03.02.2012

"Onun məni görməyə gözü yoxdur"

"Qarşılarındakını nə olur-olsun, vurmağa çalışırlar"

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyeva ilə müsahibə

- Nazpəri xanım, son günlərdə verilişlərdə iştirakdan çox proqramlardan imtina etməyiniz müzakirə mövzusudur. Niyə bu qədər həvəssizsiniz?

- Şəxsən mən, sənətimə, şəxsiyyətimə sığışdırmıram. Kanal öz reytinqini düşünür, aparıcı maaşını düşünür. Müğənni meymunluğunu anti-reklam edib, hər gün efirdə olmağı düşünür. Xalqı düşünən isə yoxdur. Yalandan musiqini əllərində bayraq edib, altdan-altdan işlərini görürlər. İnsanların musiqi zövqü tamamilə dəyişib. Bəli, bu gün camaat Üzeyiri dinləyir. Televiziya aparıcısı, Üzeyiri yuxarı başda oturdub, reklam edirsə, xalq da qulaq asacaq. Sənətkar abırından, neçə ildə qazandıqlarından, ailəsindən, əhatəsindən utanır, ağzını yumub çəkilir oturur evdə...


- Amma eyni zamanda da bir şəkildə vasitəçi olur. Onlar kənara çəkildikcə, bir növ də xaosun yaranmasına yardımçı olurlar.

- Gedib nə edəcəyəm? Bəyəm bir proqramda tək məni efirə çıxarırlar? Bir səni çıxaracaq, üç dənə də təlxəyi... verilişə necə dəvət ediblər, amma əvəzində nə görürsən... kameralar tuşlanacaq üzünə və verilişin sonuna qədər düşünəcəksən ki, xalqa hörmətsizlik edib, verilişi tərk etməmək üçün hansı şəkildə səbr nümayiş etdirim. Lakin başına döyəcəkən ki, mən niyə bu verilişə gəlmişəm. Çünki sənətçiləri o günə salırlar. "Siz belə sənətkarsınız, yalnız siz olacaqsınız, musiqiləriniz olacaq"...

- Hamı nədənsə şikayət edir. Amma ortada nəticə yoxdur.

- Yox, nəticə ortadadır. Əgər xalq dediyimiz şikayət edirsə, o şikayətə baxılmırsa, deməli, bu, birbaşa onlara aiddir.

- Qəribədir ki, efirdə hər gün görünənlərə də elə gəlir ki, doğrudan da tələb onlaradır. Və sənətçilər qəbul etmək istəmirlər ki, onlar seçim qoymadıqları üçün özləri həmin ifaçıların efirdə görünməsinə vasitə olurlar.

- Artıq gecdir, axar hansı tərəfədir, cavanlar ora gedirlər. Heç kim özünü çətinə salmaq istəmir, gözlər hara dikiləcək, ora baxır, düşünmür ki, bu yol uçurumdur.

- Yəqin ki, efiri izləyəndə əvvəlki fəaliyyətinizi tez-tez xatırlayırsınız...

- Əlbəttə, hətta vaxtında demişəm ki, sənətə həyatımı da qurban etməyə hazıram. Bugünkü müğənnilər kimi olmayıb həyatım. Bir işi görəndə hərtərəfli düşünmüşəm. Pulla, şoudan reytinq yaratmaqla səhnəyə gəlməmişəm. Görün iş nə yerdədir ki, hətta el şənliklərinə də qalmaqallı, gündəmdə olan müğənniləri çağırırlar. Hər şeyi cılızlaşdırıblar. İnsanlar öz məclislərində də şou görmək istəyirlər.

- Proqrama çıxandan sonra ömürlük vidalaşdığınız veriliş var?

- Əlbəttə. Bir kanalı artıq bilirsiniz, orada iştirak etmirəm, bu haqda danışmaq istəmirəm. Bir proqrama tez-tez dəvət alırdım. Köməkçim Mikayıl efir prodüserinə deyəndə ki, müğənnini nazlı-duzlu kimi təqdim etməkdənsə, onu xalq artisti kimi çağırın, mən qəribə, xoşagəlməz münasibəti aşkarladım. Deməli, mən orada efir saatını doldurmaq və reytinq üçün lazımam? Bax, bu münasibətin qarşılığında məndən nə gözləyirsiniz? Üç həftədir bu boyda televiziyalar bir müğənninin öpüşüb-öpüşmədiyini aydınlaşdırır. Ayıbdır ey, bu xalqın ziyalısı var, qıcıqlananı var, hirslənib televizorunu sındırmaq istəyəni var... niyə düşünmürsünüz bu insanları?

- Neçə illik gərgin iş qrafikindən sonra indi belə bir boşluğun olması sizi düşündürürmü?

- Boşluq yaranmayıb, dərd yaranıb, fikir yaranıb. Fikirləşirəm ki, hara gedim ki, rahat oturum, oxuyum, boş-boş suallara cavab verməyim. Kimə inanım çıxım? Gedim, xalq məni olduğum kimi görsün, özümdən çıxmayıb. Allaha min şükür ki, başqa telekanallar var. Xalqa gərəkli musiqilər, lazımlı informasiyalar verilir.

- Bəs konsertlərdə vəziyyət necədir? Bu gün konsert versəniz, xalq sizin yanınızda olacaq? Yoxsa orada da zövq çatışmazlığı var?

- Sənətkar bu haqda düşünmür ki, haradasa oxuyaram, salonum boş qalar. Bir neçə müğənninin ifasından sonra mənə olan münasibətin şahidi oluram. El şənliklərində, yığıncaqlarda, qala konsertlərdə oluruq. Bəzi konsertləri bağlamağı mənə həvalə edirlər. O vaxta qədər izləmək imkanım olur və Allahıma şükür edirəm. İstər ifamda, istər xarici görünüşümdə, istər geyimimdə tamaşaçı münasibətini və fərqi hiss edirəm. Sözün açığı, mən sənət adamları ilə bir məclisdə oturub ürəkdolusu söhbət etmirəm. Artıq həyat təcrübəm, iş stajım var. Zamanında hamının münasibətini görüb nəticə çıxarmışam. Mən gənclik illərimdə belə, heç kimə dedi-qodu, yersiz söhbətlər üçün icazə verməmişəm. Zarafatı sevirəm. Amma efirdə də camaatın ətini tökən zarafatlara icazə verməmişəm. Mən 17-18 yaşında cavan qız uşağı deyiləm axı. İndi başımı aşağı salıb tələbələrimə dərs deyirəm. Tələbələrimi dinləmək zövqümdür. Daha onlara təqdimat edib oturmuram ey, gedib pul alım...

- Şou-proqramlarda iştirak edirsiniz?

- Şou-proqramlarda adım o təlxəklərlə hallanacaqsa, bu, mənə ölümdür. Yox, getmirəm. Lakin inanıram ki, səhnədə partlayış olacaq, bir gün haqq öz yerini tapacaq.

- Həqiqətən inanırsınız?

- Allah haqqı inanıram!

- Sizin çox populyar olduğunuz zamanlarda nəsil rəqabəti var idi, bu gün o rəqabət sizinlə gənc müğənnilər arasında baş verirmi?

- O vaxt saf rəqabət idi.

- Amma indi gənc müğənnilərin rəqabəti daha aktivdir. Onlar istədikləri yerdə olmaq üçün ciddi maneələri də dəf edirlər...

- Bir söz deyim də, şeytan heç vaxt yorulmur. Pis əməllərin gücü-qüvvəsi onlara imkan verir ki, 90 yaşında olsa da yorulmasınlar. Ona görə də ancaq özlərini bəyənirlər. Nə özlərindən böyüyü, nə də kiçiyi bəyənirlər. Gördüklərinə gözlərini kor edirlər. Qarşılarındakını nə olur-olsun, vurmağa çalışırlar. Təki bütün diqqət onlara cəmlənsin. Diqqət bir yaxşıya cəm olur, bir pisə. Orta elə ortada qalır. Xeyir, elə xeyir olduğundan utancaq, abırlı olur. Şər, ismət bilmədiyindən abırsız, həyasız olur. Hər yerdən çıxıb özünü göstərir. İnsanlar da şeytanın əməlinə baxıb gülürlər. Şeytana yaxşı deyən olmur axı! Yaxşı hər dəfə özünü göstərmir. Şeytan cavanların yolunu da kəsir, “burada mənəm Bağdadda kor xəlifə” də deyir. İnsanlar da bilirsən onun dediyini niyə edir? Çünki şeytan abırsız, həyasız olur axı...

- Sizdən küsən gənc müğənni var?

- Yox. Ümumiyyətlə, mənim küsülü olduğum heç kim yoxdur. Bəlkə özündən küsən ceyran var (gülür). Bir nəfərdir. Mənim şeytanı görməyə gözüm yoxdursa, onun da məni görməyə gözü yoxdur.

- Şəxsi həyatınız nə yerdədir?

- Allaha şükür, hər şey qaydasındadır. Bu günlərdə nəvəmin doğum gününü qeyd etdik. Oturub düşünürəm ki, bax, bu gün baş verən xaosun içində mən ailəsiz, övladsız olsaydım, onda necə olardı? Bu gün özümü öldürərdim. İndi ona görə deyirəm ki, Allah sənə qurban olum, yaxşıdır ki, şəxsi həyatıma heç nəyi qurban verməmişəm. İnsan ömrünün hər vaxtında gərək özünü düşünsün. Kefim olmayanda oğlanlarım başıma yığışır, bir anda hər şeyi unuduram. Bu gün ruzim də, ailəm də, şip-şirin nəvəm, işim də var...

Lalə Yusifqızı




























milli.az

Комментариев нет:

Отправить комментарий