03.02.2012

Olmuş hadisələr əsasında təəssüratlarım


Möhtəmən Həkim

Ev qazları haqqında maraqlı bir hadisəni mənə danışmasaydılar, bəlkə də bu yazdıqlarım işıq üzü görməyəcəkdi. İş yoldaşlarımdan bir xanımın nəql etdiyi maraqlı bir hadisə məni vadar etdi ki, başıma gələnləri və eşitdiklərimi qələmə alıb fikirlərimi oxucularla bölüşdürüm.

Məni bir məsələ çoxdandır ki, düşündürür və narahat edir ki, insandan qeyri canlılarda əgər şüur deyilən anlam yoxdursa, bəs onda onların çox hissəsi sevinci, dərdi, kədəri, təhlükəni, istəyi, özünün və yaxınının müdafiəsini necə qavrayır, necə həyata keçirir və müxtəlif səsləri necə başa düşürlər?
Mən bu suallara özüm bildiyim kimi cavab verməyəcəm. Məqsədim də bu deyildir. Bu məsələni hər kəsin öz mühakiməsinə buraxıram. Özümün şahid olduğum, daha doğrusu başıma gələn bir hadisəni olduğu kimi oxuculara çatdırmağa ,çalışacağam...
Bir neçə il bundan əvvəl baş vermiş bir hadisədir. Mən çox vaxt yuxudan erkən qalxar, müəyyən iş dalınca evdən çıxmalı olardım. Yaşadığım bina ilə mərkəzi küçə arasında təqribən 150 metrədək məsafə olar. Bizim bina ilə qonşu bina arasında zibilxana var. Çox vaxt orada quşlar-uçan çöl quşları, ev qazları, ev ördəkləri eşələnir. Mən oradan keçərkən dəfələrlə qazlar mənə hücum çəkmişdi. Mən isə qorunmuşdum. Belə bir vəziyyətə əvvələr o qədər də fikir vermirdim. Həm də çox vaxt yuxarıda uçan iri quşlar-sağsağanlar, tatralar hay-qışqırıq salaraq mənim başımın üstündən sürətlə, həm də aşağı enərək uçuşurdular. Nəhayət bu hadisələrə diqqət yetirməli oldum. Mən dəfələrlə şahidi oldum ki, quşlar məni mərkəzi küçəyə qədər müşaiyət edir, həm də maraqlı cəhətlərdən biri də o idi ki, quşlar müəyyən məsafəyə qədər gedir, sonra başqaları ilə əvəz olunurdu.
Mən elə başa düşdüm ki, onların xüsusi növbətçi qrupları vardır. Onlar müxtəlif səslərlə özlərindən irəliyə xəbər ötürürlər. Həm də mənə bəlli oldu ki, bu quşlar xüsusilə yumurta qoyan və balalayan dövrlərdə daha aqressiv olur. Məndə get-gedə quşların bu hərəkətlərinə qarşı əməlli-başlı vərdiş yaranırdı. Çünki belə hal hər gün bax beləcə davam edirdi. Qazlar hətta elə hal olurdu ki, şalvarımı dimdikləri ilə çəkib cırmaq istəyirdi.
Mən maraqlanırdım ki, görəsən qazlar digər adamlara qarşı da belə aqressiv hücum edirlərmi? Mənə aydın oldu ki, əsasən nadinc və qorxaq uşaqlar belə hallarla üzləşirlər. Mən fikirləşdim ki, onlara ehtinasız, yəni fikir vermədən yanlarından ötüb keçəcəm. Lakin qazlar yenə də hücum edirdilər. Onlar cəmi yeddi qaz idi. Hətta bir dəfə  qazlar qəfildən mənə elə hücum etdilər ki, həm qorxdum, həm də çevrilib nəyəsə əl atmaq istəyirdim ki, yıxıldım. Qazlar isə yenədə məndən əl çəkmək istəmirdilər. Nəhayət bir daş tapıb hansınasa bərk vurdum. Sabahı gün yağış yağdığı üçün əlimə çətir götürmüşdim. Zibilxananın yaxınlığından keçərkən qazlar yenə də mənə hücum etdilər. Mən, əlimdə bükülü vəziyyətdə tutduğum çətrin qundağı ilə qabaqda gələn qazın dimdiyinə bərk zərbə vurdum. O gündən sonra mən qazların əməlli-başlı düşməninə çevrildim. Daha məni uzaqdan görəndə hay-qışqırıq salaraq yaxınlarından keçəndə məni hücuma məruz qoyurdular. Bir dəfə belə bir hadisə ilə qarşılaşmalı oldum. Qazların biri-ana qaz balalamışdı. Qalan qazlar zibilxanada eşələnir, ana qaz isə balaları ilə təqribən əlli metr aralıdakı binanın qarşısında gəzişirdi. Mən hansı işləsə əlaqədar evə tərəf sürətli addımlarla gedirdim. Qazlar məni təqribən 20 adımlıqda görüb hay-qışqırıq salmağa başladılar. Sanki həyəcan təbili çalırdılar. Onların səsinə cavab olaraq xeyli aralıda duran ana qaz da qıy vurmağa başladı, qanadlarını açaraq sanki balalarını qorumaq üçün tədbir görməyə başladı. Hər bir insan bu mənzərəyə tamaşa etsəydi belə vəziyyətə necə də məəttəl qalardı. Qazlar bu dəfə də daha aqressiv şəkildə mənə hücuma keçdilər. Mən onlardan bir qədər kənarlaşıb sürətlə evə tərəf addımlamağa başladım. Lakin qazlar mənim ardımca düşüb sürətlə gəlirdilər. Mən sürətimi bir az da artırdım. Binanın girəcəyinə az qalmış qazlardan biri uçub düz mənim qabağımda yerə qondu. `Yaxşı ki, binanın girəcəyinə çatmışdım. Tez girişə daxil oldum vəəridə durub o qaza kənardan diqqətlə baxmağa başladım. O məni görmürdü. Bir neçə dəqiqə keçəndən sonra qazlar əməlil-başlı sakitləşdilər.           
Mən evə daxil olub xeyli fikirləşməli oldum. Bu qazlar mənə qarşı niyə belə kinlidirlər? Əvvələn düşündüm ki, bu dəfə qazlar elə başa düşüblər ki, yəqin mən onların balalarına xətər yetirəcəm. Digər tərəfdən düşünürdüm ki, yəqin mən başdan-ayağa qara geyimdə olduğumdan  bu hal baş verirdi. Bəlkə də mənim heç təsəvvür etmədiyim məsələlər vardı. Mən o gündən sonra zibilxananın yanından qorxa-qorxa keçir və həmişə də müdafiə olunmaq üçün əlimdə bir şey tuturdum. Artıq o qazlar həyətdə yoxa çıxmışdılar. Amma mən yenə də zibilxananın yanından keçərkən ora boylanır, nə isə bir qorxu hissi keçirirdim. Elə düşünürdüm ki, bu hal artıq məndə bir vərdişə çevrilmişdir. Indi isə iş yoldaşımın söylədiklərini maraqlananlara danışmaq istəyirəm. Xanım qeyd edir ki, dörd qazım var idi. Onlardan üçü dişi biri isə erkək idi. Dişi qazlar kükləmişdi. Onların altına öz yumurtalarını yığıb yan-yana yuvada yerləşdirmişdim. Qazın birinin yumurtasının az, dörd ədəd olduğu üçün, əlavə olaraq beş ədəd də yumurta qoymuşdum. Həmən qaz əməlli-başlı o beş yumurtanı itələyib özündən kənar edirdi. Mən sonralar həmən yumurtaları qazın altına, həm də qazın gözünü örtüb qoydum. O da bir neçə dəqiqədən sonra həmən yumurtaları o biri  qaza tərəf itələməyə başladı.  Bu oyun günlərlə davam etdi. Nəhayət doğma yumurtalardan balalar peyda oldu. Lakin o biri yumurtalar xarab çıxdı. Xanım sözünə davam edərək qazlar haqqında daha maraqlı söhbətlər edirdi. Kük yatan qazlara bir erkək qaz qulluq edirdi. O həm qazların təhlükəsizliyinə, həm də vaxtı-vaxtında yemlənməsinə diqqət yetirirdi. Özü isə axırda yeyirdi. Nə vaxt görürdü ki, bir təhlükə yoxdur, onda erkək qaz çıxıb gedirdi. Mən haçansa istəyirdim ki, o kük qazları yemləyim, yaxud da qazlar təhlükəli bir şeylə qarşılaşanda kük qazlardan biri bərkdən  qıy vurardı. Bir neçə dəqiqə keçməmiş harada olsaydı belə erkək qaz gəlib çıxardı.
Maraqlı haldan biri də o idi ki, erkək qaz gəlməmiş onlar yem yeməzdi. Hətta, yuvadan belə qalxmazdılar. Kük qazlar erkək qazın müşaiəti ilə qalxar, hətta birlikdə gedib yuyunardılar. Sonra onları yuvalarında oturana qədər gözləyərdi. Hətta mən bəzən kük qazların altında olan yumurtalara baxmaq istəyəndə erkək qazın hücumuna məruz qalardım. Bəzən erkək qaz çox uzaqda olanda dişi qazların qıyıltısına uçub tez gələrdi. Maraqlıdır, deyilmi? Erkək qazın bu qədər həssas, həmcinslərinə bu qədər qayğıkeş, təəssübkeş olması, onarı hər cürə təhlükədən layiqli, etibarlı şəkildə mühafizə etməsi doğrudan da insanı valeh edir. Mən inanıram ki, bu quşlar üzərində uzun müddətli müşahidələr aparılsa, bizə məlum olmayan çoxlu maraqlı hadisələrin şahidi olarıq. Hələ onların körpə balalarını necə əzizləməsi, onları necə qoruması haqqında söhbət açmıram. Quşların bizə məlum olan və olmayan həyat tərzi, hətta onların müxtəlif formalı səslər çıxarmaqla biri digərinə hansı məlumatları çatdırması da maraqlı hadisələrdəndir. Mən elə düşünürəm ki, çox böyük və uzun müddətli müşahidələr və təcrübələr aparılsa, bəlkə də burada şüura bənzər nə isə olduğu və onların dərəcələri, keyfiyyətləri barədə ola bilsin maraqlı faktlar əldə etmək mümkün olsun. Mən inanıram ki, elmi-texniki tərəqqinin inkişaf etdiyi bu dövrdə elmin gücü ilə çox şey əldə etmək mümkündür. Yəqin ki, bu gələcəyin işidir.
Mən özüm bir şeyə tam əmin olmuşam ki, qarışqalardan, quşlardan və digər canlılardan, onların həyat tərzlərindən özümüz üçün olduqca dəyərli nəticələr çıxarıb çox şeylər öyrənə bilərik. Son deyəcəyim odur ki, hər bir canlıya diqqətlə nəzər yetirməyi və onların həyat tərzinə bələd olmağı hər bir kəsə tövsiyyə edərdim.
Oxucularla xoş arzu və ümidlərlə ayrılıram.

Комментариев нет:

Отправить комментарий