsuliyyətindən də  danışırdı.  Virus… Bax ha, indi demək  o virus imiş? İçində hərdən nələrinsə tərpəşdiyini, qaynaşdığını hiss edirdi. Qışqırıb yerindən qalxmaq, küçə boyu ulaya-ulaya qaranlığın qoynuna cummaq istəyirdi. Bədəninin tarım çəkilib gərildiyini əri də hiss elədi. Onu təkrar sinəsinə sıxdı, nəsə pıçıldadı.O da qolunu ərinin boynuna doladı. Kişinin üstünə cökən ağırlıöı və  istisi yay kimi çəkilib, gərilmiş əzalarını yumuşaltdı…
Qapı cırıltı ilə açıldı. Qızcığaz özünü çarpayıya atıb onların arasına dürtüldü:
- Mən ooda qooxuyam…
İkisi də gözünü yumub susurdu. Valideynlərinin dinmədiyini görəndə özünə bir az da yer eləyib:
- Ooda quubağa möö eləyiy- dedi.
Sonra onların güldüyünü görüb özü də uydurmasına uğunub getdi.

Комментариев нет:

Отправить комментарий