03.12.2012

Gülnarə Rəfiq - Portret

Gi Debor mükafatı almış əsərlər

«Heç kim»in təcrübəsindən çıxarış

Özüm haqqında bəzi şeyləri mən dəqiq bilirəm:
Mən heç vaxt hündür olmayacam. Gözəllik müsabiqəsində qulaqlarımdan bitən ayaqlarımı jürinin açıq qalmış ağzı qarşısında nümayiş eləməyəcəm. Heç vaxt başımda tac, üstümdə gözəllik kraliçəsi adı olmayacaq.
Alen Delon məni sevməyəcək. Parisdən qaça-qaça (yaxud uça-uça) bura gəlib məni Eyfel qülləsinə baxmağa aparmayacaq. Nə qədər ki, gəncəm Parisi yalnız açıqcalarda görə biləcəm. Bəlkə pensiya yaşına salamat çıxsam, nənəmin köhnə evini sökəndə bünövrədən qızılla dolu mücrü çıxsa..... Eh, hamısı boş arzu!
Mən heç vaxt şturval arxasında oturub balon havasıyla nəfəs alıb tərcüməçi vasitəsiylə ekipajla danışmayacam. Heç vaxt paraşütdan tullanmayacam, su altında balıq kimi üzə bilməyəcəm.

Mənim fikrimə bir nəfərdən artıq kimsə qulaq asmayacaq. Həmin o bir nəfər də sözümün qurtarmağın gözləyib tələsik öz fikrini deyəcək.
Mən heç vaxt film yarada bilməyəcəm. Buna görə Kann festivalında mənə heç nə verməyəcəklər. Qaş-daşla bərq vuran gecə paltarımı geyib projekiorların işığında hardasa Genifer Lopes və Nikol Kidmandan əvvəl limuzindən düşməyəcəm.
Ömür yarıdı, artıq vaxtım çatmaz.
Mən heç vaxt kişi olmayacam. Onların nə düşündüyünü də heç vaxt bilməyəcəm. Çalışacam ki, davaya düşməyim, yoxsa əngimi əzərlər. Meylana, nümayişə də çıxmayacam, ayaq altda qalaram, adıma xuliqan deyərlər, tutub apararlar.
Bundan sonra mənim vəzifəm də olmayacaq. Mən içəri girəndə hamı ayağa qalxmayacaq. Dediyimi qələmə alıb gələcək nəsillərə çatdıranım olmayacaq.
Kitab yazıb əbədiləşə də bilməyəcəm. Tutaq ki, şedevr yarada bildim, onu çap eləməyə onsuz da imkan tapa bilməyəcəm.
Ürəyim istəsə isti şokoladı yatağıma özüm də gətirə bilərəm. Düzdü, durub geyinəndən və hazırlayandan sonra . Heç nə olmaz, sonra soyunub yerimə girib içə də bilərəm, zərim tökülməz. Səhər tezdən üstündə şeh damcılarıyla birgə çöl çiçəklərini yatağıma gətirən də olmayacaq. Qızılgül ləçəklərindən görünməyən döşəkağıya baş vurmağı demirəm...
Hündürlüyə 3 metr, uzunluğa 7 metri də tullana bilmərəm. Neynim, məşqə vaxt hardandı? Ev... İş....Uşaqlar....
Mən heç vaxt 3-4 mərtəbəli villanın xanımı olmayacam. Qulluqçuların üstünə çığırıb iş gördürməyəcəm, ziyafətlər təşkil edib şampanı selə, pulları yelə verməyəcəm. Süd vannasında üzməyəcəm.
Mənim rəsmlərimə görə ağlasığmaz qonorarlar verən olmayacaq. Buna heç vaxtım da çatmaz.
Növbəti yazının qonorarını alıb Karib adalarına istirahətə gedə bilməyəcəm. Oxucumun münasibətini, fikrini də çətin ki, biləm.
Ağzımdan çıxan replikaya görə milyonlar lərzəyə gəlməyəcək. Sirkdə kupol altında tükürpədici tullanışımdan ürəklər düşməyəcək. Qırmancı şaqqıldadıb şirləri pişiyə də döndərə bilməyəcəm. Başımı pələngin ağzına soxub camaatın ürəyini sala bilməyəcəm. Ağzımdan çıxmayan fonoqrama görə heç kim saçını yolumayacaq, cumub məni qucuqlamaq, şəkil çəkdirmək istəməyəcək. Şəklimi divarlara yapışdırıb sonra üstünə bığ çəkən də olmayacaq.
Bundan sonra «səni sevirəm», «sənsiz yaşaya bilmirəm» deyənim də olmayacaq.
Anam daha məndən «bu gün nə yemisən?», «haran ağrıyr?» da soruşmayacaq.
Amma mən oğluma deyə biləcəm ki, «Balam, mən bütün bunlardan keçmişəm». Düzdü, mən onun kimi, bunun kimi ola bilmədim. Nolar, gəl təcrübəmi sənə də ötürüm. Axı, bu diyarda heç kim olmağı sənə məndən başqa kim öyrədə bilər? Oğluma anlatacam ki, özünü gözə soxma, bala, batarsan. Qoy heç kim bilməsin ki, sən nəsə bacarır, nəsə bilirsən, batırarlar. Mən ona arzularını ürəkdə əsir eləməyin yollarını birci-bircə öyrədəcəm. Dizin-dizin getdiyim yolları qoy o, rahat getsin. Burada yaşayası olsa onun da mənim kimi başqa yolu olmayacaq. Heç kim olmaqçün mən can qoyub, təcrübə toplamışam.

Комментариев нет:

Отправить комментарий