10.02.2012

Heydər Əliyev "DQR"in müstəqilliyini tanıyıb? (VİDEO)


Ermənistanın nazir müavini ilginc bir sənəd nümayiş etdirib
Bu sənəd gerçəkdirsə ermənilərin əlinə necə keçib?
Vəfa Quluzadə: «Ruslar həmişə çalışıblar ki, Azərbaycan rəhbərliyini müxtəlif yollarla Qarabağın tanınmasına razı salsınlar»
Ermənistanın xarici işlər nazirinin müavini Savarş Köçəryan maraqlı iddia ilə çıxış edib. “Mir” telekanalına müsahibəsi zamanı S.Köçəryan Heydər Əliyevin Dağlıq Qarabağın müstəqilliyini tanıdığını vurğulayıb. Bu açıqlama təxminən bir il əvvələ aid olsa da, Azərbaycan ictimaiyyətinin geniş kəsimi müsahibədəki fikirlərlə tanış deyil.
Müsahibəsi zamanı Azərbaycan hakimiyyətinə ciddi ittihamlar ünvanlayan nazir müavini münaqişənin hələ də çözülməməsində rəsmi Bakını günahkar sayır. 
S.Köçəryanın əsas iddiası isə müsahibə zamanı nümayiş etdirdiyi sənədlə bağlıdır. 1993-cü il sentyabrın 3-nə aid olan 171 saylı sənədi o zaman dövlət başçısının səlahiyyətlərini icra edən Ali Sovetin sədri Heydər Əliyev imzalayıb. Sənəddə Heydər Əliyevin imzası görünür. Həmin sənəddə H.Əliyev Ali Sovetin sədrinin birinci müavini Afiyəddin Cəlilova qondarma Dağlıq Qarabağ Respublikası ilə atəşkəsə dair danışıqlara başlamaq səlahiyyəti verir. Baş nazirin müavini məhz bu məqamı qabardaraq vurğulayır ki, bu mühüm dövlət sənədində Azərbaycanın “DQR”in adını çəkməsi və danışıqlar üçün dövlət rəsmisinə səlahiyyət verməsi Bakının Qarabağı tanıması deməkdir.
Həmin dövrdə baş verənləri şərh edən erməni nazir müavini iddia edir ki, məhz Afiyəddin Cəlilovla o zaman qondarma respublikanın xarici işlər naziri Arkadi Qukasyanın görüşündən sonra “mühüm hadisə” baş verib. Heydər Əliyevlə “DQR”in prezidenti Robert Köçəryan Moskvada bir araya gəlib və bundan sonra Bişkekdə atəşkəsə dair sənədin imzalanması barədə razılıq əldə olunub.

Sənədin həqiqətən də gerçək olub-olmadığını araşdırmağa çalışdıq. Əgər bu sənəd gerçəkdirsə, o zaman onun hansı hüquqi qüvvəsi var və bu cür mühüm bir sənədin erməni tərəfinin əlinə keçməsini necə izah etmək olar?
Məsələ ilə bağlı Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev araşdırma apararaq sualımıza bir gün sonra cavab verəcəyini söylədi.
Həmin dövrdə dövlət katibi işləmiş Vəfa Quluzadə bu sənədin gerçək olduğuna inanmır. Bunu erməni tərəfinin növbəti təxribatı adlandıran V.Quluzadə əlavə etdi ki, əgər bu sənəd həqiqəti əks etdirsəydi, o zaman bu qədər uzun müddət Minsk Qrupunun fəaliyyətinə heç bir ehtiyac olmazdı: “Azərbaycan heç zaman Qarabağın müstəqilliyini tanımayıb. Əslində ruslar həmişə çalışıblar ki, Azərbaycan rəhbərliyini müxtəlif yollarla Qarabağın tanınmasına razı salsınlar. Amma buna nail olmayıblar. Primakovun və Merzlyakovun dəfələrlə Bakıya gələrək Heydər Əliyevlə görüşləri zamanı belə təkliflərlə çıxış etməsi təsadüfi deyil”.
Bundan başqa, erməni nazir müavininin Azərbaycanın sülh sazişini imzalamaq üçün yalvarmasını da həqiqətdən uzaq adlandıran V.Quluzadə vurğuladı ki, 1994-cü ilin yanvar-fevral aylarında Milli Ordumuzun cəbhə xəti boyunca uğurlu əməliyyatları nəticəsində əksinə ermənilər sülh bağlamaq üçün yalvarırlarmış. Nəticədə vəziyyəti bu cür görən ruslar ermənilərə yardım etdikdən sonra cəbhə bölgəsində vəziyyət dəyişmişdi. Bişkek protokolunun imzalanması vəziyyəti məhz bu cür situasiyada olub. Bundan başqa, H.Əliyevin o dövrdə yalnız Ermənistan prezidenti Levon Ter-Petrosyanla təmaslarda olduğunu deyən politoloq bildirdi ki, bu baxımdan nazir müavininin R.Köçəryanla H.Əliyevin Moskvadakı görüşü barədə söylədikləri də yalandır. Çünki H.Əliyevlə R.Köçəryan ilk dəfə 1998-ci ildə Istanbul sammitində görüşüblər.

Комментариев нет:

Отправить комментарий