14.02.2012

Leylican Leyli


Günay Dağlı

Uzaqdan bir səs gəlirdi. Bu səs çağırırdı- əlini ağzına qoyub  çağırırdı. «Gəl oynayaq» deyirdi. Hər kəs gəlirdi, səsə səs verirdi-masabəyi də «ay maşallah» deyirdi. Yenə də səs uzaqdan gəlirdi. Leyli hərdən bir «məni çağırırlar» – deyə tədarüklənirdi. Sonra; «yox Əşi» – deyib köks ötürürdü. «Kimə lazımsan e sən, Leyli? Hələ bir də o «leylican» oynayanlara heç lazım deyilsən. «Sən öz mahnını çal» deyib Leyli özü-özünə göstəriş verdi. İllərin rəngini ağ libasına həkk etdirmiş royal onu yenə özünə çəkdi. Hələ uşaq ikən o lirikani çox sevərdi. 

Bayaqdan «leylican» qulaqlarını elə zəbt etmişdi ki, Leyli sanki günlər idi sevimli, üst-başından lirika tökülən royalını görmürdü. Bəyaqdan bu qoca royal heç yada düşmürdü. Bayaq onu ruhlandıran sintizator idi. Yeri göyə qatan sintizator indi susmuşdu, gənc piyanoçu da qoca royal qarşısında çaşqın-çaşqın donub qalmışdı. Leyli dünyaya gələndə bu royalin nə az nə azacıq qırx yaşı var idi. O zamanlar cavan idi. İndi də yetmiş idi. Sabah da kim bilir neçə olacaqdı.  Amma, Leyli doğulanda, yeri göyə calaq edən sintizator yox idi. Yaranmamışdı, doğulmamışdı. Qəribədi,  Leylidən kiçik, cansız  bu əşya bütün musiqi alətlərinin elə Leylinin ifa etdiyi royalın da səsin çıxarırdı. Bəlkə də Leylinin musiqi savadı olmasaydı o da toy evinin uzaq qonşuları kimi belə deyəcəkdi: «Maşallah Filankəs toyuna bütün çalğı alətləri gətirtmişdi». Bəli, Leyli həm bir  ali savadlı piyanoçu kimi dərk edirdi ki, bu səsləri orjinal musiqi alətləri çıxara bilməz. Həm də Leyli dərk edirdi ki, kasıb Filankəsgildə ansanbl çala bilməz. Dərk etməy istəməyə-istəmyə edirdi ki…
-bu dərketmə də Leylinin dünyasında qısqanclığı doğurdu.  «Bu sintizatordu, hər bir musiqi alətində çala bilər» deyirdi Leyli özü-özünə. İndi Leyli qəfildən televizorda seyr  etdiyi dünənki şou praqramlardan birini xatırladı. Orada özünü öyə-öyə danışan gənc həmkarının səsi yenidən qulaqlarını zəbt etdi.  Dünən Leyli özü-özünə «Aman Allah, bu yazığa bir gecədə hər şey verib ki, Tanrım» demişdi. «Yazıq qız həm söz yazıb, həm musiqi bəstələyib, həm də nəfəsi gedib, gəlməyə-gəlməyə ifa edib». Dünən ki, gənc bu gün bəlkə də artıq qocalmışdı. Bəlkə də indi kaf-kaf edən kafdar idi. Yazıq…
Leyli birdən qeyri ixtiyarı onu çağıran royalın dillərini seyr etdi. Hər bir dilində Leylinin barmaq izləri var idi. İllər idi Leyli bu dillərə dərdin deyirdi, illər idi ki, Leyli bu royalin üstünə  əllərin ölçürdü, başın qoyurdu. İllərlə etdiyi hərəkətləri bu gün də təkrarlayacaqdı. Əvvəl əllərin öçəcəkdi, sonra başın qoyacaqdı onun qucağına. İndi Leyli royalda «leylican» çalacaqdı. İndi ağzı var idi bu royal sintizator kimi qışqırmayaydı?! Vallah, Leyli hər şeyə son qoyardı.  Bəyaz arıq əllər royala tərəf gəlirdi. Royal o əllərin hərarətini və qəzəbini bədəninə  toxunmadan hiss edirdi. Əllər dil açmışdı: «Bu dəqiqə «leylican» çalmasan səni boğacam» deyirdi. Yetmişi  haqlayib səksənə adlamış royal bu gecə həm sözlə, həm də zərif əllərlə döyüldü. Bir zaman Şopenə köklənən royal, bir zaman düşüncələr çalan bu əllər, indi «leylican» çalmaq istəyirdi. Amma alınmırdı. Qəribə bir ehtiras Leylini daşa, divara çırpırdı. «Sənin royalın çalmalıdı» deyirdi. Leyli də ehtirasının səsinə səs verirdi. «Çal !.. çalmalısan!» qorxudan rəngi-rufu qaçmış royala.
O günlərdə kiliplərdən birində Leyli bir ağ royalın yanmasını seyr etmişdi. Neçə gün idi ki, rejissorun bu sərsəm səhnəsinin mənasını axtarırdı. Bu da məna. «Keçmişin qalığını yandırarlar da?! Bir alət ki, səni sevindirə bilmir, daim ağladır aaa… niyə saxlayasan?! Məhv edəcəm səni», -  deyib royalın üstünə getdi Leyli. Bir azdan royal qara rəng alacaqdı-qapqara qaralacaqdı. Amma indi dil, dil yerə tökülürdü. Leylinin ayaqlarına düşən dillər Leylinin əlləri ilə sökülüb atılsa da yalvarırdı. Özü ayaqların görüşünə gəlmiş günahgarlar kimi  yalvarırdı. «Leyli, mən bacarmadım, məni bağışla» deyirdi. Leyli isə əvvəlkindən çox fərqli idi. Elə bil Leyli getmiş, Leylican gəlmişdi. Əvvələr Leyli öz başına döyüb ağlardı. İlk sevgilisi ilə ayrılanda da öz başına döymüş royalı sığallamışdı. Birinci əri qarabağa gedib qayıdmayanda da royal sığallanmışdı. Yalnız Leyli ikinci dəfə ərə gedəndə royalı sığallamamışdı. Onda da royal ağlamışdı. İndi isə Leyli gülə-gülə royalı məhv edirdi. İndi Leyli royalda ərini öldürən erməni itin simasını görürdü. İlk sevgilisinin anasını görürdü. Royal dil tökürdü. Amma Leyli qərarlı idi. Sabahdan bir sintizator və son. Leylinin royallı günlərinə son qoyuldu. Sintizatorun yadaşına ilk «leylican» yazıldı. Sonra Leylican bəstəkar oldu bu sintizatorun sayəsində, sonra müğəni, şairliyi də ki, əvvəldən təbiətində var idi. Bir iki qafiyəli söz və bir iki musiqili hərif səslərini də bildikləri sirasına daxil etdi Leylican oldu bəstəkar-müğəni. İlk praduserindən (ikinci ərindən) ilk sənət sualını aldı. Leylican xanım (artıq evdə hər kəs onu belə çağırırdı, hətta, qaynanası da). Niyə axı bəstəkar müğəni Leylican?  Siz həm də şairəsiz, elə deyilmi? Yox qardaş (artıq bir neçə ay idi ki, o həyat yoldaşına qardaş deyirdi), mən şair olmaq istəmirəm. Birdəki kimdi eee… indi şair adı çəkən. Birdən Leyli dik atıldı ərinə: «bilirsən düz etmirlər də musiqi sözün üzərində yaranır. Axı dədə-babamız belə edib. Sözlə yaranmışıq da»… Yenə Leyli susdu Leylican dilləndi «hə sabahdan mən də şairə bəstəkar müğəni Leylican olaram. «Nə də olsa sözə qiymət verənlərin sevgisini qazanmış olacam da», – dedi. Bayaqdan pul sayan praduser arvadının yenidən ağılandığına sevindi. «Leyli, biz sabah televiziya çəkilişindəyik buna görə də hazırlaşmalıyıq axı»! dedi. Leyli praduserinə qoşulub imarətinin studiyasına gəldi. Əvvəlcədən yazılmış kiçicik disk öz yerini alar-almaz başladı «Leylicanlıq» etməyə. Leylican da əlinə sönük mikrafon alıb bolluca klonluq etdi. «Sabaha hazıram» dedi. Sabah efir qarşısında kim bilir dədəsinə nələr deyəcəkdi azadlıq carçısı tamaşaçı.  Sonra da bu tamaşaçı özünü danlayacaqdı. «Bu da sənin demakratiyan» deyəcəkdi. «Bir gözəl çalğıdan savayı heç nə yoxdu bu azad və demakrat qızda» deyəcəkdi. Leylican həqiqətən də gözəl çalırdı. Bunu ona ilk sirdaşı royal öryətmişdi.
Həftə əvvəli günlərdən biri idi. Bu gün Leylicanın yaradıcılıq günü idi. Bu gün elə bir gün idi ki…
Leylican nə isə yaratmaqda israrli idi. Qarşısında Mortsartın və Hacıbəylinin əsərləri var idi.  Leylican Leyliyə ürək-dirək verirdi: «Qorxma, hərəsindən bir not götür və qurtar bu işi». Leyili elə başlamışdı ki, praduseri gəldi. «Leyli, elə indicə qəzetlərin birindən zəng etmişdilər. Məndən soruşdular ki, Leylican xanım təzə hansı işlər üzərində işləyir? Mən də bu dəqiqə Hacıbəyliyə düzəliş edir, – dedim. Muxbir dedi ki, bu əla xəbərdi. Hətta Leylican xanımın şou karyerasını quracaq xəbərdi. Sabah bütün Azərbaycan, bütün dünya səndən danışacaq. Leyli, bilirsən sən məhşur olacaqsan e… mənim Leylicanım» deyə-deyə praduser getdi. Yenə də Leyli ilə Leylican tək qaldı. İndi Leyli Leylicana yalvarırdı. «Bu yolun sonu uçurumdu» deyirdi. Sabah Leylican məhşur olacaqdı. Bütün Azərbaycan ondan danışacaqdı. Leylican  da Hacıbəylinin səhvin dünyaya elan edəcəkdi. Amma bu gecə o çox ehtiraslı idi. Qarşısındakı sintizator da onun yaradıcılıq ehtirasına dözüm gətirə bilmirdi. O royal axtarırdı. Hər yerdə gözünə royal görünürdü. Ağ royal Leylinin yuxusunu zəbt etmişdi. Leylican sabah  Hacıbəylinin əsərlərində tutduğu səhvi, məhz royalda sübut etməli idi. Bu işdə ona ancaq royal kömək edə bilərdi. Gecə ilə Leylicana bir royal tapdılar. Royal başdan ayağa qara geymiş dəfn iştirakçısına bənzəyirdi. Matəm günü başlandı. Leylican bu gün öz əlləri ilə bir nəsli öldürəcəkdi, Leylican bu gün bir milləti məhv edəcəkdi. Millət də etiraza gücü olmadığından-halsızdıqdan susacaqdı. Leylican Motsartdan götürdüyü notlari dahi Hacıbəyli əsərinə calaq edəcəkdi, millət susacaqdı. Bu gün millət başını aşağı əyib bir tikə çörəyin qazanacaqdı ki, balası ac qalmasın. Sabah da bu millət yurdsuz qalacaqdı. Başın aşağı əyib yenə də səngərlərdə vuruşacaqdı ki, balası yurdsuz qalmasın. Amma bu gün düşmən yararlanacaqdı. Öz oğru adını Hacıbəyliyə qoyacaqdı. Əlinə Leylicanın vucudundan balta alıb millətimi çapacaqdı.
Nəhayət, dəfn açıqlaması başladı. Kimi «əhsən» deydi, kimi də…
Jurnalistlər biri birini döydü. Rəsmi açıqlamalar başa çatdı. «Gəlin Leylican xanımı dinləyək» dedi alfons ər. Əsər də dinlənildi. Yenə də jurnalislər biri-birini döydü. Matəm iştirakçısı royal burda-bu məkanda, bu zamanda çaşıb qalmışdı. Bilmirdi ki, döyüşən şou əhlinə baxsın, yoxsa Leylicanın sərif əllərinə, onun buyruğuna. Bilmirdi… Leyli qeyri ixtiyari olaraq royalda «leylican» çalırdı. Royal da sintizator səsi çıxarırdı. Musiqi sədaları altında kimisinin başından qan axa-axa rəqs edir, kimisi də döyüb, başın yardığı ding-ding həmkarının üstünə əl-qolun olçur; «mən haqlıyam» deyirdi. Leyli də elə hey çalirdi…
İndi alfonus ər o qədər ruhlanmışdı ki, bir zaman gələcəkdə şöhrətə uyub Leylinin onu atib, özgələrinə gedəcəyindən qoxmurdu. Leyli üçün nöbəti qalmaqalı şou uğurun mövzusun fikirləşirdi. Leyli elə hey çalırdı. Əri də yeni xəyallar qururdu. Ər birdən «tapdım» dedi. Leyli yenə çalırdı. Əlləri royal üzərində görünməyən Leyli bir azdan   bütün iştirakçılar kimi alfonus ərin dilindən növbəti açıqlamanı eşidəcəkdi. Musiqi bitər-bitməz Leyli halsız royalın üstünə yıxıldı. Bir ordu jurnalist olan prezintasiyada praduser nöbəti açıqlamanı etdi. «Dinlədiyiniz bu əsər Leylican xanımın gənclik illərində bəstələdiyi həmin o əsərdi ki, oğurlanıb, illərdi anonim səsləndirilir».
«Anonim əsərin müəllifi tapıldı» sərlöhvəli yazılar sabah qəzetləri də baltaya sap edəcədi. Bu gün isə royalin üstünə sərilmiş Leyli birdən qara royalın rənginin çıxdığını-ağardığını görüb diksindi və oyandı. Başını ağ royalın qucağında  tapdı.

Комментариев нет:

Отправить комментарий