10.02.2012

Şəhərimiz

"Gecə keşiyi"Holland rəsm məktəbinin bir nümayəndəsi var, Rembrandt, gərək ki, tanıyasınız, van Reyn`dır soyadı. Yeri gəlmişkən, Munk və Sezann kimi tək-tük istisna dahiləri saymasaq, intibah dövrü Holland rəssamlıq məktəbi fikrimcə indiyənə qədər rəsm tarixində ən zəngin və güclü bir mədəni laydır. Təsadüfi deyil ki, mənim də çox sevdiyim Delftli Vermeyeri hətta Salvador Dali kimi eqoist özünün “Bir dahinin (sic!) gündəliyi”ndə bütün zaman və xalqların ən böyük rəssamı adlandırmışdır. İkinci Leonardo da Vinçi idi, Dali təvazökarcasına özünü yalnız üçüncü pilləyə yerləşdirmişdir. Nə isə, mətləbdən bir qədər uzaqlaşdım… Həmən bu Rembrandtın ən məşhur şəkillərindən biri 1642-ci ildə çəkilmiş “Gecə keşiyi” rəsm əsəridir.

Rəvayətə görə rəsmin əsl, ilk adı “Kapitan Frans Banninq Kokun və leytenant Villem van Reytenburqun atıcı bölüyünün səfərə çıxması” adlandırdı, hadisələr də aydındır ki, gündüz cərəyan edirdi. Lakin müxtəlif muzeylərdə nümayiş edilən şəkil 200 il ərzində elə his-pas qatı ilə örtülür ki, şəkil yeni ad alır – “Gecə keşiyi”. Deyirəm, bu avropalılar dəlidir – bir molla, bir kəllə qənd, üç manat da pul bir şüşə aseton, biraz pambıq, 15 dəqiqə də əziyyət – problem həll olunsun, şəkil də qət-təzə olsun, keçmiş adı qayıtsın!


ŞƏHƏRİMİZ AĞ GÜNƏ ÇIXDI
“Bakılı” sözünü heç sevmirəm – atam da, özüm də bu şəhərdə doğulsaq da, mən Oğuzluyam, mən Qumlaqlı, Qəmərəvanlı, Dərbəndliyəm (sonuncu ikisində heç olmasam da). Amma bu şəhəri çox sevirəm. Çox sevmişəm, dəlicəsinə, onu quru bağlarını, küləkli dənizkənarını, tozlu dalanlarını, çoxmillətli ab-havasını, tarixi və coğrafiyasını, memari və səslərini…
Ona görə də, bugün Bakımızın belə məhv olması dəyişməsi məni çox üzür.
1870-ci illərdə neft sahələrindən istifadə hüquqlarının hərraca çıxarılması 1000illik Şamaxının regiondakı liderliyini Bakıya verməsinə səbəb oldu. Bakıda analoqu olmayan inkişaf başladı – neft ixracından əldə edilən pul şəhərə bir sel kimi axdı, onun memarisində maddiləşdi.
Bakı əsrlər boyu bir təpə üzərində yerləşib, lap Karfagen kimi :-)
Bir təpədə yerləşmiş Bakı. Vereşagin "Bakının görünüşü"
Bir təpədə yerləşmiş Bakı. Vereşagin "Bakının görünüşü"
Ağ şəhərin doğuşu
1870-lərdə Bakı qala divarlarının arxasına adladı, böyüdü. Bir tərəfdən sənayeləşən Qara şəhər dəniz boyu uzandı , digər tərəfdən də köhnə bakı ətrafında Ağ şəhər salındı. İmkanınız olarsa Şəmil Fətullayevin XIX əsrin sonu – XX əsrin əvvəllərinin Bakı memarisi haqqında kitablarını bir həsədlə vərəqləyin – Ploşko, Qoslavski, Ter-Mikelov bu şəhərin ağ günə çıxması istiqamətində çox addımlar atıblar. Əlbəttə, milyonçularımızın pulu hesabına, amma görəsən indiki milyonçularımız kimi yerli-yersiz göydələnləri ucaltmağa nə mane olurmuş onlara?!
Bir dəfəsində (cəmi 3 il əvvəl) Bakının mərkəzi üzrə virtual bir gəzinti təşkil etmişdim – Niyazi və İstiqlaliyyət küçələrindən keçən marşrutdan gözəl nə var şəhərimizdə?! Özü də məntiqə zidd olaraq gərək mütləq yolun sol tərəfi ilə gedəsən, əziyyət çəksən də. Amma indi o köhnə yazı və şəkillərə baxanda görürəm ki, ən azı 2 obyekt tamamilə yox olub – 132/134 nömrəli məktəb və “Bakı soveti” metro stansiyası.
Ağ şəhər yoxsa ağardılmış şəhər?!
Bu gün Bakı yeni neft bumu yaşayır – ölkəyə pul gəlir. Çirkli pulların qazanılmasının ən asan yolu təmirdir – deyəsən Bakımızın başbilənləri də tarixi “Ağ şəhər” anlayışını hərfən başa düşüblər, “qul bazarı”ndan yığılmış fəhlələrin hərəsinə bir “daşqaşıyan” mişar verib düşüblər rəhmətlik Tağiyev və Nağıyev, Muxtarov və Əsədullayev,  Hacınski və Aşurbəylilərin mülklərinin canına – nə etsinlər, özlərinin bir qabiliyyəti yoxdur ki, tiksinlər, köhnə kişilərin mirasını “gözəlləşdirirlər”. Şəhərlə gedirsən “vıj-vıj-vıj”, toz-duman alıb, binalar zebralara oxşayır, haranı artıq” gözəllşdiriblər” öz aqibətibi gözləyən tünd-boz hissələrlər yanbayandır. Daşınmaz əmlak böhranıdır dünyada – evlərin qiyməti düşür, tikintilə dayanıb, amma köhnə binların hamısı yenə də tikiti nərdivanlarıyla mühasirəyə alınıb- “vıj-vıj-vıjjjjj…”.
Vallah, mən çox yerdə olmamışam, elə-belə, ora-bura gedib gəldiyim yer olsa da, belə absurd şey görməmişəm – Peterburq və Vyana kimi şanlı imperiya paytaxtı keçmişi olan şəhərlərdə də belə biyabırçılığı nəinki “yox” deyirlər, heç yəgin ağıllarına belə gəlmir. Soruşanda da bizimkilərdən niyə edirsiniz bunu, deyirlər ki, qoy şəhər daha da gözəlləşsin, qaşıyırlar, işıqlandırırlar, və ya üzləyirlər, işıqlandırırlar. Fantaziya cırmır. Deyəndə ki, ay balam, bu patindir, bu binalara tarixilik verir, deyirlər, yox, qəşəng deyil, deyirsən, ay balam, 5 il sonra bu “təmizlik” dən fəhlələrin ağ ciyərlərindən başqa heç bir yerdə iz qalmayacaq. Deyirsən, daşın strukturu pozulur, onu zahiri təsirdən qoruyan qat məhv olur, şəhəri toz basır, xırda detallar yox olur – deyəsən bizim məmurlar “blah, blah, blah…” səslərindən başqa bir şey eşitmirlər.
Diktaturaya aparan yol
Bir dəfəsində “Facebook-qeydləri”mdə xırda bir yazı yazmışdım, daha çox dostlarımdan birinin acığına (xətrivi çox istəyirəm, əslində), amma o yazıdkı fikrim üzərində çox ciddir dururam – klassikaya meyl diktaturanın ilk əlamətlərindəndir – hakimiyyət klassikanı göylərə ucaltmaqla xalqa bir siqnal göndərir – “Bilin və agah olun ki, siz acizsiniz, ən mükəmməl şeylər sizdən öncə yaradıldı, siz dahilərin çiyinləri üzərində durmuş karliklərsiniz, siz əməlli-başlı, o kişilər qədər dəyərli bir şey ortaya qoya bilməzsiniz, sizə tək onların əsərlərinə valeh olmaq və arada-bir tozunu silmək şərəfi verilmişdir, siz də, sizdən sonrakılar da ağzınızı ayırın və baxın, bu – əsl sənətdir, ədəbiyyatdır, musiqidir, memaridir… (lazım olanının altından xətt çəkməli), indikilər isə elə belə, məzə, millətə təhqir, zövqsüzlük və özbaşınalıq”.
Bakı və bakılalar hər zaman fəxr ediblər ki, Bakı çox müxtəlif şəhər olub, tək əhalisinin milli tərkibinə görə deyil, həm də memarisinə görə. Məsələn, bilirsiniz niyə “Beşmərtəbəyə” el arasında belə ad veriblər?! Axı beş, və hatta bundan da çox mərtərəbli binlar bundan əvvəl və sonralar olub Bakıda, bundan da gözəl, bundan da məşhur. Sadəcə bu, sovet dövrünün ilk beşmərtəbəli binalarından idi – dövrünün tələbinə uyğun konstruktivizmarxitektura üslübunda tikilmişdir.
Beşmərtəbə. 1929
Beşmərtəbə. 1929
Beşmərtəbə. 1936
Beşmərtəbə. 1936
Bəs indi nəyin şahidi olduq?! Psevdoklassik üslubda üzlənilmiş, biyabırçı bir “yeniyapım”. Hər-hansı memari dəyəri də yox.
Beşmərtəbə. Bu gün
Beşmərtəbə. Bu gün
Eyni taleni keçmiş 132-134 nömrəli məktəbin binası da yaşadı.
Mən bilmirəm bunlar niyə edilir, bəlkə də qaşımaqla bu “gözəlləşdirmə” prosesinə xeyir-dua vermiş inanların niyyətləri saf idi – amma rusların yaxşı bir sözü var belə yerdə, saf niyyətlər cəhənnəmə aparan yoldur. Bu ifadə ilə tam razıyam – saf niyyətlər saf əməllər, ən əsası isə saf nəticələr ilə müşaiyyət olunmalıdır. Ona görə də çox istərdim ki, şəhərimizin “yenidənqurulması” dayandırılsın.
Çünki mən istəmirəm ki, bu Karfagen məhv edilsin.
Son söz əvəzinə
Photo1994-1995-ci il illər. BÖTL-də təhsil alırdım. Artıq ixtisaslaşmışdıq – “humanitar” sinifdə oxuyurdum. Bir gün psixologiya müəllimimiz Nurettin-hoca ixtisas seçim testi gətirmişdi. Hardasa 100-150 sualı var idi, bunlara səmimi cavab verməklə istək-tərcihlərimiz və beynimizin düşünmə istiqaməti əsasında ixtisas meylimiz müəyyən olunmalıymış. Məndə “memar-mühəndis” çıxdı. Ehhhhh… bu ölkədə hansı peşənin ucundan yapışsan, it kimi peşiman olursan onsuz da.

Комментариев нет:

Отправить комментарий