15.02.2012

Fəslin ən qəddar şirkəti – SOCAR



MƏLAHƏT AĞACANQIZI

Indi yəqin ki, əksəriyyət soyuq və şaxtalı havanı bəhanə edib, yorğana bürünüb “nə işə, nə dərsə, nə dükana... heç yerə getmirəm” oxuyur. Soyuq və sərt hava olan kimi camaatın tez-tez işlətdiyi daha bir sevimli ifadə var: “Belə havada it də yuvasından çıxmaz”. Amma biz elə bir məmləkətdə yaşayırıq ki, burada sahibsiz itin sümüyünü ağzından alan, ac canavarın yediyi iylənmiş leşə şərik olan, soyuq havada borcu olan işsiz, pulsuz-parasız qalan abonentdən pul qopartmaq üçün qazını-işığını kəsən məmurlar sürüsü var. Onlar bu soyuq havada insanlara yardım etmək əvəzinə, əksinə, vəziyyətdən istifadə edib daha da varlanmaq istəyirlər. 

Xalqdan çapıb-taladıqları qalstuklu-kostyumlu quldurların boğazlarında qalsın! Qalacaq da... Çünki şaxtalı havada insanların ah-naləsi daha hərarətli olur və müqəddəs göylərə tez çatır...
Bu soyuq havada SOCAR rəhbərinin iti buynuzları, iri dişləri hətta qarın altından da görünür. Onun qorxusundan camaat evində tir-tir əsir, kəlmeyi-şəhadətini oxuyur. Balacalar isə “döyüldü pəncərə bərk, açdı qapını külək. Yelləndi çilçıraqlar, doldu evə soyuq qar. Aha, aha deyəsən SOCAR babadır gələn!” oxuyurlar. Bu lənətə gəlmiş SOCAR baba zərrə qədər də sevimli, xeyirxah Şaxta babaya bənzəmir. Onun kimi torbasında balacalara şirniyyatlar, oyuncaqlar gətirmir. Bu baba torbasında böyükləri də, balacaları da üzən, onların evini buza çevirən SMART tipli sayğaclar gətirir. Artıq bu görməmiş hökumət üçüncü dəfədir sayğac dəyişdirir. Və milyonlarla pulu havaya sovurur. Axı sayğaclara verilən pul dövlət büdcəsindən xərclənir, abonentlərdən qazanılan para isə acgöz məmurların cibinə gedir. Bir vaxtlar mexaniki qaz sayğaclarının qiyməti 91 manat 88 qəpik idisə, təzəlikcə Fransadan alınan yeni SMART tipli sayğaclar 218 manatadır. Əminliklə deyə bilərəm ki, əgər hökumətə sərf edən sayğac Ermənistanda istehsal olunsa və qiyməti 500-1000 manata da olsa, onu utanıb-qızarmadan alıb camaatın qapısı ağzından asarlar. Çünki acgözləri ancaq var-dövlət qızdırır. Pullarının üstünə pul gəlməyəndə donurlar. Neftin üstündə oturan SOCAR-ın arxası belə donubsa və qızınmaq üçün camaatın qəpik-quruşuna ehtiyacı varsa, indi görün o birilərin haraları buz bağlayıb. Ilahi, bu qədər də acgözlük, görməmişlik olar?! Bütün dünya soyuqdan xilas olmaq, insanlara, hətta heyvanlara kömək etmək üçün yollar axtarır, Azərbaycan milyonçuları isə adamları daha çox dondurmaq üçün qapı-qapı gəzib sayğaclar qoyur. Axı bu lənətə gəlmiş fransız sayğacı fransız ətri deyil ki, qoxusundan kimsə xoşlansın, bədəni qızsın. Başdan-ayağa bəla sayğacı olan bu dəmir qutunu bu qarda-qiyamətdə qoymaq çoxmu vacibdir? Təsəvvür edin, həyət evlərində yaşayanların sayğaclarını iki-üç küçə qapılarından uzaqda qoyub gedirlər. Və sən kartında qazının nə qədər qaldığını öyrənmək üçün xizəklə məhəllədə o baş bu başa sürüşməlisən. Əgər kartında işlətməyə az qaz qaldığı məlum olsa, onda məhəllədən birbaşa banka sürüşməlisən. Bəli, bu acgözlər camaatı sürüşdürə-sürüşdürə üzü dənizə doğru aparırlar. Axı ölkədə məzar üçün dənizdən başqa boş yer qalmayıb. Yeri gəlmişkən, bu yaxınlarda xəbər yayıldı ki, Xəzər donub. Sözün düzü inanmadım, fikirləşdim ki, harınları yedirdib-içirdən, Allahsızları milyonçu edən dənizdə elə qeyrət hardandır. Donmuş Xəzəri gedib gözlərimlə görmək istədim. Və hardasa 50-100 metr donmuş dənizin üstü ilə içəri getdikdən sonra yerə əyilib Xəzərin qulağına pıçıldadım ki, əgər səndə qeyrət varsa, tamamilə quru, yox ol! Sənin üzündən milyonlarla insan evsiz-eşiksiz qalıb, ölkədən didərgin düşüb, intiharların sayı gündən-günə çoxalıb. Əgər sən müstəqil ölkənin dənizi olandan sonra 10-15 nəfəri qızdırıb, milyonlarla insanı donduracaqdınsa, BIZlərə sənin kimi dəniz lazım deyil. Heç olmasa bundan sonra səhvini düzəlt, şərəflə öl - quru. Və quruyan boş sahəni evsiz-eşiksizlərə vəsiyyət et, lütfən!..
P.S. Soyuqlar başlaynda balacalar üsyan etdi ki, gərək bağda qalan dovşanları da evə gətirməlisən. Yoxsa, biz sənə “fəslin ən qəddar anası” adını verəcəyik. Çarəm nə idi, çox ağır “titul”dan qorxub, yuvalarında soyuqdan əsən dovşanları evə gətirib sobanın yanına qoydum. Səhər oyananda isə yanımda balacalardan əlavə, dovşanların da yatdığını gördüm. Kiçik oğlum mızıldanaraq dedi ki, onlara sobanın yanında soyuq idi, sən daha istisən, qoy burda yatsınlar. Mən ətrafımda yatan dovşanlara bir də nəzər salıb dedim ki, əlbəttə qoy yatsınlar! Üç dovşanla yatdım, ya səkkiz dovşanla, heç bir fərq etməz. Zatən 19 ildir doqquz milyon dovşanla yatıb-durmağa çoxdan vərdiş etmişəm. Və zavallı dovşanların dərdindən illərdir üşüyürəm...

Комментариев нет:

Отправить комментарий