19.08.2013

“...Müğənniyəm artıq, toylara gedirəm...”

Cavidan

Onu ilk dəfə məktəb bufetində görmüşəm. Biz – bir neçə valideyn, uşaqlarımızın dərsdən çıxmasını gözləyirdik, o isə dərs vaxtı olmasına baxmayaraq, bir yaşıdı ilə bufetin arxa masalarından birində oturub, çay içir, arada da nəsə zümzümə edirdi. Sonra daha bir neçə yaşıdı gəldi o masanın ətrafına və səsləri bufetdə narahatlıq yaratdığına görə, valideynlər narazılıqlarını bildirdilər, uşaqların həmən dərs otaqlarına getmələrini tələb etdilər.
Oğlanlar, deyinə-deyinə bufeti tərk elədilər. O isə əsəbi valideyn qrupuna sarı çönüb, bir əlini səhnədəymiş kimi qaldırıb açaraq, digərini sinəsinə qoydu və Rəşid Behbudov repertuarından oxudu: “Üzüyümün qaşı füruzədəndir...” Sonra getdi.
“Tərbiyəsiz!” – dedi kimsə. Mən, Məhsətinin Sultan Mahmudla birgə olan hissəsini yazırdım onda, dəqiq yadımdadır, qəfil marağıma və təbəssümümə səbəb olan bu olaya görə hətta əlim dəydi, bir səhifədən çox mətn silindi, qanım qaraldı.

Sonralar, məktəb tədbirlərindəki çıxışlarını gördüm onun. Daha sonra mən məktəbin Valideyn-Müəllim Assosasiyasına rəhbərlik etməyimlə əlaqədar olaraq, əvvəl sadəcə valideyn kimi, kənardan izlədiyim bir çox məqamlarda indi artıq iştirak və bəzi hallarda müdaxilə etməli olurdum.
Bir dəfə mühafizəçi dəhlizdə dalaşan iki yeniyetməni gətirdi otağımıza. Sadəcə pilləkəndə birinin baxışı digərinə ironik görünübmüş və dava da buna görə düşübmüş, hər iki məktəbli ilə danışdıq və barışmaqlarını təklif etdik. Bunlardan biri həmin o “üzüyünün qaşı füruzədən” olan idi və mən, musiqiyə meylli ruhu olan bu yeniyetmənin daha aqressiv və barışmaz olduğunu görüb çox təəccübləndim.
- Sabah əsgər gedəcəksiniz, ya müharibə başlayacaq, orada eyni səngərdə olanda kimə düşmən kimi baxarsız, erməniyəmi, bir-birinizəmi? – soruşmağa vadar oldum. Susdular və barışmağa qərar verdilər. Mən anaları ilə danışmaq istədim uşaqların. Heyhat, onun anası, o hələ körpəykən, dünyasını dəyişibmiş. Hə, bir dəfə də məktəbin akt zalında, Əhməd Cavad gecəsi üçün hazırlıq məşqləri vaxtı gördüm onu, “Şükriyyə” mahnısını oxuyurdu...
***
Bu yaxınlarda facebookda ismarışını almışam: “Salam, müəllimə, mən bu ildən məktəbə gəlməyəcəyəm, müğənniyəm artıq, toylara gedirəm, səhifəmə baxın, görün kimlərlə şəkillərim var!”
Səhifəsinə baxıram, şadlıq evlərində, palatkalarda toy müğənniləri ilə yanaşı çəkdirdiyi fotoları görürəm, ürəyim onun o dünyadakı anasının ürəyinin əvəzinə də sıxılır. İsrar edirəm, fikrindən döndərmək istəyirəm, amma alınmır. Hə, az qala unutmuşdum axı. Adı Hüseyndi onun. Bu il orta məktəbin onuncu sinfində oxuyacaqdı...

az.azvision.az

Комментариев нет:

Отправить комментарий