03.12.2012

İNAM SƏFƏRİMİZ

“Xalq sizi gözləməyən görünür, əslində isə o sizi gözləyir!” Asif Ata

Bu günlərdə Asif Atanın Mütləqə İnam Ocağının Azərbaycanın bölgələrinə İnam Səfəri həyata keçirilmişdir. Səfərdə Ocağın Yükümlüsü Soylu Atalı, Ocaqçılar Göylü və İnamlı Atalılar, Ocaqdostu, Türkel Araşdırma Qurumunun nümayəndəsi Ağşın Ağkəmərli iştirak etmişlər. Səfər Salyan rayonundan başlamış, Biləsuvar və Beyləqanda davam etmişdir. Bu səfərdə məktəbli gənclərlə, müəllim heyəti ilə və klub mühitində sadə insanlarla görüşlər olmuşdur. Görüşlər İnamlı Atalının təşəbbüsü və təşkilatçılığı ilə baş tutmuşdur.
Söhbət mövzuları insan, millət, vətən məsələlərini əhatələmişdir. “Dünənimiz, Bugünümüz, Sabahımız” konusunda Qədimliyimizin tarixi, ruhani mahiyyəti şərh edilmiş, ulusal dəyərlərimizin ideya məzmunu haqqında bilgilər verilmişdir. Eləcə də çağdaş dönəmdə dəyərlərimizə qarşı düşünülmüş, planlı şəkildə atılan addımların səbəbləri izah edilərək, onların qorunmasının önəmi və yolları göstərilmişdir. Bu gün etnik-milli kimliyimizə qarşı görülən əməllərin fəlakətli etkisi əsaslandırılmış və buna qarşı dirəniş göstərməyimizin gərəkliyi vurğulanmışdır. Nəhayət, sabahımızın İnama – Asif Ata Dünyabaxışına bağlı olaraq qurulmasının zəruriliyi əsaslandırılmışdır. “İnamın məqsədi İnsanlaşma, Millətləşmə (bizim üçün Türkləşmə), Şərqləşmə (Şərqi dəyərlərin bərpası və inkişaf etdirilməsi) əməllərini gerçəkləşdirməkdir!” – bu mövzu ətrafında daha geniş söhbətlər getmişdir. Ocağın yaratdığı kuralların milli-insani önəmi diqqətlərə çatdırılmış və Onun (Ocağın) ideya, yaşam yönünü ifadə edən ədəbiyyatlar paylanmışdır.
Bundan başqa Beyləqanda və Ağcabədidə Günev Atalı bir sıra görüşlər keçirmiş, qatıldığı Yas Törənlərində Ocaq sözü söyləmişdir.
Üzümüzə açılmayan qapılar bizi həvəsdən salmır, açılan qapılar arxayınlaşdırmır. Çətin, əzablı səfərlər işimizin önəmini bizim üçün artırır. İçəridən və dışarıdan yurdumuza, dəyərlərimizə qarşı atılan addımlar bizə xalqyaratma işinin ağır mərhələsini yaşadır. Ancaq dözürük, dözməliyik, gedirik, edirik…
Atamız var olsun!

Комментариев нет:

Отправить комментарий