21.08.2013

“Red Bull”-da kokain tərkibli çıxdı

Enerji içkilərindən sayılan “Red Bull”un tərkibində narkotik maddə sayılan kokain aşkarlanıb. Bu içkinin vətəni hesab edilən Almaniyada alimlərin araşdırmaları nəticəsində məlum olub ki, enerji içkisinin tərkibini təşkil edən kimyəvi komponentlər içərisində xeyli miqdarda kokain var.
Alimlər belə bir qənaətə gəliblər ki, içkinin hazırlanmasında xüsusi kokain ekstraktından bolluca istifadə edilir. Məhz bu səbəbdən Almaniyanın bəzi əyalətlərində “Red Bull”un satışına qadağa qoyulub.
Tərkibində narkotik maddənin aşkar olunması səbəbindən bəzi ölkələr artıq “Red Bull”un qadağan olunması üçün yollar axtarır. Artıq Çində supermarket piştaxtalarından “Red Bull” markalı energetik içki yığışdırılıb.

Çin alimlərinin fikrincə isə “Red Bull”un tərkibində insan sağlığına zərərli maddələrdən sayılan natrium benzoat var. Natrium benzoat psixiki xəstəliklərin müalicəsində istifadə edilir. Bu maddədən istifadə etdikdə insanda baş ağrısı, stress və digər əlamətlər müşahidə edilməyə başlayır.
Artıq “Red Bull” məsələyə rəsmi münasibət bildirib. Şirkətin rəsmi saytında istehsal etdikləri energetik içkinin tam təhlükəsiz olması və tərkibində istifadəsi qadağan edilmiş əlavələrin olmadığına dair məlumat yerləşdirilib. Buna baxmayaraq, Çinin Pekin və Şanxay kimi iri şəhərlərinin supermarketlərində hər ehtimala qarşı “Red Bull” energetik içkilərinin satışı dayandırılıb.
“Red Bull”un Azərbaycanda rəsmi satış distribütoru “Cahan Holdinq”dir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova məxsus holdinq bütün ölkə ərazisində bu içkinin satışını təşkil edir. Holdinqin rəsmi internet saytında da “Red Bull”la bağlı bu məlumatlar yazılıb: “Bu gün artıq hamının tanıdığı və çoxlarının sevimli içkisinə çevrilmiş ”Red Bull» enerji içkisinin yaradılması ideyası 1984-cü ildə meydana çıxıb və onun yaradılmasına 3 il gərgin əmək sərf olunub. 1987-ci ildə məhsul “bədən və can cürətləndirmək” üçün enerji içkisi — “Red Bull” adı ilə bazara daxil olub və elə həmin vaxtdan da bütün dünyanı müvəffəqiyyətlə istila etməyə başlayıb. Beləliklə, “Red Bull” enerji içkisi əqli və fiziki gərginliyin artdığı vaxtlarda istifadə etmək üçün hazırlanmış funksional içkidir. İndi mövcud olduğu şəkildə bu məhsul Avstriyada yaranıb, 1994-cü ildə isə “Red Bull” ilk dəfə “Vətən”dən kənarda, Almaniyada peyda olub. 1997-ci ildə isə bu məhsul bütün Avropa bazarlarına çıxır və okeanları üzüb keçərək, Şimali və Cənubi Amerikanı və Avstraliyanı fəth edir. Azərbaycana isə “Red Bull” 2004-cü ildə gəlib. Burada sınaq satışları keçirdikdən sonra “Red Bull GmbH” ilə Azərbaycanda 4 il rəsmi nümayəndəsi olan “Cahan Red” şirkəti arasında distributor müqaviləsi imzalanıb.
Reklam layihələrini reallaşdırmaq üçün 2005-ci ildə kompaniyada marketinq şöbəsi yaradılıb və onun qarşısında duran əsas vəzifə bu və ya digər məqsədli auditoriyanın maraqlarına yönəlmiş tədbirlər təşkil etməklə, istehlakçıları “Red Bull” brendi ilə tanış etməkdir. Şirkətin Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəkidə və Qubada nümayəndəlikləri var. Bütün bunların sayəsində “Cahan Red” şirkəti “Red Bull” enerji içkisinin satış tempini yerli bazarda illik 100 faiz artırmağa nail olur.
Lakin “Cahan Red” şirkətinin fəaliyyət dairəsi, sadəcə, məhsulun istehlakçıya təqdim olunması ilə məhdudlaşmır. “Red Bull GmbH” ekstremal idman növlərinin inkişafına imkan yaradan tədbirlərin daim təşkilatçısı və ya rəsmi sponsorudur və bütün dünyada 500 ekstremal idmançıya dəstək verir. “Red Bull GmbH”-nin tərəfdaşı olaraq «Cahan Red» şirkəti bu cür tədbirlərin Azərbaycanda da keçirilməsini planlaşdırır.
***
Məsələ ilə bağlı danışdığımız Bakıdakı klinikaların birində həkim kimi çalışan Nəsimi Cəfərovun sözlərinə görə, energetik içkilərin sağlamlığa təsiri hələ də mübahisəlidir: “Tərkibinin tamamilə məlum olmasına baxmayaraq bu istiqamətdə elmi tədqiqatların az olması tutarlı nəticəyə gəlməyə əsas vermir. Bu içkilərin əsas tərkibi hissəsi su və şəkərdir. Digər inqridientlər çox az faizlədir. Məsələn, ən populyar enerji içkisi olan ”Red Bull»un tərkibində 80 mq kofein var. Bu qədər kofein bir fincan xırdalanmış qəhvədə və iki stəkan çayda var. Kofeinlə bağlı problem ondadır ki, bu maddə az miqdarda sinir sisteminə stimulyant kimi təsir edir, böyük dozalarda başgicəllənməsi, yuxusuzluq, əsəbilik yaradır. Enerji içkilərində kofein həm sərbəst halda, həm də herbal (bitki) komponentlərin tərkibində olduğundan, onun dəqiq miqdarını bilmək çətindir. Bundan başqa, bu içkilərdə çox miqdarda taurin var. Bu da sinir sistemində və ürəyin yığılmasında mühüm rol oynayır. Həmçinin 600 mq qlükoralakton adlı maddə də vardır ki, bunun da insan orqanizminə təsiri öyrənilməyib. Bəzi içkilərində qaurana adlı Cənubi Amerikada bitən bitkinin hissələri var. Bu da əlavə kofein mənbəyidir. Enerji içkilərdə bu maddələrin bir-birilə qarşılıqlı əlaqədə olaraq orqanizmə necə təsir etməsi öyrənilməyib. Amma məlumdur ki, kofein spirtin təsirini azaldır. Məhz buna görə də enerji içkilərini spirtli içkilərlə birgə qəbul etmək məsləhət deyil. Çünki bu zaman nə qədər çox spirt qəbul olunmasını tənzimləmək olmur. Həm də kofein sidikqovucu təsir göstərir və orqanizmi susuzlaşdırır. Alkaqolla birgə qəbul olunduqda isə alkaqolun qanda toplanmasına səbəb olur, orqanizmdə su az olduğundan onun xaric edilməsi çətinləşir».
N.Cəfəroun sözlərinə görə, bu içkiləri ürək-damar və sinir sistemi xəstəlikləri olan şəxslərin qəbul etməsi məsləhət görülmür.
Mövzu ilə bağlı “Red Bull”un Azərbaycanda rəsmi satış distribütoru “Cahan Holdinq”lə əlaqə saxlasaq da suallarımız cavabsız qaldı. Qarşı tərəfin də mövqeyini öyrənib, dərc etməyə hazırıq.

musavat.com

Комментариев нет:

Отправить комментарий