21.03.2014

DİQQƏT! Bunları yeyənlərin soyu tükənəcək...

"Azərbaycana geni dəyişdirilmiş bitki və toxumlar 90-cı illərdə humanitar yardım adı ilə daxil olub"

Salata doğradığınız pomidorun əslində balıq, yediyiniz bananın qurbağa genindən hazırlandığını düşünmüsünüz? Yaxud son illər çiyələklərin həddindən çox qırmızı olmasının, bişirdiyiniz kartofların niyə tez qızarmasının, qarpızların niyə bu qədər böyük olmasının səbəbi nədir, bilirsiniz? Düşünüb cavabını tapmamısınızsa, bu yazını oxuyun.
Publika.az yazır ki, yediyimiz qidalarda müşahidə etdiyimiz və bəzən edə bilmədiyimiz bu dəyişikliklər 1972-ci ildə ABŞ-ın "Monsarta" şirkətinin alimlərinin araşdırmalarının nəticəsidir.
Belə ki, şirkətin alimləri hər gün artan aclıq problemini həll etmək üçün məhsulların geninə müdaxilə etməyə başlayıblar.
Genetik müdaxilənin nə olduğunu anlamaq üçün sadə bir örnək verək. Məsələn, pomidorun soyuğa davamlılığını artırmaq üçün ona balıq geni vurulur. Bundan başqa, normalda 1 kq toxumdan 10-15 kq pomidor almaq mümkündürsə, geni dəyişdirilmiş bir ovuc toxumdan bir maşın pomidor yetişdirmək mümkündür.
Amma kəmiyyət artdıqca məhsulların keyfiyyətinin də azalması ilə yanaşı, insan sağlamlığına zərərli təsirləri də meydana çıxıb. Bu qidaların insan sağlamlığına hansı zərərlər vura biləcəyi ilə bağlı versiyalar müxtəlifdir. Antibiotik müqavimət yaradan genlərin yaratdığı allergiya və zəhərlənmələr başlıca risk kimi göstərilir. Alimlərin araşdırmalarına görə, qida məhsullarına əlavə edilən konservantların birlikdə göstərdiyi toksik effekt onların ayrı-ayrılıqda göstərdikləri effekdən bir neçə dəfə çoxdur. Hətta toksik olmayan bir neçə kimyəvi maddənin kombinasiyası toksik effekt yaradır. Amerika alimlərinin təcrübələrinə əsasən, adi soya ilə qidalanan siçanlarda doğuşdan sonra balaların ölümü 10% olursa, GM edilmiş soya ilə qidalanan siçan balalarının əksəriyyəti doğuşdan sonra 3 həftə ərzində qırılır.
1989-cu ildə GM edilmiş məhsullarla bəslənən heyvanların əti ilə qidalanan 37 nəfərin ölümü, yüzlərlə insanın ağır xəstələnməsi  bu narahatlığı bir az da artırdı. Düzdür, araşdırmalar nəticəsində zəhərlənməni qida yerlərinin çirkli olması ilə əlaqələndirdilər, amma GM edilmiş məhsullarla bağlı fikirlər də qüvvədə qaldı.
Bütün bunlara baxmayaraq, hər il GM edilmiş məhsulların əkildiyi sahələr daha da genişlənir. 1996-cı ildə GM edilmiş taxıl bitkilərinə məxsus əkin sahələrinin dünya üzrə ümumi sahəsi 6563 kvadrat metr idisə, 2006-cı ildə bu rəqəm 393828 kvadrat metr olub.
Dünya əhalisinin hər gün artdığı bir vaxtda, daha az enerji ilə yüksək məhsul əldə edilməsi geni dəyişdirilmiş qidaların müsbət nəticəsi oldu. Qida təhlükəsizliyi ilə bağlı məsələnin həllində önəmli rol oynadı. Amma Yaponiya, Avstraliya, Yeni Zelandiya, Çin və bir çox inkişaf etməkdə olan dövlətlər insan orqanizmində qarşısıalınmaz dəyişikliklər meydana gətirməsi səbəbindən GM edilən məhsulların idxalını, ümumiyyətlə, qadağan edib. Hər 4 nəfərdən birinin aclıqdan əziyyət çəkdiyi Zimbaviyada belə, ABŞ-ın geni dəyişdirilmiş toxumlardan istehsal  olunmuş taxıl yardımını qəbul etməməsinin arxasında bu narahatlıq var. Xatırladaq ki, geni dəyişdirilmiş məhsulların 98%-i  ABŞ, Kanada və Argentinanın payına düşür.
Ekspertlərin fikrincə, ölkədə məhsulun genetik modifikasiya olub-olmamasını ölçə biləcək laboratoriyanın yoxluğu səbəbindən, belə məhsulların ölkə sərhədlərinə daxil olmasını və minlərlə insanın bu məhsullardan zəhərlənməsini sadəcə seyr etməklə kifayətlənirik.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycana geni dəyişdirilmiş bitki və toxumların 90-cı illərdə humanitar yardım adı ilə daxil olduğunu deyir:
“Ümumdünya Ticarət Təşkilatının toplantılarında bu problemlə bağlı aparılan müzakirələrdə bu cür addımı atmalarını dünyanı aclıq problemindən xilas etdikləri ilə əsaslandırırlar. İnsanların acından öldüyü ölkələrdə geni dəyişdirilmiş qidalardan istifadə normal ola bilər, amma Azərbaycan kimi ölkələrin bu cür bitkilərdən istifadəsinə ehtiyac yoxdur. Çünki Azərbaycanda bitkilərin yetişdirilməsi üçün yetərincə torpaq, su ehtiyatı, insan resursları var. Ancaq geni dəyişdirilən toxumların, məhsulların ölkəyə gətirilməsi qadağan olunsa da, bu gün bazarlarda satılan pomidorların  70%, kartofun  40%, soyanın 98%, qarpızın 75%-i geni dəyişdirilmiş bitkilərdir”.
Ekspert geni dəyişdirilən qidaların təbiətə və insanlara vurduğu zərərlərdən də danışdı:
“Araşdırmalar sübut edir ki, geni dəyişdirilərək yetişdirilən bitkilər ətraf mühitə, biomüxtəlifliyə mənfi təsir edir, milyon illər təbiətdə mövcud olan bitkiləri məhv edir. Bu bitkilərdən növbəti il üçün toxum götürməyin mümkün olmaması, insanların da nəsil vermək qabiliyyətini aşağı salmasına bir sübutdur. Bundan başqa, xərçəng xəstəliklərinin artmasına səbəb olur”.
Prosesin qarşısını almaq məqsədilə BMT “Ətraf Mühitin Biomüxtəlifliyinin qorunması”na dair sənəd və bundan irəli gələn Kartaxen protokolu qəbul edib. 2005-ci ildə Azərbaycan da bu protokola qoşulub. 2012-ci ildə ölkə prezidentinin bu cür qidaların ölkəyə gətirilməməsi ilə bağlı sərəncamı olub. Həmçinin“Toxumçuluq haqqında” qanunun 27-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsi qəti qadağandır. Müstəsna hal kimi bu məhsullar sərgilərdə, qapalı şəraitlərdə təcrübə aparmaq üçün gətirilə bilər. Lakin vəziyyət elə bir həddə çatıb ki, qanunlarla da onun qarşısını almaq mümkün olmur.
Amerika Milli Akademiyası xəbərdarlıq edir ki, GM edilmiş rezistent mədəni bitkilərdən genlər alaq otlarına keçə bilər və nəticədə çox təhlükəli alaq otu problemi meydana gələ bilər.
Biologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Elmi Tədqiqatlar Əkinçilik İnstitutunun aparıcı elmi işçisi Elxan Əliyev də son vaxtlar Azərbaycan bazarlarında artımı müşahidə olunan geni dəyişdirilimiş bitkilərin təbiətin mövcud tarazlığını pozduğunu bildirdi:
“Öncəliklə, bu məhsulların artması yerli sortların azalmasına səbəb olur. Geni modifikasiya olunmuş qidalar əkildikləri torpağın, bəzi alaq otlarının, mədəni bitkilərin məhv olmasına səbəb olur. O qədər güclü təsir edir ki, həmin ərazidə yenidən əvvəlki bitkilər bitmir”.
Geni dəyişdirilmiş məhsulların insan səhhətində yaratdığı problemlərə gəldikdə isə E.Əliyev, xüsusən, allergik və mənşəyi məlum olmayan bir sıra xəstəliklərin  yaranmasına səbəb olduğunu bildirdi:
“Bu gün geni dəyişdirilmiş qidalar ən çox Amerikada istifadə olunur. Araşdırmalara əsasən, ABŞ-da əhalinin 70% - i allergik xəstəliklərdən əziyyət çəkir, amma bu məhsulların istifadə olunmadığı ölkələrdə isə bu rəqəm 7%-i keçmir. Həkimlər də bildirirlər ki, son dövrlər bir çox allergik xəstəliklərin əsl səbəbini müəyyən etməkdə çətinlik çəkirlər. Bundan başqa bu bitkilər həm də təbiətin mövcud qanunauyğunluğunu pozur və bəzi bitkilər kütləvi şəkildə məhv olur”.
E.Əliyev onu da bildirdi ki, bu gün ölkədə geni dəyişdirilmiş qidaları yoxlayacaq laboratoriyaların kifayət qədər olmaması onların aşkarlanması üçün problemlər yaradır:
“Geni dəyişdirilmiş qidaların aşkarlanması üçün məəhsulları üç növ yoxlamadan keçirlər. Birinci, məhsulun tərkibində  başqa genin olub olmaması müəyyən olunur, ikinci bu genin miqdarı, üçüncü mərhələdə isə onun hansı nəticələrə səbəb olacağı müəyyən edilir. Bu laboratoriya cihazlarının qiyməti çox yüksək olmasa da, bizdə bunların sayı çox azdır.  Naxçıvan Muxtar Respublikasında, bir də Genetik ehtiyatlar İnstitutunda var, halbuki bu cihazlar  sərhəddə quraşdırılmalı idi ki, ölkəyə daxil olan hər bir məhsul elə oradaca yoxlanılsın. Bu sistemin olmaması təhlükəni bir az da artırır”.
Bəs Azərbaycanda  bu qədər təhlükəli qidalara nə qədər ehtiyac var? Yerli məhsullar tələbatı nə qədər ödəyir?
Kənd Təsərrüfatı Nazirliyinin Bitki məhsullarının istehsalı, emalı ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev Azərbaycanın xaricdən məhsul idxal etməyə ehtiyacının olmadığını dedi:
“Bu gün ölkədə meyvə-tərəvəz məhsulları təlabatdan 1.7-1.8 dəfə artıq istehsal olunduğu bir vaxtda xaricdən idxala ehtiyac yoxdur. Buğda istehsalında 82.2% təmin edirik, qalanları Qazaxıstandan idxal olunur. Bu ilin sentyabrında 720  min ton buğda idxal olunub, onların da tərkibində geni dəyişdirilmiş növlər müəyyənləşdirilməyib.  Ümumiyyətlə, Azərbaycana kütləvi şəkildə geni dəyişdirilmiş məhsullar idxal olunmur. Məhsullar əsasən, Türkiyə və İrandan gətirilir, amma gömrük orqanları yoxlamalar zamanı geni dəyişdirilmiş qidalar aşkarlanarsa, onların ölkəyə daxil olmasına imkan vermirlər. Geni dəyişdirilmiş qidaların xarici görünüşü fərqli, nisbətən iri olduğundan sadə vətəndaşlar da bunu müəyyən edə bilərlər. İnsanlara məsləhət görərdik ki, sağlamlıqlarını düşünərək bu məhsulları almasınlar ”.
Xaricdən toxum idxalına gəldikdə isə S.Vəliyev bunların yalnız qaçaqmalçılıq yolu ilə gətirilə biləcəyini bildirdi:
“Biz özümüz toxumları satmaq istəyirik, hansısa ölkədən idxala ehtiyac yoxdur. Hər bir bölgədə meyvə-tərəvəz toxumlarını istehsal edən müəsisələr var. Ona görə də, fermerin xaricdən toxum gətirməsinə ehtiyac qalmır”.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri Ramiz Əliyev isə geni dəyişdirilmiş qidaların insan sağlamlığına zərəri ilə bağlı deyilənlərin bəziləri ilə razılaşmır. Alimin sözlərinə görə, bu məhsulları yeyənlərin dünyanı  məhv edəcəyi ilə bağlı yayılan məlumatlar yanlışdır. Düzdür, həmin məhsulların zərərinin olması danılmazdır, amma genlərə təsir etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir:
“Əlbəttə, birmənalı olaraq geni dəyişdirilmiş qidalardan istifadəni qəbul edə bilmərik. Geni dəyişdirilmiş məhsulların allergik təsirləri sübut olunub, onun xərçəng xəstəliyi yaratması ilə bağlı yayılanlar isə yanlışdır. Gen mütəxəsisləri bilir ki, gen-dezoksi ribonuklein turşusudur (DNT) və qidaları qəbul etdikdən sonra orqanizm onu parçalayır, sonra  lazım olan hissələr qana sovrulur. Belə olmasa, yediklərimizin hamısı insana böyük ziyan verə bilər. Xərçəng xəstəliyinin yaranmasına radiasiya, ağır metallar təsir edir, geni dəyişdirilmiş qidalar yox. Bu məhsulları yeməklə genin dəyişməsini genetikadan başı çıxmayan insanlar deyə bilər. Çünki hansısa məhsulu yeməklə genin dəyişilməsi mümkün deyil”.
R.Əliyevin dediyinə görə, bu gün bazarlarda, armud, kartof, xiyar, qarpızların əksəriyyəti, ümumilikdə, məhsulların 30%-i geni modifikasiya olunmuş məhsullardır:
“Bu gün Azərbaycan bazarlarında GM olunmuş məhsullar artmaqdadır, amma bizim buna ehtiyacımız yoxdur. Çünki bizim  təbii məhsullar yetişdirməyimiz üçün yetərincə imkanlarımız var.  Təbii məhsul yetişdirə biləcəyimiz bir vaxtda, geni dəyişdirilmiş qidalara üstünlük verməyimiz anlaşılmazdır. Çünki bu məhsulların insana hər hansı bir xeyri yoxdur”.
Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü Arif Əşrəfov belə məhsulların ölkəyə daxil olmasının qarşısını almaq üçün bir sıra qanun layihələrinin hazırlandığını, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanun layihəsinin Milli Məclisdə 3-cü oxunuşdan keçdiyini söylədi:
“Müvafiq orqanlar - İcra hakimiyyətləri, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi kimi qurumlar bu sahəyə nəzarət edirlər. Geni modifikasiya olunmuş məhsulların Azərbaycan bazarlarına daxil olmaması üçün prezident tərəfindən İcra Hakimiyyəti rəhbərlərinə göstərişlər verilib. Amma buna baxmayaraq, belə məhsullar ölkəyə idxal olunur.
Bu gün bazarlarda  geni dəyişdirilmiş məhsulların kəmiyyətilə bağlı dəqiq məlumat yoxdur. Belə bir təsəvvür formalaşıb ki, xaricdən gətirilən bütün qidaların geni dəyişdirilib, amma bunun üçün xüsusi laboratoriya yoxlamaları aparılmalıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin  laboratoriyasında geni dəyişdirilmiş məhsulların müəyyən olunması üçün avadanlıqlar gətirilib və artıq yoxlamalar apara bilirik”.

bugun.az

Комментариев нет:

Отправить комментарий