07.02.2012

Şairlər möcüzə göstərməlidir

Şairlər möcüzə göstərməlidir Hafiz Mirzə

Şair Vaqif Hüseynovun Vətənə olan saf və alovlu məhəbbəti elə bir möcü­zə idi

 Şair haqda yazmaq çox çətindir. Onun poetik dünyasını və bir insan olaraq ob­ra­zını dəqiq ifadə etməkdə söz aciz qalır. Şairlər sözə tam hakim olduqlarından, onu istədikləri kimi emal və cilalaya bildiklərindən söz də qayıdıb onların özü­­nü – xa­rak­terini cilalayır. Şairin simasından onun yaratdığı poeziyanın əla­mət­lə­ri  oxunur. Həd­dən artıq gözəllik və məhəbət aşiqi olan kişi şairlər bir qadın qədər gözəldir. Sərt tənqid, etiraz, üsyan, qiyam vəsf edən şairlərin baxışları da sanki qra­­nitdən yonul­muş­dur. 

Şair Vaqif Hüseynovu tanıyan, onu görmüş, onunla ün­siy­yət­­­­də olmuş insan­ların xəyalında sərt baxışlı, həm də dərd və yumor ifadə edən   ciz­­­­giləri üzdə olan bir insan obrazı canlanacaq. Bu, sinəsində böyük bir məhəbbət daşıyan insanın obrazıdır. Elinə, insanlara, həqiqətə olan məhəbbət! Müasirləri onu çox bəyənir, sevir, poeziya­dan söz düşəndə birinci növbədə  onu xatırlayır, şeirlərini əzbərləyirdilər. Çünki o ha­mı­­­nın anlaya biləcəyi qədər sadə, şirin, qulağa və ruha xoş gələn ifadələrlə yazır, san­­ki hamının iç dünyasını ifadə edirdi. Misraları dodaqlarda axırdı, süzülürdü,.. çağ­­layan, kükrəyən misraları aktyorları coşdurur, yumruqlar düyünlənir, qaşlar ça­tı­­­lırdı. Vaqif Hüseynov Lənkəran qəzasında çoxlarının yaxşı tanıdığı, Separadi kəndindən olan Hacı Orucun qardaşı Həbibin nəvəsi idi. Hacı Oruc çox baməzə və sözünü deməyi bacaran kişilərdən olub. Vaqif də elə idi. Buna görə onu sevənlər qədər sev­­məyənlər vardı. Sovet dövrü ola, inzibati-amirlik tüğyan edə və sən ağına-bo­­­zuna bax­­madan, bir həqiqət aşiqi olaraq qüsurları, əyintiləri, naqislikləri yuxarı vəzifə­li­lə­rin də düz üzü­nə deyə biləsən! Nahaqdan kimsənin sıradan çıxa­rıl­ma­sına da imkan verməzdi. Mü­barizlikdə və şair təbiəti etibarı iə babası Mirzəcan ki­şini xatırladardı. Mirzəcan kişi Müsavat partiyası Lən­kə­ran qəza şöbəsinin liderlərindən olmuşdu. Vaqif nəslinin bir ləyaqətli nümayəndəsi kimi özündə qan yaddaşı ilə yanaşı həm də özünəməxsus nadir keyfiyyətləri ya­şa­dırdı. Bu onun özünəməxsus poetik duyğuları, həyata fərqli baxışları və ifadə tərzi idi.O bitgin bir şair və filosof idi. İnsanlar onunla vaxt keçirtməkdən yüksək estetik zövq alardılar. Buna görə də  tez-tez müxtəlif məc­lislərə dəvət olunar, hamı şairə qu­laq kəsilərdi. Özü də məclis can­lı idi. Dayısı Məm­məd­əmin müəllimgildə, bibisi oğlu Əda­lət,  dayısı Bəşirin oğlu Ra­miz, bibisi oğlu Arif­lə birlikdə  özləri də tez-tez “ye­yib-içmək” məclisləri qu­rar­dı­lar. Məm­məd­əminin qey­ri-adi “xaş məclisi” də olur­du. Bu məclislərdə öndə olan söz idi, şeir idi, xalq de­yim­ləri və maraqlı hadisələr idi. Biboğlu Arif Vaqifin bütün şe­ir­lərini əzbər bilirdi. Bu məclis­lə­rin  hər hansı birini lentə almaq imkanı olsaydı, indi ən maraqlı, dəyərli və kaloritli bir tele-verliş olaraq baxılardı. Klassik şa­irlərimizin yaradıcılığını necə mə­harətlə təhlil etdiyini xatırlayıram. İxtisasca filo­loq idi. BDU-da Azərbaycan ədə­biy­yatının inkişafında mühüm rol oynayacaq  şəxs­lərlə - Yaşar Qarayevlə, Ağacavad Əlizadə ilə, Firudin Ağayevlə, Tofiq Ha­cı­yev­lə, İbrahim Göyçaylı və Şamil Sal­ma­novla eyni kursda oxuyurdu. Bakının ya­ra­dıcı mühiti Vaqifin bir mükəmməl şair kimi formalaşmasında  müstəsna rol  oynadı. 1958-ci ildə  dövrün populyar “Azərbaycan gəncləri” qəzetində onun dərc olunan “Göylər” adlı şeiri tanınmış şairlərin də diq­qə­tini cəlb etdi. Çox keç­mədi ki, poeziya həvəskarları onun ardıcıl şeirləri və Vaqif  İbrahim  adı ilə  tanış olmağa  başladılar. II Dünya müharibəsinə yollanmış atasını çox erkən yaşlarından itirmişdi. Onun İbrahim adını öz adı ilə yanaşı yaşatmaq istə­yir­di. Amma bu uzun sür­mədi. Çünki Vaqif İbrahim adlı daha bir şair tanınmağa baş­ladı və onlar möh­kəm dostlaşdılar. Elə öz adaşına xatir “İbrahim” təxəllüsündən im­ti­na edəsi oldu. Vaqif universiteti bitirdikdən sonra 7 il Lənkəra­nın yerli “Leninçi” qə­zetində  şöbə mü­diri, sonra məsul katib olaraq çalışdı. O dövr­də hansısa bir qəzetdə çalışmaq çox mühüm bir vəzifə sayılırdı. Qəzetin hər yaz­dığına əsasən təcili tədbirlər gö­rü­lür, çox keçmədən ictimaiyyətə məlumat ve­ri­lir­di. 1965- 77-ci illərdə Masallı rayo­nu­nun “Çağırış” qəzetində şöbə müdiri, məsul ka­tib, daha sonra redaktor və­zi­fə­lə­rində çalışdı. Masallıda işləyərkən” Ul­duz” jur­na­lında onun “Bir ömrün nəğməsi” adlı poeması dərc olundu. Ədəbiyyatın böyük rəğ­bət qazanmış olduğu o dövrdə bu­nun nə demək olduğunu yalnız o dövrün canlı şahidləri dərk edə bilər. Hətta yerli qəzetdə belə barmaq böyüklükdə şeiri dərc olunan şəxsi təcili irəli çəkir, par­tiyaya ke­çir­dirdilər. Vaqifin poeması isə res­pub­li­ka­nın ən populyar jurnallarından birində dərc olunurdu! Tanınmış şair, yazıçı və pub­lisistlərdən bir qrupu – Əli Vəliyev, Hüseyn Abbaszadə, Hikmət Ziya,..  ona bu mü­­nasibətlə  təb­rik məktubları göndərdi. Conrakı illərdə də qazandığı bu cür yara­dı­cılıq uğurları onun mə­su­liyyətini daha da artırır  və ...və da­ha az dərc olunmasına sə­bəb olurdu.  Vaqif  hər misrasına görə mə­su­liyyət da­şı­yır, yalnız ha­mı­nın sev­diyi, kimsənin dodaq büzə bilməyəcəyi şeirləri dərc etdi­rir­di. Başqalarına da çox vasvasılıqla yanaşırdı. Buna görə də onun ədəbi tənqidinə mə­ruz qalanlar  on­dan küsür, inciyirdilər. Amma bir müddət sonra gəlib ondan küs­­müş olduqlarına gö­rə üzr istəyirdilər. Çünki Vaqif  bir qədər sərt desə də, hə­mi­şə sözün məhz doğ­rusunu de­məyə çalışırdı. “Şairin vəzifəsi doğrunu deməkdir” deyirdi. O hətta ray­kom katibini də əli­əy­ri­li­yinə, xüdpəsəndliyinə, qə­rəz­kar­lığına görə  bir felyetonda tənqid edə bil­miş­di. Bu­na görə onu qəzet redak­tor­lu­ğun­dan azad etdilər. Sonra ona heç yerdə iş verilmədi. Böyük ehtiyac olan yerlərdə be­lə onu adicə məktəb müəllimliyinə də götür­mür­dü­lər. Şairi sındıracağını düşünən par­tiya-sovet  hökuməti onun gizli siyasi şeirlərindən xəbər tutsaydı, şairi ömürlük Sibirə sürgün edərdi. “Şairlər həqiqəti yazmalıdır!” deyirdi Vaqif.

             İldırım tək şaqqıldayıb haray çəkmək istəyirəm,
              Zəmanənin qıfılı var fəqət sözlü dodağımda.
             Vətənimi çalıb-çapır bir göy gözlü “sarı iblis”
             Azad gəzə bilərəmmi əsir olan torpağımda?!

Vaqifin yerli məmurlara həsr etdiyi həcvlər də dillər əzbəri idi. Bunları onun yazdığını sübut  etmək mümkün olsaydı, çoxdan həbs etdirərdilər. Amma hər kəs  bu­nu yalnız onun yazacağına əmin idi. Çünki bu qədər gösəl həcvləri başqa kimsə yaza bilməzdi. Çoxları onun hədəfinə çevrilməmək üçün özünü düzəldirdi. Onun adından istifadə edib müşkül işlərini düzəldənlər də tapılırdı. Nəhayət onu Lənkəranın yerli radiosunun redaktoru vəzifəsinə təyin etdilər.  Ağzını yumacaqlarını düşünmüşdülər. Bu vəzifədə o, yaradıcı insan­la­ra daha çox qahmar   çıxdı. Çoxları ilk şairlik, ak­tyor­luq, müğənnilik  istedadına ilk və­siqəni  şair Vaqifdən alırdı. Vaqif bəyəndi ki, o gən­cə zaval yoxdur, hamı bə­yə­nə­cək! Bir çox müğənnilər formalaşdırdıqları yeni təs­nif­lərə onun söz yaz­ma­sını arzulayardılar. Xüsusən populyar müğənni Cavad Rə­cə­bo­vun  hind, fars, ərəb, əf­qan mahnılarının Azərbaycan variantına o şeir yazır, din­lə­yicilər Ca­vadın ifa mə­ha­rəti ilə yanaşı həm də Vaqifin poeziyasını alqışlayırdılar.  Cavadın ifa etdiyi məş­hur “Ana” mahnısı həm də  Vaqifin misralarına görə uzun­ömür­lüdür və se­vi­lən­dir.  Təkcə mahnılara yazdığı sözlər deyil, ölümündən 25 ildən çox vaxt keç­mə­sinə baxmayaraq onun şeirləri indi də Lənkəran toylarının poeziya bəzəyidir. Lən­kə­randa Vaqif Hüseynovdan saatlarla şeir söyləyə bilməyən tamada mahir hesab olun­mur. 1983-cü ildə Vaqifin “Dəniz çağırır” adlı ilk kitabı işıq üzü gördü.  Çox­ları isə onu onlarca kitabın müəllifi zənn edirdi. Bu kitab tezliklə  tamam sa­tılıb qurtardı. Am­ma Lənkəran kitabsevərlərinin hamısına çatmadı deyə  lənkə­ran­lıların digər ucqar ra­yonlarda yaşayan dost-tanışdan bu kitabı alıb göndərmələrini xahiş etməsini xatır­layıram. Bir şairin poeziyasına bundan daha böyük qiymət olmaz. Onun hə­yatı, gözəl insanları, qadınları vəsf və tərənnüm edən şeirləri qədər də tənqid edən  şeirləri dillər əzbəri idi. Onun poeziyaya yeni-yeni şeirlər borcu vardı. “Şair həmişə kiməsə, nəyəsə borclu qalmalıdır” deyirdi Vaqif müəllim.
                   
                   ... Gör dünyanın harasıdır-
                   Yerimizə qor tökülür,
                    Üstümüzə kül tökülür,
                    Nizaminin, Füzulinin
                    kəlamına şor bükülür.
                    Tərəzidə sızıldayan ürəyimin
                    parasıdır,
                    gör dünyanın harasıdır! 

Vaqif teatrı çox sevirdi. Bəlkə də buna görə idi ki, dostlarının çoxu yerli teatrın aktyorları, rejissorları idi. Elə onların xahişini də nəzərə alıb “Yuxuda zarafat” adlı bir pyes ərsəyə gətirdi. Pyesə əməkdar incəsənət xadimi Baba Rzayev quruluş verdi. Bu tamaşanın biletlərini idarə və müəssisələr arasında paylaşdırmağa ehtiyac qalmır, elə kassadaca  satılıb qurtarırdı. Daha onun dahiliyini, ədəbiyyat və incə­sə­nət qar­şısında xidmətlərini danmaq mümkün deyildi. Nə olsun ki, partiya-sovet liderlərini və sovet həyat tərzini vəsv edən şeirlər, poemalar yazmırdı. Əvvəlcə ona  publisistik yazılarına görə “Qızıl qələm” mükafatı, fəxri fərmanlar, sonra isə gərgin əməyini nəzərə alaraq “Şərəf nişanı” ordeni verdilər. Qəlbi, düçüncəsi, bütün varlığı poeziya ilə  nəfəs alan bir şairə verilən bu kimi mükafatların, hətta fəxri adların da əsl xalq mə­həb­bəti ilə müqayisədə  bir elə dəyəri olmaz.  Vaqif üçün müstəqil və Bütöv Azər­bay­can arzularının gerçəkləşməsi hər şeydən daha şərafətli olardı.”Şair azad olmalıdır!” deyirdi Vaqif. Dövlət-hakimiyyət , partiya-sovet orqanlarında hökmranlıq edən rüşvət, yerlibazlıq, Sovet imperi­ya­sı­nın müsəlman şərqinə qarşı əslində ögey münasibəti onun nəzərlərindən ya­yın­mırdı. Sovet məkanında baş verən hər bir ha­di­səyə, qərara, sərəncama çoxları onun mü­nasibətini öyrənmək istəyər, öz dü­şün­cələrini onun fikirləri ilə kökləyərdi. Çay­xa­nalarda onun arxasında oturduğu stola stollar yapışdırılar, stullar yaxına çəkilər, vağ­zalyanı ərazidəki çayxanada hər axşam bir siyasi məclis düzənlənərdi. “Şair inqilabçı olmalıdır” deyirdi.

                 Eldən-elə, dildən-dilə düşsün gərək bu haqq səsim,
                 Mən qoymaram dustaq olsun bu şeirim bu varağımda,
                 Dörd bir yanım zülmətsə də hər kəlməmdə fişəng vardır,
                 Su qarşımda, özüm təşnə, fəqət orda “nəhəng” vardır!

Artıq bə­zi orqanlar onunla çox dərinə getmir, “şairdir də!” deyib əlini yel­lə­yər­dilər. O isə şiş­man milis nəfərindən tutmuş, yoğunboyun mağaza müdirinə, qır­mı­zıyanaq mə­mura qədər qarşısına çıxan bu prototiplərin artıq hərəsinə çəkinmədən bir misra və ya bir beyt ünvanlayırdı. Yaşasaydı milli-azadlıq hərəkatının şəksiz lider­lə­rin­dən biri olacaq, ya da Qarabağ uğrunda döyüşlərdə şəhid olacaqdı. “Şair hər gün şəhid olmağa hazır olmalıdır!” deyirdi. Amma bu ona nəsib olmadı.  O, ölkə müstə­qil­liyi­ni görmədi. 1985-ci ilin 9 iyul tarixində beyninə qan sızmasından bir şair ürəyi dayandı, şair Vaqif Hüseynov dün­yasını dəyişdi. Onun tə­lə­sərək köçdüyü yeni dünyada nə tikanlı sərhəd məftilləri vardı, nə xəyanət, rə­za­lət, nə də   ya­lan və  ri­ya üzərində qu­rul­muş böyük bir imperiya.
Onun Allaha bir ömür borcu vardı – şair ömrü! Bu borcunu çox tez qaytardı.
Vaqif şeirlərinin çoxunu bədahətən, bir nəfəsə deyirdi. Sonra bu şeirləri yenidən deməyə ərinir, bəlkə də bacarmırdı. Amma poeziya xiridarları o, şeir deməyə baş­layan kimi bəndləri öz aralarında bölüşdürür, sonra qələmə alırdılar. Maq­ni­tafon len­tinə yazanlar da çox idi. Ölümündən sonra dostları bu kimi şeirlərini top­layıb “Və­tən, sənə borcum qaldı” adlı  daha bir kitabını dərc etdirdilər. Lənkəranda onun adına indi küçə, Mədəniyyət evi, yaşadığı binada xatirə lövhəsi var. Lənkəranlılar  bunu şairə öz borclarını ödəmək məqsədilə ediblər. Amma ən böyük qiymət onun po­eziyasına azalmayan xalq məhəbbətidir. Həyatdan 49 yaşında köçən Vaqifin isə Və­tənə borcu qaldı. Məncə qalan ən böyük borcu şəhidlik aqibəti idi. O şəhid olmalı idi! Əslində şa­ir­lər qəlbi  Vətən məhəbəti ilə dolu olan hər bir əsgərlə  birlikdə şəhid olur.
“Şairlər möcüzə göstərməlidir” deyən Vaqif  şairlər üçün bir möcüzə borcunu  da təsbir edirdi. Onun həqiqətə, insanlara, ailəsinə, Vətəninə olan sevgisi elə ən böyük mö­cü­zəsi idi. Əslində şair Vaqif Hüseynov bu dünyadan azad və borcsuz köç  etdi.  

mirzahafiz@mail.ru

Комментариев нет:

Отправить комментарий