03.02.2012

Eyni yerdən



Akif Abbasov

Bəhruz namizədlik dissertasiyası müdafiə edəcək­di. Həlləm Qəlləmov onun rəsmi opponenti idi. Həlləm Bəhruzu arxayın etmişdi ki, yaxşı rəy yazacaq, ürəyini sıxmasın. Amma dissertasiya ona çatdırılsa da, rəy yaz­ma­ğa tələsmirdi. Bəhruz neçə gün idi ki, gəlib gedirdi. Qa­nı da bərk qara idi.
Bunu görən dost-tanış soruşdu:
– Bəhruz, vəziyyət necədir? Rəngin-ruhun heç özündə deyil. Nə xəbər?!
Bəhruz həqiqəti deməyib onları başdan elədi.

Dost-tanış vəziyyəti Həlləm Qəlləmovdan soruşdu. O, qaşlarını düyünlədib:
– Bəhruzun halı fənadır, – dedi.
Dost-tanış narahat olurdu. Birisi dissertasiya mü­da­fiə etməyə hazırlaşanda yaxınları, yoldaşları, dost­ları ona dayaq durur, kimisi bildirişləri paylayır, digəri ela­nı yazdırır, başqa birisı stolun üstünə qoyulmaq üçün mi­ne­ral su dalınca gedir...
Odur ki, soruşdular:
– Həlləm müəllim, bu binəva Bəhruzun halı nədən fənadır?
Həlləm Qəlləmov özündən razı halda dedi:
– Sizin Bəhruzu bir ağıllı, qabiliyyətli oğlan bilir­dim. Sən demə o, plagiatlıqla məşğulmuş.
Qulu soruşdu:
– Həlləm müəllim, plagiatlıq nə deməkdir?
Onun cavabını Dilavər verdi:
– Köçürmə deməkdir... Hə, bu pis oldu... Ali Attestasiya Komissiyası plagiatlığı bağışlamır. Disser­ta­siya yüksək səviyyədə də ola bilər, orta səviyyədə də, aşağı səviyyədə də. Axırda təsdiq edib diplom verirlər. Am­ma plagiatlıq...
–  Plagiatlıq elmi oğurluq, başqasının əməyini mə­nimsəmək deməkdir. Zəif olsun, öz fikrin olsun.
Bunu Rauf dedi.
– Həlləm müəllim, bizim bu Bəhruza yazığınız gəl­sin. Bəlkə haradansa nəyisə köçürdüyünü rəyinizdə gös­tər­məyəsiniz...
Bunu da Kamal dedi.
Həlləm Qəlləmov qaşlarını çatdı:
– Yəni deyirsən, özümü işə salım?! Məndən kö­çü­rüb, məndən. Başqasından köçürsəydi, dərd yarı idi.  Ye­nə deyərdim, bilməmişəm. Əgər gözümü yumsam, deyə­cəklər ya qanmamışam, ya da üzgörənlik edirəm...
Dostlar Həlləm Qəlləmovdan aralandılar. Kamal dedi:
– Fikir verdiniz Həlləm müəllim nə dedi?! Birdən deyərlər üzgörənlik edirəm. Məncə, vəziyyətdən çıxış yolu var. Hamınız onun tamahına bələdsiniz.
Ertəsi gün Bəhuz instituta gələndə dost-tanış onu dövrəyə aldı.
– Bəhruz, qardaş, adam da belə iş tutar? Heç Həl­ləm Qəlləmovdan da köçürərlər?
Bəhruz onların məsələdən hali olduqlarını görüb sözə başladı:
– Ay dostlar, elə vəziyyətə düşmüşəm ki, dərdimi deyə bilmirəm. Həlləm müəllim  təkidlə bildirir ki, mənim işimdə ondan köçürmələr var. Bəla burasındadır ki, mən onun  bir cümləsini də işlətməmişəm.
Kamal  heyrətlə soruşdu:
– Bunu niyə ona demirsən?
– Necə deyim?!
– Qəribə oğlansan, səni divara dirəyib, sən də su­sursan.
Bəhruz məcbur olub həqiqəti açdi:
– Bilirsiniz, məsələ belədir. İkimiz də eyni yerdən köçürmüşük. O, köçürdüyünü ya gizlədir, ya da unudub. Mə­nim yaxamdan isə yapışıb ki, ondan köçürmüşəm. Çox o yan-bu yan eləsə, həmin mənbəəni gətirib ona gös­tə­rə­cəyəm.
Dost-tanış təəccüb qaldı:
– Belə de...



                                                         Akif Abbasov,               
                               pedaqoji elmlər doktoru, professor, Pedaqoji və
                               Sosial Elmlər Akademiyasının həqiqi üzvü,,
                               Azərbaycan Yazıçılar Birliyinin üzvü

Комментариев нет:

Отправить комментарий