09.02.2012

Postmodern gənclik


Allahverdi Cəfərovun radikal fikirləri bizdə!

 Bu yazıda bir qədər emosional, bəlkə də radikal fikirləri oxuyacaqsınız. Narahat olmayın, bu sözlər hamıya aid deyil. Hərə öz payını götürəcək. Bəlkə də, əziz oxucu, bu yazıda şəxsən sənə aid heç nə yoxdur. Amma ətrafına baxsan məni haqlı sayacaqsan. Beləliklə...
 Azərbaycan gəncliyi həddindən artıq özündən razıdır. Gənclər özlərini elə aparırlar ki, guya ölkədə bunlardan ağıllısı yoxdur. Heç kimi bəyənmirlər. Özlərini bu ölkədə yadplanetlilər kimi aparırlar. Bu cür gənclərin sayı isə hər keçən gün artır. 

Səhər evdən işə gələrkən, axşam isə işdən evə gedərkən küçələrdə, çayxanalarda, avtobusda bu cür gənclərə tez-tez rast gəlmək olar. Yəqin siz də fikir vermisiniz, onların əksəriyyəti utanmaq hissindən belə, məhrumdur. Özlərindən tamamilə razıdırlar. Normal insanın təklikdə belə etmək istəmədiyini onlar hər kəsin gözləri qarşısında edir. İctimai yerlərdə vulqar ifadələrdən istifadə edərək bir-biri ilə hündürdən danışmaq, əks-cinslərinə qarşı qeyri-insani münasibət, kitab-qəzet oxumaq yerinə, küçələrdə dəstə ilə veyllənmək indiki gənclərin əsas məşğuliyyəti hesab edilir. Problem təkcə küçədə, yaxud da avtobusda rast gəldiyimiz gəncləri əhatə etmir. Gənclər özlərini hər yerdə anormal aparırlar. Orta məktəblərdən tutmuş, ali təhsil ocaqlarına qədər hər yerdə bu cür gənclərə rast gəlmək olar. İstənilən ali təhsil ocağının həyətində, ya da elə qarşısında bircə saat dayanıb müşahidə etmək sizə kifayət edər ki, Azərbaycan gənclərinin nə gündə olduğunu başa düşəsiniz. Bizdə universitet tələbələrinin geydikləri geyimləri heç podiumlara çıxan manikenlərdə də görmək olmaz. Təkcə geyimləri deyil, davranışları da adamın ürəyini bulandırır. Problem gələcəyin “alitəhsilli” gəncləri ilə də yekunlaşmır. Özlərini oxumuş,savadlı hesab edən gənclər də digərlərindən geri qalmırlar. Düzdür bu gənclər küçələrdə, universitetlərdə veyillənmirlər,i ctimai yerlərdə bir-biri ilə söyüşlə danışmırlar, əks-cinslərinə qarşı tərbiyəsizlik etmirlər, kitab-qəzet də oxuyurlar. Lakin bu gənclərdə, mənim fikrimcə, daha ciddi problemlər var. Birincisi, bu cür gənclərdə həddindən artıq xudpəsəndlik var. Özlərindən başqa heç kimi bəyənmirlər. İnsanlara qarşı onlarda laqeydlik, soyuqluq var. Özləri üçün müəyyən çərçivə cızıb ondan kənara çıxmırlar. Onlar kimi hərəkət etməyənlərə ikrahla baxırlar. Hesab edirlər ki, Dostoyevskini oxumadan yazıçı, Eynşteyni oxumadan isə fizik olmaq olmaz. Halbuki Hüqo kimi yazıçı, Nyuton kimi fizik olmaq üçün Dostoyevskini də, Eynşteyni də oxumamaq olar. Hamıdan fərqli olmaq istəyirlər, amma özlərini başqalarına nə qədər çox bənzətdiklərinin fərqində belə deyillər. Bəzi gənclər həddindən artıq yaltaq, bəziləri də həddindən artıq dikbaşdır. Problemlərdən çıxış yolu isə gənclərin öz əlində deyil. Çünki gənclər öyüd-nəsihət qəbul etmir, tənqid xoşlamır. Heç bir ortayaşlı və yaşlı insan deyə bilməz ki, mən gəncliyimdə tənqidlərdən nəticə çıxarırdım, yaxud da başqalarının öyüd-nəsihətini dinləyirdim. Bu mümkün deyil.Gəncliyi digər yaş qruplarından fərqləndirən də elə budur. Bəs bütün bunların günahkarı kimdir? Məncə,gənclik dövründə etdiyi səhvlərdən hələ də nəticə çıxarmayan, peşman olmayan valideynlərdir. Vaxtilə məktəbdə yaxşı oxumayan, universitetə veyllənmək üçün gedən indiki müəllimlərdir.

P.S. Biz dünyada yeganə “pofiqist” xalqıq ki, hətta öz dərdimizə belə biganə yanaşırıq.


Allahverdi Cəfərov
February 2

Комментариев нет:

Отправить комментарий