04.07.2021

Britaniyaya milyonlarla funt sterlinq aparan şəxs Cəlal Əliyevin qızı imiş


Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) yenidən Azərbaycanla bağlı mövzuya müraciət edib.
"Azadlıq Radiosu"nun xəbərinə görə, təşkilatın iyunun 29-da yayılan yeni araşdırmasının qəhrəmanı İspaniyanın kurort adası İbizada "sümüyə işləyən elektron ritmləri" və "qızğın gecə həyatı" ilə özünə "Mikaela Cav" DJ təxəllüsü qazandırıb.
OCCRP qeyd edir ki, "Mikaela və Dostları" ("Mikaela & Friends") adlı şənbə məclisləri 2015-ci ilin yayında "Feysbuk" səhifələrində də geniş yayılmışdı.
Mikaela Cav "Feysbuk"-da Yunanıstan, Tayland və Las Veqasda çəkdirdiyi və zəngin həyatını əks etdirən fotoları paylaşırdı.
Hesabatda deyilir ki, İspaniyada verdiyi müsahibələrdə DJ Mikaela özünün İbiza vurğunluğundan, musiqi ilhamından və vətəni kimi təqdim etdiyi Rusiyadakı həyatından şövqlə bəhs edirdi.
OCCRP yazır ki, Transparency International təşkilatının Britaniya qolu ilə birlikdə Mikaela Cav-ın kimliyini müəyyənləşdirə bilib: söhbət Azərbaycan prezidenti İlham Əliyevin əmisi qızı (Cəlal Əliyevin qızı - red) İzzət Cavadovadan gedir.
Burdaca kiçik izahat verilir ki, ərinin soyadı ilə Cavadova olan qadın özünün səhnə təxəllüsünü 22 yaşlı qızı Mikaelanın adından götürüb.
Hesabatda deyilir ki, son bir neçə il ərzində o və əri Süleyman Cavadov Britaniya Milli Cinayət Agentliyinin (National Crime Agency - NCA) milyonlarla funt sterlinq vəsaitin mənşəyinə dair apardığı təhqiqatın subyektləri olublar.
Agentlik bu vəsaitin korrupsiya və mənimsəmə yolu ilə əldə olunmasından şübhələnir.
Belə bir təhqiqatın aparılması ötən il Britaniyanın "The Evening Standard" qəzetinin məqalələrindən məlum olmuşdu.
Əslində, bu qəzetin məqalələri "Azərbaycanlı cütlük" kimi təqdim edilən ər-arvadın sual doğuran mənbələrdən aldıqları 13,9 milyon funt sterlinqin (19,6 milyon dollar) faş olması ilə nəticələnmişdi.
OCCRP yazır ki, onda "İbiza vurğunu DJ-in" və onun ərinin kimliyini bilirdi. Amma "The Evening Standard" qəzeti cütlüyün adları üzərindəki məxfiliyin qaldırılması üçün məhkəmə prosesini udanadək bunu yaymaq mümkün deyildi.
NCA bildirib ki, Cavadovlar milyonlarla funt sterlinqi Britaniyadakı bank hesablarına gətirmək üçün əsasən ofşorlarda yerləşən 20 "qaranlıq" şirkətdən ibarət şəbəkədən istifadə ediblər.
Britaniya agentliyi izah edir ki, bu yolla köçürülən pul "bank tranşlarından fərqli olaraq auditin obyekti ola biləcək izi göstərməyə bilər".
NCA müstəntiqləri sözügedən şirkətlərdən 6-sının "Azərbaycanın pulyuyan maşınına" daxil olduğunu müəyyənləşdiriblər.
İlk dəfə OCCRP-nın 2017-ci ildə hazırladığı hesabatda bu adla açıqlanmış sistem ölkənin hakim elitasına vəsaitləri mənimsəmək, vergidən yayınmaq, çirkli pulları yumaq və Azərbaycandan çıxararaq Qərbə ötürmək imkanı verirdi. Burda isə həmin vəsaitlər dəbdəbəli mülklərə və lüks həyat tərzinə çevrilirdi.
OCCRP-ın hesabatında deyilir ki, təşkilatın təhqiqatçı jurnalistləri bu altı şirkətdən başqa müstəntiqlərin gözündən yayınan 7-ci şirkəti də aşkar ediblər və bu şirkət də sözügedən "pulyuyan maşının" digər şübhəli tranşlarında iştirak edib.
Hesabatda vurğulanır ki, bundan əvvəlki təhqiqatlar yüksək elitaya daxil olan azərbaycanlıların "pulyuyan maşından" istifadə etdikərini göstərmişdisə də, Cavadova prezident Əliyevin ailəsindən bu mexanizmlə bağlı adı çəkilən ilk şəxsdir.
Hesabatda deyilir ki, İzzət və Süleyman Cavadovlar Azərbaycanda çox geniş tanınan fiqur olmasalar da, qadının atası parlamentin üzvü, ərinin atası isə ötən ilədək enerji nazirinin müavini olub.
Araşdırmada qeyd olunur ki, atasının tutduğu vəzifə Süleyman Cavadova "siyası əhəmiyyətli şəxs" (politically exposed person və ya qısaca PEP) statusu verirdi.
Britaniyanın çirkli pulların yuyulması əleyhinə qaydalarına görə, belə şəxslər əlavə yoxlamaya məruz qalmalıdırlar.
Milli Cinayət Agentliyinin məlumatında deyilir ki, Cavadov Britaniyanın "Coutts" bankında hesab açarkən Azərbaycandakı nazir müavini ilə heç bir qohumluğunun olmadığını bəyan edib.
O deyib ki, nazir müavini ilə sadəcə olaraq eyni soyadı daşıyır.
Hesabatda bu da vurğulanır ki, Cavadovların pulun mənşəyi barədə banka verdikləri məlumatlar da polisdə olan məlumatlardan fərqli olub. Müstəntiqlər aşkar ediblər ki, İzzət Cavadova banka bu hesaba Azərbaycandakı daşınmaz əmlak şirkətindən kirayə gəlirlərinin daxil olacağını deyib.
Lakin sənədlərdən məlum olur ki, hesaba daxil olan vəsaitlər Cavadovların kirayədən aldıqları və banka bəyan etdikləri gəlirdən iki dəfə çox olub.
Cütlük 20 şirkətdən daxil olan pulların izahatı kimi ev kirayəsi haqqında 250 müqavilə və bu evlərin idarə olunması - menecmenti üçün kontraktlar təqdim edib. Məhkəmə sənədlərindən məlum olur ki, bu iki mənbə üzrə 2015 və 2018-ci illər arasında 2,4 milyon dollar köçürülüb.
Lakin NCA məhkəməyə bildirib ki, sözügedən müqavilələrlə bank transferlərinin tarixləri uyğun gəlmir və menecment haqqında bir müqavilə isə ümumiyyətlə pulun transferindıən sonra "bağlanıb".
Bundan başqa, prokurorlar Cavadovların həmin müqavilələrdəki imzalarının etibarlılığını, habelə ofşor şirkətlərdən istifadənin məqsədini sual altına alıblar.
Prokurorlar məhkəməyə yazırdılar: "Şotlandiya və ya İrlandiya MMC-si və ya Seyşel şirkətinin Azərbaycanda daşınmaz əmlakları necə idarə etməsi, bu zaman Estoniya və ya Latviyadakı bank hesablarından niyə istifadə olunması barədə heç bir izahat verilməyib".
NCA müstəntiqləri isə diqqəti sözügedən 20 şirkətdən heç birinin Azərbaycanda olmamasına və buna görə də Cavadovların mülkləri üçün kirayə haqqı ödəyə biləcəklərinin şübhəli görünməsinə çəkirdilər. Üstəlik də bu ödənişlərdən heç biri birbaşa Azərbaycandan gəlməmişdi.
NCA bunu da iddia edib ki, Cavadovlar pulların kirayəçilərdən yox, çirkli pulların yuyulması üçün yaradılmış qanunsuz vasitəçi təşkilatdan gəldiyini bilirdilər.
Müstəntiqlər belə bir nəticəyə gəldiklərini bildirirlər ki, böyük ehtimalla, Cavadovlar onların "Azərbaycandakı qüdrətli qohumlarından" gələn ödənişlərin "sadəcə mənfəətçisi" olublar.
NCA müstəntiqləri bildiriblər ki, Cavadovların istifadə etdikləri şirkətlərdən birinin nə daşınmaz mülkiyyət menecmentinə, nə də Cavadovlara aiddiyyəti olub.
Məsələn, bu şirkət başqa bir şirkətə Azərbaycana lifli-optik kabellərin göndərilməsinə görə ödəniş edib. Bu ödənişdə vasitəçi şəxs kimi əslində Azərbaycanın Gənclər və İdman Nazirliyinin bir əməkdaşı göstərilib.
Müstəntiqlər yazırlar ki, bunlar pul köçürmələri üçün alternativ sistem sayılan "pulyuyan maşın" üçün tamamilə xarakterik bir haldır.
Onların fikrincə, konkret bu halda irəlicədən ödənişin Azərbaycandakı dövlət qurumunun təchizatı üçün göndərilmiş mallara görə edildiyi təsəvvürü yaranmalıydı.
Jurnalistlərin hesabatında həmçinin qeyd edilir ki, Cavadovlar qalan 18 şirkət barədə də izahat verə bilməyiblər və belə bir məlumata malik olduqlarını inkar ediblər. Hesabatda bunun ziddiyyət yaratdığı vurğulanır. Çünki NCA-nın əlində olan sənədlərə görə, Süleyman Cavadov 2012 və 2013-cü illərdə banka verdiyi məlumatda bu şirkətlərdən üçünün onun biznes qurduğu broker firmaları olduğunu bildirmişdi.
Hesabatda qeyd olunur ki, Britaniya müstəntiqləri Cavadovların Azərbaycandakı gəlir mənbələrinin legitimliyi məsələsini araşdırmayıblar, çünki bu onların istintaqından kənarda olan bir məsələ idi. Bununla belə, müstəntiqlər iddia edirlər ki, Cavadovların Azərbaycanda "kirayə gəlirlərinin və sərvətə əhəmiyyətli dərəcədə çıxışlarının" olması ağlabatan görünsə də, onların Britaniya bank hesablarına daxil olan pulların daşınmaz əmlakdan gələn gəlir olması inandırıcı görünmür.
Müstəntiqlərin sözlərinə görə, məhkəmə üçün açıq qalan sual "ər-arvadın Britaniyada qəbul etdikləri vəsaitlərin hər hansı başqa (daha əlaqəli) mənbədən qanunsuz fəaliyyət vasitəsilə gəlib-gəlməməsidir".
Məhkəmənin həll etməli olduğu daha bir məsələ Cavadovların hesablarında qalan 6,5 milyon funt sterlinqin (9,2 milyon dollar) gələcək taleyidir.
Bu barədə məhkəmə dinləmələri başlanacaq.
Azərbaycan rəsmiləri OCCRP və "Transparency İnternational"-ın bu araşdırmasına hələlik heç bir reaksiya verməyiblər. Amma Bakıda hakimiyyət təmsilçiləri korrupsiya və çirkli pulların yuyulmasıyla bağlı beynəlxalq qurumların ittihamlarını bir qayda olaraq rədd edir, bütün bunları Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi qiymətləndirirlər. /arqument.az/

Комментариев нет:

Отправить комментарий