15.08.2013

Səncə həyat niyə belədir?!

Ülkər Atəş

Bakının yuxusu gəlir

Tərbiyəsiz, ipə-sapa yatmayan bir adamın pozuq mühiti kimi gecənin də gecə mühiti, gecə hüquqları pozulur hər gün. İnsanların səssizlik içində özünə qapıldığı, Allaha sığındığı anlarda vicdanla üz-üzə dayanıb düşünmək məqamında gündüz gərginliyindən sonra özünü təhlil etmək, yatıb dincəlmək vaxtında gecənin gecə dincliyi alınır əlindən. Biri maşın siqnallarıyla küçələrə hayqırtı salır, biri pul qazanmaq eşqiylə binaların düz böyründə tikdirdiyi restoranlarda vur-çatdasınla musiqini xodlayır, xuliqan təsiri bağışlayan bəzi oğlanların kafelərdə və çayxanalarda arvad qəhqəhələrindən seçilməyən şaqqanaq səsləri ilə müşayiət olunan, xoruz banı eşitməyən çoxmərtəbəli söyüşləri, gecədən səhərəcən vaxtını domino və nərd oynamaqla öldürənlərin şaqqıltı səsləri, divara çırpılan uşaq toplarının guppultusu, içib sərxoş olanların “açarını itirib” dəli kimi ora-bura qaça-qaça uğultuyla yerdə şellənə-şellənə gic toyuq kimi vurnuxması, hansısa evdə bir ər-arvad savaşından qəfil çölə qaçışan, gecə paltarlarında söyüşə-söyüşə göstərdikləri serialları xatırladan gülünc mənzərəsi pozur gecənin gecə abrını, gecə həyasını. Bu hay-küylü küçələrin bir gecə rahatlığına, gecə dincliyinə ehtiyacı var. Bakı gecələri narahatdır. Gecənin gecəliyi alınıb əlindən. Nəvələrə belə hay-küylü gecələrdə nağıl danışıb yatırmaq olmur, layla çalmaq olmur. İstəməsək də, küçə tərbiyəsi pəncərələrimizdən evlərimizə soxulur. Təmiz hava əvəzinə nadanların nadan tərbiyəsi hücum çəkir evlərimizə. Yata bilmirik, düşünə bilmirik, özümüz ola bilmirik. Şəhər də dəyişir, biz də. Qoş görüm bu ay-ulduzlu gecələrə necə nəğmə qoşursan, ay romantik şair, ay romantik bəstəkar. Bakının o əvvəlki romantik gecələri indi nə qədər əlçatmaz və ünyetməzdir. Hardasan, ay Bakının rejimli vaxtları, ədəb-ərkanlı gecələri. Şəhərin bir gündüz, bir gecə mədəniyyəti var idi. İşə gedən işə gedər, dincələn də dincələrdi. “Bez razmer” setkalar kimi şəhər basabasdan, tıxacdan, hay-küydən dağılır. Əsəblər gərgin, insanlar aqressiv... “Göyərçintək qanadlıdır bizim Bakı gecələri...” Hanı o göyərçin qanadlı gecələr, hanı?! Ala bizi qanadlarına, şirin yuxularda səhərlərə apara. Biz də sakit gecələrdən boylanıb, “gəl, ey səhər”- deyə, gündüzləri haraylayaq. Bakı da yorulub insanlar kimi. Dincəlmək istəyir şəhər. İnsan orqanizminin paytaxtı ürək olduğu kimi, Azərbaycanın da paytaxtı Bakıdır. Ürək yüklənəndə infarkt keçirdiyi kimi, Bakı da yüklənəndə infarkt keçirə bilər. Yatmayan, dincəlməyən şəhər mərhəmət istəyir, mərhəmət. Bakının yuxusu gəlir. Bakı yatmaq istəyir. Bakı gecələrini, Bakı gündüzlərini Bakıya qaytarın. Bakının havası çatışmır. Şəhər nəfəs almaq istəyir, azadlıq istəyir. Qarışıqlıq, narahatlıq, hay-küy yox, Bakı sakitlik istəyir. Bakının yuxusu gəlir, Bakı yatmaq istəyir...

Bircə məndən başqa

Hər şey düşür yadına... Telefona yazılmış köhnə-köhnə mesajlar, kimlərdənsə aldığın köhnə-köhnə kitablar, təzə-təzə kitablar, hansısa bir məmuru tənqid edən qəzetlər, təsadüfən gördüyün yeni-yeni adamlar, ya da bizim şəhərdə ilk gördüyün maşınlar, göz oxşayan villalar, bu tikilən körpülər, bu “firmenniy” dükanlar, çeşid-çeşid şubalar, nazla yanından keçən yarıçılpaq qadınlar, varlığı başdan-başa bu silikon adamlar, vulqar şəkil çıxarıb, vulqar yazılar verən iyrənc-iyrənc jurnallar, çayxanalar, kafelər, gizli qapı dalında sevgi dolu məcəra, qana batmış Liviya, Qəddafinin ölümü, “demokratiya” söyləyib, öz xalqını məhv edən bəzi-bəzi rəhbərlər, soyuq qış axşamında qarda donub üşüyən ac-yalavac pişiklər, haqq-ədalət istəyib həbslərdə yatanlar, paraşoku süd edib süni qatıq tutanlar, bizi daşa dirəyib özü müftə yeyənlər, tarazlıqdan danışıb tarazlığı əyənlər, əzbərləyib Quranı ona qarşı çıxanlar, ev tikənlər, ya da ki, ev yıxanlar – hər şey, hər şey düşür yadına. Bircə məndən başqa!

Səncə həyat niyə belədir?!

Bir gün qabağını kəsib səndən soruşsalar ki, “səncə həyat niyə belədir?!”, təəccüblənmə, düşün, yaxşı-yaxşı düşün.
Həyat axı necədir?- deyib, o suala sən də sualla cavab versən, onda heç. Bu sualı sənə verən adama dəli kimi, ya da sərxoş kimi baxma, baxsan, onda heç.
Ağıllı sual elmin yarısıdır. “Səncə həyat niyə belədir?” sualına cavab tapmaq üçün ətrafında gördüyün bütün insanlara bax, onları özün qədər sevib, müşahidə edə bilsən, bu suala cavab tapacaqsan. Ətrafındakı insanlara tək bircə gün baxma! Hər gün rast gəldiyin, həyətdə, yolda, işdə, məktəbdə, xəstəxanada, qocalar və uşaq evində, bir sözlə, hər yerdə müşahidə elə adamları, özünü onların yerinə qoy, yaxşı-yaxşı düşün. Anan, atan kimi, bacın, qardaşın kimi, nənən, baban, oğlun, qızın kimi, sevdiyin insanlar kimi bax onlara. Müşahidə etdiyin adamların hərəsini bir dərddə görəndə, məsələn birini ömürlük yataq xəstəsi, birinin ayağını, birinin gözünü, qolunu, ya da qulağını, dilini, əqlini şikəst görəndə, birini kef içində, birini qəmdə görəndə, birini əzilən, birini isə layiq olmadığı ucalıqda görəndə, günahkarı azadlıqda, bəzi günahsızları isə həbsxanalarda çürüyən görəndə, qaniçənləri başda, mərhəmətliləri isə ayaq altda görəndə və s. Bu kimi dünyanın tərs işlərini görəndə, yəqin ki, sən də adam axtarıb soruşacaqsan: “Səncə  həyat niyə belədir?”

Комментариев нет:

Отправить комментарий