03.12.2012

BALTA

Xosrov Barışan

Gecə çağıydı; Ay ışığının altında ormanın ən qoca ağacı “Girdəkən dədə” hər gecəki kimi ormanın fidənlərinə onlara bir yaşayış dərsi olsun deyə nağıl söyləyirdi:
-Bir gün var idi, bir gün yox idi. Tanrıdan sonra heç kim yox idi. Böyük bir ormandə bir məncil, qıtmır qara ağac yaşayırdı. O ağac o qədər özünü bəyənən və kilisiydi ki heç zaman yemiş verməzdi. Yəni barsız bir ağacıydı. Köksüz bir göbələkdən başqa heç kimsəylə dost deyildi. Göbələksə qara ağaca tay hamının dalısında dedi-qodu edərdi. Ormanın bütün bitkilərinin kökünü eşmək istəyirdi. Çünki bətər paxıl, yaman gicikliydi.
Qara ağacsa hər yay ağacların barlanmasını və ormanın get-gedə böyüməsini görüb gözü-götürməzlikdən sürəkli öz içini yeyərdi. Dibindəki göbələklə dedi-qodu etməkdən deyingən, sevməz və sevilməz bir ağaca dönüşmüşdü. Onun belənçi pis xuyu və habelə xayin bir bitkiylə dostluq etməsi, sonunda biləsinin xəstələnməsinə səbəb oldu. Qara ağac get-gedə öz içində qurd qoyurdu. Sonunda kökü quruyub göbələk kimi köksüz oldu. Boyu hündür olduğuna görə dəngəsini qoruya bilməyib ayaq üstə duranmayırdı. Sonundaysa gücsüzlükdən bayılıb aşdı. Bu arada sırdaşı olan xayin göbələksə ağac aşarkən ona baxıb dedi:
- Hə, bəllidir da özünə və öz doğmalarına dalı çövürən səfeyin sonu belə olar. Sonraysa qaqqıldamağa başladı. Gülərkən də ara-bir bu sözü tekrarlayırdı:
- Ay Allah bu pəxmələrdən bol eylə, güldük ürəyimiz açıldı.
Amma qara ağacın özünə düşmən saydığı soydaşları, yəni ağaclar onun dövrülməsini görüb bətər üzüldülər. Bir-birlərinə “- A yazıq oldu Qara ağaca, kəşkə gələcəyini düşünəydi. Davranışlarında düşüncəli olsaydı, öz dost-düşmənin doğru tanısaydı; beylə bir sonuc onu gözləməzdi. Biz onu tutduğu yolu yalnışdır deyə neçə yol uyarmışdıq ancaq bizim sözümüzə qulaq asmayıb, o hüllük köksüz göbələyin yalanlarına aldandı. Nə olsa da aramızdan köçüb gedən bir ağacdır. Bizim soydandır. Ormanımızın başı sağ olsun. Tanrı günahların bağışlayaraq ona rəhmət eyləsin.” Deyərək ona yas tutdular.
Bir neçə gün sonra ağacın düşdüyü yerdən adam oğlu adlanan yaşlı bir iki ayaqlı heyvan geçirdi. Geçərkən adamın gözü dövrülmüş ağaca düşdü. Bir o yanına baxdı, bir bu yanına. Bir neçə yol əliylə taqqa-taq ağacdan çalandan Sonra “-Yox yaxşıdır, işimə yarar. Bu ağacdan bətər balta sapı çıxar.” deyib çıxıb getdi.
Bu arada ağacların içinə yaman vəl-vələ düşmuşdu:
“-Görəsən adam oğlunun dediyi balta sapı nə deməkmiş!?” deyə ağaclar bir-birlərindən soruşurdular. Göbələksə bu qarqaşada sinsi-sinsi öz içində hırıldayırdı. Birdən ağacların birinin gözü ona düşdu sevincəkliyin görüb soruşdu:
-“Ay yaramaz göbələk olmaya sən balta sapının nə olduğunu bilirsən? De görək nədir? Bu da sənin oyunbazlıqlarından biri olmaya!?”
Göbələk ağaca altdan-altdan baxıb “-İndi açıb desəm; dad verməz. Ancaq bir ip-ucu verim ha, sonunda mən arzıma çatacağam.” Deyə cavab verdi. Sonra da hırnamağa başladı. Göbələyin bu sözləri ormana bir hövüşnə saldı.
Sonra adam oğlu bir araba gətirib qara ağacı özüylə apardı. Yaşlı adam qara ağacı kəsib doğrayıb çoxunu odun edib ambara yığdı. Ancaq yaxşı bir parçasın seçib diqqətlə yontalayandan sonra başına poladdan ağzi iti qandal kimi bir börk geçirdib adını balta qoydu. Beyləliklə işə yaradığı üçün balta canlanıb yarandı.
Günlərin bir günü orman yenicə yuxudan oyanmışkən hündür qələmə ağacı uzaqdan adam oğlunun gəldiyini görər. Amma bu yol çıyninə tanış olan polad börklü bir ağac kəsiyini mindirmiş idi. Qələmə ağacı xəbəri bütün ormana bildirər. Göbələk xəbəri eşidər-eşitməz şadlığa başlayar. Ağaclar göbələyin şənliyindən adamın çiynindəkinin balta olduğunu bilərlər. Adam yaxınlaşanda baltanın sapın tanıyarlar. Demək o sap göbələyin aldatdığı qara ağacdan əmələ gəlmiş idi, ancaq indi balta adlanmış və adamın çiynində övüncək oturmuşdu.
Birdən-birə adam ağacların birinə yaxınlaşar. Əliylə baltanın sapından yapışıb baltanın iti polad başını möhkəm ağaca vurmağa başlayar. Yazıq çarasız ağac titrəyib çabalayıb sonunda zərbələrin etkisində kəsilib yerə düşər. Qalan ağaclar bu görüntüyü görməkdən qorxuya düşərlər. Hamısı baltanın sapına
“-Ehey sap, sən özün də bizdənsən axı. Geçmişə baxıb dərs al. Nədən öz qardaşlarıvın, öz soydaşlarıvın canına qəsd edirsən?! Nədən sənin köküvü eşən düşmənlə əl-bir olmuşsan?! Bu əl-birlik bir çiyinə minmək üçün mü? Dəyər mi buna? Gör nə dəyəri nə ilə dəyişdirirsən! Bir az düşün, özüvü tanı. Bir özüvə gəl, Gör kimsən. O adam indi səni çiyninə mindirsə də; səni sevdiyindən, saydığından deyil, bəlkə səni öz hədəfinə alət etdiyinə görədir. Səndən mənfəət götürdüyünə görədir. Bil o səndən deyil. Sənə heç zaman ürək yandırmaz. Başındaki köləlik qandalını sök at, yoxsa sonun yaman olacaq.” Deyə səslənərlər.
Amma balta sapını boş-boş övünc burgələdiyinə görə özünü eşitməzliyə vuraraq adam oğluyla iş-birliyini sürdürər.
Beyləliklə həftədə üç gün adam ormana gəlib ağacları baltayla kəsib aparıb həftə bazarında satırdı. Ağaclar da hərgün eyni sözlərlə baltanın sapını uyarırdılar. ancaq baltanın sapı göz yaşlarına baxmayırdı! Ormansa gündən günə yaşıllıqdan tükənirdi.
Günlər, həftələr, aylar beyləcə sovuşdu.
Qış fəsli artıq gəlib çatmaqdaydı. Adam oğluysa ağacları kəsib satmaqdan bətər pul qazanmışdı. Özünə bir köşk qayırmışdı. Köşkün içində bütün dinclik aracları sağlanmış idi. Ayrıca adam bir neçə tükan alıb onları icarəyə vermişdi. Beyləcə gəliri o tükanlardan sağlanmaqdaydı. Artıq əməkli olmaq çağı gəlib çatmışdı. Beyləliklə də işləməyinə gərək yox idi.
Bir gün səhər qar danaları göydən yerə düşməyə başlamışkən; adam oğlu baltanın olduğu ambara düzənləndi. Balta adamın gəldiyini görüb çiyinə minmək həvəsiylə sevinməyə başladı. O yenə ormana aparılmağını sanırdı, ancaq bu yol adam baltanı özüylə köşkünün içinə apardı və şuminə ocağının qabağında dayandı. Sonra basqıyla baltanın sapını başından ayırıb sapını ocağin oduna tolazladı.
“Girdəkən dədə” ağacı nağılını bitirib fidənlərə dedi “-Xoş yuxular görəsiniz gələcəyin orman ağacları.”
***
Hən Sevməli dadlı düzlü ağıllı uşaqlar əyər siz də bir gecə vaxtı düşünə-düşünə bir ormanda gəzsəniz yəqin ormanın ən yaşlı ağacından bu nağılı eşidərsiniz.

Комментариев нет:

Отправить комментарий