15.02.2012

İNSAN VƏ TƏBİƏT


İnam ATA

Uca dağlar, coşqun çaylar, dənizlər, sonsuz səmalar, heyrətamiz və rəngarəng göllər, çəmənlər, ənginliklər, yollar, üfüqlər dünyasında yerin, arzun, məqsədin nədir, insan? Lal-dinməz yaşamaqmı, yoxsa dağlara, çaylara, meşələrə çevrilmək, çağlamaq, coşub-daşmaq, qıy vurmaq, daim təzələnməkmi?
Yırtıcı vəhşinin instiktiv mirasını ürəyində daim yaşatmaqmı, parçalamaq, qan tökmək ehtirası ilə alışmaqmı, yoxsa yağışa çevrilib çəmənlərə səpələnməkmi? Oda, atəşə, günəşə çevrilib ürəklərə axmaqmı, ulduzlara çevrilib göylərdə parlamaqmı? Naqis heyvani bir ehtirasla dünyadan hey qopartmaqmı, hərislik adlanan əzazil bir hökmdarın qarşısında yarpaq kimi əsməkmi, “dünya beş gündür” səfsəfəsindən yapışıb arı-namusu hərcayi nəşə bataqlığında qərq etməkmi?

Kimsən sən, insan?! Sərvət əsiri naşımı, hikmət həmdəmi loğmanmı?
Xəbis, çirkin, qara niyyətmi, ali məqsədmi? Dünya adlanan dalğalı dəniz üzərində saman çöpümü, yoxsa ən coşqun dəniz, ən uca dağ, ən geniş səmamı?!
Dənsənmi dünya dəyirmanında, yoxsa dəyirmanmı?
Kindən, nifrətdən, xəbislikdən, şəhvətdən, naqislikdən yaranmış facianə bir yanlışlıq, bir səhvmi, yoxsa məhəbbətdən, günəş işığından, çayların gur axarından, çəmənlərin genişliyindən, dağların məğrurluğundan, üfüqlərin sonsuzluğundan yoğrulmuş bir xilqətmi?
Torpaq olmaq üçünmü doğulmusan, yoxsa günəş olmaq, torpaqlara dən kimi səpilmək, mənəvi çörək olmaq üçünmü?
Mübarizə gedir dünyada, insan uğrunda mübarizə, inam ilə şübhə arasında, məhəbbətlə nifrət arasında, munisliklə qəbahət arasında.
Qərb aləminin bugünkü mefistofelləri “insan naqisdir, çirkindir, xəbisdir, səfildir, yetimdir” – deyə haray qoparırlar. Biz isə deyirik: “İnsan müqəddəsdir!”
***
İnsan təbiətdən başlanır. Quşların mahnısından, şehlərin incisindən, yağış dənələrindən, şimşəkdən, göy qurşağından!
İnsan təbiətin davamıdır.
Təbiətdə ali, böyük, qüdrətli nə varsa insanda cəmlənib.
Dalğalı dəniz ona coşqunluğunu bəxş edib, sərin meh təravətliyini.
Dağlar məğrurluğunu. Çaylar axarını, göylər ucalığını!
Vəhdət yaşayır dünyada: gözəl qadın ilə ceyran arasında, yağış ilə göz yaşı arasında, gülüş ilə günəş arasında!
İtiririk bu vəhdəti bəzən. Adiləşir gözümüzdə meşələr, göy qurşağı, ay işığı, xəyallı gecələr, yerlə göyün mehri!
Unutmayaq ki, xilqətimizdə göy rəngi, yer rəngi var: qohumuq çəməndəki güllərlə, günəşlə, küləklə, çöllərlə, çəmənlərlə, sularla, meşələrlə!
Panteizmin dahi nəğməkarı Uolt-Uitmen yada düşür.
Məndə kömür də var, buğda da var,
Meyvə də var, mamır da var.
Dördayaqlılarla, quşlarla dolmuşam,
Düzdür, onlardan mən indi ayrılmışam,
Amma istəsəm hamısını geri çağıra bilərəm.

İnsan Təbiətin ən böyük özünütəsdiqidir. Təbiət insanda yaşayır; əllərində, gözlərində, bədənində, dühasında, ehtirasında, ehtizazında, vəcdində, vəhyində.
Təbiət qədər gözəldir insan! Təbiət ülvi bir kitabdırsa, insan onun ən gözəl səhifəsidir.
Sonsuz musiqi var yerişdə, duruşda, gözlərin, sifətin ifadəsində, dodaqlar qafiyəsində, gözlər qonşuluğunda!
***
Qovuşuruq adi həqiqətlərin ilkin mənasına! Tutepapa, Rafaelə, Rubensə, Uitmenə, Renuara, Şərq dahisi Füzuliyə:


Bu nə qamət, nə qiyamət,
Nu nə şaxi-gülü tərdir.
Nə bəladır nəzər əhlinə,
Nə xoş məddi-nəzarətdir!

Anlayırıq ki, insan gözəlliyi pərəstişə, vəsfə, tərənnümə layiqdir.
Əsrarəngiz gecələr kimi! Təbiətin gəlinlik dövrü kimi! Qürub çağının kədərli şeiriyyəti kimi! Dan yerinin utancaq təbəssümü kimi!
Anlayırıq ki, insan özü bir tamaşaıdr və meşələri qıranlar kimi gözəlliyi də öldürənlər var. Həris canavar gözüylə ona baxanlar var.
Anlayırıq ki, dünyanın ən amansız qaydalarından biri ölümün gözəlliyə qıymasıdır. Eyni zamanda bilirik ki, ölüm qalib gəlmir, gözəllik məhv olmur, yenidən yaranır çiçəklərlə birgə!
Nə üçün yaranıb insan?
Atlant kimi yeri çiynində saxlamaq üçünmü, bir toz olub həmişəlik itmək üçünmü?
Yerin, göyün dərdini çəkmək üçünmü, bir toz olub həmişəlik itmək üçünmü?
Sarı günəşdirmi arzusu, sarı qızılmı? Göydəki ulduzlarımı coşdurur xəyalını, yerdəki varidatmı? Özünütəsdiqmi? Özünümühafizəmi?

Комментариев нет:

Отправить комментарий