20.08.2013

Mübariz Mənsimov adı gələndə

Mübariz Mənsimov haqqında 10 ilə yaxındır ki, həm ciddi, həm qeyri-ciddi söhbətlər ölkə mətbuatında dolaşmaqdadır. Xüsusən, onun cənub bölgəsində ilk addımları müəyyən şayiələrlə müşayiət olundu. Deyilənlərə inansaq, guya Mübariz Mənsimov öncə doğma rayonu Masallıya sərmayə qoymaq istəyib. Burada güclü futbol komandası, idman bazası yaratmaq planlaşdırıb. Lakin Masallının o vaxtkı icra başçısı Azər Səfərovla söhbəti alınmayıb. Guya ki, Azər Səfərov onun Masallıya “girişi” üçün haqq istəyib. O da razılaşmayıb, hətta bu təklifdən hirslənərək Masallını tərk edib. Digər versiya isə ondan ibarətdir ki, yuxarıdan Mübariz Mənsimova “məsləhət” görüblər ki, Masallıya yox, Lənkərana sərmayə qoy.
Mübariz Mənsimov öncə Lənkəranda bərbad vəziyyətdə olan Dövlət Dram Teatrının binasını əsaslı təmir etdirdi, bir sıra məktəblərə yardım göstərdi. Daha sonra ilk biznes addımını atmağa başlayaraq Lənkəranda Dəniz Limanı tikməyə başladı. Bu liman təkcə yük daşımağa yox, həm də dəniz vasitəsi ilə sərnişin daşımağa, səyahətlərə də xidmət edəcəkdi. Həmin liman istifadəyə verilməyə az qalmış (hansı ki, bu liman haqqında ölkə televiziyası, aparıcı qəzetlər, eləcə də, bizim qəzet kifayət qədər materiallar vermişdi) ona qadağa qoyuldu. Heç bir normal açıqlama verilmədən həmin limanın inşasında işlər dayandırıldı, oradakı bir çox tikililər söküldü, hazırda isə həmin “limandan” tör-töküntülər qalıb. Sonralar söhbət yayıldı ki, Mübariz Mənsimovun nəinki Masallıda, heç cənubun az qala qeyri-rəsmi paytaxtı sayılan Lənkəranda da güclü fəaliyyəti qısqanclıq doğurur. Bir müddət məcburi fasilədən sonra Mübariz Mənsimov “Xəzər-Lənkəran” klubunu yaratdı, onun üçün gözəl stadion tikdi, xeyli cənublunu işlə təmin edən “Palsüd” zavodunu tikdi. Bundan əlavə ata yurdu - Masallının Miyankü kəndində bir sıra işlər gördü - məktəb tikdi, yol çəkdirdi, məscidin əsaslı təmir olunmasına yardımçı oldu, cənubla bağlı bəzi kitablara sponsorluq etdi, kənddə heyvandarlıq kompleksi yaratdı. (Bu, heyvandarlıq təsərrüfatı kəndin əksər xeyir-şər məclislərini süd məhsulları ilə təmənnasız təmin edir). Bundan əlavə bir neçə il öncə Mübariz Mənsimovun Masallı şəhər stadionunu alması, burada Uşaq Futbol Akademiyası yaratmaq istəyi barədə məlumatlar yayıldı. Stadionun onun tərəfindən alınması və hasarlanması öz təsdiqini tapsa da, Uşaq Futbol Akademiyasından səs-soraq yoxdur. Hələ də Masallı idmansevərləri böyük ümidlə gözləyirlər ki, göz dağı kimi hamını ağrıdan, bərbad günə qalan bu stadionun da nə vaxtasa “bəxti açılacaq” və məşhur biznesmen buranı abad və gözəl bir idman məkanına çevirəcək. Hətta bu arzunun ilin sonuna kimi reallaşacağını söyləyənlər də var. Yaşar Nuriyevin və Baloğlan Əşrəfovun müalicəsinə ciddi köməklər də M. Mənsimovun gördüyü işlər sırasındadır.
Ümumi götürəndə isə bütün bunlar Mübariz Mənsimovun imkanları müqabilində (yüzlərlər gəmi, Türkiyədə aldığı nəhəng istirahət mərkəzləri, ən son model təyyarələr və sairlə müqayisədə) çox cüzi işlərdir. Bu işlər əksəriyyət tərəfindən məhəbbətlə, rəğbətlə qarşılansa da, M. Mənsimova elə bəzi üzdəniraq cənubluların əlilə qara yaxmaq istəyənlər də az olmadı. Hazırda ölkədə dolaşan əsas söhbət isə odur ki, Mübariz Mənsimovun Azərbaycandakı biznes sahələri Azərbaycanın ən bərkgedən oliqarxları tərəfindən sıxışdırılır və ona qarşı kəskin qısqanclıq var. Həmyerlimiz, tanınmış araşdırıcı-iqtisadçı jurnalist Qadir İbrahimli bununla bağlı ötən həftə “Yeni Müsavat” qəzetində bir yazı çap etdirib. Maraqlı olacağını nəzərə alıb, həmin yazını kiçik ixtisarla sizə təqdim edirik.

Oliqarxlar Mənsimovu niyə sevmir?

Milyarderin varidatını ölkədən kənarda qazanması, rəqabətə davamlı biznesi təmsil etməsi, hakimiyyətin siyasi layihələrində iştirak etməməsi, məlum regiona mənsub olmaması və başqa amillər onun “sevilməyən oliqarxlar” siyahısında yer almasına səbəb olub.
Türkiyədə yaşayan nüfuzlu iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun Azərbaycandakı biznesinin çökdürülməsi ilə bağlı məlumatlar dolaşır. İş adamına məxsus “Palsüd” MMC-nin məhsullarının topdan və pərakəndə satışına qadağa qoyulması, ona qarşı süni problemlərin yaradılması barədə məlumatlar yayıldı. Ancaq dərhal da təkzib olundu. Şirkətin təmsilçisi İbrahim Nəbioğlu Türkiyənin “Doğan” agentliyinə müsahibəsində deyib ki, bu cür məlumatlar əsassızdır və onların rəqiblərinin uydurmasıdır.
Təbii ki, bu məlumatlar havadan götürülmür. Uzun müddətdir M.Mənsimovun Azərbaycandakı biznesinin təqib olunması barədə məlumatlar var. Baxmayaraq ki, Mənsimovun Azərbaycanda çox xırda biznesi var və bu, Lənkəran süd zavodundan – “Palsüd” MMC-dən ibarətdir. Bu zavoda cəmi 6 milyon avro yatırılıb. Bu isə bir neçə milyard dollardan çox pulu olan Mənsimov üçün demək olar ki, qəpik-quruşdur. Onun sahib olduğu “Xəzər-Lənkəran” futbol klubu isə dotasiyada oturan bir qurumdur. Mənsimov bu kluba yalnız xərcləyir, burada qazanc yoxdur.
“Palmali” Şirkətlər Qrupunun bu gün Azərbaycanda, Rusiyada, Bolqarıstanda, Yunanıstanda - ümumilikdə 21 ölkədə ofisi var. Hazırda şirkətin tabeliyində olan 28 min nəfər personal təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətləri də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. “Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz, Qara dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. “Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan “BP” şirkətidir. Onun 99 faizinə sahib olduğu “Palmali” Şirkətlər Qrupunun təkcə dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. ARDNŞ ilə ortaq olan “Palmali” bir müddət əvvəl “Tekfen inşaat”ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi qardaş ölkənin inşaat sektorunda irəliləmək mənasını verir.
Bundan başqa, M.Mənsimov Türkiyədə böyük nüfuz sahibidir. Aparıcı partiyalar onun dəstəyini əldə etmək üçün rəqabət aparırlar. Bu da səbəbsiz deyil. Çünki Mənsimovun holdinqində on minlərlə insan çalışır və bu, böyük bir elektorat deməkdir.
Bir belə nəhəng dövriyyənin fonunda 6 milyon avro dəyəri olan Lənkəran süd zavodunu xırda biznes kimi dəyərləndirmək olar. Ancaq məsələ burasındadır ki, onun bu “xırda biznesinə” də iddialılar var və onu bazardan çıxartmaq üçün hər vasitəyə əl atmağa hazırdırlar. Ümumiyyətlə, Azərbaycan biznes elitasında M.Mənsimova münasibət daha çox mənfi çalarlıdır və imkan daxilində ona mane olmağa çalışırlar. Məsələn, 2009-cu ildə “Palmali” Azərbaycanda iri miqyaslı biznes planlarını gerçəkləşdirməyə start verir. Öncə "Palbank" təsis edilir, İçərişəhərdə bankın fəaliyyət göstərməsi üçün ofis icarəyə götürülür, peşəkar bank işçilərindən ibarət komanda yaradılır və lisenziya almaq üçün Mərkəzi Banka müraciət edilir. Ardınca başqa biznes layihələrinin icrasına da hazırlıq görülür. Sonda M.Mənsimova yalnız süd zavodu açmağa icazə verilir. Mərkəzi Bank ona lisenziya verməkdən imtina edir. Gözəgörünməz əl ona lisenziya verilməsinə imkan vermədi. Təbii sual ortaya çıxır - Azərbaycan oliqarxları cənab Mənsimovu niyə sevmirlər?
Əvvəla, ondan başlayaq ki, M.Mənsimov varidatını kənarda qazanıb və ona görə Azərbaycan hakimiyyətinə borclu deyil. Bu amil istər-istəməz M.Mənsimova azərbaycanlı həmkarları ilə müqayisədə üstünlük verir. Rüşvət və büdcədən oğurladıqları pullar hesabına oliqarxa çevrilənlər isə bunu qətiyyən həzm edə bilmirlər.
İkincisi, M.Mənsimov rəqabətə davamlı biznesin təmsilçisidir. O, biznesini sıfır variantından sərt rəqabət şəraitində qurub və bu gün sahib olduğu milyardları da rəqabət nəticəsində əldə edib, inzibati resurslardan faydalanmayıb. Bu baxımdan onunla rəqabət aparmaq mümkün deyil. İnzibati resursları çıxsaq, M.Mənsimov rəqabət şəraitində Azərbaycanın istənilən oliqarxını diz çökdürə bilər. Bu amil də M.Məsimovu “sevilməyən oliqarxlar” kateqoriyasına daxil edir. Yerli oliqarxların yaratdığı biznes mühitində azad rəqabətə yer yoxdur. Sanki tək qapıya futbol oynayırlar.
Üçüncüsü, M.Mənsimovun cənub bölgəsində doğulması da onun “sevilməyən oliqarxlar” kateqoriyasına daxil olmasına təsir edib. Məlum bölgədə doğulmayan oliqarxların gec-tez təqiblərə məruz qalması, onlara ögey münasibət zaman-zaman ortaya çıxıb.
Ümumiyyətlə, M.Mənsimova qarşı Azərbaycan oliqarxlarının münasibəti başadüşülən deyil. Onlar sözün bütün mənalarında M.Mənsimovu rəqib kimi görürlər. Hətta Türkiyə mediasında hansısa oliqarx haqda tənqidi yazı gedəndə, bunun günahını M.Mənsimovda görürlər. M.Məsimovun hakimiyyətə siyasi dəstək verməməsi də burada əhəmiyyətli rol oynayır. Digər xarici şirkətlər, məsələn, LUKoyl, Azersun kimi iri şirkətlər hakimiyyətin siyasi layihələrinə maliyyə dəstəyi verir. Məsələn, seçki dövründə 1-ci sinif usaqlarına pulsuz geyim və çanta verilməsi xərcini bu şirkətlər üzərinə götürür. Ancaq “Palmali” bu tip layihələrdən kənardadır.
Sonda onu qeyd edək ki, M.Mənsimovun yaratdığı “Xəzər-Lənkəran” klubu Azərbaycanda futbol biznesinin inkişafına öz töhfəsini verib. “Xəzər Lənkəran” yaranana qədər ölkə futbolçularının maaşı qəpik-quruş, maddi texniki bazası isə yox dərəcəsində idi. M.Məsimov isə onların maaşını Şərqi Avropa standartlarına qədər qaldırdı, yeni stadion tikdi, kluba legionerlər cəlb etdi, uşaq futbol məktəbini yaratdı. Yalnız bundan sonra “Xəzər Lənkəran”-dan geri qalmamaq üçün başqa klublar da maaşları qaldırmağa məcbur oldu, stadionlar tikilməyə başladı, ölkəyə legioner axını oldu, uşaq futbol məktəbləri yaranmağa başladı. Bu, azad biznesin əlamətləridir. Azad biznesə nifrət edən yerli oliqarxlar isə bu əlamətləri məhv etməyə çalışırlar.

Qadir İBRAHİMLİ

Комментариев нет:

Отправить комментарий