15.02.2012

10 milyonluq zavodun “direktoru” qaloş satır


Jurnalistlər “milyonçu” çobanı necə tapıb?

Mətbuatdan məlum olduğu kimi, məşhur iş adamları Zülfüqarlı qardaşlarına məxsus poladəritmə zavodu zorla, şərlənərək onların əlindən alınmışdı. Bu qardaşlardan biri 6 ay həbsdə yatmış, nəhayət, simvolik məbləğə həmin zavodu lerikli bir çobana satmağa razılaşandan sonra həbsdən buraxılmışdır. “Yeni Müsavat” qəzetinin müxbiri etməyib tənbəllik, başlayıb həmin lerikli çobanı axtarmağa. Məlum olub ki, həmin çoban Gəray Məmmədov Lerik rayonunun Ordahal kəndindəndir və hazırda Bakının Keşlə qəsəbəsində kasıb adamların məskunlaşdığı “Şanxay” adlanan ərazidəki gecəqonduda yaşayır.

Müsavatdakı yazıda oxuyuruq: “Onu soraqlayarkən “şanxaylılardan” biri: “Gedin relslər tərəfdə balaca mağazası var, kimə desəniz, lerikli Gərayın mağazasını göstərəcək, orada qaloş satır”,- dedi.
“O, qaloş satandır, yoxsa, zavod direktoru?”- sualımıza isə “Şanxay” sakini gülə-gülə: “Bu xarabada zavod direktoru yaşayar?”- sualı ilə cavab verdi.
Bir qədər arayandan sonra G.Məmmədovun mağazasını tapdıq. Daha doğrusu, mağazaya bənzər piştaxtasını.
Köhnə, dəmiryolu relslərinin kənarındakı bir qapının zənginin düyməsini sıxırıq. Sonradan bilirik ki, bura G.Məmmədovun həm mağazasının, həm də evinin giriş qapısıdır. Qapıdan çıxan G.Məmmədovu söhbətə çəkmək üçün ona ərazidəki evlərin köçürülməsi ilə bağlı suallar verdik. Dedi ki, ərazidə kirayədə yaşayır.
...G.Məmmədov suallarımıza çəkinə-çəkinə cavab verir. Başındakı yanmış “çeçenka” papağını əli ilə düzəldib ayağındakı nimdaş ayaqqabılarının palçığını yerə sürtür. ...Zülfüqarlı qardaşlarının zavodlarının necə, harada, kimdən alınması ilə bağlı suallarımızı: “Gedin, Mahir danışsın, etibarnaməni mən Mahirə vermişəm”- deyir.
…Məhkəməyə gəlməməsi, məhkəmədə onun ölümcül halda olması ilə bağlı məlumatlara isə “Mahirə deyin, o bilir” cavabını təkrarlayır.
Videokameranı söndürəndən sonra Mahirin bibisi oğlu olduğunu, onu bu işə məhz Mahirin saldığını dedi. Zavodlardan yalnız birini Mahirin ona kənardan göstərdiyini, “bu zavod sənin adınadır” dediyini də söylədi. Həyatına təhlükə ola biləcəyini dilə gətirən G.Məmmədov: “Mən bu işə salınmışam, həbsə də sala bilərlər”,- deyib ümidini Allaha bağladığını da gizlətmədi...
G.Məmmədovun Samir adlı qonşusu eşidəndə ki, Gəray Məmmədovun adına qiyməti 10 milyonlarla ölçülən zavodlar var, xeyli gülüb onunla zarafat etdiyimizi düşünür. 


“Cənub xəbərləri”

Комментариев нет:

Отправить комментарий