I hissə: Gizli dil vasitəsilə yəhudi tacirlər müştəriləri asanlıqla aldadır, müştəri yanında bir-biri ilə gizli söhbətlər edirdilər
Əcdadları Fələstindən Assuriya çarları zamanında çıxarılıb, sonra Midiyada məskən salıblar, oradan da Qafqaza köçüblər
YƏHUDİ-TATLAR. Tat dilində danışan, dağ yəhudiləri adlanan millət, pərakəndə şəkildə keçmiş Kuban, Ter, Dağıstan, Bakı, Yelizavetpol vilayət və quberniyalarının şəhər və kəndlərində yaşayırlar. 1886-cı ildə İ.Ş.Anisimovun topladığı məlumata görə, tatların sayı 21 min olardı.
Onların təxminən 11 mini müxtəlif şəhərlərdə yaşamışlar: Qubada (6.280 nəfər), Dərbənddə (1.670), Temirxan-Şurada (330 nəfər), Qroznıda (1.590), Petrovskda (indiki Mahaçqalada- 125 nəfər). Bu siyahıya indiki Bakı şəhərini də əlavə etmək lazım gəlir, Vətəndaş müharibəsindən sonra tatların böyük bir qrupu təqiblərdən qaçaraq, şəhərlərdə məskən salmışdı.
Vətəndaş müharibəsi dövründə tatlar öz məskənlərindən aralı düşdülər. Məlumdur ki Dərbənd rayonunun 10-dan artıq yəhudi kəndi boşaldılaraq əhali Dərbənd şəhərində yerləşdirilmiş, həmin kəndlərə müsəlmanlar köçmüşdü. Anisimov yəhudi-tatların köçürülməsi məsələsinə aydınlıq gətirmək üçün yəhudilərin 40 ildən artıq yaşadığı kəndlərin siyahısını göstərir: Dağıstan vilayətində- Tarhn, Çir-yurd, Sultan Yangi yurd, Buynaq, Güvdən, Dürgəli, Qara budakənd, Daşlaqar, Macalis, Ruhəl, Mühatır, Cümeyd, Yaşi kənd, Nütuq, Nüqdi Müşkür, Xoş mənzil, Ağləbi, Qorçaq, Cerah; keçmiş Kuban vilayətində- Cehon qəsəbəsi; Ter vilayətində- Daş keç, Xasav yurd, Andreyev kəndi və Hüstək. Keçmiş Bakı quberniyasında- Müci və Müci Aftaran kəndləri, keçmiş Yelisavetpol quberniyasında- Vartaşen.
Hal-hazırda Dərbəndin kəndlilərlə artırılmış yəhudi əhalisi, eləcə də Qubadan Dərbəndə gələnlər Dərbənddə yəhudilərin sayını artırmışlar. Quba yəhudilərindən 3.500 nəfəri Bakıya köçmüşdür. Şamaxı uyezdinin Müci kənd əhalisinin bir hissəsi də Bakıya və Şamaxının özünə köçmüşdür, mücililərin bir hissəsi isə hətta Krıma gedib çıxmışdır. Beləliklə, 130 illik tarixə malik Müci kəndi tamam boşalmışdır. Onun əhalisi müxtəlif ərazilərdən gəlmişlər idi: Qusardan, Qaytagdan (Xəitoq), İran Gilanından, Zalamidən və Mozdokdan. Müci əhalisinin yarısı 62 il əvvəl Göyçay uyezdinə köçmüşdü, orda Müci-Aftaran kəndini salmışdı. İndi Vartaşendə 232 evlik, min nəfərlik yəhudi kəndi var.
1926-cı ilin əhalinin siyahıya alınmasına əsasən, Azərbaycan SSR-da 10.270 yəhudi-tat yaşayırdı, yəni tatların ümumi sayının 40 faizi. Bakıda böyük yəhudi-tat qrupu yaşasa da, Dərbənddə yaşayan tatların sayı Bakıda və Qubada yaşayanlardan çoxdur.
Keçən ilin iyun ayından yəhudi əlifbası ilə həftəlik “Zəhmətkeş” adlı çap orqanı çıxır. Orqanın nəşrində qubalılar və bakılılar iştirak edirlər. Bakıda dərslikləri çap olunur- “Təzə şkola” əlifbası (N.Y.Maqarik və Haymoviç, 1921 il), “Gül dağı” (Ben Herari, 1927). Dağlı yəhudilərin məktəbi da vardır. Qubada rus-yəhudi və türk-yəhudi məktəbləri var. Vartaşendə- rus-yəhudi məktəbi var.
Yəhudi-tat qrupu yeganə qrupdur ki, milliyyətcə özünü digər tatdilli əhalidən ayırmış, öz dilinin əlifbasına təkan vermişdir. Yəhudi-tatlar hələlik öz dillərinin səsinə uyğun olan yəhudi əlifbasından istifadə edirlər, lakin latın əlifbasına əsaslanan əlifbaya keçid məsələsi həll edilmək üzrədir. Qeyd edək ki, müsəlman tatlar inqilaba qədər özlərini Zaqafqaziya müsəlmanlarından ayırmırdılar, inqilabdan sonra isə özlərini türk kimi qələmə verməyə başladılar.
Şivələrə gəlincə, yəhudi-tat dilini iki qrupa -şimal və cənub- ayırmaq olar. Şimal dil qrupuna Şimali Qafqaz yəhudilərinin şivələri aiddir, cənub dil qrupuna- Quba yəhudilərinin şivələri. Bu qrupa görünür, Dərbənd qrupunun da şivəsini əlavə etmək lazımdır. Son zamanlar Quba və Dərbənd şivələrinin yaxınlaşması müşahidə edilir. Buna səbəb Quba yəhudilərinin Dərbənddə yaşaması, qarşılıqlı nigahlar, Quba yəhudilərinin Dərbənd qəzetində iştirakıdır.
Müci, Müci-Aftaran, Vartaşen kəndlərinin şivəsi Quba şivəsi kimidir. ASSR-nın bütün yəhudi-tatları türk dilini, təhsili olanlar isə əlavə olaraq, rus dilini bilirlər. Qubada yəhudilər daha çox rus-yəhudi məktəbinə meyillidirlər. Şimalı Qafqaz yəhudi- tatları hətta hesab edirlər ki, rus əlifbası latın əlifbasıyla müqayisədə onlar üçün daha əlverişlidir.
Vartaşendə erməni və udinlərin arasında yaşayan yəhudilərin bir hissəsi bu dilləri bilir: 60 faizi erməni dilini, 10 faizi udin dilini bilir. Türk dilini bütün uşaqlar bilir, lakin daha çox tat dilində danışırlar. Onların şifahi ədəbiyyatı yoxdur; oxuduqları mahnılar ya türk dilindədir, ya da qədim-yəhudi dilində.
Quba və Bakıda yaşayan gənc yəhudilər son zamanlar dillərinin inkişafına çalışırlar. Qubanın yəhudi klubunda mən yerli gənc yazıçılarla- Zavalun Rabinoviçlə, Yakov Aqarunovla tanış oldum. Bakıda da tat dilində pyes yazanlar var, məsələn, Y.Birorov. Bu adamlarla söhbətdən belə anladım ki, Quba yəhudilərinin geniş folklor materialı var: nağılları, tapmacaları, atalar sözləri, ağıları və s. Bu dil onu yaradan Umromun adı ilə əlaqədar Umrom dili adlanır. Umrom 200 il əvvəl Gilandan gələrək, bu dili Qafqazda yaşayan yəhudilər arasında yaymağa başlayıb. Yerli camaat bu dildən gizli dil kimi istifadə edirdi ki, tat dilini bilən başqa millətlər onları başa düşməsin. Bu gizli dil vasitəsilə yəhudi tacirlər müştəriləri asanlıqla aldadır, müştəri yanında bir-biri ilə gizli söhbətlər edirdilər. Bu süni dilin leksikasında çoxlu yəhudi sözləri var, lakin onlar fərqli məna daşıyır. Məsələn, çörək - liham, ət - bosor, su - mojə və s. Dilin qrammatikası tat dilinin qrammatikası kimidir, lakin danışmaq, vermək, var kimi fellər süni şəkildə uydurulmuş sözlərlə əvəz edilib ki, başqası tərəfindən başa düşülməsin.
“Zeboni İmrani” termini farsca İran yəhudilərinin danışıq dili deməkdir. V.Jukovski qeyd edir ki, “qədim fars” dilini İran yəhudiləri belə adlandırırdılar və öz aralarında bu dildə danışırdılar. Jukovski bu terminin izahını vermir. Güman etmək olar ki, bu süni dil vasitəsilə İran yəhudiləri bir-birini yaxşı anlayırdılar. Jukovskinin dediyinə görə, ayrı-ayrı şəhərlərdə yaşayan yəhudilər bir-birini başa düşmürlər, çünki şivələri çox fərqlidir (məsələn, Şiraz yəhudiləri İsfahan, Tehran yəhudilərinin dilini başa düşmür). Odur ki “İmran dilini” İranın yəhudi-fars şivələrindən ayırmaq, İran yəhudilərinin danışıq dillərinə qatmamaq lazımdır.
Qafqaz yəhudi-tatlar məsələsi mürəkkəbdir və həqiqətən tarixi maraq doğurur. Böyük tarixi material 40 il əvvəl V.F.Miller tərəfindən “Materiallar” əsərinin “Giriş” hissəsində verilmişdir. Bu materialda Qafqazda yaşayan yəhudilər haqqında, onların islam dini tərəfindən sıxışdırılmasından, yəhudilərin Xəzər çarlığı ilə münasibətindən, yəhudilərin Midiyadan (İran Azərbaycanından) törəməsindən və s. bəhs edilir. Dil ilə məşğul olduğuma görə, mən tarixi problemləri araşdırmırdım. Təsadüfən əldə etdiyim və sistemli olmayan məlumatı çatdıra bilərəm. Məsələn, Qubadakı Yəhudi Mahalının indi (1929 il) 198 yaşı var. Onun əhalisi müxtəlif yerlərdən gəlmələrdir, bu da məhəllə adlarında öz əksini tapmışdır. Gülqatı I və II, Qusar I və II, Qarçaq - bu məhəllələrdə sinaqoqlar var; Gilək, Ağacani, Çapkən, Mizrahi və s. Ən köhnə məhəllə Gülqatdır (Qulqat). Bu məhəllədə yaşayanlar hansısa xanın təqibindən qaçıb Quba yaxınlığında məskən salmışlar. Qulqatda qəbiristanlığın və bəzi tikililərin qalırqları var. Qusarlılar təxminən 150 il əvvəl köçüb gəlmişlər. İndi Qusarda 30-35 yəhudi ailəsi yaşayır. Qarçaqlılar Dağıstanın Qarçaq kəndindən gəliblər, gəlmə tarixi məlum deyil. Giləklilər İranın Gilan vilayətindən gəliblər. Əvvəlcə Bakıda yaşamış, sonra Qubaya köçmüşlər. Ağacanilər cənubdan, Saqqız (Səkkiz) tərəfindən gəliblər. Çapkənlilər Dağıstanda yaşamışlar, onların arasında kürlülər coxdur. Deyirlər ki, bu kəndin adı çapqın (qarət) sözündəndir. Mizrahi cəmi 20 il əvvəl yaranmış məhəllədir. Yuxarı məhəllədən aşağı məhəlləyə köçmüş qubalılardan ibarətdir.
Məhəllə camaatının xoş olmayan ləqəbləri var: Qusar məhəlləsində yaşayanları oğru, Qulqatda yaşayanları fahişə, gilanlıları lovğa, kəllə, qarçaqlıları uzunqulaq (xəq) çağırırlar.
Prof. B.Miller: “Tatlar, onların yerləşməsi və şivələri
(Materiallar və suallar)” kitabından. Azərbaycanı öyrənmə və tədqiqetmə cəmiyyətinin nəşri. Bakı, 1929. Azgiz nəşriyyatında çap edilmişdir.
Tərcümə etdi: Sima Ənnağı (Ardı var)
Комментариев нет:
Отправить комментарий