AVRASİYA MƏDƏNİYYƏTLƏR DİALOQU – BƏŞƏRİYYƏT TARİXİNİN MAHİYYƏTİ. Avrasiya qitəsi bəşər mədəniyyətinin və sivilizasiyasının beşiyidir. Bu ərazidə insanlıq tarixinin əsas məzmununu təşkil edən rəngarəng sosial, mənəvi və siyasi formalar yaranaraq inkişaf etmişdir.
Avrasiya materikinin iki əsas qütbü var: Avropa və Asiya, Qərb və Şərq.
İnsanlıq tarixi bu iki qütb arasında daimi dialoq prosesi, enerjilərin, dəyərlərin, texnologiyaların, ideyaların və əşyaların dialektik mübadiləsidir.
Qərb və Şərq bir-birini qarşılıqlı şəkildə tamamlayır, öz arasında yüksək məna daşıyan minillik danışıq aparır.
Avrasiya torpaqlarından daim xalqların və mədəniyyətlərin axını keçib – Qərbdən Şərqə, Şərqdən də Qərbə. Müasir avropalıların ulu babaları öz vəhşi ordaları ilə Asiya çöllərində at çaparkən onların müasirləri olan çinlilər, hindlər və farslar inkişaf etmiş fəlsəfələri, mütərəqqi texnikaları, yüksək rahatlıqları ilə nəfis və zərif sivilizasiyaların qoynunda kef edirdilər. Hər bir sivilizasiyanın öz dövranı var və o hər yerdə fərqli şəkildə sürülür. Bu gün burda “vəhşilik” kimi görünən bir şey, sabah başqa yerdə “tərəqqi” etalonu təsiri bağışlaya bilər. Bu gün burda universal həqiqət kimi təqdim olunan sabah başqa yerdə lokal və tamamilə nisbi bir büt ola bilər. Heç vaxt bu gün burda mövcud olanı mütləqləşdirmək lazım deyil. Dünyanın durumu və dəyərləri daim dəyişir. Gərək öz mülahizələrini həmişə zamanın və məkanın geniş miqyası fonunda yoxlayasan.
Avrasiya – həqiqi fikrin layiqli meydanıdır. Biz “Avrasiya ilə düşünməyi”, avrasiyaçı düşünməyi öyrənməliyik – onda Qərb də, Şərq də, tərəqqi də, ənənə də, sabitlik də, dəyişkənlik də, mənbələrə sadiqlik də, irəliyə doğru hərəkət də bizə eyni dərəcədə aydın olacaq.
AVRASİYA XALQLARINA VƏ MƏDƏNİYYƏTLƏRİNƏ QLOBALLAŞMA ÇAĞIRIŞI. Bu gün yaşadığımız qloballaşma şəraitində Qərblə Şərq arasında dialoq yeni aktuallıq qazanır.
Qloballaşma Qərbdən qaynaqlanır, ancaq daha çox Şərqə toxunur. O daim yeni-yeni suallar qoyan (çox zaman dramatik, gərgin) mürəkkəb və ziddiyyətli prosesdir. Avrasiya qitəsi bunu xüsusilə kəskin şəkildə yaşayır, çünki qloballaşmanın əsas səhnəsi sayılır; axı böyük mədəniyyətlərin və bəşər sivilizasiyalarının başlıca güc mərkəzləri, sınma xətləri, sərhədləri məhz buradadır.
Bu gün bizim tarixi kursu, onun məntiqini, gedişatını anlamağa əvvəllər heç vaxt olmadığı qədər ehtiyacımız var. Biz hər gün gələcək nəsillərin taleyinin asılı olacağı qərarlar qəbul edirik. Getdikcə daha çox aydın olur ki, heç bir xalq, heç bir ölkə, heç bir konfessiya, heç bir sosial sinif, hətta heç bir sivilizasiya bu problemi təklikdə həll edə bilməz. Biz bir-birimizlə hesablaşmağa daha çox məcburuq: Avropa Asiya ilə, xristianlar müsəlmanlarla, ağlar qaralarla, müasir demokratik dövlətlərin vətəndaşları ənənəvi cəmiyyətin dayaqlarının qorunduğu ölkələrin sakinləri ilə. Bunun üçün bir-birimizi yaxşı anlamağı öyrənməli, tələsik mühakimələrdən yayınmalı, əsl tolerantlıq ruhunu əxz etməli və öz dəyər sistemlərimizdən, vərdişlərimizdən fərqlənən şeylərə (çox zaman mahiyyətcə) dərin hörmət bəsləməliyik.
AVRASİYA HƏRƏKATI - SUVEREN SUBYEKTLƏRİN ÇOXTƏRƏFLİ DİALOQ SƏHNƏSİDİR. Biz yeni tarixi şəraitdə mədəniyyətlərin, sivilizasiyaların, konfessiyaların, ölkələrin, sosial qrupların, etnosların və Avrasiya qitəsi millətlərinin intensiv dialoq mədəniyyətinin gerçəkləşdirilməsi üçün “Beynəlxalq Avrasiya Hərəkatı”nın yaranmasını elan etmişik.
Hərəkatımız qabaqcadan birmənalı qərar və ehkamlar qəbul etdirməyə çalışmır. Qarşımızdakı suallar cavablardan qat-qat çoxdur. Biz həqiqətə yalnız qitəmizin Tokiodan tutmuş Azor adalarına qədər olan bütün əsas qüvvələri ilə birlikdə açıq, ardıcıl dialoqun gedişində çata bilərik.
Biz Avrasiyanın varlığımızın mahiyyəti, tarixi inkişaf yolları, dəyərlər və ideyalar haqqında düşünən bütün məsuliyyətli insanlarını birlikdə gələcəyimizin obrazını qurmağa, birgə səylərlə Avrasiyanın yeni minillikdəki real xəritəsini çəkməyə çağırırıq.
Biz dərindən əminik ki, ümumi vəzifəmiz xalqların, mədəniyyətlərin, konfessiyaların, dillərin, sivilizasiyaların, qitəmizin “çiçəklənən mürəkkəbliyini” (K. Leontyev) təşkil edən dəyər və fəlsəfə sistemlərinin özünəməxsus xüsusiyyətlərini nəyin bahasına olursa-olsun qorumaqdan ibarətdir. Ölkələrin və xalqların yaxınlaşması və dialoqu onların özünəməxsusluğunun itirilməsi hesabına başa gəlməməlidir. Biz təkidlə bildiririk ki, bu özünəməxsusluğun qorunması ali dəyərdir və heç kəsin ona qəsd etməyə haqqı yoxdur. Mədəniyyətlərin və sivilizasiyaların dialoqunda özünəməxsus suveren və azad subyektlər iştirak etməlidir. Bu zaman o ədalətli və məzmunlu olacaq.
Biz qloballaşma prosesinin ideoloji, iqtisadi, siyasi və dəyər “imperializminə” çevrilməsinin qəti əleyhinəyik: heç kəsin istər güc, istərsə də hiylə yolu ilə qitəmizin böyük xalqlarına hansısa xüsusi “həqiqəti”, dəyər sistemini, sosial-siyasi modeli sırımaq haqqı yoxdur. Avrasiya mədəniyyətləri ilə tanışlıq bizi qəti əmin edir ki, bir çox şeyi fərqli anlayırıq; hətta “insan”, “azadlıq”, “həyat”, “hakimiyyət”, “hüquq”, “ədalət”, “cəmiyyət”, “siyasət” və s. anlayışlar müxtəlif mədəni, linqvistik, etnik, dini kontekstlərdə bir-birindən ciddi şəkildə fərqlənir. Biz bütün bunları öz çoxcəhətli Avrasiya dialoqumuzda nəzərə almalıyıq: “başqa”, “bizimkindən fərqli” şeylər haqqında vicdanlı və məsuliyyətli fikir bizi heç vaxt tərk etməməlidir. Gələcək uğurumuzun, sülh və inkişafın təminatı bundadır.
Avrasiya və onun xalqları azad və müstəqil olmalıdır.
Qərbin və Şərqin öz həqiqətləri var. Bu həqiqət hər bir konfessiyada, hər bir etnosda, hər bir mədəniyyətdə mövcuddur. Bizim bu həqiqəti başqalarıy ilə bölüşməyə bütün əsaslarımız var, ancaq onu heç bir halda zorla qəbul etdirməməliyik.
“VAVİLON QARIŞIĞININ” VƏ “YENİ KSENOFOBİYANIN” ƏLEYHİNƏ. İnformasiya texnologiyalarının, şəbəkə sistemlərinin, nəqliyyat rabitələrinin və s.-nin inkişafı sayəsində Avrasiya xalqları bu gün bir-birinə yaxınlaşıblar. Ancaq bununla mədəni, linqvistik (dil), dini sərhədlər və manelər də kəskin şəkildə çılpaqlaşıb. Bu isə bizi yeni təhlükələr – “sivilizasiyalar qarşıdurması”, yeni terror dalğası, millətlərarası münaqişələr və müharibələr ortalığa çıxarır.
Qloballaşmanı özünəməxsusluğun və milli kimliyin qorunması ilə necə uyğunlaşdırmaq olar? Necə etmək olar ki, qitə insanlarının obyektiv yaxınlaşması ümumi “Vavilon qarışdırmasına” çevrilməsin, həm də eyni zamanda, yeni ksenofobiya dalğası, xalqlar və mədəniyyətlər arasında düşmənçilik yaratmasın?
Bu mürəkkəb problemi həll etmək bizim Hərəkatın çiyinlərindədir.
AVRASİYA – BİZİM ANAMIZDIR. Avrasiya və onun ərazisi nə çoxdur, nə də az, amma kifayət qədərdir. O planetimizdən kiçikdir, ancaq istənilən, hətta ən iri dövlətdən, istənilən çoxmədəniyyətli, yaxud çoxdinli ərazidən böyükdür.
Bizim vəzifəmiz xalqları bütün qitəmizdə sülh və tərəqqiyə, quruculuğa, ümumi Avrasiya evimizin qayğısına qalmağa yönəltməkdir.
Biz yalnız güclülərin daşıya biləcəyi böyük bir yükün altına giririk.
Babalarımızdan bizə böyük miras qalıb – fikir inciləri, ruh yüksəkliyi, böyük dövlətlər, işıqlı mənəvi oriyentirlər, nəhəng iqtisadi zənginlik, rəngarəng sosial sistemlər, ictimai quruluşlar, unikal dillər.
Avrasiya gələcək üçün etibarlı platformadır, bəşəriyyətin min illər boyu böyük əzmlə qurub-yaratdığı fundamentdir.
Avrasiya bizim anamızdır, ana torpağımızdır, bizə əmanətdir, bizə sadiqdir; o bizə güc verir, ancaq köməyimizi və müdafiəmizi də istəyir.
Avrasiya Hərəkatı varlıq ağacının (Dünya Ağacı) kökündən tacına, tacından da kökünə qədər əbədi bir hərəkatdır. O bitməyən həyatımızın, tariximizin nəbzidir və nə qədər ki varıq, nəfəs alırıq, düşünürük, görmək üçün gözlərimiz, eşitmək üçün qulaqlarımız, qurub-yaratmaq üçün əllərimiz var, o davam edəcək.
Комментариев нет:
Отправить комментарий