13.02.2012

Nə sən leylisən, nə mən məcnun...


Xosrov Barışan

YAĞIŞ SANİYƏSİ

Burax sevgilim,
Burax...
  Söz yüklü duyğu buludlarımızı,
                     Düşüncə yeli aparsın.
Və bir çırpınış şimşəyi,
            Və bir ıldırım səsi
                        Qanadlansın...
Səhər hansı saniyədə yağış yağacaq?!

DÜŞ, YAŞ, ŞEİR...

Xəyalıvın lay-layını bükdüm ürək buxçasına.
Mən bükəli; yaş da qaçıb çıxdı gözün taxçasına,
Duyğu sözün al çiçəyin əkdi şeir baxçasına...

MAVİ BOĞULMA

Dəniz boylanaraq baxır mənə.
Dalğalar
 Gözlərimdə doğulurlar...
Baxışım
  Dəniz quşu...
Qanad çalır...
   Doğru uçur göy üzünə.
 Dənizlə göyün
    Maviliyinin düz ortası...
Boğuluram gözlərində!!!

SERÇƏ

Ürəyim
      Çırpınır
                 A..ah,
Serçə əlində titrəyir
Yüksək
      Bağırmaq istəyir:
                  ((Burax məni...
                         Burax məni...
                              Burax məni...))

Buraxsan da,
        Faydası yox!!!
                Sınıb quşun qanadları.

NƏ SƏN, NƏ MƏN!

Və...
  Yaşayış güzgü sayaq!

Nə sən bir yanan şamsan,
Nə mən
  Bir od tutan kəpənək!
Sadəcə
 Bir soyuq gecədə
   Yara göyərdən yataqda
                       Sayıqlamışıq
                         Təb bələyində.
Elə bu.

Nə sən bir leylisən;
Nə mən bir məcnun!
Sadəcə;
    Yuxu dibli çöllərdə,
      Qovala-qaçdı oynamışıq
                    Uşaqlğın xatirinə.
Elə bu.

Nə sən bir içkisən,
Nə mən bir sərxoş!
Sadəcə;
 Varaqlamışıq
   Bir xumarlıq romanın.
Elə bu.

Nə sən bir şirinsən,
Nə mən bir fərhad!
Sadəcə;
 Dağların heykəlini
   Yolların fırlanışında qazmışıq...
Elə bu.

Pəs nəydi bu?!
İndi nədir?!

Aha..n
     Ahan
       Həə..ə
Yansılarkən
   yaşamağın davranışın
                     Güzgüyə göz
                             Zilləmişik
Elə bu.

Özü haqqında: Xosrov Solh Konəndə Sərdəri 1983-üncü  ildə Təbriz şəhərində dünyaya göz açdı. Onun şeirlərinin çoxu sərbəst, iki beytli, qəzəl qalıbındadırlar. Ancaq şair hər üç qalıbda da yenilik yaratmağa çalışır. Xosrov öz təxəllüs adını Barışan seçibdir. Bu ad öz soy adının Türkcə anlamıdır. O bilimyurdunda oxuyan illərdə Aşina adlı derginin ədəbi başyazarlığını  üstələnmişdi. Ayrica iki şeir özəl sayısı dərgisinin (Şəm-i xəyal adlı) başyazarlığını da üstələnmişdi. Şeirdən əlavə, Barışan hekayə yazmağa da maraqlı birisidir. Elektron ünvanı: barishan1983@yahoo.com, barisan@box.az

Комментариев нет:

Отправить комментарий