15.02.2012

Bu qatar yamanca şütüyüb gedir


Şirinxanım Kərimbəyli Şadiman

ÖZÜMÜ AXTARIRAM

Ömür əlimdə darı,
Günlərimi arıram.
Bala gül yığan arı,
Özümü axtarıram.

Ötən günlərə varıb,
Qəlbi zamana sarıb,
Qəmin sinəsin yarıb-
Özümü axtarıram.

Bəşərin damı uca,
Hər dama da bir baca,
Özümdən qaça-qaça-
Özümü axtarıram.

Həyat sobası isti,
Ömür bacası tüstü,
Alıbdı möhnət üstü,
Özümü axtarıram.

Ağıl cana təsəlli,
Can yiyəsinə bəlli,
Tutub vaxtdan ikəlli-
Özümü axtarıram.

Diləklərim havada,
Ürəyimlə davada,
Dilim haqqa duada,
Özümü axtarıram.

Şadiman doğulandan,
Ələmlə yoğrulandan,
Can qəmdə boğulandan-
Özümü axtarıram.
Özümü axtarıram.

SAZIM  ÇAL

Dərdlərimin təzəsi çox, azı yox,
Ölər ömrün sərt qışı var, yazı yox,
Heç alında yazım kimi yazı yox,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Mən gələli dünya yaman dünyadır,
Yazıq başım gecə-gündüz qaldadır,
Var-dövləti gözümüzü aldadır,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Ellərimin qan ağlayan gözləri,
Alışdırır bağrın için közləri,
Yağılara göz dağıdır özləri,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Dərd sinəmi min bir yerdən oxladı,
Bu kor olmuş bəxtim yenə yuxladı,
Gül bəslədim, ətrin yağı qoxladı,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Nədəndir ki, buludlanmış nəhirlər?
Boğdu məni min bir yerdən qəhərlər,
Dünya zalım üsbəüstdən zəhərlər,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Zəmanənin üzü dönüb yenə ,
Min yara var qəmə batmış sinədə,
Tarix ağlar uçuqlanmış binədə,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Tale quşu bağrımızdan uçubdu,
Əlçatmayan zirvələri qucubdu,
Bəxt sarayı başımıza uçubdu,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Acılara ağlayan kim, gülən kim?
Dünya varın min bir yerə bölən  kim?
Altunlarla çarpışan kim, ölən kim?
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Saçın yolur halımızdan mələklər,
Şimşəklərdən şivən qurur fələklər,
Qüsurlunu, qüsursuzu ələklər,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

Ey Şadiman, dünya mənim deyənlər,
Varın, pulun, əyin-başın öyənlər,
Haqqı danıb, tərəzini əyənlər,
Bir gün Tanrı dərgahında hey inlər,
Yaralanmış könlü al,
Qopuzum çal, sazım çal.

KÖRPƏ GÜLÜŞÜ

Tağına şeh dəymiş qönçəyə bənzər,
Canlara dərmandı körpə gülüşü.
Könüllər oxşayan baxışları tər,
Hər evə loğmandı körpə gülüşü.

Hiylədən uzaqdı o pak çöhrələr,
Hələ lap fidandı zərif pöhrələr,
Unutsan dünyanı qəmlə qəhr elər,
Ahıyla yamandı körpə gülüşü.

Kiçik varlığıdı bəşərin o da,
Atılsa, tuş olar atan fəryada,
Bizdən sonra qalır hələ dünyada,
Gələcək zamandı körpə gülüşü.

İlahi, hökm edən yalanlara de,
Dünyanı fitnəyə salanlara de,
Savaşda günahı olanlara de,
Bəşərə ümmandı körpə gülüşü.

İnsan başdan-başa feilsə, qansa,
Bir körpə qurğuşun odunda yansa,
O pak təbəssümü dodaqda donsa,
O zaman divandı körpə gülüşü.

DAĞDAN AĞIR OLUR

Bəzən ümid dönür gərəyimizə,
Fikir dənizində qəlb təklənəndə.
Allah, yumruq boyda ürəyimizə 
Dağdan ağır olur dərd yüklənəndə.

Diləklər, arzular verir baş-başa,
Həzin xatirəyə dönür ötən gün.
Həyat səhnəsində anlar tamaşa,
Hər alın yazısı həm yas, həm düyün.

Bəşərin taleyi ağaca bənzər,
Yarpağı saralır payız yetəndə.
qədər qiymətli libas olsa zər
Əvəzi olur ömür bitəndə.

Çəkir ürəklərin tale yükünü,
Gah zirvəyə qalxır, gah enir ağıl.
Fələk soyundursa o can kürkünü,
Həyat da, zaman da, ömür nağıl.

İlahi, nədir ki, cana tay olan?
Dəyəri ölçülmür heç neylə onun.
Madam ki, yoxdursa axıra qalan-
Bəs niyə dərk etmir bir kimsə sonun?!..

Bəzən ümid dönür gərəyimizə,
Fikir dənizində qəlb təklənəndə.  
Allah, yumruq boyda ürəyimizə-
Dağdan ağır olur dərd yüklənəndə!..

KİMƏ ?

Dərdlərimin hesabı da çözülməz,
Çarə tapmaz loğmanı yox, kimə ?
Qəmin əli ətəyimdən üzülməz,
Bir xoş gələn zamanım yox, kimə ?

Qara-qara yuxuları yozmağa,
Yazılmışı alınımdan pozmağa,
Dərdlərimi vərəqlərə yazmağa,
İqtidarım, amanım yox, kimə ?

Ələyində ələnirəm dövranın,
Alıb üstün, yıxıb evin qəm canın,
Qamçısıyla döyülürəm hər anın,
Bu halımı umanım yox, kimə ?

Şadimanı həyat çəkdi çarmıxa,
Zalım fələk, qaçar olsam sar mıxa,
Cəllad yara, yaralara göz baxa,
Təbib bulan dərmanım yox, kimə ?

TUMSATAN OĞLAN

Beş yaşlı bir oğlan uşağı, Allah,
Minir elektrik qatarına tək,
Tumla dolu torba əldə hər sabah,
Kədərli üz-gözü, çirkli əl, ətək.
Tum var deyə-deyə gəzir salonu,
Hüzünlü baxışlar izləyir onu.

Beş yaşlı oğlanın uşaqlığına-
Zaman da bayağı, haqq da bayağı,
Girib körpəlikdən qəm qılığına,
Köhnə çəkmələrdən yara ayağı,

Gah yayın istisi, gah qış sazağı,
O kiçik ürəkdə yoxsulluq dağı.
O baxır həsrətlə həmyaşlarına,
Gözündən dikəlir həsəd dalğası.

İçində boğulan göz yaşlarına,
Tutub bapbalaca sinəsi yası.
Qisməti yoxsulluq, aclıq səhnəsi,
Çox evdə indi boş çörək təhnəsi..!

Beş yaşlı uşağın torbası köhnə,
Qatar şütüdükcə körpə tələsir.
Ürəyi olanı üzür bu səhnə,
Zəif vücudlar da salon tək əsir,

Kimdədir, ay  bala, söylə bu günah?
Atanda, ananda, yoxsa dünyada?
Səni doydurur yəqin ki, Allah,
Noğulla, nabatla yalnız röyada.

EYVAH, ÜRƏYİM OD TUTUB ATƏŞLƏRƏ YANDI

Eyvah, ürəyim od tutub atəşlərə yandı,
                                 Nurlara boyandı.

Canım, ciyərim ah ilə aləmləri sardı,
                                    Cismimə vardı.

Hər dərd çoxalıb könlümü tutdu günah ilə,
                                     Güldü sabah ilə.

Gözdəki yaşım axdı və səhraları tutdu,
                                   Çeşməni unutdu.

Batdı harayım sinədə ulduzlara bənzər,
                                  Qəm canımı gəzər.

İnsandan olan şeytanın hər üzü aşikar,
                                  Qəlbi edər şikar.

Ağladı gözüm, könlümü tutdu acı yaşım,
                                 Dərdi çəkdi başım.

Ruhu bürüyüb ahlara oxşar qara matəm,
                              Rəbbim, bu nə sitəm?!
                              Rəbbim, bu nə sitəm?!

OXUYUR SEVDA QUŞU CANIMDA

Könüldə duyğularım oynayır,
Qəlbimin alovuyla qaynayır,
Niyə bəs ürəyimlə oynayır?
Onun öz sevgisi var qanımda,
Oxuyur sevda quşu canımda.

Gecəmin zülmətinə çıraqdır,
Ağrıdan, əzablardan iraqdır,
Eşqimin ülfətindən soraqdır,
Mən onu görməmişəm yanımda
Oxuyur sevda quşu canımda.

Vəfalı sevgili yar baratdı,
Bu yarın səadəti həyatdı,
Kim ki, bu dünyada eşqə çatdı-
İlahi diləyi var anımda,
Oxuyur sevda quşu canımda.

Şadiman ağrıya şan verməsin,
Könlünü ona nişan verməsin,
Əzrayıl gəlsə can verməsin,
Tanrıdan mükafatdı canım da!
Oxuyur sevda quşu canımda.

BU QATAR YAMANCA ŞÜTÜYÜB GEDİR 

Bu qatar yamanca şütüyüb gedir,
Qəmimi məktuba büküb aparır.
Özünü mənimtək halbahal edir,
Eşqimin ağzıını tikib aparır.

Üzümdən oxuyur həyəcanımı,
Özündə ağladır bu hicranımı,
Qoparıb bədəndən şirin canımı,
Bütün ürəyimi söküb aparır.

Bu qatar verməyir anlara aman,
Tələsir mənzilin başına yaman,
Mən ah eləyirəm, ürəyim iman,
Gözümdən yaşımı töküb aparır

Səhər mürgüsündən çöllər ayılır,
Çarxlar tıqqıldayır, anlar bayılır,
Qəlbimin fəryadı ərşə yayılır,
Yollara ayrılıq əkib aparır.

Giribdi qəlbimlə əcəb sövdaya,
Qoynunda yer verib niyə sevdaya?
Görmürmü könlümdən qopan nidaya?
Bağrıma qəm dağı çəkib aparır.

Qışın soyuğluğu gəlir səhərdən,
Tutulub boğazı dəmin qəhərdən,
Bütün varlıığımı udan zəhərdən,
Anların çiyninə çöküb, aparır.

Bu qatar bilmirmi qəm adətimi?
Alıb əllərimdən məhəbətimi…!
ki, qərib olmuş səadətimi,
Məni özüylə çəkib aparır

Комментариев нет:

Отправить комментарий