03.12.2012

“Gəlin məktəbləri”ni bağlayaq!

Cavidan

Pedaqoji texnikumların birdəfəlik bağlanmasını təklif etmək istəyirəm. Hazırda “pedaqoji kollec” adlanan və ibtidai siniflər üçün müəllim(ə) hazırlayan tədris ocaqlarını deyirəm.
Misir müəllim son çıxışlarının birində qeyd edib ki, başqa ölkələrdə hər on altı şagirdə bir müəllim düşdüyü halda, bizim məktəblərimizdə hər səkkiz şagirdə bir müəllim düşür.
Misir müəllim onu da əlavə edib ki, biz mütləq başqa ölkələrlə bizim ölkəmiz arasındakı bu müəllim-şagird disbalansını aradan qaldırmalı, on altının birə formatına keçməliyik.

Yəni, hazırda ölkə məktəblərində pedaqoq kimi çalışan müəllimlərin tən yarısı ixtisara düşməlidir ki, biz dünyanın öndəgedən ölkələrinə inteqrasiya fəaliyyətimizdə axsamayaq.
Xəbəri eşidən kimi ağlıma ilk gələn pedməktəblər oldu və bu pedməktəblərdə oxuyub müəllimlik öyrənən qızlar.
Necə bir yerdir pedməktəb?
Bu, adətən iki ya üç mərtəbədən ibarət olan təhsil müəssisəsidir ki, içində əsasən zərif cinsin nümayəndələri oxuyurlar. Hər qrupda bir ya iki oğlan gözə dəyər, ya dəyməz. O oğlanlar adətən olduqca fağır, boynubükük, lal-dinməz ucqar kənd uşaqlarından olurlar. Qızlar isə adətən orta məktəbi alababat oxuyub bitirmiş, ali təhsil üçün beyin bazası olmayan, əsasən ibtidai siniflərdə hərfləri və rəqəmləri öyrətməkdən ibarət bir çalışmaq növü olaraq, bu tədris müəssisəsini seçməyə vadar edilmiş biçarələrdir.
Kim vadar edir onlara burada oxumağa? Valideynləri və ya “oğlan evi”.
Bəli, bəli, çünki pedməktəblərdə oxuyanların doxsan doqquz faizi ya nişanlı olur, ya da ərli. Onların günləri nişanlılarının və ya ərlərinin telefonlarındakı fotolarını bir-birinə göstərməklə, bayağı mahnı və meyxanaları dinlətməklə, dərslərdən yayınıb geyim və kosmetika dükanlarını dolaşmaqla, bir-birlərinin toyuna, xınayaxdısına, evbəzədisinə, beşik-bələk gününə, daha sonra uşaqlarının ilk ad günlərinə, sünnət dəsgahlarına getməklə keçir.
Yaxınlıqdakı orta məktəblərin ibtidai siniflərində passiv və aktiv təcrübə aylarında isə əsasən çöldə-bayırda veyillənir, ara-sıra həmin məktəblərin bufetlərində toparlanıb, burada da telefonlarındakı mahnıları dinləməklə, bir-birlərinə satmaq üçün gətirdikləri geyim, bijuteriya, kosmetika məmulatlarını qurdalamaqla vaxtlarını öldürürlər.
Onları uzaqdan nəyisə vərəqləyib diqqətlə oxuyan və dəstəylə qızğınca müzakirə edən görəndə sevinməyin, bu, sadəcə hansısa kosmetika şirkətinin reklam və satış kataloqudur.
Təcrübə zamanlarının ən sonuncu həftəsində təşvişə düşərlər, bax, bu axırıncı həftədə onları gəlib axtaran, yanlarında oturub maraqlanan müəllimələrini, qrup rəhbərlərini də görmək mümkündür. Gəlib, təcrübə gündəliklərinin hazır şablonlarını verərlər ki, qızlar da oxşarını hazırlasınlar və... türkün məsəli, təcrübə kursunun qiymətini ağır-batman bir avazla bir-iki ağız oxuyub gözdən itərlər.
Və bu zaman telefonlar susar, kosmetika kataloqları yığışar, masaların üzərinə dəftərlər düzülər, kim hansı sinifdə hansı dərsi hansı cür keçib deyə, gündəliklər doldurular, aradakı fasilələrdə müəllimlər, qrup rəhbərləri yağlı-piyli söyülər, qarğışlanar, sonra yorulsalar, oturub dərdləşərlər. Məsələn bu tipdə.
- Kim işləyər e, bu dəqiqə bizdən?
- Mən yox, yoldaşım qoymaz, uşaq bir az böyüsün gərək, sonra.
- Məni də diplomu alan kimi apararlar, nişanlım deyinə-deyinə qalıb.
- Onsuz da müəllimə işləmək üçün imtahan verməlisən, kim keçər e, bizdən?
- Heç kim.
- Heç kim.
- Heç kim...
- Bəs niyə dörd ildi yol ölçürük axı? Pulumuz da gedir, vaxtımız da.
- Diplomdu da, alıb atarıq evə, kimdi indi iş alan? Pul var? Cehizlərimin krediti hayındayıq hələ.
- Pul demişkən, sabah bir nəfər kimi gətirirsiz “praktika” pulunu!
Baxın, bu cür biçarə gəlinlər ləşkəri diplomlarını alıb evlərinə çəkilir, bir neçə il sonra isə orta məktəblərimizin ibtidai siniflərində müəllimə kimi peyda olmağa başlayırlar.
Təklifim sərt və qətidir.
Pedməktəbləri bağlayaq, Texniki Peşə Məktəblərini bərpa edək!
Belə qızlar üçün orada dərzilik, aşbazlıq, bərbərlik kursları keçək - tam ciddi və keyfiyyətli qaydada.
Onlar da yazıqdırlar, bizim ibtidai siniflərdəki körpələrimiz də.
P.S. İstisnalar köşəmin “qaydalar”ını pozur.

azvision.az

Комментариев нет:

Отправить комментарий