Firuz MUSTAFA: “Əsl yazıçı bütün zamanlarla, hətta özü özüylə belə müxalifətdə olmalıdır...”
Müsahibimiz ünlü dramaturq Firuz Mustafadır
-Bu gün Azərbaycanda hər 3 nəfərdən biri yazır. Amma dramaturqlar çox azdır.
-Ümumiyyətlə, bütün dünya ədəbiyyatında kəmiyyət etibarilə dramaturqların sayı həmişə az olub və bu gün də belədir. Yəqin ki, elə siz özünüz də istənilən xalqın ədəbiyyatına, daha doğrusu, ədəbiyyat adamlarının yaradıcılığına ötəri bir nəzər salsanız, görərsiniz ki, bu, həqiqətən belədir. Fransız ədəbiyyatından onlarla nəhəng şair və nasirin adını çəkmək olar: Rable, Russo, Hüqo, Balzak, Flöber, Mopassan, Düma, Rollan, Morua, Stil, Saqan… Bu siyahını hələ yenə davam etdirmək olar. Amma fransız dramaturqların adını barmaqla saymaq olar: Molyer, Bomarşe, sonrakı mərhələdə, yəni iyirminci əsrdə isə Sartr, Kamyu. Əlbəttə, adı az adama məlum olan nəhənglər də var ki, onlar absurd teatrın nümayəndələridir. Buna misal çəkmək olar Bekketi və İoneskonu, onlardan da birincisi irland, ikincisi isə rumın əsillidir. Eləcə də rus ədəbiyyatı… Ruslarada da nasir və şair istənilən qədərdir. Amma dramaturq… XIX əsr rus ədəbiyyatının qızıl dövrüdür. Bəs görək dramaturqları nə qədərdir? Qriboyedov, Ostrovski, Çexov… Vəssalam. Əlbəttə, deyə bilərsiniz ki, Puşkin, Tolstoy, Qorki kimi sənətkarların da dram əsərləri var. Bu, düzdür. Amma onlar poeziya və nəsrdə etdiklərini dramaturgiyada edə bilməyiblər. Bəs nə üçün bu, belədir? Yəni dramaturgiya ilə məşğul olan adamların sayı niyə azdır? Bu suala geniş cavab vermək üçün gərək bir neçə saat danışasan. İndiki halda mən təkcə onu deyə bilərəm ki, dramaturgiya incəsənətin ən spesifik sahələrindən, janrlarından biridir. Və məcburam Belinskidən də bir misal çəkəm: dramaturq olmurlar, dramaturq doğulurlar.
-Sizin “Qara qutu” əsəriniz tamaşaya qoyuldu və xeyli tamaşaçını özünə cəlb etdi. Bəzi teatrlarmızdakı dayazlıq, saxta gülüş, nəyin hesabına olur-olsun tamaşaçıda mənasız gülüş yaratmaq cəhdindən irəli gələn yersiz mimikalar və şit sözlər bezdirib bəlkə tamaşaçıları?
-Qəribədir ki, bu gün məmləkətimizdə teatra marağın azalması ilə bağlı ən çox haray-həşir qoparan elə teatr adamlarının özüdür. Daha doğrusu, rejissorlardır. Və onlar belə bir “arqumentə” və “fakta” istinad edirlər ki, bizdə müasir dramaturgiya zəifdir, yoxdur, ona görə tamaşalar uğurlu alınmır. Onda mən soruşuram onlardan: əgər müasir dramaturgiya yoxdursa, nə üçün klassiklərə müraciət etmirsiniz? Onda siz də məndən haqlı olaraq soruşacaqsınız ki, rejissorlarımızın son vaxtlar klassik mətnlər əsasında qoyduğu hansı tamaşa uğurlu alınıb? Və bu, doğru da sorğu olacaq. Bəzi rejissorlarımız isə, ümumiyyətlə, milli dramaturgiyanı inkar edirlər. Onda sual olunur: bəyəm hansısa xarici dramaturqun hansısa əsəri bizdə anşlaqla gedib? Qətiyyən. Bu cür hal olmayıb son illərdə. Deməli, cavab öz-özünə məlum olur: bəlkə bizdə istənilən səviyyədə rejissor və rejissura yoxdur?..
O ki, qaldı şit, mənasız gülüşə… Bəli, bu deyilənlər də əsaslı səbəblərdir. Yəni bəzən teatrlar süni, ucuz gülüş arxasınca qaçır. Nəticədə zövqsüz tamaşaçılar “formalaşır”. Bir daha deyirəm, teatrların bu günə düşməyinin yüz səbəbini sadalamaq olar, amma ən başlıca səbəb yaxşı rejissorların qıtlığı ilə bağlıdır. Əvvəlki rejissorların bir çoxunun məktəbi vardı. Ədil İsgəndərov məktəbi, Mehdi Məmmədov məktəbi, Tofiq Kazımov məktəbi. Sonuncu rejissor məktəbi mərhum Hüseynağa Atakişiyevun adı ilə bağlı idi. O, mənim bir çox əsərimə quruluş vermişdi. Boyük sənətkarın sonuncu quruluş verdiyi əsər mənim “Qara qutu” pyesim idi. Əsər Hüseynağanın ölümündən sonra göstərildi. İndi rejissorlar arasında bu cür cəsarəti, xarakteri və sifəti olan şəxsiyyət tapmaq müşkül məsələdir.
Açığını deyim ki, indi bəzi rejissorlar umacaqlıdır. Bildiyiniz kimi, mən AYB-də dramaturgiya bölməsinə rəhbərlik edirəm. Aradabir istedadlı, gənc adamlar da müraciət edir bizə. Və mən eşidirəm ki, onların nəinki əsərlərini müzakirə edir, hətta özlərini bəzi teatrların həndəvərinə də yaxın qoymurlar. İndi bir çox teatrların rəhbərləri özlərini keçmiş təkəbbürlü, bürokrat raykom katibləri kimi aparırlar. Hətta maraqlıdır ki, onların arasında sözün müstəqim mənasında keçmiş “raykomlar” da var. Belələri özlərinin rəhbərlik etdikləri teatrların əməkdaşlarını, aktyorlarını “qəbul günlərində” belə, qəbul etmək istəmirlər. Əcaib haldır: teatrda aktyor üçün də “qəbul günü” olar? Mən bu cür “pərdəarxası” söz-söhbəti az eşitmirəm. Halbuki teatrlar yaradıcılıq ocağı olmalı, onun qapıları teatrla bağlı insanların üzünə həmişə açıq olmalıdır.
-Əgər xatırlayırsınızsa, “YUĞ” teatrının bütün tamaşaları anşlaqla keçirdi. Çünki telekanallardan üstümüzə ayaq açan şit, səviyyəsiz uldulzar, verilişlər, yaxacırmalar, ağlaşmalar, şit diringilər insanları sanki dərinliyə, fəlsəfəyə, mənəvi çalarlara susadıb.
-Bəli, “Yuğ” teatrında uğurlu tamaşalar olub. Mərhum Vaqif İbrahimoğlu mənim də bir əsərimə- “Müqəvva” pyesimə quruluş vermişdi. Bizim onunla başqa layihələrimiz də vardı. Təəssüf ki, Vaqif vaxtsız getdi. Bu teatr daha çox eksperiment xarakterli idi. Orada daim axtarışlar gedirdi. Vaqifin yetirmələrinin sorağı indi ölkənin hüdudundan kənarda belə eşidilməkdədir. Rejissorluğu öz yerində, Vaqif həm də yaxşı nəzəriyyəçi idi, dramaturgiyaya dərindən bələd bir adam kimi qalıb mənim yaddaşımda. Onunla saatlarla yorulmadan sənət, həyat, olüm və ölümsüzlük haqda söhbət etmək mümkün idi. Mən əminəm ki, onun yaratdığı teatr yaşayacaq…
-Azərbaycan dramaturgiyasında Hüseyn Cavid liderliyi var. Mənə elə gəlir ki, hələ bu liderliyi böyük Cavidlə bölüşən olmayıb. Təbii, Mirzə Fətəli Axundovun dramaturgiyası zəngindir. Amma Hüseyn Caviddəki fəlsəfə və dərinlik əlçatmazdır.
-Azərbaycan ədəbiyyatında böyük dramaturqlar çoxdur. Ədəbiyyat bir az da zövq məsələsi ilə bağlı olduğuna görə “liderlik” barədə hökm vermək mübahisəli təsir bağışlaya bilər. Amma orası da var ki, digər janrlardan fərqli olaraq dramaturgiyada kimin hansı mövqedə olması daha konkretdir. Bu sözlərlə mən nə demək istəyirəm? Bəzən orta (və ya aşağı) səviyyəli yazarlar və oxucular arasında hansı şairin və ya yazıçının daha “böyük” olması barədə bayağı mübahisələr gedir. Və heç şübhəsiz ki, bu uzun mübahisələrin sonunda belə, kimin daha “böyük” sənətkar olduğunu sübüt etmək mümkün olmur. Bu, heç sübut olunası məsələ deyil. Çünki hər bir qələm əhli və ya əgər belə demək olarsa, onun fanatı, azarkeşi sonda “xalq” deyilən mücərrəd bir anlama müraciət edir: “Xalq filan şairi daha çox sevir”. İndi gəl sübut et ki, xalq filankəsi sevir və yaxud sevmir. Belə bir sübutun özü də elə həmin “xalq” anlayışının özü kimi mücərrəddir. Amma dramaturgiyada vəziyyət bir az başqa cürdür. Burada dramaturqun, məsələn, şairdən “fərqi” daha aydın bilinir. Çünki oynanılan əsərlərin haqq-hesabı, yəni “otçot-uçotu” dəqiq aparılır. Belə ki, müvafiq statistika, vergi, mədəniyyət idarələri hansı əsərin nə qədər oynanıldığını və nə qədər gəlir gətirdiyini dəqiq bilir. Burada artıq “xalq” anlayışı mücərrədlikdən çıxıb, konkretləşir, kimin “böyük” olduğu aydın bilinir.O da başqa bir söhbətin mövzusudur ki, bəzən zəif əsərlərə zorla “tamaşaçı axını” yaradırlar. Hətta bizim məmləkətin mədəni təcrübəsində pul verib başqasına “əsər” yazdırma, pul verib həmin “əsəri” teatra pərçimləmə, pul verib tamaşaçının əvəzinə bilet alma praktikası da var… Amma şükürlər olsun ki, bizim Mirzə Fətəli Axundovla başlayan dramaturgiyamız çox zəngindir. İndi qalır həmin zəngin dramaturji nümunələrin teatrların repertuarında möhkəm yer tutması… Bu isə artıq dediyim kimi, gələcəkdə yetişəcək istedadlı rejissorlar pleyadasından asılıdır.
-Nəsrdəki cəsarətli yaradıcılığınız gerçəkdən çox fərqlidir. Daha çox dünya ədəbiyyatında kimə üstünlük verirsiniz? Yəni bir az kobud da çıxsa, kimə oxşamaq istəyirsiniz?
-Bəri başdan onu deyim ki, yazıçının kiməsə oxşaması və ya oxşamaq istəmək arzusu, cəhdi həm komik, həm də faciəvi haldır. Hər bir ciddi söz adamı məhz özünə oxşamalıdır. Onsuz da ədəbiyyatda “başqası” var. Əgər sən də həmin “başqası” olacaqsansa, onda bu, kimə və nəyə lazımdır? Ədəbiyyatın gözəlliyi elə onun polifonikliyində, çoxrəngliyində, müxtəlifliyindədir. Monofonizm- ədəbiyyatın süqutudur. Ədəbiyyat təkcə mövzular, baxışlar, ideyalar deyil, həm də üslublar müxtəlifliyi deməkdir. Hər yazıçı bir üslub deməkdir. Üslub yoxsa, yazıçı da yoxdur. Yalnız zəif yazııçının fərdi üslubu olmur, bütün böyük söz adamlarının yalnız özlərinə məxsus, təkrarsız üslubu olur.
-Azərbaycanda vaxtilə Bayram Bayramov, Sabir Əhmədov cəsarəti var idi. İndiki yazarlarda belə cəsarəti görürsünüzmü?
-Mən tam səmimiyyətlə deyirəm ki, “cəsarət” sösünün özü nisbi səciyyə daşıyır. Əgər söhbət hansısa real və ya abstrakt hakimiyyəti tənqiddən gedirsə, burada bir məsələni digərindən fərqləndirmək lazımdır. Ola bilsin ki, hansısa yazıçının siyasi iddiası var və o, öz rəqiblərinə qarşı müxtəlif üsullardan (kompromat, piyar və sair bu kimi çeşidli vasitə və siyasi texnologiyalardan) istifadə etməklə yararlanmağa çalışır. O zaman biz bu hadisəni yalnız siyasi prizmadan qiymətləndirə bilərik. Bir də var yazıçının fəal şəxsi həyat mövqeyi. Bəli, mən sizinlə şərikəm: hər bir söz adamı yeri gəldikdə ətrafında baş verən taleyüklü hadisələrə öz konkret münasibətini bildirməlidir. Amma, məncə, hər bir yazıçının üzərinə düşən vəzifə, missiya deyilənlərdən daha böyükdür… Fikrimi sadə şəkildə izah etməyə çalışım: bax, mən əsasən dramaturgiya ilə məşğulam. Əgər mən cəmiyyət həyatında baş verən kolliziyaları, ziddiyyətləri, neqativ halları, bir sözlə, sosial qabarma və çəkilmələri qələmə almasam, onda yazılanların heç bir qiyməti və dəyəri ola bilməz. Belə əsərlər səhnədə qala bilməz. Əsl yazıçı nəinki hansısa hakimiyyətlə və ya qruplaşma ilə, bütün zamanlarla hətta, özü özü ilə belə müxalifətdə olmalıdır. Bu mənada, şəxsi cəsarətlə yanaşı, bəlkə də ondan öncə yazıçının ədəbi cəsarəti olmalıdır. Əgər ortada cəsarət yoxsa, deməli, yazıçı özü də yoxdur.
-Ədəbi gəncliyə sözünüz varmı?
-Ədəbi gənclik anlayışının özü də nisbi və şərtidir. Fəlsəfədə “sosial zaman” anlayışı var. Yəni bizim içində yaşadığımız zaman məfhumu sırf “texniki” səciyyə daşıyır, əslində isə özümüzə çağdaş hesab etdiyimiz bu adamlar ən müxtəlif zamanlarda yaşayırlar. Elə gənc var ki, hələ ötən əsrin ortalarında mürgüləyir. Amma elə yaşlı adam var ki, müasirliklə daim ayaqlaşır. Mənim gəncliyə elə bir yeni, qeyri-adi bir sözüm yoxdur… Amma əgər deyilməsini vacib hesab edirsinizsə, onda öz arzularımı deyə bilərəm. Madam ki, indicə söhbət cəsarətdən getdi, mən onlara məhz ədəbi cəsarət arzu edərdim. Kiminsə qulluğunda durmağa çalışan, kiməsə yarınan, kiməsə yaltaqlanan (hər iki söz “yal”la bağlıdır), ötəri şöhrət üçün dəridən-qabıqdan çıxan adamdan böyük sənət adamı ola bilməz. Həyat və sənət ədəbi buqələmunluğu sevmir… Əlbəttə, böyük əsərlərin meydana gəlməsi adamdan həm də böyük istedad tələb edir; lakin zəhmətsiz istedad heç vaxt heç nəyə qadir ola bilməz. Zəhmət, artıq min dəfə, milyon dəfə deyildiyi kimi, insanın Allahıdır. Və elə ona görə də mən istedadlı gəncliyə ilk növbədə cəsarət və zəhmət arzu edirəm.
Arzu ABDULLA movqe.az
Комментариев нет:
Отправить комментарий