08.02.2012

Kitab ƏDV-dən azad olarsa...


Şahbaz Xuduoğlu deyir ki, belə olan təqdirdə kitabın dəyəri faktiki olaraq 40 faizə qədər enmiş olacaq

“Kitab oxunmur”, “Kitaba maraq azalıb”, “Azərbaycan kitabı böhran səviyyəsindədir ” - cəmiyyətdə bu kimi fikirlər tez-tez səslənir. Psixoloqların, sosioloqların kitaba marağının azalması ilə bağlı apardıqları sorğularda bir sıra amillərlə yanaşı “kitabın baha olması” fikirləri də üstünlük təşkil edir.
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu sosial şəbəkədə kitabın qiymətinin baha olmasına aydınlıq gətirərək problemi ölkəmizdə kitabın üzərinə 18 faiz ƏDV-nin yüklənməsi ilə izah edib.

 “Moldova, Tacikistan və Gürcüstanda kitabın dəyərinə qoyulan vergi dərəcəsi 0%-dir. Niderlandda 6%, Macarıstan, Litva, İspaniya, İtaliya, Almaniyada - 4%, Böyük Britaniya, İrlandiya, Norveç, Kiprdə 0%-dir. Azərbaycanda isə 18 faizdir. Mən bütün kitabsevərləri kitabın qiymətini yüksək edən ƏDV-nin ləğvini tələb etməyə səsləyirəm”- deyə naşir bildirib.
Kitabın qiymətinin baha olmasını ölkəmizdə kitaba bilik mənbəyi kimi deyil, qazanc mənbəyi kimi yanaşılması fikri ilə izah edənlər də çoxdur. “İnsanların daha çox kitaba meyilli olması üçün kitabın üzərinə nəinki ƏDV qoymalı, əksinə kitabın dəyərinin 18 %-ni dövlətin özü ödəməlidir” deyənlər də az deyil. Həmçinin “kitabın qiyməti aşağı düşsə belə insanlar teleseriallardan, internetdən ayrılıb kitaba meyl etməyəcəklər” kimi fikirlər də səslənir. 


Cəmiyyətin sifarişi varsa

Ancaq maraqlıdır, kitab üzərindən ƏDV-nin götürülməsi cəmiyyətdə oxucuların sayının çoxalmasına, kitabların yüksək tirajla çapına və satışına, ümumilikdə nəşriyyatların işinin yaxşılaşmasına və s. təkan verəcəkmi?
Mədəniyyət və Turizm Nazirliyinin şöbə mdiri Vaqif Bəhmənli hazırkı internet zamanında, elektron informasiyaların çox olduğu bir vaxtda kitabı müdafiə etmək xətrinə mümkün olan bütün variantlardan istifadə etməyin zəruriliyini bildirir. “Kitab nəşri mədəniyyət abidəsidir.
Ədəbiyyatın, insan düşüncəsinin bir formasıdır. Bununla yanaşı, kitab dünya çapında biznes formasıdır. Əgər bir şey satışa çıxarılırsa, bu, dövlətin mövcud qanunları ilə idarə olunur. Vəziyyət elədir ki, mövcud vergi qanunları hamıya, o cümlədən kitaba da eyni cür şamil olunur. Əgər cəmiyyətin buna sifarişi, tələbatı varsa, şübhəsiz ki, orada dəyişiklik də, müəyyən güzəştlər də nəzərdə tutula bilər. Bu, kompleks, hüquqi müstəvilərdə araşdırılan bir məsələdir”.
Ölkəmizdə kitaba tətbiq olunan ƏDV-nin yüksək olmasına münasibət bildirən V.Bəhmənli hesab edir ki, qanunvericilikdə bununla bağlı dəyişiklik etmək olar: “Bu yolla yaradıcı insanlar stimullaşa, daha yaxşı kitablar hazırlaya bilərlər. Kitaba tətbiq olunan 18 faiz ƏDV gətirilən kağızla bağlıdır. Gətirilən kağıza verginin tətbiqini götürəndə bu, şübhəsiz ki, kitabın maya dəyərinə təsir edəcək. Bildiyim qədər uşaq kitablarının, dövlət məqsədi ilə nəşr olunan müəyyən prestij kitabların vergi güzəştləri var. Bədii ədəbiyyat və ya kommersiya məqsədilə, tutaq ki, hər hansı bir müəllif ideyalarını toplayıb kitabda nəşr etdirirsə, buna, mövcud qanunvericilik əsasında baxıla bilər”.
Nazirlik rəsmisi hesab edir ki, kitaba 18 faiz ƏDV müəssisələrin xarakterindən asılı olaraq tətbiq edilir. Belə ki, əgər fiziki şəxsin gəlirləri müəyyən həddini keçmirsə, o, 4 faiz ödəyir”. V.Bəhmənlinin fikrincə, kitablar üzərindən ƏDV-nin götürülməsi arzu ilə yox, dövlət orqanlarının səlahiyyəti çərçivəsində həyata keçirilən vəzifədir: «Bu, ölkə qanunvericilik bazasında nəzərdə tutulmalıdır ki, tətbiq edilsin».
V.Bəhmənli şöbə müdiri olduğu nazirlikdə kitabın mədəniyyət faktoru kimi inkişafı ilə bağlı çoxlu tədbirlərin həyata keçirildiyini və təkliflərin hazırlandığını bildirib. Belə ki,  Azərbaycanda nəşriyyat işinin inkişafını dəstəkləmək məqsədilə 2009-2013-cü illər üçün Tədbirlər planı hazırlanıb. Plana görə, nəşriyyatların fəaliyyətinin tənzimlənməsi, kitab standartlarının təmin olunması, Azərbaycan kitabının dünyada tanıdılması, ölkədə iki ildən bir beynəlxalq kitab sərgi yarmarkasının keçirilməsi və s. nəzərdə tutulur. Eləcə də “Nəşriyyat işi haqqında” qanunda dəyişikliklərin və əlavələrin edilməsi də həmin plana daxildir: «Bütün bunlar mərhələ-mərhələ həyata keçir. Mənə elə gəlir ki, son 3-4 il ərzində nəşriyyatların fəallığı xeyli yüksəlib. İki dəfə beynəlxalq kitab sərgi yarmarkası keçirilib, 30-a yaxın ölkədə Azərbaycan kitabı təqdim olunub. İkinci sərgi yarmarkaya 50 mindən artıq insanın gəlişi, 20 ölkədən qonağın qatılması, 35 dünya nəşriyyatının, ölkəmizin 113 nəşriyyatının iştirakı göstəricidir. Nəşriyyat işi Azərbaycanda sürətlə inkişaf etməyə başlayıb. Əgər bu sahəyə cəmiyyətin tələbatı varsa, əlbəttə ki, inkişaf edəcək».

Harada və necə satmalı?  

V.Bəhmənli nəşriyyatların çap etdirdikləri məhsulu harada və necə satmaq problemi ilə üzləşdiklərini də istisna etmir: «Bu sahədə bir qədər pərakəndəlik var. Sovet vaxtından qalma sistem dağılıb. Xarici ölkələrdə bunlar kompleks şəkildə olur. Yəni nəşriyyatlar özləri çap edir, özləri də satış məntəqələrində satışı həyata keçirirlər». Şöbə müdirinin fikrincə, nəşriyyatlar özləri də satış məntəqələrini yarada bilərlər:
«Bu, o qədər də çətin bir iş deyil. Məsələ onda deyil ki, hər yerdə bir köşk və ya dükan tiksinlər. Bu, əlbəttə, çətindir. Ancaq mövcud imkanlardan istifadə edib müəyyən yayım nöqtələri vasitəsilə, kitabxanaların qüvvəsindən istifadə etməklə kitabın satışını təşkil etmək olar”.
V.Bəhmənli kitabların yolunun rayonlara daha çətin olduğunu qeyd edib: “Bakıda böyük və balaca kitab dükanları var. Ümumiyyətlə, ilk təşəbbüslər var. Bədii və elmi kitablar, lüğətlər satan dükanlar da təbii axarla çoxalır».
Qaldı ki, satılan kitabların insanların cibinə uyğun olub-olmamasına, Vaqif Bəhmənli bildirdi ki, əgər kitabı alan həqiqi oxucudursa, o, bunun fərqinə varmır: «Elə bil ki, bizim camaatın psixologiyasında bir qədər boşluq yaranıb. Mer-meyvə, pal-paltar və s. zəruri tələbat mallarına həvəslə pul xərcləyirlər. Ancaq mənə elə gəlir ki, kitab evə gedən çörək qədər vacibdir. Bu mənada Azərbaycanda hər bir ailənin özünəməxsus kitabxanası olmalıdır. Bu, cəmiyyəti inkişaf etdirər və bizi internet təhlükəsindən qoruya bilər». Nazirlik rəsmisi özünün də öz alıcılıq həvəsi ilə razı olmadığını bildirib: «Mən mağazalara gedərək xoşum gələn yeni kitablarla maraqlanıram. Demək olar ki, köhnə ədəbiyyatın hamısını oxumuşam. Amma yeni nəşrlərlə bağlı prosesin necə getdiyi mənim üçün maraqlıdır. Əlbəttə, biz kitabı da həvəslə almalıyıq. Görünür, gələcəkdə başqa həvəsləndirici tədbirlər keçirmək olar. Kitabxanaların rolunu yüksəltmək, kitabxanalarla nəşriyyatların əlaqəsini daha yaxın etmək və s. Kitabxanalara daha sərbəstlik vermək lazımdır ki, onlar oxucuların istədikləri kitabları nəşriyyatlardan ala bilsinlər. Mənə elə gəlir ki, bu da problemi xeyli aradan qaldıra bilər».

Azərbaycan kitabının böhran dövrü

«Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğlu hesab edir ki, kitabın üzərindən ƏDV götürüləcəyi halda həm insanların kitaba məhəbbəti artacaq, həm kitab satışının təşkili yaxşılaşacaq, həm də nəşriyyatların işi asanlaşacaq: «Əgər kitab ƏDV-dən azad olarsa, onda kitab kağızı da, kitab satışı da ƏDV-dən azad olmuş olacaq. Faktiki olaraq 40 faizə qədər kitabın dəyəri aşağı enmiş
olacaq. Kitabın dəyəri aşağı enəndə istər-istəməz kitabın ümumi sayı da, nüsxəsi də artır. Bu da yeni oxucuların prosesə cəlb olunmasına səbəb olur”.
Ş.Xuduoğlunun sözlərinə görə, hazırda kitab satışına tətbiq olunan ƏDV Azərbaycan dövlətinə böyük gəlir qazandırmır. Belə ki, ƏDV-ni götürməklə kitabın satışına təkan verilər. “Necə olur ki, Gürcüstanda kitab üzərində heç bir vergi yoxdur. Ümumiyyətlə, qonşu ölkəyə kitabla bağlı nə material daxil olursa, rüsumlardan və vergilərdən azaddır. Həmçinin ölkədə kitabın satışı, istehsalı vergilərdən azaddır. Bəs nə üçün Azərbaycanın imkanları böyük olduğu halda kitaba bu cür kəskin vergilər tətbiq olunur?”- deyə naşir bildirir. 
“Vergilərin götürülməsi ilə biz oxucuların artımına nail ola bilmərik” - fikrinə münasibət bildirən Ş.Xuduoğlu “biz buna nail ola bilərik” deyə cavab verir: “İlk növbədə dövlət tərəfindən bir jest olsun. Kitaba ciddi nəzarət və qayğı lazımdır. Ölkədə kitab evləri olmalıdır. Əgər bu evlər açılmırsa, kitabxanaların yanında kitab-satış məntəqələri qurulmalıdır. Həmçinin rayonlarda kitab mağazaları yaradılmalıdır. Kitaba yardım edən insanlar – milli sahibkarlar vergilərdən müəyyən güzəşt də əldə etməlidirlər. Yəni kitab stimullaşdırılmalıdır”.
Ş.Xuduoğlunun fikrincə, hazırda Azərbaycan kitabı böhran dövrünü yaşayır. “Hər yerdə kitab dotasiya ilə işləyir. Heç yerdə kitab böyük gəlir mənbəyi deyil. Hətta, böyük kitab sənayesi olan Almaniya kimi bir ölkə kitabdan gəlir götürmür. Amma həmişə müxtəlif fondlar vasitəsilə kitaba yardım edir». Ş.Xuduoğlunun fikrincə, kitaba dəstək göstərmək baxımından Azərbaycanın da böyük imkanları var və ilk növbədə bu dəstək ƏDV-nin ləğvindən başlayır.
Ş.Xuduoğlu rəhbərlik etdiyi nəşriyyatın timsalında ƏDV-nin yaratdığı problemlərə qarşılaşdığını açıqlayıb: «Kitab kollektoru adlı qurum bizdən kitabı alaraq Azərbaycanın müxtəlif kitabxanalarına yayır. Statistikaya görə, Azərbaycanda 4000 kitabxana var. Düzdür, onun böyük əksəriyyəti fəaliyyət göstərmir. Amma heç olmasa sovet dövründən qalan o kitabxana kollektorun şəbəkəsi mövcuddur və onun kitabxanalarla əlaqəsi var. Kollektora kitab verə bilmirik, çünki kollektor da ƏDV ödəyicisidir. Təsəvvür edin, biz kitabı ƏDV ilə onlara veririk, onlar da 18 faiz ƏDV gələrək kitabxanalara satırlar. Kitabxanalar bunu necə ala bilər? Bu cür işləmək mümkün deyil. Ona görə də kollektorlar bu gün iflic durumdadır. Biz metro olaraq müxtəlif yayım şəbəkələrinə kitab verə bilmirik. Çünki biz də ƏDV ilə işləyirik, onlar da. Əvəzləşmə aparmaq mümkün deyil. ƏDV ödəyicisi kimi hər iki təşkilat vergi ödədiyindən kitabın qiyməti ikiqat qalxır. Ona görə də heç kəs kitab almır”.
Ş.Xuduoğlu hesab edir ki, əgər bizdə ƏDV olmazsa, kitabın maya dəyəri aşağı düşər, nəticədə naşirlər istədikləri yazıçılar, tərcüməçilərlə normal qonorar şərtləri əsasında işləyə bilərlər. “ƏDV ciddi şəkildə kitabın inkişafına mane olur. Vergilər Nazirliyi yalnız ƏDV-dən gələn gəlirin ödənilməsi məqsədilə ildə bir dəfə təşkilatlarda yoxlama aparır. Həmin yoxlamalar da bəzən nəşriyyatların və kitab satıcılarının işinə ciddi mane olur. ƏDV-dən azad olarsa, biz yalnız mənfəət vergisi ödəyicisi kimi yoxlanıla bilərik. Bu da elə problem yaratmaz».
Ölkədə yalnız dərsliklərə və dövlət xətti ilə nəşr olunan kitablara güzəştin olduğunu deyən Ş.Xuduoğlu ümumilikdə bu qənaətdədir ki,  Azərbaycanda kitablara güzəşt yoxdur.



Təranə Məhərrəmova

Комментариев нет:

Отправить комментарий