06.02.2012

KƏND AVTOBUSUNDA


Cəfər Talıb

Əksər kəndlərə rayon mərkəzindən avtobus işləyir.
Adi qaydada bu avtobuslar gündə iki dəfə səhər və günorta 2 reys edirlər. Gediş haqqı orta qiymətlə 0.50 qəpik olur. Lakin bu 0.50 qəpiyə ssenarisi yazılmamış bir tragikomediyanı seyr edə-edə gedib mənzil başına çatırsan. Həftəiçi bu avtobuslar boş gedib-gəlsə də, şənbə-bazar basabas olur.
Yayda səhər açılar-açılmaz kənd camaatı tarladan yığdığı tərəvəzləri daşıyıb yolun kənarına, dayanacağa çıxarır. Kimi əl arabası ilə, kimi "eşşək arabası", kimi də belində... Bu mənzərəyə baxanda həmişə ürəyim ağrıyır. Xüsusilə ərinin diqqətindən kənarda qalan, səhərdən axşamacan özünü dağa-daşa vurub balaları üçün pul qazanan, səhərin gözü açılmamış ağır kisələrin altında qəddi əyilən anaları görəndə... İnsanlar yuvasına buğda daşıyan qarışqaya bənzəyirlər. Buğdaya gücü çatmayıb yolda yerə qoyub dincini alan qarışqa və kisəyə gücü çatmayıb yerə qoyub dincini alan kəndli... Qarışqanın gözlərini görməmişəm, amma kəndlinin gözlərində böyük ümidlər və ümidlərdə də böyük suallar var. 

Görəsən, bu tərəvəzi sata biləcəyəmmi? Evə lazım olanları ala biləcəyəmmi? Hələ bu tərəvəzi bazara salamat aparıb çıxara biləcəyəmmi? Suallar, bir yandan avtobusa gecikmək qorxusu, bir yandan da ağır kisə... Dart, kəndli, dart..., sən bacaracaqsan!
Dayanacaqda izdiham yaşanır. Kənddə 5 dayanacaq varsa, hər dayanacaqda da ən azı 5-6 nəfər var, hərəsinin də 3-4 kisəsi, 2-3 "latok"u, 4-5 "sumkası"... Avtobus isə 1 dənədir, cəmi 1 dəfə də gəlib qayıdır. Kənddə maşını olanlar dayanacaqda dayananları toza basıb keçirlər, bu zaman maşını saxlamayanın şəninə "gözəl" sözlər maşının arxasınca su kimi "atılır".
Nəhayət, gözlənilən an gəlib çatır. Həyəcan! Həyəcan! Avtobus gəlir. Avtobus dayanan kimi yarım metrlik qapıdan 5 nəfərin 5-i də birdən minmək istəyir. Yerdə qalanlar da arxa qapıdan yükləri avtobusa yükləyirlər. Avtobusun içində oğul lazımdır ki, hərəkət etsin. Bir yanda "sumka"lar, bir yanda kisələr, "latok"lar, bir yanda kənd arvadları, bir yanda qaz, toyuq, hinduşka, bəzən qoyun da... Avtobusun içində elə bir hava olur ki, o havanın tərkibini Mendeleyev də xortlayıb gəlsə, öyrənə bilməz.
Nəhayət, hamı mindi, avtobusun içində tərpənmək mümkün deyil, avtobus belindən zədə alan veteran kimi tərpənir yerindən. İçəridə bu basabasda bir söhbətlər gedir ki, bəlkə hələ Azərbaycan teleməkanında o tipdə debat, tok-şou, olmayıb. Söhbətlər inəkdən, qoyundan başlayıb Aygün Kazımovaya kimi davam edir. Yolda nə vaxtsa asfalt olub, yolu görən o dəqiqə inanar ki, Liviya hadisələri burada olub. Yolda hər metrdən bir elə bir çuxur var ki, avtobusun təkəri düşəndə ciyərin, böyrəyin də aşağı düşüb qayıdır. Bu yol böyrəyində daş olanlar üçün müalicə sanatoriyasını xatırladır.
Səhər saat 6-7 arası... Rayon mərkəzi bazarı... Üfunətdən nəfəs kəsilir. Maşını olanlar artıq yerləri tutublar. Alverçilər gələn maşınların qabağına qaçır, kəndlilərlə qiymət üstündə savaşırlar. Bəzən kəndli malı ucuz verməyəndə "apar, sat, baxım necə satacaqsan bu zəhrimarı"
deyib malın "xeyir-duasını verirlər".  
Avtobus "yıxıla-dura" bazara daxil olur. Alverçilər "maşın şou"sundakı kimi əllərini avtobusdan çəkmirlər. Qapı açılan kimi kəndlilər "azadlığa çıxan məhbus kimi" özlərini qapıdan çölə atırlar. Bir gənc qollarını açıb "mən azadammm" qışqırmaq istəyirdi ki, alverçi qadın "Bu toyuğu 5 manata verirsən?" sualı ilə onun "azadlıq romantikasını" darmadağın etdi. Başa düşdü ki, 5 manata azad ola bilməyəcək.
Ərinin diqqətindən kənarda qalan analar burada da kisə daşıyırlar. Bu qədər əzab-əziyyətdən sonra gətirdikləri tərəvəzlərə müştəri gözləyən anaların gözlərində dünyadan da böyük ümidlər var.
Saat 12-də kəndlilər pərt halda avtobusa qayıdırlar. Çünki heç biri tərəvəzləri istədikləri qiymətə sata bilməyiblər. Hamının üzündə bir ifadə yazılıb: "Kəndlinin zəhmətinə heç vaxt layiqli qiymət verilməyib. Satdığımız ucuz, aldığımız baha..." Bu pərtlik şeiri bəyənilməyən yazıçının pərtliyinə bənzəyir. Bir ömür boyu talesiz insanları qarabaqara izləyən pərtlik!
P.S. Avtobus kəndə yola düşdü... Kənddə onlardan daha çox bazardan gətirdikləri "sumka"ları gözləyirlər.

Комментариев нет:

Отправить комментарий