15.02.2012

«Amerika qorxulu layihənin sınağına başlayır»


Həmid Herisçi: “Ehtiyatlı olmalıyıq! Astanadakı siyasi məğlubiyyətdən sonra göydəki Günəş də Azərbaycandan yan ötür».

«İrana, Liviyaya öz neftini satmağa icazə verilmir, Türkiyə ilə Azərbaycan isə Qarabağ, “erməni soyqırımı” kimi məsələlərdə məğlub edilir».

Yazıçı-publisist telejurnalist Həmid Herisçi Azərbaycanın efir məkanında baş alıb gedən ucuz, bayağı şouların məqsədyönlü şəkildə həyata keçirildiyini deyir. Amma o əksəriyyət kimi hesab etmir ki, siyasi hakimiyyət diqqəti problemlərdən yönəltmək üçün şoularla əhalinin başını qatır.  H.Herisçi dünyaya hakim kəsilən beynəlxalq mafiyanın Azərbaycan efir məkanına necə sirayət etməsindən danışır. Bu barədə ətraflı onun müsahibəsində oxuya bilərsiniz.

- Həmid bəy, bir il əvvəl Siz telekanalların reytinq şirkətləri vasitəsilə idarə olunduğunu iddia etmiş və bunu sovet senzurasına bənzətmişdiniz. İddia edirdiniz ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və ictimai-siyasi şöbənin müdiri Əli Həsənov deyil, məhz bu cür beynəlxalq şirkətlərdir Azərbaycan tele-efir məkanını pis günə qoyub, ona senzura tətbiq edən. Eyni zamanda, bildirirdiniz ki, Azərbaycan tele-efirini 2006-cı ilin yanvarından məhz “AGB NIELSEN MEDIA RESEARCH OFFICIAL”- beynəlxalq şirkətinin lisenziyası əsasında qeydiyyata alınmış “TV MR AZ” şirkəti idarə edir. Bu gün də həmin fikrinizdə qalırsınızmı?
- Bu sualın cavabı ötən ilin dekabrında Türkiyədən gəldi. Türkiyə mediasının məlumatına görə, İstanbul Təhlükəsizlik Müdirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “reytinqdə rüşvət” əməliyyatı keçirib. Reklam bazarından böyük gəlir əldə edən seriallardan “Muhteşem Yüzyıl”, “Kuzey-Güney”, “Fatmagülün suçu ne?”, “Aşk-ı Memnu”, “Adını Feriha Qoydum”, “Ezel” və “Ümidsiz Ev Kadınları” kimi serialların prodüserlərinin ev və iş yerlərində axtarış aparılıb. Reytinqləri müəyyənləşdirən AGB və digər şirkətlərdən isə saxlanılanlar var.
Ən gülməlisi odur ki, Türkiyə, Ermənistan, Gürcüstan, Azərbaycan, Moldova, Ukrayna və hətta Rusiyanın bəzi bölgələrindəki efir məkanı adıçəkilən beynəlxalq şirkətə tabedir. Daha doğrusu onlara satılıb. Bizdə də analoji situasiya yaranıb, artıq sövdələşmə baş tutub. Söhbət saxta reytinqlərdən gedir, bunun nəticəsində böyük şirkətlər öz reklamlarını göstərilən tele ünvanlara göndərirlər. Mənim kimi lazım olmayan teleaparıcılar isə sıradan çıxarılır. Bu şirkət Azərbaycan müxalifət mediasına pul ötürüb ki, yerli tele-efirin Prezident Administrasiyası tərəfindən idarə olunduğunu ictimai rəyə təlqin etsin.

- Söylədiklərinizdən belə anlaşılır ki, hakimiyyət bu qədər zəifdir?
- Bəli, beynəlxalq şirkətlər qarşısında nəinki Azərbaycan hökuməti, bütün dünya yerli siyasi administrasiyaları zəifdir. O cümlədən Türkiyə, Rusiya, Ukrayna, hətta ABŞ, Fransa, Böyük Britaniya kimi ölkələrini də bu siyahıya daxil etsək yanılmarıq. Bu gün bütün dünyada yerli şirkətlər, yerli dövlət idarəetmə mexanizmləri, hətta qanunları beynəlxalq dünya pərdəarxasına və onların törəmə şirkətlərinə məğlub olur. Məsələn, İrana, yaxud Liviyaya öz neftini satmağa icazə verilmir, Türkiyə ilə Azərbaycan isə Qarabağ, “erməni soyqırımı” kimi məsələlərdə məğlub edilir. Fikir verin, Türkiyə də, Azərbaycan da siyasətin bütün sahələrində beynəlxalq pərdəarxasına tabedir, yalnız Qarabağ və “erməni soyqırımı”nda nəysə balaca milli maraqlarımız var. Onları da deyirlər yığışdırın.   Fransa elə-belə ölkə deyil, dünya estetik-siyasi nəzəriyyələri bu ölkədə təsdiqlənir, normativ aktlar orada qəbul olunur, bir çox beynəlxalq təşkilatların mərkəzi ofisləri fransızların vətənindədir. Soyqırım barədə yeni fransız qanunları Türkiyə ilə Azərbaycanın son milli maraqlarını da ayaq altına atdı. Qanun qəbul edildi, artıq dünya öz sözünü bizə və Türkiyəyə dedi. Qısaca, heç bir yerli maraqlarınız olmamalıdır, qloballaşın və bizim reytinq şirkətlərinizə tabe olun!

- Bəlkə buna görə Türkiyə mediası , hökuməti “AGB NIELSEN MEDIA RESEARCH OFFICIAL” beynəlxalq  şirkətini vurur və hətta həbslər aparır?
- Bəli, tamamilə razıyam. Azərbaycan PA da həmin şirkətləri vurmaq istəyirdi, hətta Ramiz Mehdiyev şou-biznesə həsr olunmuş məqaləsində həmin şirkətin adını belə çəkmişdi. Nə oldu? Mənim məqaləm də dərc olundu, Ramiz müəllim də danışdı, amma heç nə dəyişmədi, hamımız məğlub olduq. Lakin Türkiyə düşmən xəfiyyəsinin baş qərargahını düzgün təyin etdi-beynəlxalq TV reytinq şirkətləri adı altında fəaliyyət göstərən bu qüvvələr qanundankənar elan edilməlidir.

- Ümumiyyətlə,  Azərbaycandakı bu şirkət haqqında daha geniş danışa bilərsinizmi və fikirlərinizdən belə anlaşılır ki, bunlar yalnız teleməkanı deyil, həm də daxili və xarici siyasətə təsir imkanlarına malikdirlər?
- Bəli, elədir. Yaxşı, sual verək özümüzə: “Kimdir, nəçidir bu şirkət? Neyçün bu beynəlxalq şirkət  Azərbaycan teleməkanını nəzarətdə saxlamalı, onu formalaşdırmalıdır?“. Məsələ bununla bitmir də heç. Şirkətin monitorinqləri ölkəmizdəki ən iri şirkətlərə göndərilir, onlar da bununla razılaşır, öz reklamlarını guya populyar sayılan televerilişlərə göndərirlər. Şirkətin rəyi sanki məcburidir-teleşirkət rəhbərlərinin ağzı nədir ki, bu hesabatlar, tövsiyələrdən kənara çıxsınlar.
İndi bildiniz ki, ölkəmizdəki şou biznesi kim yönəldir, neyçün ən “qatıq”, primitiv verilişlər həmişə özünə reklam qazanır? Guya ki, sosial sorğu vasitəsiylə cəmiyyəti öyrənən bu cür şirkətlərə Amerikada  “pollster” (pollster) deyirlər. Sonradan bu sorğuların nəticələri “Gallup Poll”, “Yankelovich”, “Skelley and White” şirkətlərinin nəhəng bilgisayarına yerləşdirilir. Qısa araşdırmalardan sonra saxtalaşdırılmış nəticələr cəmiyyətə sırınır.

- Mən bildiyimə görə Türkiyədə bu sorğuların nəticələri İtaliyaya göndərilirdi. Bəs bizdə hara göndərilir və haradan cavab gəlir, hansı ölkədən bizim bazarı formalaşdıran əmrlər gəlir?
- Məncə, bununla MTN məşğul olmalıdır. Dəqiq ölkə adı çəkə bilmərəm. Ancaq fikir verin, həmin şirkət Cənubi Qafqaz və başqa postsovet respublikalarını da nəzarətdə saxlayır. Sadə insanları isə zombiləşdirmək, beyinlərini pozmağın ən sadə yolu isə bizim bax bu televiziya ekranıdır. Otur onun qarşısında bir yarım saat, vəssalam, qanın getdi, bayağı şou biznes kabusu sənin bütün varlığını sıradan çıxarar ən azı. Bu layihə ötən əsrin 30-40-cı illərində Britaniyanın Tavistok İnstitutunda yaradılıb. İlk olaraq 1945-61-ci illərdə işğala uğramış Almaniya, Yaponiya əhalisinə qarşı işlədilib. Həmin layihəyə əsasən yerli əhali ancaq bütün günü loto-lotoreya radio-televiziya verilişlərinin iştirakçısı olmalı, caz rəqsləri ifa etməli, bayağı mahnı şlyaqerləri oxumalı, son nəticədə ideoloji yükünü qeyb edib heyvana çevirilməliymiş. Sovet imperiyası çökdükdən sonra bu layihə növbəti dəfə sandıqdan çıxarılıb postsovet insanına, o cümlədən sadə azərbaycanlıya qarşı işlədildi. Lakin, alman, yapon xalqları imperiya təfəkkürlərini itirsələr də, yenə də nəyisə saxlamağı bacardılar. Yenə də inkişaf etdilər. Bizim postsovet insanı isə bəlkə bu imtahandan salamat çıxmadı. Məncə, onun nəzarət etdiyi sahə təkcə teleməkan deyil, cəmiyyətin psixoloji, mənəvi, fəlsəfi sahələri də birbaşa onların nəzarəti altındadır. Nəticədə iqtisadi qanun məcəlləmizin “antimonopol” maddəsi kobudcasına pozulur, ölkəmizin reklam bazarı üzərinə xarici bir şirkət öz tək pəncəsini basır.

- Deməli, Bzejinskinin “texnotron cəmiyyət”, “idarəolunan xaos nəzəriyyəsi” burada həyata keçirilir?
- Bəli. Azərbaycanda hansı sayt, hansı TV xalqın mənəvi-əxlaqi daşıyıcılarını məhv edirsə, deməli, dolayı yolla həmin şirkət tərəfindən reklam paketi alır, maliyyələşdirilir. Bizdəki o şirkətlərin və saytların adı, ünvanı sənə də, mənə bəllidir. Təkrar edirəm, bu işlə MTN məşğul olmalıdır. Məndə olan məlumatlara görə Azərbaycan teleməkanında Qərb, Amerika imperializmi tərəfindən bir başqa, daha qorxulu bir layihə də sınaqdan çıxarılır- bu, Stenford Universitetinin hazırladığı “CHANGING IMAGES OF MAN”, yəni “insan psixikasını dəyişmək” layihəsidir ((“Contract Number URH (489)-2150 Policy Research Report Number 4/4/74, Prepared by SRI Center for the Study of Social Policy, Director Willis Harmon”).  Stenford Universitetinin psixoloji araşdırmaları içinə bu sənəd “Kontrakt № URH (489)-2150” qrifiylə daxildir, müəllifi Uillis Harmon adını daşıyır.

- Bu barədə yazmısınız, bəs əlinizdə son fikirlərlə bağlı təsdiqləyici sənədlər varmı?
- Var! Onları zamanı gələndə yayımlayacağıq.

- Nəhayət, söhbətimizin məğzindən belə anlaşıldı ki, beynəlxalq şirkətlər, qurumlar dünya pərdəarxası bizim və Türkiyənin bütün yerli maraqlarını qulaqardına vururlar və bizləri beynəlxalq standartlar çərçivəsində məhv etmək istəyirlər. Qarabağ və “soyqırım” layihələri ətrafındakı son qalmaqallar da məhz bununla bağlıdır?
- Dünən 23 yanvar tarixində qədim Çin təqviminə görə Qara Əjdaha ili başladı. Onun elə ilk günündə başqa bir Qara Əjdaha-Qarabağ Əjdahası həm Soçidə, həm Parisdə müzakirə mövzusu oldu. İkisində də bəxtimiz gətirmədi. Çin təfəkkürünə görə bu il Əcəl-Mayallaq ilidir, Mayya təqvimində bu anlayışı Yaquarın sıçrayışı məfhumu əvəz edir. Ehtiyatlı olmalıyıq! Astanadakı siyasi məğlubiyyətdən sonra göydəki Günəş də Azərbaycandan yan ötür. PA-nın bu cür sevdiyi “suveren demokratiya” modeli üzərinə beynəlxalq şirkətlər tərəfindən ciddi yürüş başlanır. Artıq suveren heç nə qəbul olunmur. Bu fikirlərim Rusiyadakı son proseslərə də aiddir, lakin bu ölkədə Aleksandr Duqin, Heydər Camal kimi imperiya nəzəriyyəsini qoruyanlar var. Rusiya onların irəli sürdüyü nəzəriyyələr üstündə həmin reytinq şirkətlər ilə vuruşur. Təəssüf ki, bizdə buna heç bir şərait yaradılmır. Şəxsən mən həmin şirkətin qurbanıyam, onlar mənim bütün tele layihələrimi sıradan çıxartdılar.

Natiq CAVADLI                “BİZİM YOL

Комментариев нет:

Отправить комментарий