20.07.2011

Qara rəngin fitvası


Seyran Səxavət
Bütün dini liderlər kimi Şeyxülislam da toxunulmazdır – Ona ancaq Allah toxuntusu ola bilər…
Hamının qudası var, ancaq hamının Allahı yoxdur…
Mən şeyx həzrətləri Hacı Allahşükür Paşazadə ilə şəxsən tanış deyiləm. Ömrümdə bir dəfə də olsun onunla bir iftar süfrəsində oturmaq belə mənə qismət olmayıb, loru dildə desək, bir stəkan çayını da içməmişəm. O, Bütün Qafqazın Şeyxidir. Mən də qafqazlıyam, deməli o, həm də mənim şeyximdir. Özü də nə az, nə çox – otuz ildən artıq…
Diplom etibarı ilə şərqsünas olduğuma görə, dəqiq bilirəm ki, Şeyx ərəbcə “şaxə” sözündəndir və bir mənası da qocalmaq deməkdir. Qocalmaq sözünü isə öz aləmimdə mənalandırıb belə bir nəticəyə gəlirəm: Yəni bir olan böyük Allah Şeyxə qocalıq xoşbəxtliyini mütləq bəxş eləyir, ona müdrikləşmək, kamilləşmək şansı və imkanı verir.
”Şeyxülislam” sözü də ərəbcədir, böyük nüfuz sahibi olan üləmaların, sufilərin çox şərəfli rütbəsidir. Osmanlı imperiyası dövründə İsgəndəriyyə müftisi Şeyxülislam rütbəsi almışdı və dövlətin ən mötəbər dini lideri sayılırdı.
Bu xatırlamaları vacib hesab edəndən sonra demək istəyirəm ki, hər dəfə mətbuatımızda şeyx həzrətləri haqqında yerli-yersiz, haqlı-haqsız yazıları oxuyanda dünyanın dahi rəssamlarından biri olan Van Qoqu xatırlayıram. Yəqin ki, mənim bu xatırlamam ilk baxışdan sizə yersiz görünəcək. Ancaq tələsməyin, hövsələnizi basın.
XIX əsrdə yaşamış Van Qoq xüsusilə rəssamlığa başladığı ilk illərdə ən çox sarı rəngdən istifadə edib – ona görə ki, Van Qoq kasıb idi, sarı rəng də ucuz. Bu rəngi də ona qardaşı alıb verirdi…
Yuxarıda qeyd etdiyim kimi əvvəllər, xüsusilə də son vaxtlar Şeyx həzrətləri haqqında mətbuatımızda, onun onilliklər boyu dünyada qazandığı hörmətinə və nüfuzuna xələl gətirən “qarayaxma” janrında məqalələr çap olunur, şeyximizi xalqa olduğu kimi yox, olmadığı kimi təqdim etməyə cəhd edirlər. Van Qoqu ona görə xatırlamışdım ki, böyük rəssam sarı rənglə işləməyi üstün tuturdusa, bizlər qara rənglə “işləməyi” sevirik – hər şeyi qara görürük, qaralayırıq, qara yaxırıq, hətta şeyximizə də, şairimizə də, keçmişimizə və əlimiz çatmayan gələcəyimizə də. Mən qara rəngin əleyhinə deyiləm. “Qara” sözünün bir mənası da “böyük” deməkdir. Mənim qara rəngdən o vaxt zəhləm gedir ki, onu bir-birimizin üzünə, taleyinə, qeyrətinə, namusuna, keçmişinə, bu gününə və gələcəyinə yaxırıq. XXI əsrdə, Bil Qeydslə bir dövrdə yaşadığımız günlərdə qarayaxma peşəsindən istefa verməyin vaxtı deyilmi, ey Adəm bəylə Həvva xanımın, Dədə Qorqudun, Koroğlunun, Babəkin, Cavanşirin törəmələri?
Mərd Murtuza Əlinin qılıncından iti olan nəfsi varlığında, sırtıq umacağı dilində olan qələm “sahiblərinə” deyirəm ki, sizlər heç özünüzə sahiblik eləyə bilmirsiniz, Qələm boyda müqəddəsə necə sahiblik eləyə bilərsiniz ki? Umacağa, böyük mənada isə nəfsə qulluq eləyən qələmdən çıxan qara söz yapışqan deyil və heç kəsə yapışmaz. Azərbaycanımızda namuslu qələm sahibləri də var ki, Sözün və Həqiqətin gözünün içinə düz baxırlar, gözlərini də qırpmırlar. Sizin kimi üzdəniraqlar o cür qələm sahiblərini görəndə niyə qaçıb siçan deşiyinə girmirsiniz ki, Oxucular da sizin müxbir “razmerinizi” birdəfəlik bilsinlər, bilsinlər ki, sizin jurnalist vücudunz bir siçan deşiyinə yerləşir. Yadınızda saxlayın ki, nəfsin – umacağın qara qulu olmaq, yüzillər boyu bizimlə düşmənçilik eləyən erməninin qapısında ayağızəncirli işləməkdən də aşağı və miskin bir şeydir. Siz deyildinizmi müasir şeirimizin buzqıran gəmisi, poeziyamızın şəriksiz və mütləq Ali Baş Komandanı Bəxtiyar Vahabzadənin türk anasını erməni qadını kimi qələmə verən? Bəlkə bunu Seyran Səxavət yazmışdı? Sizlər də mənimkisiniz, hətta imtina eləsəm də. Ancaq şərə və böhtana söykənib xalqın sayılıb-seçilən adamlarına qara yaxmaq, ayağısürüşkən qəşəng arvadına arxayın olub, qonşunun çəlimsiz, kasıb ərini döyəndən sonra kəndin ortalığında “kişi” kimi hərlənməyə yaman oxşayır ha…
Hikkəsi, nəfsi və umacağı boyda olan jurnalistlər barədə Mətbuat Şurası ara-sıra ölçü götürür, onları cəzalandırır. Hətta onların sərrast və dəqiq adı da var: “Reket jurnalistlər.” Bəs insan mənəviyyatına reket münasibəti bəsləməklə üzdəniraq peşələrini terror səviyyəsinə qaldıranları kim cəzalandıracaq? Bu mühakiməni Allaha həvalə etməklə bizlər uduzuruq, onlar isə vaxt qazanırlar və bu vaxtqazanma amili onları haqqın yolundan daha da uzaqlaşdırmaqla ölkəmizə, dövlətimizə, xalqımıza problem yaratmış oluruq. Bu mənada götürəndə mən belə hesab eləyirəm ki, Azərbaycan jurnalistikasına qurd düşüb. Özü də jurnalistikamıza düşən qurdlar, əgər belə demək mümkündürsə, “beynəlmiləl” tərkibli və rəngarəng mənşəlidir: qarayaxma, böhtan, təhqir, söyüş mənşəli. Saysız-hesabsız, şərəf və ləyaqət mövzusunda məhkəmə çəkişmələri dediklərimə parlaq sübutdur.
Səhv eləmirəmsə, 90-cı illərin axırlarında Şeyx həzrətlərini, dünya şöhrətli azərbaycanlılar – rəssam Tahir Salahovu, kosmosun fəth olunmasında misilsiz xidmətləri olan Kərim Kərimovu SSRİ Ali Sovetinə deputatlığa namizəd irəli sürmüşdülər. Mən o zaman onların üçünü də müdafiə elədim, Azərbaycan xalqına öz narazılığımı bildirdim – baxmayaraq ki, onların seçilməməsində xalqın heç bir günahı yox idi. Dəhşətə gəlmişdim ki, Allahşükür Paşazadəni, Tahir Salahovu, Kərim Kərimovu seçməyən bizlər kimi seçəcəyik? Məlum oldu ki, onların əvəzinə sağınçı, suçu, pambıqçı və s. seçilib. Mən o zaman da, ində də bu üçlükdən heç birini şəxsən tanımırdım, indi də tanımıram, ancaq onların halal haqqı idi seçilmək və mən də onların ana südü kimi halal haqqını müdafiə etmişdim. Bu gün də haqqın yolundayam, sabah da. İnanıram ki, qəbrimi də Haqqın Yolunun düz ortasında qazacaqlar, hətta gəlib-gedənə mane olsa belə…
”Haqq nazilər, ancaq üzülməz” deyiblər. Bir neçə ay bundan əvvəl “manısizmin və ləçərizmin” tüğyan elədiyi ölkəmizdə, 11 yaşından böyük bir qaçqın külfətini dolandıran Azəri qızı Güneli müdafiə eləyəndə də haqqın nazik yerində idim, elə indi də həmin yerdəyəm. Körpə azəri qızını bədxahlardan, dargözlərdən, ləçərlərdən və manıslardan müdafiə eləyəndə də, Azəri qızı Güneli şəxsən tanımırdım. Ancaq nə olsun ki? Haqqı-ədaləti ki tanıyırdım, oturub-durmuşdum…
Bunları ona görə sadalamıram ki, özümü qəhrəman kimi təqdim eləyəm. Bunları ona görə xatırladıram ki, bəzi ağzıgöyçəklərin horra tökülən ağzını bəri başdan yumum. Söhbət təmənnasızlıq kimi ali, ilahi mənsubiyyətdən gedir… söhbət təmənnasızlq kimi ali, ilahi mənsubiyyətin adam balasına bağışladığı kövrək ləzzətdən gedir ki, siz üzdəniraqlar bu təamı heç vaxt dadmamısınız, çünki üstünüzdə heç vaxt götürülməyəcək Allah qadağası var!
Əvvəllər yazırdınız ki, Şeyxin qudası Hacı Mazan belə elədi, Şeyxin qudası Hacı Qalib elə elədi. İndi də bir ucdan döşəyirsiniz ki, Şeyxin qudası, türk iş adamı Əli Evsen heylə elədi. Yaxşı, hörmətli qələm düşmənlərim, Şeyx neyləməlidir? İşini-gücünü atıb qudalarını izləməlidir, yoxsa onlara nəzarət eləməlidir? Sizin qoydugunuz başlıqalrdan belə çıxır ki, Şeyxin qudalarını heç kəs, hətta yaxın qonşuları da tanımırmış. Naxış olmayan bir yanlışdır. Şeyxlə qohum olana qədər Hacı Mazan da, Hacı Qalib də yetərincə tanınmış adamlar olublar. Əgər belədirsə (doğrudan da belədir!) bəs onda nəyə görə yazırsınız ki, Şeyxin qudası filankəs belə elədi? Niyə yazmırsınız ki, Hacı Mazan, Hacı Qalib və yaxud qeyri-hacı Əli Evsen filan işi gördü? Sizin bildiyiniz “niyə”ni mən də bilirəm. Ona görə şeyxin adını ora qoşursunuz ki, içinizdə dini liderimizə ilişməklə, onun adını hallandırmaqla, böhtançı sensasiya yaradıb istedadınızın korluğunu xalqdan gizlədəsiniz. Gözünüzü yumursunuz, heç kəsi görmürsünüz, elə bilirsiniz ki, heç kəs də sizi görmür – nə boyda yanlış!
Dünyanın heç bir ölkəsində qanunla tənzimlənən nikah müqaviləsində göstərilməyib ki, quda qudasına görə məsuliyyət daşıyır. Bu cür müqavilələrdə ancaq ailə quran iki nəfərin qarşılıqlı öhdəliyindən söhbət gedir. Mən bilən, hörmətli Şeyx həzrətləri də övladlarının xeyir işindən əvvəl belə bir öhdəlik götürməyib. Ancaq bunu bilmək, bilərək qəbul etmək, qəbul edərək etiraf etmək, sizlər üçün təmiz Azərbaycan dilində gözəl bir cülmə yazmaq qədər çətin məsələdir, Allah düyününüzü açsın, yazıqsınız.
Diqqətli və nəfssiz olsanız görərsiniz ki, sınıq-salxaq sözləriniz, məqalələrinizlə özünüzü necə pis, gülünc vəziyyətə salıb taleyinizdə qəza vəziyyəti yaradırsınız. Sizin yazdıqlarınızdan belə çıxır ki, əgər bir quda pis iş görübsə, o biri qudalar da əlli-ayaqlı getməlidir. Hansı hüquq, əxlaq və məntiqlə? Ən təhlükəlisi də budur ki, sizin yanaşmanızı Azərbaycanımızın cənnət güşələrindən olan cənub zonasına tətbiq etmək. Çünki o yerlərdə hər qudanın on-oniki qudası olur. Onda vay o zonada yaşayan qudaların halına… Bir də vay sənin yazdıqlarının və özünün halına.
O zaman qudalar yığışıb səni ortalığa çəkər, “qudalar” mahnısının sədaları altında nəfəsin kəsilənə qədər səni oynadıb, əlinə bəs deyincə şabaş verərlər və nəfsinin səbəbi bir az alınar… bir damcı, lap elə sənin özünün və sözünün vicdanı boyda.
Səni sonuncu dəfə xilas eləmək istəyirəm. Diqqətli ol! Evinə qayıdanda “Qudalar” mahnısının sədaları altında özünü cəm eləyə bilsən fikirləş ki, “Hamının qudası var, amma hamının Allahı yoxdu…” Bunu fikirləşsən, daha doğrusu, fikirləşə bilsən söz verirəm ki, sən xislətdə olan bütün tanışlarımı səfərbər edib cəhənnəmin qıl körpüsündən özüm keçirdəcəm səni…
Hörtəmli Şeyximiz Hacı Allahşükür Paşazadə həmişə müsəlmanların və dövlətimizin yanındadır. Dünyada böyük nüfuz sahibidir və nüfuz sahibi olduğuna görə həm də söz sahibidir. Dünyanın dini liderləri arasında böyük hörmətə layiqdir. 1969-cu ildə Rabatda (Mərakeş) yaranmış İslam Konfransı Təşkilatında (Münəzzəmət Əl-Mü “təmar əl – islami”) bizim şeyximizi yaxşı tanıyırlar. Bu təşkilat müsəlman ölkələrinin dövlət və hökumət başçılarının konfransında təsis edilimişdir, 50-yə yaxın dövləti və Fələstin Azadlıq Təşkilatını birləşdirir. İslam İnkişaf Bankı, İslam Xəbərlər Agentliyi, İslam Dövlətləri Radio Verilişləri və Televiziya Xidməti Təşkilatı, İslam İqtisadi və mədəni məsələlər Komissiyası, İslam Ticarət və Sənaye Palatası, İslam Paytaxtları Təşkilatı, Ümumdünya İslam Konqresi, Avropa İslam Şurası, Beynəlxalq İslam Bankları Cəmiyyəti, MDB Dinlərarası Şurası və adlarını çəkmədiyimiz onlarla İslami cəmiyyət və təşkilatların qapısı hörmətli və nüfuzlu şeyximizin üzünə həmişə taybatay açılır. Bu cür qapıları açmaq hər nüfuz sahibinin də işi deyil ha… Cinsini anketdə kişi yazanlar, bir də qarayaxma janrında “şah əsər” yaradanlar var ki, üzbəüz yaşadığı qonşusunun, bir beldən gəldiyi qardaşının qapısını aça bilmir. Məgər hansı zəmanədə yaşadığımızı unutmuşuq ki?..
Nəfsinin səbəbi alınan kimi tüpürdüyünü yalamağa hazır olan bəzi jurnalistlərə demək istəyirəm ki, tüpürdüyünü yalamaqdansa, tüpürməyin, elə tüpürcəyinizi udun ki, heç kəs də sizdən şübhələnməsin – elə biləcəklər ki, udqunursunuz. Udqunmaq isə hər insanın hüququdur, bunu heç kəs sizin əlinizdən ala bilməz. Hüququnuzu bilin ki, haqqınızı qoruyasınız.
Erməni mətbuatında Şeyxülislam sözünü nanəcib və tərbiyəsizcəsinə bizləri təhqir edərək təhrif ediblər. Bizim bəzi qəzetlər isə erməni yazardan sitat gətirirlər – sitatına “papanın” qudaları qurban – söz tapmadım və bir şeyə inanmadım, inanmadım ki, başqa ölkələrin qəzetləri öz dini liderlərinə münasibətdə bu cür nankorluq eləsin, nə düşmənimiz erməni dövlətində, nə dostluğu ilə düşmənçiliyi bilinməyən Rusiyada, nə də qarış-qarış gəzib dolaşdığım Avropa dövlətlərində belə şeylərə rast gəlməmişəm.
Ayıb olsun Seyran Səxavətə! Hələlik özümdən başqa heç kəsə gücüm çatmır…
Yazırlar ki, Şeyx ticarətlə məşğul olur. Bu barədə mənim heç bir məlumatım yoxdur. Ancaq harada yazılıb ki, din adamı ticarətlə məşğul ola bilməz – əgər varsa soxun gözümə. Yoxdu belə şey. Şeyxülislam Hacı Allahşükür Paşazadə bədxahlarına özü hamıdan yaxşı, sərrast cavab verib: “Peyğəmbərimiz də ticarətlə məşğul olub!”
Üzdəniraq qarayaxmaçılara demək istəyirəm ki, Şeyxülislam sizin üçün məmur deyil ki, gözünüzü yumub ağzınızı açasınız. Azərbaycanda birnəfəsə, fasiləsiz otuz ildən artıq işləyən məmur tapsanız əllərimin dalını yerə qoyaram – heç olmasa bunun fərqinə varın də, ay mən deyənlər…
Ağlınız varsa yığın başınıza, əgər yoxdursa onda elə qoyun başınız boş qalsın, yel vursun yengələr oynasın, gününüzü birtəhər keçirin. Söz verdiyim kimi sizi cəhənnəmin qıl körpüsündən özüm keçirtdirəcəm… Öz bildiyim və bacardığım kimi.
Milli Məclisdəki deputatların birindən gələn təklif isə (adını unutmuşam) kosmik və fantastik olduğu qədər də gülünc və komik əsillidir. Şeyxin əmmaməsi haqqında fikir söyləyən bu millət vəkilinin “dahiyanə” təklifinə heyran oldum. Nə boyda görkəmsiz müsəlman olmalısan ki, ölkənin o boyda məclisindən belə fikir səsləndirəsən – ustadına əhsən. Ay yoldaş, əmmamə Şeyximizin kəfənidir, başında gəzdirir. Sənə isə mən bilən sambrero daha çox yaraşardı.
Mən Şeyx həzrətlərinin xidmətlərini sadalasam onun haqqında hədyan yazan qəzetlərin hamısının birgə tirajından qat-qat çox olar. Görünən kəndə heç vaxt bələdçilik eləməmişəm, indi də o fikirdən çox-çox uzağam.
Mənə elə gəlir ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə bizim son dərəcə ləyaqətli, böyük Allahın qocalmağa izin verdiyi, sevib-seçdiyi bəndələrindən biridir. Ömrünün-gününün müdriklik pilləsində bostanına atılan daşlara fikir vermədən aramla irəliləyir, uzun, ağır, uğurlu-uğursuz illərin verdiyi təcrübədən yararlanıb xalqına, dövlətinə dəstək verir. O, 15-20 il öncə bir ilə başa çatdırdığı işi, indi bir günə eləmək iqtidarındadır. Bu mənada biz Şeyximizi daha sərrast qiymətləndirməli və onun qədrini bilməliyik. O hansı dəlidir ki, böyük ağacın dörd tərəfə şaxələnib və şeyxlənib bar verdiyi bir vaxtda onun kökünü baltalasın? Dünyanın çox hissəsini gəzdiyim yerlərdə belə dəliyə rast gəlməmişəm. İnşallah, Azərbaycanda da rast gəlməyəcəyəm.
Şeyxülislam Hacı Allahşükür Paşazadə Bütün Qafqazın Şeyxidir, mən də qafqazlıyam və öz Şeyximi müdafiə elədim. Düz elədim. Şeyxini müdafiə eləyə bilməyəni Allah da qorumaz. Allah bizi qorusun…
P.S. Şeyximizdən başqa kim bu yazıya etiraz eləsə, xətircəm olsunlar, cavab verməyəcəyəm.
P.S.S. Dini liderimizi dəstəkləyən bu yazıya kimsə mətbuatda etiraz eləsə, onun yazdığını yox, sizlərə təqdim elədiyim öz yazımı oxuyacam. Çünki bu yazıya ən sərrast cavab elə bu yazının özüdür.

“Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий