15.08.2013

Hər şeyin bir inkarı


Sayman Aruz

Ömür də boşuna uzanır gedir
Üzümdə saqqalın uzanması tək.
Nəsə kölgəm belə şıltaqlıq edir
Deyir buralardan gəl çıxıb gedək.

Bu zindan qoxuyan kədər əlindən
Haraya gedək ki, bir az dincələk?
Bu mini yübkalı şəhər əlindən
Harada uzanıb, abırla ölək!?

Burada hər şeyin bir inkarı var
“hə”lərin hamısı ölüb inan ki!
Şəhərdə külək var və şam ağaclar
Barmağın tovlayır adama sanki!


Haraya gedək ki, sən olmayasan
Sənə bənzəməsin gözəl qadınlar!
Bütün inqilablar sənə görədir
Bütün küçələrdə sənin adın var!

Haraya gedək ki, haramız qalıb?
Çoxdan uduzmuşuq ana vətəni
Küləklər şəhəri deyilən yerin
Küləyi götürüb aparıb səni!

Elə gözəlsən ki, günəş yuxudan
Gözünə göz dikir sonra oyanır.
Elə böyüksən ki, mənim sevgilim
Hətta azadlıq da səndən utanır!

Mən isə bir heçəm, küçəndən keçən
O ondan, o yüzdən, mindən biriyəm.
Yarımçıq sevgilər diyarındayam
Şükürlər tanrıya, hələ diriyəm!  

Çəkirəm ucuzlu siqaretləri
Öpürəm titrəyən ac dodaqları.
Hərdənbir yazıram sərbəst bir şeir
Söyürəm bu millsiz qurumsaqları!

Gəl gedək, kölgə can, bizlik deyil bu
Dünən p.. yeyənlər plov yeyirlər!
Şəhriyar yeməyə çörək tapmırdı
İndi heykəl qoyub ulu deyirlər.

Harasa gedirəm, tam qaranlıqdı
Həyat and içib ki, mən dincəlməyim!
Meşokun içində pişik kimiyəm
Kimsə aparır ki, geri gəlməyim...

Комментариев нет:

Отправить комментарий