03.12.2012

Qanadı tozlu kəpənək

Əfsanə Laçın

Kəpənəklər xarabalıqda yaşamaz, amma o yaşayırdı. Ağ kəpənək tənha idi. Dostu yox idi. Uçmağı belə unutmuşdu. O qədər uçmamışdı ki, incə qanadlarını toz basmışdı. Ağ kəpənək boz kəpənəyə dönmüşdü. Toz qanadlarına hopmuşdu.  Elə hey bitli taxtanın üstündə oturub gözləyirdi. Nəyi? Kimi?
Möcüzə gözləyirdi. Möcüzələrə inanırdı. Əmin idi bir gün o möcüzə baş verəcək. “Ağ kəpənək” tənhalıqdan bezmişdi. Ona görə də, xarabalığı tərk etdi. Uçdu, uçdu gözəl və qəribə bir yerə gəlib çıxdı.
Burada rəng rəngə qarışmışdı. Ağaclar, çiçəklər, quşlar, dağlar...
Qəribə bir adam da var idi Rənglərlə çirklənmiş adam... Rəngli adam özü kimi rəngli şəkillər çəkirdi. Bu ağ kəpənəyin xoşuna gəlirdi. O, “Rəngli adam”ın fırçasının ucuna qondu. Fırça hələ təzə idi. Rəng görməmişdi. Rəngli adam kəpənəyi barmağının üstünə qoydu. Ehmalca fırça ilə qanadlarının tozunu sildi. Təəccübləndi. Axı, kəpənək uçmadı.
Rəngli adam Kəpənəyi rəngbərəng boyalarla boyadı. Ağ kəpənək dahada gözəlləşdi.
Rəngli adamın bağçasında möcüzəvi bir məkan var idi. O, bu məkanı “Kəpənəklər ölkə”si adlandırırdı. “Ağ kəpənək”də bu ölkənin sakininə çevrildi. Burada o qədər kəpənək var idi ki, “Ağ kəpənək” xoşbəxtlikdən uçurdu. Sevinirdi ki, dostları var. Sevinirdi ki, bu dünyada tək deyil.
Kəpənəklər ölkəsi balaca olsada çox gözəl idi. Çiçəklər, ağaclar və rəngli kəpənəklər... Bu həqiqətən möcüzə idi. Hələ tut ağaclarının ətrini demirəm.
Ölkənin səması yox idi. Səmanı dam örtüyü əvəz edirdi. Bu dam örtüyü altında hər gün yeni tırtıllar yaranır, kəpənəklər doğulurdu.
Ömür qısa,vaxt az. Kəpənəklər səmanı görməyi, uzaq-uzaq ellərə səfər etməyi xəyal edirdilər.
Tanrı onların səsini duydu. Güclü külək əsdi. Kirəmit dam örtüyü uçdu. Səma göründü. Sonra sakitlik çökdü. Yağış yağmağa başladı. Ağ kəpənəyin rəngini yudu. O gördü ki, bütün kəpənəklərin ağdı.
Ağ kəpənəklər həmişəlik səmaya qalxdılar. Ağ kəpənək anladı ki, bir günlük ömrü varmış oda bitdi. O, təəssüflənmirdi axı, səmanı görmüşdü...
Rəngli adam daha səmanı qapamırdı. Tırtıllardan yeni kəpənəklər doğulurdu. Bu kəpənəklər həqiqətən rəngli idi...

Комментариев нет:

Отправить комментарий