19.08.2013

Tanrı dağları ilə söhbət

Sabir Rüstəmxanlı

Uzun illərdən bəri Vətənindən uzaqlarda mühacir həyatı yaşayan Tursunay xanıma ithaf

Türk dünyasını başdan-başa gəzib-görmək istəyi ilk gənclik illərimdən baş qaldırsa da, ürəyimdə əvvəlki coşqunluğu ilə indi də yaşayır. 
Deyilən coğrafiya o qədər genişdir ki, bu arzunu yerinə yetirməyə zaman yetməz. Ömür bitir, yol bitmir... Doğu Türküstana - uyğur elinə səfərim bu baxımdan mənim üçün çox önəmli idi. Lakin bundan sonra da “Türk aləminin hər yerini gördüm” deyə bilmərəm. Qarşıda Saka (Yakut), Dağlıq Altay, Tuva, Əfqanstan, Quzey Hindistan torpaqları var.

...Doğu, Batı sözləri fikrimdə çeşidli bənzərlərini yaradır. Doğu - dogru, Batı - batan, Qərb - qəlp... Təsadüfi bənzəyişlərdir, bilirəm; ona qalsa, Şərqin də bir "şər" səslənməsi var. Ancaq Günçıxana uçmaq həmişə fərəhlidir... İnsanlığın Afrikadan yayılma nəzəriyyəsi nəzərə alınmasa, böyük köçlərin çoxu Günçıxandan Günbatanadır - Günəşə qoşulub gediblər; ancaq mən batan Günəşin dalınca getməkdənsə, onu qarşılamağa üstünlük verirəm. 
Türk dünyası yenə çalxalanır, daha doğrusu, çalxalandırılır; Kərkükdə Türkmən Cəbhəsinin böyüklərini qətlə yetirdilər; Doğu Türküstanda bir gündə 40 uyğur öldürüldü. Amma nə Türkiyənin səsi çıxdı, nə Azərbaycanın... Qarabağımız hələ də işğal altında və hər gün irili-xırdalı atışmalar davam edir, Güney Azərbaycanın milli fəallarına qarşı zülm və zorakılıq ara vermir... Di gəl, Türk dünyası səssizdir. Biganəlik milli xəstəliyə çevrilib... Yox, bu, biganəlik deyil, siyasətdir. Misirdə Mursinin və Müsəlman Qardaşlarının devrilməsi Türkiyə iqtidarını hövsələdən çıxarır; camelər dolub-daşır, etirazlar ara vermir. Demirlər ki, bu, Misir xalqının işidir, biz də öz xalqımızın dərdlərinə yanaq... 
Birinci dəfə Çində 1995-ci ildə olmuşam; Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevin bu ölkəyə rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibindəydim. Heydər Əliyevin ovqatının xoş olan günləriydi, görüşlər yüksək səviyyədə kecirdi. Yola düşəndən qayıdanadək deyir-gülür, hal-əhval tutur, hamını dinləyir, dəstədəki ziyalılarla söhbətləşir, yeri düşəndə onlara sataşır, görüşlərdə özünü balaca Azərbaycanın yox, elə Çin boyda bir ölkənin böyüyü kimi aparırdı... Həmin səfər, ordakı rəsmi və qeyri-rəsmi söhbətlər özü ayrıca, maraqlı bir yazının mövzusudur. 
Pekinin böyründən keçən Böyük Çin Səddinin üstündə bir şeir də yazmışdım:

...Göz işlədikcə uzanan divar,
İlğıma bürünmüş Quzey vadiləri,
Gözlərimə dolan acı,
yaşanmış bir tarixin kədəri.
...Bir qanadlı millət vardı,
Şeytan min illərdir
divar hörür, tel çəkir, quyu qazır
bağlamaq üçün yolunu.
Yürüşdən qoparıb
özlərinə bənzətdilər onu!
Nə axın-axın səyyahı görürəm,
Nə ilan kimi dağlara dolanan divarı.
Fikrimdə ilğımlı çöllərin genişliyi, 
Tanrı Dağlarının qarı,
Bu divarları mənə tanıtmaq istəyənlərə heyrət
Və onu çürük sap kimi qıran cəsarət...

Belə rəsmi, qeyri-rəsmi səfərlər çox olub; bəzilərindən sadəcə bir şeir qalır, bəzilərindən şirin bir xatirə. Nə vaxtsa başım ayılanda, bu mövzulara bir də qayıdacağıma arxayın olmuşam. Amma yazıçı üçün keçən sözü qaytarmaq ümidi aldanışdır. Keçənləri düşününcə, yenisi doğulur. Buna görə də yol qeydləri isti-isti yazılmalıdır, səfər bitər-bitməz...
Çin-Azərbaycan arasındakı diplomatik və iqtisadi əlaqələrin indiki səviyyəsi səfərimizi asanlaşdırır. Çin Hava Yolları həftədə üç dəfə Urumçidən Bakıya və geriyə uçur. Urumçi böyük ticarət şəhəridir və Dubaydan sonra bizim alverçilərin ən çox getdikləri yerlərdən biridir. Digər tərəfdən, səfər işinin bütün texniki tərəflərini həll edən şirkətlər də çoxdur.
Beləliklə, Bakıdan qalxandan dörd saat yarım sonra, sübh çağı, Türk dünyasının bir gözəl şəhərindən başqa bir gözəl şəhərinə düşürsən.
Azərbaycan-Türkiyə Evinin qurucularından və milli hərəkatdan tanıdığım səfər yoldaşım Cahandar Bayoğlu ilə məni təyyarə meydanında əslən Gədəbəydən olan Tural adlı bir gənc qarşıladı və geri yola salanadək bizdən ayrılmadı.
*** 
Doğu Türküstan bir yanı Tanrı Dağları, bir yanı Çin səddi, quzeyi Altay, güneyi Tibet, bir tərəfi Monqolustan, bir tərəfi Tarım hövzəsi - qədim türk torpaqlarıdır... Xatay, Turfan, Hotən, Aksu, Təklə-Məkan, Urumçi, Kaşqar... Böyük Mahmud Kaşqarlının və Yusif Balasaqunlunun vətəni... Türk tarixində ən böyük imperatorluqlardan birini qurmuş, bir çox ilkinlərə imza atmış, qəhrəman, şərəfli uyğur eli...
Bu gün yer üzündəki ikinci böyük qum çölü - Təklə-Məkan bir vaxtlar dünyanın cənnət guşələrindən biri olmuş, Tarım çayı hövzəsində insanlıq tarixinin ən böyük mədəniyyətlərindən biri yaradılmışdır. Bəzi mənbələrdə Tarım vadilərində salınmış və sonralar qum selinin altında qalmış qədim şəhərlərdən, o şəhərlərin yeraltı kitab saxlanclarından bəhs edilir. O da vurğulanır ki, hər hansı bir möcüzəylə o kitabxanaların üstünü örtmüş qum dağlarını qaldırmaq mümkün olsaydı, ordakı zamanı bilinməyən köhnə yazıların böyük qisminin türkcə olduğunun şahidi olardıq. Maraqlıdır ki, bu mülahizələrdən xəbərim olmaya-olmaya mən də fəhmlə “Göy Tanrı” romanımda qədim Tarım mədəniyyətindən və mağara-kitabxanalardan bəhs etmişdim. Bir ehtimala görə, kağızın tapıldığı yer də buradır. Dünya muzeylərində uygur mədəniyyətinin, yazı, kitab sənətinin nümunələri çoxdur...
Doğu Türküstana səfərdə əsas niyyətim uyğur həmkarlarımla görüşmək, Türk dünyasının bu böyük parçasının ruhunu duymaq, ümumi vəziyyəti öyrənmək, sonra da mümkün olsa, Mahmud Kaşqarlının, Yusif Balasaqunlunun məzarlarını ziyarət etmək, Tanrı Dağlarını, Təklə-Məkanı görməkdi. İmkan nəyə catsa... Beş gündə bundan artıq neyləmək olardı? Başqa bir ciddi işimiz yox idi. Daha doğrusu, bundan ciddi iş olmaz ki! Təəssuf ki, vaxtın azlığı, yolun uzaqlığı Təklə-Məkanı görməyə imkan vermədi və qumun “işğalı” altında qalmış çölü yalnız Kaşqara uçarkən, təyyarədən görə bildik. 
Təklə-Məkana marağımın bir səbəbi də türklərin çox qədim qollarından biri olan təkləlilərin Azərbaycana qədər yayılmış olmalarıdır. Təklə adlı kənd yaxın vaxtlara qədər Cəlilabadda da var idi və anlaşılmaz (əslində anlaşılan!) bir mülahizə ilə dəyişdirilərək Sabirabada çevrilmişdir. 
Böyüklərimizə “hörmət” əlaməti olaraq qədim adlarımızın bu cür unutdurulması da bizi köklərimizdən qoparmaq siyasətinin davamıdır və böyük Sabirin imkanı olsa, ilk növbədə, özü etiraz edərdi buna...
Təklə-Məkan qum altında qalsa da, Tanrı Dağlarından Çin səddinə, Altaydan Tibetə qədər olan sonsuz ərazi Avrasiyanın köksündə canlı bir ürək kimi çarpmaqda, bütün gözəlliyi və zənginliyini, rəngarəngliyi və sehrini minillərdən-minillərə daşımaqdadır...
***
Doğu Türküstan türk dövlətçilik gələnəklərinin yarandıgı və yüzillər boyu qorunduğu, gəlişdirildiyi yerlərdən biridir; türkləri istisnasız “vəhşi, köçəri” sayanlara tutarlı cavab olan zəngin oturaq mədəniyyətinə, qədim yazılı ədəbiyyata, möhtəşəm memarlıq abidələrinə sahibdir. 
Əslində, türklərin köçləri onların özlərinə məxsus ərazilərdəki hərəkətləriylə yanaşı, daha çox mövsüm, dağ-aran köçləridir və bu da onların yaşadıqları ərazilərin şərtlərinə bağlı olan və türklüyün təbiətə, göyə, dağlara, gözəlliyə bağlı ruhi durumlarından irəi gələn məsələdir. Belə yaylaq-qışlaq köçləri bu gün də davam edir. Amma bununla yanaşı, türk sivilizasiyası yalnız monqol yaylalarına, Ötükənə, Dağlıq Altaya bağlı bir məsələ deyil, yəni ilk yurdlarımızı yalnız oralarda görmək doğru olmaz... Türk sivilizasiyası, uyğarlığı eyni zamanda Mərkəzi Asiyada, Xəzər hövzəsində, Qafqazlarda, Urmiyə çevrəsində, Kiçik Asiyada, Dəclə-Fərat sahillərində, Hindistandan Balkanlara, Tatarstandan Misirə qədər olan ərazilərdə öz oturaq həyatlarının, şəhər mədəniyyətlərinin ölməz abidələrini yaratmışlar... Bu baxımdan uyğur tarixinə ötəri nəzər salmaq və ya Uyğurstanın qədim şəhərlərini qaçaraq da olsa görmək yetərlidir... 
Doğu Türküstan müstəqil olsa, ərazisinin böyüklüyünə görə dünyanın yeddi-səkkiz ölkəsindən biri olardı. Uyğur türklərinin vətəni həm də ümumtürk ruhunun, varlığının beşiklərindəndir. Hunlar, göytürklər, oğuzlar, türkeşlər... Kimlərin izi yoxdur burda?! Burda qurulan Qaraxanlı dövləti türklərin üç qitəyə yayılmasına hərəkət verən güclərdən biri oldu, türk dili və mədəniyyətinin şöhrətini dünyaya yaydı, içinə aldığı Mərkəzi Asiya ilə birlikdə ağlasığmaz bir elm, sənət mühiti oluşdurdu, dünyada bir çox elmlərin təməlini qoyan alimlər yetişdirdi, Qaraxanlı hökmdarı Abdulkərim Saltuk Buğra xanın və ardınca bütün ölkənin 840-cı ildə islamı qəbulu etməsi türkləri islam aləminin lideri və bayraqdarına çevirdi... 
Saymaqla qurtarmaq olmaz. On üçüncü yüzildə Qaraxanlı dövləti ikiyə ayrılıb, süqut etdikdən sonra bu torpaqların üstündən çox bəlalar keçdi, müstəqil, qeyri-müstəqil dövlətlər bir-birini əvəzlədi. Hətta on doqquzuncu yüzildə uygurlar 14 il könüllü şəkildə Osmanlı imperatorluğunun tərkibinə qatıldı. Lakin az sonra yenidən Çin işğalı başlandı... Sonra ruslar gəldi... 
Amma Rusiya ilə Çin arasında uzun sürən ötür-ötürlərdən sonra Dogu Türküstan 1949-cu ildən başlayaraq Çinin tərkibinə qatılmış və ona “yeni torpaq” - Sincan adı verilmişdir. Öz varlığını qorumaq üçün qanlı-qadalı bir mübarizə yolu keçmiş, saysız şəhidlər, qurbanlar vermişdir; lakin hələ də öz müstəqilliyinə qovuşa bilməmişdir. Milli müqəddəratını həll etmək yolunda atılan addımlar faciəni daha da dərinləşdirmiş, hərb maşını daha amansızlıqla üstünə gəlmişdir. 2009-cu ilin qanlı olaylarını, yüzlərlə günahsız uyğurun qətlə yetirilməsini xatırlamaq yetərlidir... 
Sonuncu belə toqquşma bu yaxınlarda olmuşdur və bu olay mənim uyğur ellərini gəzmək, Qırğızıstan tərəfdən gördüyüm Tanrı Dağlarını bu dəfə də Gündoğan tərəfdən ziyarət etmək arzumu bir az da körükləmişdi.
Məncə, bu iç savaşlara ehtiyac yoxdur. Uyğurlar həm Çin hakimiyyəti, həm də beynəlxaq təşkilatlarla danışıqları ardıcıl, arasıkəsilməz diplomatik işə çevirməlidirlər, uyğur məsələsi gündəmdən düşməməlidir; dünya bu boyda ölkəni zorla qonşu bir ölkənin tərkibində saxlamağın mümkünsüzlüyünü görməlidir. Yaxud mərkəzi hakimiyyətlə münasibətlər elə qurulmalıdır ki, uyğur xalqının iradəsi bu torpaqların üstündə əsas qanuna çevrilsin, onun iradəsini zorlamaq, onu assimilyasiyaya uğratmaq mümkün olmasın. İndiki Cin siyasəti məhz uyğurları öz yurdlarında azsaylı xalqa çevirib əzmək niyyətinə xidmət edir. Uyğur torpağında on milyondan artıq çinli yerləşdirməyə hazırlaşırlar və bu niyyətlə çöllərdə iri şəhərlər salınmaqdadır. Bir millətə qarşı ən böyük ədalətsizliklərdən biridir bu!.. 
*** 
Urumçı iri və müasir şəhərdir. Əhalisinin sayını dəqiq deyən olmadı. Biri üç milyon dedi, biri beş milyon... Dörd-beş mərtəbəli körpüləriylə sürətli yolları tıxacsız olsa da, bu başından o başına getmək xeyli vaxt alır. Bəzi göydələnləri Nyu Yorkdakıların bənzəri və ya ekizidir. Qərb ölkələrindən heç nə ilə seçilməyən qaynar, canlı həyatı var. Bununla belə, şəhərin on dəqiqəliyindəki kəndlərdə tam bir orta əsr mənzərəsiylə qarşılaşırsan. Hər həyətdə arxac, hər arxacda da iyirmi-otuz dəvə. Yol boyu evlərin balaca eyvanlarına palazlar sərilib, ürəyi istəyən dönüb qımız içə, dincələ bilər. 
Bura Cinin Qərb qapısıdır. Şərqi Rusiya, Sibir, Mərkəzi Asiya və Qafqazla ticarətin ağırlığı Urumçinin üstündədir. Küçələr, otellər dünyanın müxtəlif yerlərindən gələn alış-veriş əhli və turistlərlə doludur. Özümü Özbəkistandakı və ya Qırğızıstandakı kimi rahat hiss edirəm... Rus dili uyğurcadan, çincədən sonra üçüncü işlək dildir.
Azərbaycandan Doğu Türküstana axın azalıb. Daha dogrusu, burda ayaq tutandan sonra tədricən Cinin iç və şərq bölgələrinə doğru yayılırlar. Bizimkilər bu sahədə zirəkdirlər. Monopoliya, gömrük əngəlləri olmasa, dünyanın harasından desən, nə istəsən, dartıb gətirərlər, bazarlarımız ucuzlaşar. Lakin əhalinin belə fəallığı və zənginləşməsi bəlli qrup adama sərf etmir, buna görə də orta təbəqə zəif yaranır, adamlarımız nə qədər zəhmət çəksələr də, ələbaxanlıqdan, xırda ticarətdən o yana gedə bilmirlər. Yəni dolanışığı varsa, bəsidir, baş qaldırsa, başı kəsilər...
Axtarmağa ehtiyac yoxdur, Azərbaycan restoranlarından birində qonaq olsan, hamısı xəbər tutacaq. Şəkililər kimi dadlı-duzlu danışan və bir müddətdən sonra güman ki, Urumçinin yarısına Şəki ləhcəsini sevdirəcək Rövşənin “Raviana” restoranında mürəbbəli çay içib, günorta yeməyini yeyəndən sonra anladım ki, onlara qalsa, biz burda Azərbaycandan kənarda oldugumuzu hiss etməyəcəyik... Öz yeməklərimiz, mürəbbəli çay... Halbuki uyğur mətbəxı möhtəşəmdir və onu dadmamaq günah olar.
Hərəni bir tale gətirib bura. Bizi qarşılayan, gəzdirən Tural deyir ki, on üç yaşından evdən çıxandır. Bir müddət Moskvada yaşamışdır. Buna "yaşamaq" yox, "ayaqda durmaq üçün mücadilə" desək, daha doğru olar... Həyatından razıdır. Gədəbəy üçün maraqlı arzuları, planları var. Demək olar, hər gün görüşdüyümüz İlyas müəllim əslən göyçəlidir. Rusiyada, Sankt-Peterburqda oxuyub. Riyaziyyatçı alimdir. Ugursuz tale onu da öz əsas peşəsindən, işindən ayırıb. Ağıllı, söhbətcil adamdir. Urumçidə yaşayan yerlilərimiz ona ağsaqqal kimi baxır, çətinə düşəndə onunla məsləhətləşirlər... Bu tanışlqlardan sonra, vaxt itirmədən, bir gün sonraya Kaşqara uçmağa bilet sifariş verdik və elə gəldiyimiz gün dağlara getdik. “Dağa getmək” Urumçidə tez-tez eşitdiyim söz idi. Axtardığım yazıçıların da səsi-sədası dağlardan gəlirdi. İlyas müəllimin dostları da onu dağa dəvət edirdilər. Məni bu boyda uzaqlıqdan çəkib gətirən də Tanrı Dağlarına salam vermək istəyiydi... Hazırlıq işi çətin deyil! Yol boyu hər şey satılır. Uyğur qımızı, qazax pendiri, çın arağı... İsti qarğıdalı çörəyi, pamidor-xiyar, ət... 
Yolüstü alış-veriş yerləri Quzey Qafqazın balkar, qaraçay bazarlarını xatırladır. Elə adamlar da, atlarını kirayəyə verməyə yığışmış cavanlar da, danışdıqları dil də... Hətta getdiyimiz yol da sərt qayaları, yam-yaşıl yamacları, qalın meşələri, düpbədüz küknar ağaclarıyla Elbrusa, Tiberdaya gedən yolları xatırladır... Bizi dəvət edənlər də mövsümü bizimlə açacaqlar, bu il hələ yaylağa qalxmayıblar... Üzlərinin ifadəsindən görürəm ki, zirvələrə doğru uzanan vadilərdəki alaçıq şəhərciklərinin yayın bu qızmar vaxtında boş olması onları da təəccübləndirir. Alaçıq şəhərciklərindən bəzisi tam boşdur və belə görünür ki, bu il buralara gələn olmayıb... Bəzi şəhərciklərdə isə təkəm-seyrək adam var. Bir də bizim kimi gələn turistlərdir... 
Obalar tək-tək arxada qalir... Balaca dağ çayları, bulaqlar, yamaclara yayılmış qoyun sürüləri... Dağların canlı həyatında bir əbədiyyət havası dolanır, dəyişilməzdir, ancaq alaçıq şəhərciklərinin boşluğunda xəyalı çaşdıran bir anlaşılmazlıq var, sanki kosmosdan enib bu yerlərin canını, ruhunu sorub aparıblar... Sonra öyrəndim ki, o qoyun sürülərini saxlayanların obaları ayrıdır, bizim gördüyümüz isə yaydan-yaya şəhərdən bura istirahətə gələnlər üçün tikilmiş turist ocaqlarıdır... 
Amma bu il gələn yoxdur. Daha doğrusu, xalqı şəhərlərdən qoparıb öz köhnə həyatına qaytaran, onun ruhunu dirçəldən bu yaylaq yollarına çəpər çəkən hakimiyyətin özüdür, aşağıda dağ ətəklərində istirahət guşələri tikirlər ki, gələnlər orda dincəlsin. Bu, artıq çadır şəhərciyin ləzzətini verməyəcək... 
Bu dağ cazibəsi nədir, görəsən? Dünyanın harasına getmişəmsə, rahatlıq vermədən məni çəkib, duyğulandırıb, danışdırıb, ağladıb, güldürüb... İndi də Nyanşanın, Tyanşanın - yəni Tanrı Dağlarının zirvələri çağırır... Savalan, Babadağ çağıran kimi... Dağlarla xəyali söhbətim nə qədər çəkir, bilmirəm... Yoldaşlarımın səsi məni yoldan yarımçıq qaytarır. Qayalardan köpüklənə-köpüklənə gələn dağ çayının qırağında süfrə açılıb... Bu qeyri-adi, adamı fikir burulğanına atan, içini dağıdan bir məclis idi...
Urumçiyə dönəndə bizi səfərimizdən xəbərdar olan və burdakı azərbaycanlıların çox sevdikləri uyğur hakim Ənvər təkidlə qonaq çağırdı. Yeni bir ticarət obyektinin açılışıydı. Yazıçı həmkarlarımız da bura gələcəkdilər...
*** 
Rozimuhəmməd Mütəlliblə bir neçə aydır yazışırıq. Elektron ünvanımdakı məktubuna təəccüblənmişdim. Təmiz Azərbaycan ağzıyla yazılmışdı... Təqdimatından bəlli olurdu ki, “Sincan yaşları” (gəncləri) dərgisinin redaktorudur. Mənim “Göy Tanrı” romanımı oxuyub və onun uyğurcaya çevrilməsinə icazə istəyir... Roman Doğu Türküstana necə gedib çıxmışdı, hansı dildən çevirəcəkdi? Məktublaşmalarımızdan öyrəndim ki, Rozimuhəmməd əsəri Türkiyə nəşrlərinin birindən götürüb, özbəkcəsini də tapıb... Məndən orijinalını istəyirdi. 
Axşam Ənvərin məclisinə şair dostlarıyla gəldi... Söhbətimiz gecə yarısınadək uzandı. Razılaşdıq ki, onlarla ayrıca, biz Kaşqardan döndükdən sonra görüşək...

Mahmud Kaşqarlını ziyarət

Urumçi–Kaşqar arası min altı yüz kilometrlik yoldur. İki saat yarımdan sonra təyyarə enməyə başlayır. Önümüzdə Buxara, Təbriz, Naxçıvan və ya Qobustandan az seçilən bir mənzərə açılır. Çılpaq, boz təpələr... Ancaq onların arasında, su dəyən yerlərdə göz işlədikcə uzanan cənnət... Qeyri-adi bir nizam və səliqəylə əkilib-becərilən bağlar, tarlalar... İnsan çörəyini daşdan çıxarır. Elə Mahmud Kaşqarlı da türkcəni ərəbin, farsın daş məngənəsindən qoparıb çıxarmışdı... 
Kaşqar Urumciyə görə çox istidir. Təyyarədən enən kimi özümüzü taksiyə salıb “Mahmud Kaşqarlını ziyarətə gedirik!" - dedik. Taksi sürücüləri təyyarə meydanından 60 km aralıda olan Upal kəndini yaxşı tanıyırlar... Sürücümüz Əhmədcan da maşınını qazla doldurub (burda əsas yanacaq maye qazdır) Kaşqarlının əbədi yuxuya getdiyi kəndə doğru baş alır... Cahandar sürücüylə söhbət edir, mənimsə gözüm yollarda, yol boyu sıralanmış agaclarda, bizim aran kəndlərinə bənzar qovaqlı-qələməli kəndlərdə, torpaqda, dağda-daşdadır. Biz bu yerlərlə tanışıq, mən buraların dilini bilirəm, buralar mənim... İslamı qəbul edəndən sonra türklərin Şərq torpaqlarında qurduqları və dörd əsrə yaxın yaşamış məşhur Qaraxanlı dövlətinin (840-1212) ürəyi bu yerlərdə döyünmüşdür. 
Onların ilk paytaxtları Kaşqar idi. Kaşqarlılar da, bizim kimi, özlərini Alp Ər Tonqa - Əfrasiyab soyundan sayırdılar. İslamı qəbul etsələr də, dövlətin bütün qədəmlərində türk milli təfəkkürü çox güclüydü; bugünkü dillə desək, ideoloji yönü Orxon yazılarının türk millətçiliyi ruhuna bağlıydı və ondan az fərqlənirdi... Zatən islamdan çox-çox öncədən də onların inancı təkallahlılıq idi, Göy Tanrıya tapınırdılar. Bu, onların islama keçişini asanlaşdırmışdı. 
Müsəlman olduqlarından Quranı-Kərimdən seçilmiş adlar daşısalar da, hələ köhnə, ənənəvi, gözəl türk adlarından da əl çəkməmişdilər... "Əbu/bin" şəkilçili ərəb adlarının sonuna Arslan xan, Bilgə xan, Buğra xan kimi türk damğalarının vurulması iki mədəniyyətin qovuşmasının əlamətiydi... Sonrakı dövlərdə ərəb-fars-türk üçlüyü arasında gizli mücadilə həyatın bütün sahələrində davam edərək İslam aləminə böyük zənginlik gətirmişdir. Ancaq ən ağrılı cəhət budur ki, indi yol getdiyim bu torpaqlarda, Mərkəzi Asiyada, Azərbaycanda ərəb, fars hegemonluğundan öncə türkcə yazılmış bütün kitablar insanlığa yaraşmayan şəkildə məhv edilmişdir.
“Kutadqu Bilig”in və “Divani-lüğət-it-türk”ün taleyi bunu aydın göstərir. Türklüyün qürur yeri və xoşbəxtliyi olan bu iki əsər olmasa, yazılı ədəbiyyatımızın ən azı dörd əsrlik tarixinin üstündən xətt çəkiləcəkdi. 
Türklər zəifləmiş Xilafətin damarlarına təzə qan kimi gəlmiş, qısa müddətdə Bağdadın sahibinə cevrilmişdilər. Xilafətin real idarəçiliyi onların əlindəydi. Hər kəs türklərlə yaxınlığı, dostluğu özünə şərəf sayır və türkcəni öyrənməyə can atırdı. Ərəb alimlərinin kitablarında türklərin cəsarəti, mərdliyi, islamın xilaskarı olmaları haqqında mədhiyyələr uc-uca calanmışdı. 
Türk dünyasının ən uzaq guşələrindən Bağdada axın vardı; karvanların ardı-arası kəsilmirdi... Alimlər, üləmalar, mədəniyyət xadimləri, öyrətmək və öyrənmək istəyənlər... Və karvanların əsas yüklərindən biri də kitabdı... Türk dünyasının bütün mənəvi sərvəti bura axırdı... Axırdı ki, bir gün din bayquşlarının və islamı ərəb-fars şovinistlərinin hegemonluq alətinə cevirənlərin əliylə məhv edilsin, yandırılsın, izi də silinsin... Hətta dövrünün ən məşhur adamı olan Mahmud Kaşqarlının zamanının möcüzəsi sayılan əsəri də bu düşmənçiliyin qurbanı olmuşdur və orta yüzillərdə geniş yayılmasına baxmayaraq, XX yüzilə yalnız bir nüsxəsi gəlib çatmışdır və o da qeyri-adi bir təsadüflə xilas edilmişdir... 
İslam aləminin idarəçiliyi türklərin əlində olduguna görə türkcə bir bədii və rəsmi dil olaraq ən yüksək inkişaf mərhələsinə çatmışdı. XI yüzildə Kaşqardakı, Balasaqundakı böyük türk ruhunun Yusif Has Hacib qələmində ifadəsi olan “Kutadqu-Bilig”də çiçəkləyən bu dil ənənələri sonda Nəvai yaradıcılığında öz zirvəsinə ulaşmışdı. Bağdada getmiş Mahmud Kaşqarlı kimi türk bilginləri ərəbcəni, farscanı mükəmməl bilirdilər, ancaq türkcənin ərəbcədən geri qalmadığını göstərmək üçün türk dili sözlükləri və ya “Divani-lüğət-it-türk” kimi ensiklopedik əsərlər yazırdılar....
Heç şübhəsiz, “Kutadqu-Bilig” də ilk deyil, “Divani-lügət-it-türk”də... Çin, fars, ərəb, monqol, rus işğalları... Üstümüzə kim gəlibsə, ilk növbədə türk kitabının, o kitablarda yaşayan türk tarixinin düşməni kimi gəlib. Və mən Mahmud Kaşqarlının ziyarətinə gedərkən yol boyu o külü göyə sovrulmuş kitabxanalarla birgə çox şeylərimizin qeyb olduğunu, qəhrəmanlıq ruhumuzu itirdiyimizi düşünürdüm və alnıma soyuq tər gəlirdi. Bir qələm adamı üçün bu, bütün zəhmətinin batması, ömrün puç edilməsidirsə, bir xalq üçün mənəvi ölümdür, insanlıq üçün tarixinin bütöv bir dövrünün unutdurulmasıdır.
Düşmən öz yalançı üstünlüyünü göstərmək üçün ilk növbədə - sənin mənəvi xəzinələrini talayırdı.
O hansı ruh idi bu torpaqda elə nəhəngləri yetirən, buraları Bağdadla, Təbrizlə, Buxara və Səmərqəndlə birgə türklüyün mərkəzinə çevirən... bu yerlərdən Yusif Balasaqunlunun diliylə türk əxalqına, türk törələrinə dayanan, bu gün belə yetişə bilmədiyimiz, utopik, ideal dövlət quruculuğuna səsləyən?!.
Cahandarın Əhmədcanla söhbəti davam edir və mən Monqolustana, Ötükənə səfərimi, Tonyukuk, Orxon yazılarını ziyarətimi xatırlayıram.
Bakıdan neçə min kilometr yol gəlmişəm, amma içindən şəfəqlənən o ağ daşların üstündəki “türk budunu” (milləti), “türk bəyləri” sözləri ilə aramızda hələ 2 min kilometr də yol var. Bir kökümüz da ordadır - 2 min kilometr şərqdə. Dünya boyu bir yaşam mücadiləsi və hələ də davam edən acılar... Gəzib-görmək gözəldir, lakin hər yerdə ürəyin qurduqlarının, elədiklərinin qüruruyla yanaşı, itirdiklərinin ağrısıyla da dolur. Bu ağrıya dözmək çətindir!..
Quru çöllərin, boz təpələrin bu qədər səliqəli, bərəkətli bağ-bağata, əkin-biçin yerlərinə çevrilməsinin səbəbini yolda anladım. Kaşqar camaatı arı kimi çalışqandır. Az qala hər kəndçinin altında bir motosiklet var, sadə, ucuz. Uyğurlar buna "tokasiklet" deyir. Qadınların işi asanlaşıb, uşaqlarını da arxasına və ya qoşqusuna alıb gedir. İşə, bazara, qonşuya gedən... hamısı yollar boyu sıralanmış motosikletlərin belindədir. At əvəzi! Amma yeni texnika insanın köhnə yardımçılarını da unutdurmayıb. Əhmədcan yol kənarında hər cür qoşqu arabalarıyla, heyvan-qarayla dolu geniş sahəni göstərib, “Bura ulaq arabasıdır” deyir.
Tokasikletin çoxluğu ilə Kaşqar mənə İndoneziyanın paytaxtı Cakartanı xatırladır. Orda da qarışqa sürüsü kimi yolları dolduran, maşınların arasından süzülüb gedən motosikletlər ən çox gözə çarpan cəhətlərdəndir.
Yol boyu uzanan yaşıllıqlar sıxlaşır. Bu yaşıllıq qarşıdakı çılpaq təpəyə dirənir. İki-üç sıra, mərtəbə-mərtəbə qovaqlar bələdçilik edir sanki. Qələmələrin hər biri Mahmud Kaşqarlının qələmi kimi sancılıb kəndin yaxasına. Yolun sonunda böyük alimin əzəmətli heykəli görünür.
Alaqapı Səmərqənd, Buxara memarlıq ənənələrinə uyğundur. Bu da anlaşılandır. Vaxtilə Qaraxanlılar dövləti oraları da öz tərkibinə qatmışdı, dövlətin qərb mərkəzləri oralardı...
Bizi Kaşqarlı qarşılayır. Buranın əbədi ev sahibi o özüdür. Nəsillər gəlib gedəcək, lakin o bizim Qobustan təpələrinə bənzər şırım-şırım təpənin ətəyində, göylərə dikələn qovaq ağaclarının kölgəsində, çiçəkləyən ağacların, qızılgüllərin ətrinə bürünmüş halda ziyarətinə gələnləri qarşılayıb yola salacaq. Heykəlin ayağında, kürsüdə ərəb əlifbası ilə dahi alimin qısa ömür yolu yazılıb: “1908-ci ildə doğulub. Gənclik illərində Xilafətin baş kəndi olan Bağdada gedib. Orda ömrünün müdrik yaşında “Divani-lüğət-it-türk”ü yazıb. Sonra bütün təkidləri rədd edərək vətənə qayıdıb. Doğma vətənində mədrəsə açıb, uşaqlara dərs verib. 1105-ci ildə, 97 yaşında ölüb”. 
Mən bu məlumatı oxuyuram. Qazaxıstandan gəlmiş qadınlar da mənə qoşulurlar. Qocaman ağaclar təpənin ətəyinə, yamaclarına bir dinclik, bir əbədiyyət havası yayır. Heykəlin yanından ötüb üzü yuxarı qalxırıq, 12-13 yaşlarında iki uyğur uşaq bizə bələdçilik edir.
Bağın sıx yerində yuxarıdan axıb gələn arxın qırağında, uyğun kəndlərində, dağa gedən yolların üstündə tez-tez müşahidə etdiyimiz mənzərə təkrarlanır. Yan-yana hərəsinin üstündə 30-40 nəfər otura bilən taxtlar düzəldilib, xalı-xalça döşənib, yastıqlar atılıb. Gələn qonaqlara çay, su, qovun-qarpız, yüngül yeməklər təklif edirlər.
Burdan ötüb gedirik... Əsas məqbərəyə çatmaq, məzarı ziyarət etməkdir. Dik pilləkənlər bizi başqa bir meydana qaldırır. Elə bilirəm, M.Kaşqarlı burda dəfn olunub. Lakin hasarın içində qorunan məzar yox, kökdən qopub yanpörtü dayansa da hələ qurumamış nəhəng ağ qovaqdır. Adamlar bu ağacı dövrələyib durublar. Bir yaşlı uyğur Qurandan ayələr oxuyur. Yaxınlaşıb baxıram, aşağıda ağacın köklərinin, bu köklərdən qalxan gənc, güclü pöhrələrin arasından bir kəhriz axır. Pilləkənlə kəhrizin üstünə enirəm və ürəyimi izahı olmayan bir qüssə bürüyür. Cəbrayılın məşhur kəhrizini, onun üstündəki çinarı xatırlayıram. 
Gələnlərin bu suyu, bu ağacı ziyarəti təsadüfi deyil. Mənə elə gəlir ki, Kaşqarlını o vaxtın dəbdəbəli Bağdadından bu balaca kəndə, bu çılpaq təpənin ətəyinə çəkib gətirən də elə bu kəhriz, onun sərin suları və susmaz vətən nəğmələri olub...
Yaşlı uyğur Quran ayələrini uyğurca dualarla tamamlayır, bizə yanaşıb "xoş gəldiniz" deyir.
Bələdçim, 7-ci sinif şagirdi Saniyə mənə yuxarı qalxmalı olduğumuz xatırladır və başqa bir dik pilləkəni göstərir.
Pilləkənin sonunda Naxçıvan, Səmərqənd, Buxara memarlığını xatırladan balaca bir bina var. Girişində M.Kaşqarlının rəsmi. Onunla bir daha salamlaşıb həyətə girirəm. Böyük alimin məqbərəsi geniş həyətin arxa tərəfindədir. Balaca, qədim binadır. Üstünə yaşıl örtük çəkilmiş sadə məzarda bu torpaqların İslam dünyasına, insanlığa hədiyyə etdiyi bir türk böyüyü, bir böyük zəka, ideal sahibi, bir övliya, bir sönməz işıq uyuyur. Vəssalam! Kaşqarlının dırnağı olmayanların qızıla tutulmuş türbələrini xatırlayıram. Nə olsun!
Burdan, bu qeyri-adi dağın yamacından Kaşqarlının doğma Upal kəndinin təkrarsız mənzərəsi görünür. Yamyaşıl ağacların arasından evlər zorla seçilir.
Böyük alim məzarıyla bu kəndi də ziyarətgaha çevirib. Onun uyuduğu yer adama qəribə bir dinclik gətirir, bir anlığa dünyanın qovhaqovunu, qovğalarını unudursan. Son budur! O da hər kəsə qismət olmur. Məqbərənin həyətindən arxa tərəfə boylananda Kaşqarlının burda dəfn olunmasının əsas sirri aydınlaşır. Çılpaq dağın şırım-şırım ətəklərində yüzlərcə, minlərcə belə məzar var. Üstündə balaca məqbərələr, hücrələr, gümbəzlər, tikililəri də var, eləcə açıq havada qalanları da. Məzarlar, sanduqələr iridir. Hər biri balaca küməyə oxşayır. 
Dağın qumsal yamaclarından axan sellər qəbiristanı şırım-şırım bölüb, bir qanadı da Kaşqarlının türbəsinin yanından axıb gedir. Kaşgarlı bu kəndə doğmaların canlı həyatına qoşulmağa, bu kəhrizin susmaz nəğmələrini dinləməyə və bu məzarlığa, əcdadlarına qovuşmağa qayıtmışdı. İnsanın ruhu da hər yerdə dincələ bilmir. 
Kaşqarlı da bütün uyğurlar kimi qonaqsevərdir. Bu qeyri-adi türbələr şəhərciyini daha yaxşı görmək üçün məqbərənin yan tərəfinə çıxanda ziyarətçilərin həyəti yandan, arxadan dövrələmiş tut ağaclarının altında tut yediklərini gördüm. Mən də əlimi uzadıb bir neçə iri, bal kimi şirin ağ tut qopartdım. Bu Kaşqarlının ehsanıydı, onun süfrəsinin nemətiydi, imtina eləmək olmazdı.
Ziyarət bununla bitmir. Ağacların arasıyla uzanan yol bizi Kaşqarlı muzeyinə, ordan da mağaraya aparır.
Muzeyin baxıcısı Paşagül (uyğurlar arasında yayqın adlardandır... Şiringül və s.) qapının ağzında oturub, çiçək arzularını bir toxumaya köçürməklə məşğuldur. Tanış olur, şəkil çəkdiririk.
Muzey çox sadə və kasıbdır. Məncə, Kaşqarlı dövrü və Qaraxanlı mühitinin türk-islam dünyası ilə əlaqələrini əks etdirən eksponatlarla zənginləşdirilməlidir.
Muzey Kaşqarlı adına layiq şəkildə yenidən tikilməlidir. Bunu Türk dövlətləri və ya TÜRKSOY yapa bilər; Çin dövləti ilə razılaşma əsasında.
Muzeyin ən dəyərli eksponatlarından biri Kaşqarlının məşhur dünya xəritəsidir. O -Kaşqarı, Tanrı dağlarını dünyanın mərkəzi kimi təsvir edib. Məncə yanılmayıb...
Mağaraya gedən torpaq yolda əlimdən balaca bir əl yapışır: bu, Saniyədir; ehtiyat edir, ayağım sürüşə bilər. Mən gülə-gülə onun əlini sıxıram və özüm ona yardım edirəm: “Qorxma, yavrum, mən yıxılmaram, belə yollara öyrəşmişəm!” Uşağın həssaslığı ürəyimi kövrəldir...
Mağaradan sonra yenidən xalı-xalçalı meydançaya qayıdıb, bir qab sərin su içəndən, M.Kaşqarlının heykəli ilə vidalaşandan sonra uşaqlara kiçik bir zəhmət haqqı verib bizi iki saatdan artıq gözləyən Əhmədcanın maşınına otururuq. Əlvida, böyük ustad! Bəlkə də indiyədək Azərbaycandan kimsə səni ziyarət etməyib! Amma Azərbaycanda da canlısan, oxunursan, öyrənilirsən... Zəhmətinin böyüklüyünə orda da heyrət edilir. Orda da Sən bizlərdən birisən və dirisən! Dünya durduqca, yəni türklük və türk dili yaşadıqca diri qalacaqsan! 
Yolda Əhmədcan bizə çöldə salınan yeni bir şəhəri göstərir. “Çin hökuməti tikdirir, - deyir, – yaxın vaxtlarda Uyğurstana 10 milyon çinli köçürmək istəyirlər! Bizi məhv etmək üçün!”
Göylər bu xəbərə bəndmiş. Yayın ortasında belə yağış olar? Yollarla sel axır...
Amma Kaşqara çatanda yağış da dayanır. Əhmədcan “hansı otelə gedəcəksiniz?” – deyə soruşur.
“Tələsmə! – deyirəm. – Hələ biz Yusif Has Haciblə də görüşməliyik! Tanıyırsan?”
Başıyla tanıdığını bildirərək maşını Yusuf Balasaqunlunun movzoleyinə sürür.
Bura Mahmud Kaşqarlının məqbərəsindən daha abaddır.
Başdan-başa kaşı ilə üzlənmiş gözəl bir tikilidir. Geniş həyət-bacası. Məzar da kaşıyla bəzədilib. Məqbərənin divarlarında Yusif Balasaqunlunun “Kutadqu-Bilig”indən seçmə beytlər yazılıb. Ərəb və latın qrafikasıyla. Balasaqunlunun məqbərəsi, nədənsə, Ərdəbili, ordakı Şeyx Səfi məzarlığını xatırladır. Məqbərənin baxıcıları hardan gəldiyimizlə maraqlanırlar. Cahandar onlarla söhbət edir, tanışlıq verir. Söhbət gedə-gedə burda çalışan gənc oglan əlindəki tableti (planşeti) qurdalayır və bir azdan ordan tək-tək mənim olduğum səhifələr açılır: VHP, DAK... yazılar, şəkillər... 
Tez toplanıb bir neçə şəkil də onlar çəkirlər. Cahandar belə işlərdə zirəkdir, bir neçə dəqiqə sonra bu şəkillərin hamısı feyzbukda olacaq... Vidalaşıb ayrılırıq.
Min il öncə bu torpaqların yetişdirdiyi iki nəhəng insan təkcə uyğurların yox, oğuzlu, qıpçaqlı, katluklu – bütün türk uluslarının böyükləridir. Bu ziyarətlərdən sonra içim qəribə bir rahatlıqla dolur. Babaddağ ziyarətindən sonra belə olmuşdu. İndi də zirvədən enən kimi enirəm Kaşqarın bu günkü xaosuna... Gecəni yatıb, ertəsi gün tezdən Urumçiyə qayıtmalıyıq.
***
Öncədən razılaşdığımız kimi, Kaşqardan qayıdan günün axşamı uyğur yazıçılarının qonağıyıq... Urumçinin ən məşhur restoranlarından birində on beş-on altı nəfərlik bir dəyirmi masada toplaşmışıq. Məşhur şairlər, ədəbiyyatşünas alimlər, yazarlar, naşirlər...
Təşkilatçı “Göy Tanrı”nı uygurcaya çevirən, aralarında hamısından gənc olan Rozimuhamməd Mütallibdir... nasir Fərhad Cəlan, şairlər Əzizi Əli, Abdulhəmid Məhəmmədəmin, Vahidcan Osman, Adımuhamməd Turan, ədəbiyyatşünas-alim, universitetdə türk ədəbiyyatı professoru Hörmətcan Əbdürrəhman, Pekin Dövlət Nəşriyyatında milli ədəbiyyatlar şöbəsinin müdiri Yaqub Muhamməd və s. Fərhad Cəlan Mahmud Kaşqarlı haqqında iri həcmli tarixi roman yazıb. Roman Türkiyədə də nəşr olunub. Vahidcan şən, deyib-gülən adamdır, türk dövlətlərinə səfərlərindən, ötən il Təbrizdə olmasından və Təbrizi bəyənməsindən danışır, Füzulini, klassik ədəbiyyatımızı, M.F.Axundzadə yaradıcılığını yaxşı bilir, Səməd Vurğunun, Müşfiqin adını çəkir. Əzizi elə bil dünən gedib Azərbaycandan. 
Ramiz Əsgərin “Divanü lügət-it-türk”ü çevirib, nəşr etdiyinə sevindiyini deyir, ona salam göndərir. Ədəbi həyatımızı izləyir. Mənim yazı-pozu işlərimlə, ictimai fəaliyyətimlə bağlı xırda detallaradək çox şey bilməsinə heyrətlənirəm. Dogu Türküstanın tanınmış şairi Vahidcan öz yeni şeirlərini oxuyur... İllərlə bir-birini tanıyan adamlar kimi deyir, gülür, zarafatlaşır, tariximizin acılarını paylaşır, ədəbiyyatımızın, kitabımızın, dilimizin, mədəniyyətimizin qaygıları və gələcəyi barədə dərdləşirik... 
Ertəsi gün Turfana, son hadisələrin baş verdiyi yerə gedəcəkdik. Lakin Urumçidən çıxan kimi fövqəladə vəziyyətin toruna düşdük. Yol üstündə hərbiçilərin yoxlama məntəqəsində sorğu-sual xeyli uzandı. Turfana yetişənə kimi çox belə yoxlama olacaqdı, günümüz mənasız suallara cavab verməyə sərf olunacaqdı... Geri dönməkdən başqa çarə qalmamışdı. Yenə üz tutduq dağlara... 

Tanrı Dağlarıyla söhbət

Təbiət insanın dəyişilməz, əbədi həmsöhbətidir. Çox vaxt adamlardan, kitablardan almadığımız cavabları torpaqdan, ağacdan, havadan, sudan alırıq. Zamanın yaşını daşla, sümüklə müəyyənləşdirirlər. İnsanlığın taleyini və hərəkətini yol xəritələrindən oxuyurlar!
Mən də dağlarla danışmağı sevirəm! Ona görə ki, uşaqlığımız Savalanla dialoqda keçib. Ovqatımız onun başından qalxan buludlara, ondan əsən və bizim evləri yerindən oynadan küləklərə bağlı olub. Üstəgəl, aradakı tikanlı məftillər və həsrət!..
Tanrı Dağları! İssık göl tərəfdən salamlamışdım, indi Günçıxan tərəfdən görürəm onu! Zirvəsinə qalxmaq (zarafat deyil, 8 min metrə yaxın bir yüksəklikdir), Cənnət gölünü görmək imkanı olmasa da, danışmaq və bir-birimizi anlamaq imkanımız var!
O da Savalan kimi qutsaldır! İlk beşiklərimizdən, ilk yuvalarımızdan biri də odur!
Avrasiyanın ortasından min illərdir keçdiyimiz yollara göz qoyur! 
Uğurlarımıza sevinir, uğursuzluqlarımıza kədərlərnir.
Bu gün kədərli göründü mənə Tanrı! Bəlkə ona görə ki, onun döşündən süd əmmiş bir millətin hələ də zillət içində, işğal altında olması ağrıdır onu!
Allah ona, Altaya, Alatauya, Karatauya, Elbrusa, Savalana, Ağrıya və onların ətrafındakı torpaqlara hər şey verib. Çinin neftinin, qazının, qızılının, daş kömürünün, əlvan metallarının böyük hissəsi uyğur torpaqlarından gedir. Lakin əzilən, təhqir edilən, dili, mədəniyyəti sıxışdırılan, ikinci sinif millət sayılan da odur!
Bu nə ədalətsizlikdir və nə qədər davam edəcək?
Ancaq təkcə bura deyil! Türkün, müsəlmanın yaşadığı harda rahatlıq var ki! Hər gün düşmənlə pəncə-pəncədəyik! Daxili didişmələr və xarici düşmənlər! Torpaqlarımız parça-parça qoparılıb əlimizdən alınır, sərvətlərimiz talanır, tariximiz danılır, üstəgəl, bu vəhşi işğalçılar bizi vəhşi cildində göstərməyə çalışırlar!
Tanrı Dağları səsimi eşidir, ürəyimdən keçənləri oxuyur.
“Günahı özünüzdə görün! Allah sizi dünyanın əfəndisi yaratmışdı. Bayrağınız üç qitədə dalğalanırdı. Qılıncınızı öz başınızda sınaya-sınaya param-parça oldunuz! Daha nəyi bilmək istəyirsən? Səni rahatsız edən sualların cavabını min il öncə şair həmkarın verib! Gör min il öncə türk millətinin bu günki halını necə gözəl görüb! Necə gözəl ifadə edib! Təkcə türk millətininmi? Yox, belə desəm, yanlış olar! Onun yazdıqları insanlıq düsturlarıdır. Kim bunu pozarsa, öz hökmünü özü vermiş olur! Gör, nə yazıb Yusif Balasaqunlu:
“Bəy iki şey ilə öz bəyliyini pozar, əyri yola girər və doğru yoldan aşar. Bunlardan biri zülm, biri ihmalkarlıqdır!” – deyirdi Yusif Balasaqunlu. “Bəy” deyəndə o insanı, türk millətini, türk dövlətini düşünürdü! O, bəy deyəndə uca, kamil insanları nəzərdə tuturdu və millətinin hər bir kişisini bəy görmək istəyirdi! Hər şey sizin bəylikdən uzaqlaşmağınızdan başladı. Ağa, əfəndi, yoldaş, tovariş, cənab... Öncə bəyliyini qaytar, sonra faciələrinin kökünü axtar!
Gör, sonra nə deyirdi Kaşqarın böyük bilgini:
“Zalım adam uzun müddət bəyliyə sahib ola bilməz! Zalımın zülmünə xalq uzun müddət dözməz! Zülm yanan atəşdir, yaxınlaşanı yandırar! Qanun su kimidir, axarsa, nemət yetirər! Ey hakim, ölkədə uzun müddət hökm sürmək istəyirsənsə, qanunu doğru yürütməli və xalqı qorumalısan! Qanun ilə ölkə genişlənər və dünya düzənə girər; zülm ilə ölkə kiçilər və dünya pozular! Zalım zülmü ilə bir çox sarayları xarab etmiş və sonunda özü acından ölmüşdür!”
Oxu bu sözləri və bax öz yurdlarımıza, türklük aləminə. Gör, böyük babalarının bütün zamanlar və bütün dövlətlər üçün keçərli olan bu ölümsüz sözlərinə, öyüdlərinə, hikmətlərinə dəyər verən varmı? Zülmün ayaq açdığı, ədalətsizliyin meydan suladığı yerdən nə gözləyirsən? Get, bir də oxu “Kutadqu-biligi”. İmkanın varsa, hər vəzifə sahibinə, hər hakimə də birini göndər. Bir şərtlə, alıb oxusunlar və onun dediklərindən ibrət alsınlar”.
“Ey dövlətli hökmdar! Ən pis iş bəylərin adının yalançı çıxmasıdır! Bəyin sözü doğru olmalı, hərəkəti etimad doğurmalıdır ki, xalq ona inansın və hüzur içində yaşasın. Sözü yalan olan cəfa verəndir, kim cəfa verirsə, o heyvandır.
Bəy cəsur, qəhrəman və çevik olmalıdir; o, cəsarəti ilə düşməni yenər. Qorxaq əsgərin cəsarət alması üçün komandanın cəsur və qəhrəman olması gərəkdir. Comərd ol, bağışla, yedirt və yüksəl!
Məmləkət tutmaq üçün əsgər və ordu lazımdır. əsgəri bəsləmək üçün də çox mal və sərvətə ehtiyac vardır. Bu malı əldə etmək, eləcə də xalqın zəngin olması üçün də qanun qorunmalıdır”.
Tanrı Dağının səsi yüksəldi: “Min ildən sonra da "qanun-qanun" deyib durursunuz! Qanunu qanun verənlərin özündən qorumaq lazımdır. Çünki onlara qanun yoxdur. Onlar “qanun mənəm!” deyirlər”.
"Torpağımız işğal olunub", - deyirsən. Yurduna düşmən yerimiş ölkənin də komandirləri, ordu böyükləri savaşı buraxıb mal-mülk toplamaqla, saraylar ucaltmaqla məşğul olar? Xalq görmür bunu? Vətən qorunmayandan sonra o mal-mülkü kim qoruya bilər? O saraylarda necə yaşana bilər? Böyük şair min il öncədən görürdü bu faciələri və deyirdi: “Gözəl ad və şöhrətlə tanınmağını istəyirsə bəy, (yəni sizin indiki dillə desək - başçı, sədr, nazir, baş nazir, prezident) beş şeydən uzaq durmalıdır: biri tələskənlik, ikincisi xəsislik, üçüncüsü hiddət, dördüncüsü - xalqa inadkarlıq etmək və nəhayət, yalançılıq.
Xalq tərəfindən sevilmək üçün bəy gülərüzlü, dadlısözlü, xoşxasiyyətli olmalıdır. Qabalıq, kin-küdurət, özünü xalqdan yüksək tutmaq, tələskənlik, zəvzəklik avam təbiətidir. Bəy bunlardan uzaq durmalıdır.
Bəylər örf və adətlərə, qanunlara necə riayət edirsə, xalq da eyni şəkildə riayət edir. Hər hansı bir bəy xalqa qanun verməz, xalqı qorumaz və xalqın sərvəti onu zorla qoparanların əlində qalarsa, o, xalqın içinə atəş atmış olar; məmləkət pozular və heç şübhəsiz, bəyliyin təməli yıxılar!”
Tanrı Dağlarının “Kutadqu-biliy”in orijinalında, qədim Kaşqar-uyğur ağzında dediyi sözləri mən bu əsərin ən böyük araşdırıcısı R.Rəhməti Aratın çevrisində verirəm. Heç nə artırmadan, son sözlərini elə olduğu kimi saxladım:

Qılınc tərpənəndə yağı tərpənməz,
Qılınc qına girsə, bəy dinclik bilməz.
Qılınc yurdu düzər, xalqı qazanar.
Qələm eli düzər, xəzinə dolar.
Qılınc qan damızsa, fateh olar bəy,
Qələmin qanısa, altundur demək!

Böyük olmaq, böyüklük etmək istəyirsinizsə, bir olun, adil olun, ədalətli olun və böyüklərinizin sözündən çıxmayın. Sizə yeni Ana Yasalar lazım deyil ki! Gör, bu yasalar min il öncə necə mükəmməl bir şəkildə yazılıb!"
Tanrı Dağları bunu deyib susdu. Mən də susdum. Çünki deyiləcək sözüm qalmamışdı.
Yola düşəcəyimiz gün uyğur yazıçılarının istəyi ilə yenə görüşdük. Ancaq dörd tərəfimiz polislərlə doluydu. Söhbətin dadı-duzu qaçdı. Bu arada Rozi Muhamməd bizi uşaqları ilə tanış etdi: Atilla, Ərturan və Tomris. Bu adları eşidincə ətrafımızdakıları unutdum: Uyğur yaşayır və Tanrı Dağları durduqca yaşayacaqdır.

"Vətəndaş həmrəyliyi" qəzeti









Комментариев нет:

Отправить комментарий