15.08.2013

Nişan üzüyü

Şəbnəm Hümbətova

İl “müharibə ili”... Yorğun qışdan çıxmış “Gül” qəsəbəsində bahar mehinin küçə boyu gəzdirdiyi bəyaz güllə, çəhrayı gülün qoxusu arasında fərq hiss olunmurdu. Hər ikisi barıt qoxurdu. Hər kəs barıt qoxurdu. Yeni doğulan körpələr belə. ..Hər günəş doğanda evlərdə çıraqlar bir- bir sönürdü. Qapıların ağzında oturan qocalar gün doğandan gün batana qədər küçənin döngəsində itən yola baxırdılar. Axşam düşdükdə isə üzlərini döndərib qırışmış alınlarını daha da yığaraq günəşin qürubunu izləyirdilər. Qəsəbənin tən ortasından keçən yolda oynayan uşaqlara da rast gəlinmirdi. Hər biri oturmuşdu qapının ağzında. Gözlərindəki kədərlə boylanırdılar gəlib gedənlərə. Gəlib gedənlər isə ancaq qadınlarıydı. Hər gün bir evdən qara paltarda, gözləri qızarmış, əlləri qabar atmış qadın çıxırdı. Bu gün isə qəsəbənin bir vaxtlar ən gözəl evindən çıxan qadına baxdılar. Küçə boyu əsən küləyin, onun yerlə sürünən çadrasını tərpətməsi ilə görünən taykeş ayaqqabılarına.
“Tələsik çıxmışam, baxmadım geyinəndə” deyib yayındırdığı adamlar görməsin, ayaqqabılarının hər ikisinin bir tayının cırıldığını bilməsinlər deyə çadrasını uzun tikmişdi, amma külək çadranı açıb ayaqqabılarını küçə boyu əyləşənlərə göstərirdi. Fərqində deyildi, tələsirdi çünki. Qəsəbəli qadınların ziyarətgaha çevirdiyi qızıl mağazasına gedirdi. Məşhur qızıl mağazasına girənlərlə yanaşı gün ərzində qarşısından keçəndə ayaq saxlayıb baxanlar da az deyildi. Hər vitrinin qarşısından keçdikcə kimisi əlindəki torbanı yerə atır, əyilib götürdüyü müddətdə vitrinə baxırdı, kmisi başqa birini vitrinin qarşısında söhbətə tutur o danışanda üzüklərə boylanır kimisi isə vitrinin yanında ayaq saxlayır, amma dönüb baxmadan sürətlə uzaqlaşır.Vitri ndə adi sadə üzüklər idi eləcə. Yerlə sürünən uzun, qara çadralı, taykeş ayaqqabılı qadın mağazadan çıxanda o da ayaq saxlayıb vitrinə boylandı. Mağazanın satıcısı vitrindəki nişan üzüklərini bir - birindən uzaqlaşdıraraq aralarına qaşsız nazik bir üzük qoydu. Digərlərindən fərqlənmirdi. Amma qadın məhz ona baxırdı. Baxışlarını gizlətsə də hıçqırığı eşidilirdi. Vitrinin qarşısından ayrılıb tələsik küçənin sonundakı ərzaq dükanına üz tutdu. Başqa bir qadın yaxınlaşdı. O da vitrinin qarşısından keçəndə oxşar üzüklər arasında gözünü birinə zillədi. Daha sonra başqa biri, sonra başqası. Beləcə gün batanadək hər qadın bir üzüyü nişan alırdı. Öz nişan üzüklərini. Barmağına taxdıqları zaman bir də öləndə çıxardacağına söz verdikləri üzükləri. O üzüklər barmaqdan çıxıb zərgərə uzadıldığı gün ölmüşdü o qadınlar. Hər biri özünü, xatirələrini dəfn etdi o nazik dairəvi üzükdə. Hər birində də eyni hekayə. O üzükdə olan nişanələr xatırlanır, Bir vaxtlar bu qəsəbənin necə gül qoxuduğu, uşaqların səslərindən qulaq batdığı o günlər, axşam vaxtı döngədə itən yoldan çıraqlarını yandıranın, evə əlində çörəklə gəldiyi xatırlanır. Hər biri balaca dairəvi nazik üzüyə bir ömür sığdırır. Günlərlə, aylarla davam edən eyni səhnə. Hər gün ziyarət edilən bu vitrində yeni tək qaşlı iri bir üzük göründü. O qədər gözəl idi ki, görən hər kəsin gözünü alırdı. Nişan üzüklərinə baxan qadınların bəziləri də artıq o üzüyə baxırdılar. Amma gözəlliyinə yox xatirələrinə... Qızıl dükanının sahibi isə qadınların baxışları altında vitrindən bir neçə nazik üzük götürüb içəridə əyləşən zərgərə verdi. Ovucunda tutduğu xatirələrin qarışığından keçən dəfə olduğu kimi bahalı bir üzük düzəltməyini istədi. Kiminsə arzularını bəzəyəcək, ölənə qədər taxacağı bir üzük düzəldəcəkdi zərgər. Qadınlar isə xatirələrini artıq vitrində yox başqa birinin barmağında seyr edəcəkdilər. 

Комментариев нет:

Отправить комментарий