15.08.2013

MÜJKANIN QISQANCLIĞI

Akif ABBASOV

“Acı xatırələr” romanından

Simagilə yığışmışdılar. Müjkan, Səhər, bir də Rasimlə Emil idi. Simanın kefi kök idi. Bu gün ata-anası, bir də qardaşı ilə telefonla danışmışdı. Qardaşı nişanlı idi. Nişanlısı Gülsümün babasının ilini gözləyirdilər. İlini verəndən sonra cavanların toyu olacaqdı. Nadirxan kişi uzun ömür sürmüşdü. Dünyasını dəyişəndə doxsan üç yaşı vardı. O, Məryam arvadla mehriban dolanmışdı. Aralarında qarşılıqlı anlaşma vardı. Məryam heç zaman ərinin üzünə ağ olmamış, sözünün qabağına söz çıxarmamışdı. Onların övladları da valideynlərindən ibrət götürmüş, öz soy-köklərinə layiq böyümüşdülər.
Hər birinin  savadı, təhsili, el-oba içərisində xətir-hörməti vardı. Gülsüm Nadirxan kişinin kiçik oğlu Qulammirzənin qızı idi.
Doğru deyiblər ki: “Qızı tanımaq istəyirsənsə, anasını gör, lap yaxından tanımaq istəyirsənsə - nənəsini gör”. Ana da, nənə də düzgün tərbiyə almış, hər biri öz ailəsinin dirəyi olmuşdu. Sima da istəkli qardaşının belə bir ailə ilə qohum olmasına sevinirdi. Bu fani dünyada bir bacı, bir qardaş idilər.
Nadirxan doğulanda anası uşaq üstə ölmüşdü. Bu faciədən sonra onu ana nənəsi saxlamış, qayğısını çəkmiş, anasının yoxluğunu ona hiss etdirməmişdi. O zaman, yəni körpə öz anasını itirəndə onun nənəsi Zərnisə arvadın altmış iki yaşı varmış. Qadın əllərini göylərə qaldırmış, Allaha yalvararaq demişdi: “Ya mənim döşlərimə süd ver, ya da bu körpənin canını al!” 
Bu vaxt sanki möcüzə baş vermiş, altmış iki yaşlı nənənin döşlərinə süd gəlmişdi.  Nənə bütün həyatını balaca Nadirxana həsr etmiş, onu qol-budaq eləmişdi.
Nadirxan öləndə birinci vəsiyyəti bu olmuşdu ki, onu nənəsinin ayaqları altında basdırsınlar. İkincisi isə, xahiş idi: sevimli nəvəsi Gülsümün toyunu ona görə yubatmasınlar.
Qəbiristanlıqda köhnə qəbirlər çox idi. Elələri vardı, torpağa qarışmışdı, bilinmirdi ki, burada vaxtilə qəbir olub. Birisinin yası düşəndə gəlib qazırdılar, köhnə qəbir çıxırdı. Nadirxan o qədər əməli saleh adam olmuşdu ki, Zərnisə nənənin ayaqları altında yer qazılanda buradan qəbir çıxmadı. Gülsümün toyuna gəldikdə, hər iki ailənin fikri belə oldu ki, Nadirxan kişinin ilini gözləsinlər. 
Sima da Nadirxan kişinin üçündə və yeddisində iştirak etmişdi. Qırxında imkan tapıb gedə bilməmişdi. Əslində Simanın yenidən öz ailəsinə qovuşmasının səbəbkarı Nadirxan kişi olmuşdu. O, Məryam arvadı da götürüb xəbərsiz-ətərsiz Nərimangilə gəlmiş, o, Nərimanla, Məryam da o biri otaqda Səkinə ilə söhbət etməyə başlamışdılar.
Nadirxan dedi:
-Oğul, övladlarımız Allah payıdır, bizə verib. İstəyir qız verir, istəyir oğul verir, istəməyəndə heç birini vermir. Biz də elə bilirik bu oğlan, bu qız bizim qızdır. Yox, Allah bizə əmanət verir, deyir mən verdim sənə, xoşbəxtliyi sənin boynuna. Onu bəslə, böyüt, öyüd-nəsihət ver, oxut, ailə-uşaq sahibi elə.
Nərman əvvəlcə heç cür başa düşmədi ki, kişi nə demək istəyir. Gülsümlə Zəfər barədə nəsə eşitdirmək istəyirsə, niyə məsələnin həndəvərində dolaşır, mətləbin üstünə gəlmir?
Lakin dinmədi. Hövsələsini basıb gözlədi. Adam səbirsizlik eləyib söhbətin nəyin üzərinə gələcəyini gözləməyib fikir söyləyir, sonra görür ki, sən demə, söhbət başqa məsələdən gedir. Belə məqamlarda o qədər sirrlər açılıb ki... Nadirxan kişi dilləndi:
-Səhv eləmirəmsə, sənin Sima adlı qızın var...
Nəriman nəsə demək istədi. Nadirxan kişi əlini qaldırıb Nərimana imkan vermədi ki, onun sözünü kəssin. O, dərindən nəfəs alıb, bir siqaret çıxartdı, yandırıb damağına qoydu. Nadirxan kişi yaman siqaret çəkirdi. Birinin oduna o birini yandırırdı. Oğul-uşaq hərə bir tərəfdən onun üstünə düşür: “Dədə, bu siqareti at, ziyandır. Yəqin ağ ciyərin qap-qaradır, his bağlayıb”.
Nadirxan kişi onların sözlərini qulaq ardına vurub zarafatla deyirdi:
-Lazım gəlsə, arvadı ataram, siqareti yox. 
Nadirxan kişi dərin bir qullab vurub sözünə davam etdi:
-O qızın heç bir günahı yoxdur. Onu aldadıblar. Allaha acıq gedər. Qızına yiyə dur, onu qanadının altına al. Qız tək, yalqız qalıb yad diyarda. Bu yaşda atasız-anasız, qohum-əqrəbasız onunçun bilirsən necə çətindir? Sən yaşda ondan böyüksən, təcrübəli, tədbirlisən, birinci addımı sən atmalısan. Sonra gec olacaq. Onun da ürəyi daşlaşacaq, yaxınları aşkarda onunçun yad olacaq.
Nəriman dillənmək istədi. Nadirxan kişi əlini yellədi. Yəni: “danışma!” O, ayağa durdu, istər-istəməz Nəriman da qalxdı.
-Nəriman, sözlərimə qulaq as. Allah Adəmi palçıqdan yaradanda əlində bir qədər palçıq qalır. Adəmə müraciətlə soruşur:
-Bəs bunu nə edim?
Cavabında Adəm deyir:
-Ondan da xoşbəxtlik yarat.
Bunu eşidən Allah-taala palçığı Adəmin ovcuna qoyaraq:
-Al, xoşbəxtliyi özün yarat.
-İndi, ay oğul xoşbəxtliyi özümüz  qazanmalıyıq... 
-Nadirxan dayı, bir stəkan çayımızı içərdiniz...
-Qızın gələndə bir stəkan nədir, on stəkan içəcəyəm. Özü də armudu stəkanla yox, daş stəkanla. Bura bax, mən sözümü dedim. Sən də papağını qoy qabağına, fikirləş, get, qızını gətir. 
Nəriman Nadirxan kişinin haqlı olduğunu başa düşdü.
Rasim içki və bir neçə cür kabab sifariş vermişdi. Onları gətirmək üçün iki addımlıqdakı restorana getdi. Burada adam çox olduğundan sifariş bir qədər ləngidi. Odur ki, Rasim gözləməli oldu. Yaranmış narahatlığa görə ondan dönə-dönə üzr istədilər.
Rasim bekarçılıqdan restorana göz gəzdirdi. Sağ küncdə çalbaş kişi, cavan oğlan və gözəl bir qız oturub şam edirdilər. Həzin musiqi çalınırdı. Rasim öz-özünə: “Müjkan burada olsaydı, ağır-ağır rəqs edərdik özümüzçün” - deyə fikirləşdi. Sarışın qızın gözü Rasimdə idi. Rasim ölmüş də gözəgəlimli idi. O, baxışlarını yayındırdı. Qız ayağa qalxıb səndələyə-səndələyə Rasimə yaxınlaşdı və onun boynunu qucaqlayaraq:
-Rəqs edək? - dedi.
Qız sanki Rasimin rəqs etmək həvəsində olduğunu gözlərindən oxuyubmuş. Lakin Rasim rəqs etməkdən boyun qaçırdı:
-Gözəl, işim var, tələsirəm, başqa vaxta qalsın.
-Necə dedin? Gözəl?! Sənin yaxşı adam olduğunu uzaqdan-uzağa hiss eləmişdim. Bax görürsən? Bir mənə bax.
Qız özünü nümayiş etdirərək dedi:
-Mən həqiqətən gözələm. Sən birinci dəfə, bir dəfə görməklə bunu etiraf etdin. Amma o... - qız öz stollarına işarə edərək- o isə hələ indiyədək deməyib ki, mən gözələm, mənim tayım-bərabərim yoxdur.
Qız sərxoş idi.  Cavan oğlan da, çalbaş kişi də maraq içərisində baxır, söhbətin nə ilə qurtaracağını gözləyirdilər. 
Rasim narahat olmağa başlamışdı: “Əcəb işə düşdüm. Bu qız yaxamdan əl çəkən deyil. Bunun axırı dava ilə qurtaracaq. Gərək restorana Emili göndərəydim”.
Rasim həm qızın başını qatmaq üçün, həm də onun əhatəsindəki adamların kim olduqlarını bilmək üçün soruşdu:
-O oğlan nəyindir?
Qız əlini yelləyərək:
-Ərimdir, - dedi.
-Onunla niyə oynamırsan?
Qız narazı halda başını buladı:
-O məni təngə gətirib. Maraqsız adamdır. Zəhləm gedir ondan.
-Niyə?
Qız səbəbini aydınlaşdırmağa başladı:
-O, məni atama görə alıb. Məqam gözləyir ki, durub qaçsın Nataşanın yanına. Elə bilir xəbərim yoxdur.
-Atan nəçidir?
-Atam generaldır. Ərim də leytenant.
Onlar mülki paltarda idilər.
Qız yenə Rasimin boynuna sarıldı:
-Kişi deyilsən? Oynayaq da.
-Kişi olmağına kişiyəm, amma vaxtım yoxdur, ərinlə oynasan, daha yaxşı olar. Bu atana da xoş gələr.
-Yox, sən yaxşısan, qarasan. Qafqazlılar ehtiraslı olurlar. Belə eşitmişəm. Mənim ərim donuzdur. O, Nataşa ilə yaxşı oynayır.
Sifariş gəldi.
-Məni bağışla.
-Yox, olmaz, atama deyərəm. O, generaldır. Polis generalıdır.
Rasimin canına vəlvələ düşdü: “Vay, mən də elə bilirdim hərbiçidir. Demə, polisdirlər. Burada bir anlaşılmazlıq olsa, qız yaxamdan yapışıb əl çəkməsə, məni təhqir etsə, yaxud mənə əl qaldırsa, bu işlərin axırı necə olacaq? Mənin də əlimdən bir xəta çıxsa, bizim hamımızı yaman günə salacaqlar. Mallarımızı, pullarımızı əlimizdən alacaqlar.  General bir yana dursun, qızın əri bəsdir ki, aləmi bir-birinə vursun. Üzünü arvadına tutub söyləyəcək: “Deyirdin mən kişi deyiləm, bu Qafqazlı isə kişidir. İndi göstərsin kişiliyini”.
Qız sakitləşmək bilmir, dediyini deyirdi:
-Mənimlə oynamasan, atama deyəcəyəm səni tutsun. Mənimlə oyna.
Görünür, qızın xasiyyətini bildiklərindən nə atası, nə də əri ona yaxın gəlmirdilər. Əks halda qız qışqırıb aləmi bir-birinə qatar, mərəkə qoparar, yaxınlarının abrını alardı. Belə sərbəst, ərköyün böyümüş, azad fikirli qızlar təzyiqi xoşlamırlar. Ataları da onların xətrinə dəymir, qulluqlarında durur, hər arzularını yerinə yetirirlər. Qız Rasimi öpmək istədi, o, qızı nəzakətlə özündən kənar edib:
-Gəl belə danışaq. Söz vermişəm, məni gözləyirlər. Elə bilərlər bu kababları, içkini almağa gücüm çatmadığından qaçmışam. Sən də istəməzsən ki, bu,  belə olsun.
-Əlbəttə, istəmərəm. Adam gərək kişi ola. İstər erkək olsun, istər dişi–adam gərək kişi olsun!
-Sənin adın nədir?
-Lena, Leniçka. Görürsən nə qəşəng adım var?! Özüm adımdan da qəşəngəm. Bir bax.
Yelena bir qədər geri çəkilib bədəninə, döşlərinə, yançaqlarına işarə etdi.
-Onda icazə ver, kişi olum, aparıb bunları çatdırım.
-Sən düz deyirsən. Sən kişisən!
O, əli ilə ərini göstərərək:
-O isə kişi deyil. O məni yox, atamı alıb. Ona mən yox, atam lazımdır. Çünki ondan işi keçir, onun sayəsində adam olmaq istəyir. Onun Nataşası var. Atam isə onu müdafiə edir. Bəs sənin adın nədir?
-Rasim.
-Nə, Rasim?
-Rasim.
Qız sevinc içərisində səsini qaldırdı:
-Onun Nataşası var, mənim də Rasimim olacaq.
-Qoy bu sifarişləri aparım çatdırım. Sonra gəlim.
-Get. İcazə verdim. Sən yaxşı kişisən. Etibarlısan. Söz vermisən, sözünə əməl etməlisən. Kişi belə olar, onun kimi yox. Söz verir Nataşadan ayrılacaq, amma sözünə əməl etmir. Bir də görürsən telefonda onunla danışır, görüş təyin edir. Elə bil xəbərim yoxdur.
Rasim qapıya sarı, qız isə səndələyə-səndələyə atası ilə ərinin əyləşdiyi stola doğru getdi. Rasim qapıdan çıxanda qızın onlara dediyi sözləri eşitdi:
-O, söz verdi, qayıdacaq, biz rəqs edəcəyik.
Süfrəni hazırlamışdılar. Rasim içkiləri və kababları da ortaya qoydu. Kababla yanaşı pomidor, badımcan və bibər də şişə çəkilmişdi. Yaxşı məclis düzəlmişdi. Rasim arada restoranda baş verənləri oturanlara danışdı. Heç kim hiss etməsə də, əhvalat Müjkana pis təsir etdi. O, son zamanlar Rasimi qısqanırdı. Aralarında bir şey olmasa da, ona ərə getməyə hazırlaşmasa da, Rasim ona ürəyini açmasa da qısqanırdı. Bunu Sima da hiss etmişdi. Xüsusən Müjkanın yanında Rasimlə ehtiyatlı davranırdı. 
Müjkanın qanı qaraldığından çox içirdi. Birdən əlində badə gəlib Rasimin dizi üstə oturdu:
-O Lenadır, Yelenadır nədir, səni gözləyir axı. Söz vermisən. Niyə getmirsən?
Onun hərəkəti hamıda – Rasimdə də, Emildə də, Simada da təəccüb doğurdu. Səhərin ağzı açıla qalmışdı. Bu onun anası idi? Səhərdən axşama kimi qızına əxlaq dərsi keçən Müjkan idimi? Bu nə hərəkətdir? Qızının, rəfiqəsinin, Emilin yanında Rasimin qucağında oturub, gözləri də axır.
Rasim nəzakətlə onu ayağa qaldırmaq istədi. Müjkan müqavimət göstərdi:
-Səninlə mərc gəlmişdik. Mənim bədənimdən, sənin başından. Sənin başın mənim bədənimə qalib gəldi. Mənim bədənim sənindir, onu udmusan.
Sima:
-Müjkan, bəsdir, bu nə danışıqdır? Otaqda azyaşlı uşaq var.
-Yox, Sima, bu Rasim niyə mənim dalıma düşüb, əl çəkmir? Bunu bilirsən? Yox, bilmirsən? O, mənim bədənimi udub, amma ona sahib ola bilmir. İndi buradan durub gedəcək o generalın qızının yanına. O da həvəslə öz bədənini Rasimə peşkəş edəcək. Mən də fikirləşirəm ki, bu cavan oğlanı niyə dağa-daşa salaq? Hazır mən varam.
Müjkan ayağa qalxıb üst paltarını çıxarmağa başladı. Səhər qışqırdı:
-Ana, anacan!
Sima təşvişə düşdü:
-Müjkan, özünü ələ al.
Rasim ayağa qalxıb onun əllərindən tutdu:
-Müjkan, əzizim, sakitləş. Bir qədər çox içmisən, ondandır.
-Yox, bu gün sən istəyinə çatmalısan.
Rasim yanıb-yaxıldı:
-Mərc söhbətini mən çoxdan büküb bir kənara atmışam. Heç o barədə fikirləşmirəm də. Mən sənin simanda öz idealımı tapmışam. Sənə pis nəzərlə baxıramsa, gözlərim tökülsün. Sən təsəvvürümdə canlandırdığım müqəddəs bir büt idin. Sən o bütü sındırdın, parçaladın. Sən mənim parlaq ulduzum, ayım, günəşim idin! Söndürdün onların hamısını.
-Bəs niyə mənimlə mərc gəlmişdin?
-O həmin günün reallığı idi. Bu günün reallığı isə başqadır. Heç kimin sənin xətrinə dəymək fikri yoxdur. 
-Bəs generalın qızı? Axı o səni gözləyir. Onu niyə aldatdın? Hamınız beləsiniz. Biz qadınları aldada-aldada gününüzü xoş keçirirsiniz.
-Generalın qızının əri var. Çıxıb evinə-eşiyinə gedəcək.
-Əri orada olmasaydı, mehmanxanaya – öz nömrənə aparacaqdın? Mən ondan pisəm, hə? Düzünü de.
Müjkan irəli yeriyib Rasimi qucaqlamaq istədi. Rasim onu özündən kənar etdi. Qız özünü toplayıb yenə Rasimin üstünə atıldı, onu öpmək istədi. Rasim qeyri-ixtiyari onu itələdi, qız gedib divara dəydi və sürüşüb döşəməyə düşdü.  
Səhər anasına sarı qaçıb onu qucaqladı. Qızın qara gözləri bahar buludu kimi dolmuşdu. Səhər acıqlı-acıqlı Rasimə:
-Əlin qurusun! – dedi və gözünün yaşını bıldır-bıldır tökdü.
Rasim çıxdı, dalınca da Emil.

prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий